
"Müəllimlərin birgə fəaliyyəti onların özlərinə inamını gücləndirir".
“Azərbaycan müəllimi” qəzeti xəbər verir ki, bunu Bakı Slavyan Universitetində keçirilən "Təhsildə yeni çağırışlar" adlı VI Beynəlxalq Forumda OECD Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer deyib.
Onun sözlərinə görə, müəllimlərin özlərini daha təsirli hiss etmələri təkcə fərdi bacarıqlardan deyil, həm də əməkdaşlıq mədəniyyətindən asılıdır:
“Müəllimlərin birgə fəaliyyət imkanları artdıqca, onların öz peşəkar bacarıqlarına olan inamı da yüksəlir. Tədqiqatlar göstərir ki, həmkarlarla müntəzəm əməkdaşlıq edən müəllimlər daha yüksək səviyyədə özünüeffektivlik hissi yaşayırlar".
Şleyxer OECD-nin TALIS (Teaching and Learning International Survey) məlumatlarına istinad edərək bildirib ki, müəllimlərin peşəkar inkişafında ortaq dərs demək, digər müəllimlərin dərslərini müşahidə edib rəy vermək, müxtəlif yaş qruplarında birgə fəaliyyətlər təşkil etmək və birgə peşəkar öyrənmə icmalarında iştirak etmək kimi təcrübələr mühüm rol oynayır.
Qrafik nəticələrə əsasən, bu fəaliyyətləri ayda bir dəfə və ya daha çox həyata keçirən müəllimlərin özünüeffektivlik göstəriciləri, bu işləri heç vaxt etməyən həmkarlarına nisbətən daha yüksək səviyyədə olub.
“Əməkdaşlıq edən müəllimlər daha çox öyrənir, daha çox paylaşır və daha çox təsir göstərir. Məktəbdə kollektiv agentlik – yəni birlikdə qərar vermək və məsuliyyət daşımaq mədəniyyəti – təhsilin keyfiyyətini yüksəldən əsas faktorlardandır,” – deyə Şleyxer qeyd edib.
OECD rəsmisi həmçinin vurğulayıb ki, müəllim kollektivlərinin ortaq öyrənmə mədəniyyəti formalaşdırması təkcə fərdi inkişafı deyil, ümumilikdə məktəbin təşkilati öyrənmə səviyyəsini də yüksəldir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər