
"Cəmiyyətimizdə tez-tez belə müşahidə edirik: məktəbdə yüksək nəticə göstərən bəzi insanlar həyatda istədikləri uğurları əldə etməkdə çətinlik çəkir, amma məktəbdə uğurlu hesab olunmayan bəziləri sonradan həyatın müxtəlif sahələrində parlaq nailiyyətlər qazanır. Bu ziddiyyətin səbəbini anlamaq üçün həyatdakı problemlərin mahiyyətinə nəzər salmaq vacibdir".
"Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün Baltaş Qrupunun rəhbəri, psixoloq, professor, yazıçı Acar Baltaş Bakı Slavyan Universitetində keçirilən “Təhsildə yeni çağırışlar” adlı VI Beynəlxalq Forumda deyib.
Onun sözlərinə görə, həyatımız boyu qarşımıza çıxan problemləri üç əsas qrupa bölmək mümkündür:
1. Asan problemlər: Bunların həlli sadə və açıqdır. Məsələn, yemək resepti. Necə hazırlanacağı məlumdur. Bacarmadıqda isə mütəxəssisə müraciət edib öyrənmək mümkündür.
2. Texniki problemlər: Bunlar daha mürəkkəbdir və xüsusi bilik tələb edir. Həkimlərin müalicə üsulları, mühəndislərin yeni texnologiya dizaynı və ya hüquqşünasların qanuni məsələləri həll etməsi bu kateqoriyaya daxildir. Peykin orbitə yerləşdirilməsi və ya erqonomik kreslonun hazırlanması buna misaldır.
3. Mürəkkəb (kompleks) problemlər: Ən çətin sahə budur. Bu problemlərin sadə, texniki cavabı yoxdur. İnsan münasibətləri, ailədaxili münaqişələr, nəsillərarası fərqlərin idarə olunması və effektiv komanda işinin təşkili kimi məsələlər bu qrupa aiddir. Türkiyədə illərlə “Güzin Abla” rubrikasında insanlar belə mürəkkəb həyat suallarına cavab axtarırdılar: “Anamla həyat yoldaşım bir-birindən nifrət edir, nə edim?” Bu cür məsələlər texniki deyil, məhz mürəkkəb problemlərdir.
Müdriklik zəkası
Mürəkkəb problemlərin həlli üçün sadəcə bilik və məntiq kifayət etmir. Burada müdriklik zəkasına ehtiyac var. Müdriklik zəkası olan insan:
- başqasının baxış bucağına keçə bilir;
- insan gücünün məhdudluğunu qəbul edir;
- təvazökarlıq nümayiş etdirir;
- əməkdaşlığa açıq olur;
- uzunmüddətli həll yolları axtarır;
- ümumbəşəri etik dəyərləri əsas götürür.
Məhz bu keyfiyyətlər insanı yalnız məktəbdə deyil, həyatın mürəkkəb labirintlərində də uğura aparır.
"Həyatın həllini gözləyən məsələləri yalnız texniki yanaşmalarla deyil, müdriklik zəkasını inkişaf etdirməklə aradan qaldırmaq mümkündür. Məktəb bilik verir, amma həyatda qalib gəlmək üçün biliklə yanaşı, müdriklik də lazımdır", - deyə A.Baltaş qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər