
“Görünən odur ki, artıq yaxşı müəllim olmaq təkcə kifayət etmir, həm də yaxşı koç, mentor və həyat bacarıqları öyrədən bir şəxs olmaq lazımdır. Bu, müəllimlərin qarşısında yeni vəzifələr qoyur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer Bakı Slavyan Universitetdə keçirilən “Təhsildə yeni cağırışlar” adlı VI Beynəlxalq Forumda deyib.
O bildirib ki, yaşadığımız dövrdə nəyi necə öyrətdiyimizi və nəyi öyrəndiyimizi yenidən düşünmək məcburiyyətindəyik: “Bu sual çox zaman diqqətdən kənarda qalsa da, əslində gənclərin gələcəkdə hansı bilik və bacarıqlara yiyələnməli olduğunu müəyyənləşdirən əsas faktordur. Süni intellektin inkişafı bizdən yeni tədris modelləri tələb edir. Tənqidi və analitik düşüncə tərzi süni intellektin əvəz edə bilməyəcəyi əsas insan qabiliyyətləridir. Ənənəvi əzbərləməyə əsaslanan yanaşmalardan uzaqlaşıb daha çox düşüncə tərzinə, problem həll etmə bacarıqlarına və yaradıcı yanaşmaya önəm verilməlidir. Məsələn, tarix fənnində əvvəl şagirdlərdən hadisə və tarixləri əzbərləmək tələb olunurdusa, bu gün əsas məqsəd hadisələrin mahiyyətini anlamaq, səbəb-nəticə əlaqələrini dərk etmək və fərqli baxış bucaqları ilə təhlil etmək olmalıdır. Bu da bizim öyrənmə sistemimizi, xüsusilə müəllimlərimizi qısa müddət ərzində bir çox məqsədlərə nail olmaq reallığı ilə üz-üzə qoyur”.
O qeyd edib ki, əsas məsələ süni zəka və insanların fərqlənən cəhətlərini bilməkdir: “Müəllimlər bilirlər ki, tələbələr getdikcə texnologiyadan daha çox asılı vəziyyətə düşürlər. Məsələn, Bakıda tələbələrin rəqəmsal alətlərdən istifadə etmə dinamikasına baxsaq, görərik ki, bu, az qala bütün öyrənmə vaxtına bərabərdir. Bu, yaxşıdır, ya pisdir? Bir az qarışıqdır. Görürük ki, texnologiya öyrənməni daha interaktiv edə bilər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər