Bütün xəbərlər
17 aprel, 16:00

Bala Məzrə kəndi Basarkeçər şəhərindən 9 kilometr şimalda, Göyçə gölünün cənub-şərq sahilində, Məzrə düzənliyində, dəniz səviyyəsindən 1930 metr yüksəklikdə yerləşir.

1960-cı illərin ortalarında kəndin şimal hissəsində yeni məktəbin tikintisi zamanı, həmçinin 1970-ci illərin əvvəlində bu ərazinin yaxınlığında aparılan təsərrüfat işləri zamanı tapılmış küp qəbirlər, müxtəlif məişət və zinət əşyaları Bala Məzrədə eramızın birinci minilliyinin əvvəllərində ilk türk tayfalarının məskunlaşdığını göstərir.

1938-ci illərdə Bala Məzrə kəndində arxeoloji qazıntılar aparan erməni arxeoloqları da bu ərazidəki Alban məbədinin VII-VIII əsrlərə, onun ətrafındakı qəbiristanlıqda olan daş kitabələrin isə eramızın VI-VII əsrlərinə və türk kultuna aid olduğunu etiraf etmişlər.

1970-ci illərin əvvəlində Bala Məzrə və Böyük Məzrə kəndlərinin arasında, Məzrə çayının sağ sahilindəki kurqanda Azərbaycan və Ermənistan Akademiyalarının Arxeologiya İnstitutlarının əməkdaşlarının  birgə apardığı qazıntılar zamanı burada aşkar edilən məzarın Alban şahzadələrindən birinə məxsus olması təsdiqləndi. Bu tapıntı Göyçə ərazisinin, eləcə də Məzrə düzənliyinin Qafqaz Albaniyasının əhəmiyyətli bölgələrindən biri olması faktını təsdiqlədi.

Rəsmi məlumatlara görə, 1831-ci ildə Bala Məzrənin sırf türklərdən ibarət əhalisinin sayı 272 nəfər olub. 1873-cü ildə isə kənddəki 83 evdə 675 nəfər yaşayıb. 1897-ci ildə bu göstərici 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731 nəfər olub. XIX əsrin sonu və  XX əsrin əvvəllərində Bala Məzrədə əhalinin sürətlə çoxalması bir tərəfdən təbii artımla əlaqədar olsa da, digər tərəfdən əverişli coğrafi şəraitinə görə kəndə başqa bölgələrdən də köçənlərin olması ilə bağlı idi. Köçənlər əsasən ətraf mahalların ermənilərlə məskunlaşdırılması zamanı Göyçə gölünün qərb sahillərindən və Şəmşəddil ərazisindən gələnlər idi.

Molla Pənah Vaqif adına Bala Məzrə kənd orta məktəbi Göyçə mahalı, Basarkeçər rayonunun ən qabaqcıl məktəblərindən biri sayılırdı.

1988-ci ildə kəndin türk əhalisinin öz doğma yurdlarından deportasiyasına qədər bu məktəb, istər təhsilin keyfiyyətinə, istərsə də məzunların ali məktəblərə və orta ixtisas təhsil müəssisələrinə qəbul göstəricilərinə görə ən yüksək nəticələr göstərmişdir.

Bala Məzrə kənd məktəbinin məzunları arasında onlarla elmlər doktorları, elmlər namizədləri, nazir müavinləri, diplomatlar, həkimlər və hüquqşünaslar olmuşdur.

Bala Məzrə kəndində anadan olan Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor Elyazov Füzuli Sabir oğlu qeyd edib ki, bütün Azərbaycan ərazisində, o cümlədən Qərbi Azərbaycanın Bala Məzrə kəndində də ilk təhsil ocaqları mədrəsə tipli olub:

“Yalnız İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra imperiyanın müxtəlif idarələrinin tərtib etdiyi sənədlərdə bu barədə məlumatlara rast gəlinir.

1873-cü ildə “İrəvan - Yelizavetpol quberniyaları Xalq Məktəbləri Direksiyası” tərəfindən tərtib edilən xəritədə, həmin ərazilərdə mövcud olan kəndlərdə hansı mədrəsə tipli və yeni tipli – yəni ikisinifli məktəblərin fəaliyyət göstərdiyi göstərilir.

Belə məktəblər arasında Basarkeçər ərazisində təxminən 10 kənddə mədrəsə tipli məktəblərin olduğu qeyd olunur. Onlardan biri də Bala Məzrə kəndində yerləşib. Yalnız İrəvan quberniyası ərazisində yeni tipli məktəblər açılmağa başlayanda ilk belə məktəb 1884-cü ildə Zod kəndində fəaliyyətə başlayıb.

Daha sonra İrəvandakı xalq müəllimləri 1905-ci ildə Çar Rusiyasının Təhsil Nazirliyinə müraciət ediblər. Onlar bölgələrdə də yeni tipli məktəblərin açılmasının vacibliyini vurğulayırdılar. Qafqaz vilayətinin “Yaddaş kitabçası”nın 1906-cı il buraxılışında Basarkeçər ərazisində iki məktəbin açılması barədə məlumat verilir. Bu məktəblər Basarkeçər və Böyük Məzrə kəndlərində fəaliyyət göstərirdi və həm Basarkeçər, həm Böyük Məzrə, həm də Bala Məzrə kəndinin şagirdlərinin təhsil alması üçün nəzərdə tutulmuşdu.

Bala Məzrə kənd icması həmin məktəblərin saxlanılması üçün Böyük Məzrə məktəbinə təxminən 49 rubl, Basarkeçər məktəbinə isə 46 rubl vəsait ödəyirmiş. Məqsəd digər kəndlərdə yaşayan şagirdlərin də təhsil ala bilməsini təmin etmək idi. Lakin burada bir problem var idi: bu məktəblərə nəinki Bala Məzrədən, ümumiyyətlə digər kəndlərdən də uşaqlar oxumağa getmirdilər. Bir tərəfdən əhalinin bu cür məktəblərə uşaqlarını göndərməyə isti yanaşmaması, digər tərəfdən isə həmin məktəblərin kəndlərdən uzaq olması bu vəziyyətə səbəb olmuşdu. Belə ki, Bala Məzrə ilə Böyük Məzrə arasında məsafə təxminən 6 kilometr, Basarkeçər məktəbi ilə isə 12 kilometr idi.

1918-1920-ci illərdə baş verən hadisələr, xüsusilə də 1919-cu ildə Göyçə mahalında baş verən qırğınlar zamanı ən çox əhalisi qətlə yetirilən kəndlərdən biri də Bala Məzrə idi. Həmin dövrdə kəndin əhalisi demək olar ki, tamamilə yox olmuşdu. Bununla yanaşı, məktəblə bağlı problem də hələ qalmaqda idi. Əhali uşaqlarının təhsil alması üçün onları savadlı, dini təhsil almış şəxslərin evlərinə göndərirdilər. Molla Əli və Məşədi Süleyman uşaqlara ərəb qrafikalı əlifbanı öyrətməklə məşğul idilər”.

F.Elyazov qeyd edib ki, 1927-ci ildə kəndin mütərəqqi ziyalılarından biri olan İsfəndiyar Sadıqovun təşəbbüsü ilə Bala Məzrədə ilk məktəbin açılmasına nail olunur:

“Beləliklə, ilk dəfə yeddiillik təhsil verən məktəb fəaliyyətə başlayır. Həmin dövrdə 100-ə qədər şagird bu məktəbdə təhsil alırdı. Onlardan 60-ı pioner, 15-i isə komsomolçu idi. Günü-gündən şagirdlərin sayı artırdı.

1927-ci ildə məktəbin yerləşdiyi bina (Sağ tərəfdə)

Sonradan məktəb üçün yer problemi meydana çıxır. Buna görə kənddə məktəb binasının tikilməsi qərara alınır. 1935-ci ildə kənddə birmərtəbəli böyük məktəb tikilir. Həmin məktəbin direktoru Bala Məzrə kəndinin yetirməsi, ilk ali pedaqoji təhsil almış şəxs - Məmməd Hacıyev olur.

Məhəmməd İsgəndər oğlu Hacıyev

İsfəndiyar Sadıqov savadlı və bilikli insan olsa da, onun ali pedaqoji təhsili olmadığı üçün məktəbə rəhbərlik Məmməd Hacıyevə həvalə edilir. O, 1941-ci ilə qədər məktəbə rəhbərlik edir. İkinci Dünya müharibəsinin başlanması ilə müəllimlərin əksəriyyəti səfərbərliyə alınır və cəbhəyə yollanır. Bu dövrdə qonşu kənddən Papir müəllim məktəbə direktor təyin edilir və 1953-cü ilə qədər bu vəzifədə qalır.

Məktəbdə müəllim çatışmazlığı səbəbindən və məktəbin yeddiillik olması səbəbilə, 7-ci sinfi yaxşı qiymətlərlə bitirən savadlı şagirdlər məktəbdə müəllim kimi saxlanılırdılar. Mənim anam da 7 illik təhsil aldıqdan sonra 1-ci siniflərə dərs deyirdi. Bu, təxminən 2 il davam etmişdi. Müharibə bitdikdən sonra müəllimlər geri qayıtdılar.

1953-cü ildə məktəbə İbrahim Həsənov direktor təyin edilir. Onun dövründə məktəb səkkizillik olur. İ.Həsənovun məktəbə rəhbərlik etməsi Bala Məzrə kəndinin tarixində ciddi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. O, olduqca savadlı və təşkilatçı idi.

1964-cü ildə onun səyləri nəticəsində məktəb onillik təhsil verən məktəbə çevrilir və məktəbə Molla Pənah Vaqifin adı verilir. Həmin dövrdə təhsil səviyyəsi, şagirdlərin ali məktəblərə qəbul faizi o qədər yüksək olur ki, 1965-ci ildə İbrahim Həsənova “Əməkdar müəllim” fəxri adı verilir.

1969-cu ilə qədər məktəbə rəhbərlik edən İ.Həsənov daha sonra kənd kolxozunun sədri seçilir. O, Milli Məclisin deputatı Məlahət xanımın atasıdır. 1969-cu ildə məktəbə Müseyib Musayev direktor təyin edilir və 1970-ci ilə qədər fəaliyyət göstərir. 1970-ci ildə isə Cəmşid Xəlilov məktəbə direktor təyin olunur. O, fizika-riyaziyyat müəllimi olmaqla yanaşı, həm də Jurnalistlər İttifaqının üzvü idi. Onun dövründə məktəb daha da inkişaf edir.

Basarkeçər rayon Təhsil şöbəsinin müdiri Tapdıq Əmiraslanov məktəb direktorları ilə

Basarkeçər rayonunun məktəblərində hələ 1960-cı illərdən təhsildə belə yüksəlişin olması, kəndlərdə yeni məktəb binalarının tikilməsi, təhsilə diqqət göstərilməsi rayon rəhbərliyi ilə də bağlı idi. Həmin illərdə rayona Yunis Rzayev, Təhsil Şöbəsinə isə akademik Əhliman Əmiraslanovun atası Tapdıq Əmiraslanov rəhbərlik edirdi.

Yunis Rzayev və Tapdıq Əmiraslanov

Bala Məzrə məktəblərində digər məktəblərdən fərqli olaraq maraqlı bir eksperiment də həyata keçirilirdi. Belə ki, məktəb orta təhsil verməklə yanaşı, şagirdlərin 70–75%-i ali və orta ixtisas məktəblərinə qəbul olunurdu. Orta məktəbdə təhsil alan şagirdlərə əmək təlimi dərsləri də keçirilirdi. Bu şagirdlərə attestatla yanaşı diplom da verilirdi.

Bu məqam digər kəndlərdə yaşayanların da diqqətini çəkirdi. Şagirdlərin axını başlayırdı. Məktəbin son sinfində oxumaq istəyənlərin sayı artırdı. Eyni zamanda, ətraf kəndlərdən savadlı müəllimlərin cəlb olunması prosesi gedirdi. Digər kəndlərdən gələn şagird və müəllimlərin evlərinə gedib-gəlməsi çətinlik yaradırdı. Buna görə 1970-ci illərdə iki mərtəbəli, dörd bloklu internat binası tikildi”.

Həmsöhbətimizin sözlərinə görə məktəbin müəllimlərinin hər biri çox savadlı, bilikli insanlar olub:

Məşdi Sadıqov şagirdləri ilə birgə

“Onlar arasında riyaziyyat fənni üzrə Cəmşid Xəlilov, fizika müəllimi Ənvər müəllim, ibtidai sinif müəllimi Qəhrəman Qurbanov, tarix müəllimləri Hüseyn Vəliyev və Musa Hümbətov, ingilis dili müəllimi Bahadur Abdullayev, Azərbaycan dili müəllimi Məşdi Sadıqov və s. müəllimlərin adını çəkmək olar.

Cəmşid Xəlilov dərs prosesində (1960-cı illər)

Hüseyn Vəliyev şagirdləri ilə

Bala Məzrə kəndinin məzunlarından Telman Abbasov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində nazir müavini kimi çalışıb. Sabir Rüstəmov, Hüseyn Cahangirov, Nizami Hacıyev, professor Salman Novruzov, Zahid Şərifov, Naxçıvan Səfərov və başqaları Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif fənlər üzrə dərs deyiblər. Hər sahədə demək olar ki, Bala Məzrə kəndinin məzunlarına rast gəlmək olar.

1970-ci illərin ortalarından məktəbdə belə bir prinsip tətbiq olunmağa başladı. Belə ki, aşağı siniflər üçün günü uzadılmış qruplar yaradıldı. Yəni gündə dörd dəfə uşaqlara dərs keçirilirdi. Daha sonra onlara yemək verilir və bir-iki saat dərsdən sonra əlavə olaraq müxtəlif fənlər üzrə yenidən müəllimlər məşğul olmağa başlayırdı. Lakin yuxarı sinif şagirdlərinin təxminən 70%-i evə gedib dincəldikdən sonra məktəbə qayıdırdı. Əsasən dəqiq elm sahələri üzrə – fizika və riyaziyyat fənləri üzrə müəllimlər yenidən dərs keçirdilər.

Məktəbin müəllim kollektivi (1970-ci illər)

Məktəbdə kifayət qədər istedadlı şagirdlər olub. Onlar hər zaman idman yarışlarında iştirak edirdilər. Hər Novruz bayramı ərəfəsində mütləq kəndin klubunda məktəbin öz fəaliyyət kollektivlərinin iştirakı ilə müxtəlif səhnəciklər nümayiş etdirilirdi.

Həftədə bir dəfə şagirdlər üçün film nümayiş olunurdu. Yay aylarında da şagirdlər diqqətdən kənarda qalmazdı. Belə ki, əhalinin bir hissəsi yaylağa getsə də, kənddə qalan uşaqlar üçün yay düşərgəsi təşkil olunurdu. Əsas məqsəd uşaqların səmərəli vaxt keçirməsini təmin etmək idi. Həmçinin şagirdlər ekskursiyalara aparılırdı.

İbrahim Həsənov və məktəb müəllimləri

Bundan başqa, məktəbdə radio qurşağı fəaliyyət göstərirdi. Hər həftənin sonunda, həftə ərzində şagirdlərin ən yaxşı və ən pis göstəriciləri radioda elan olunurdu. Valideynlər böyük bir həyəcanla məktəbin həyətində dayanıb övladları ilə bağlı xəbəri səbirsizliklə gözləyirdilər. Ən yüksək göstəriciləri olan uşaqları çağırıb onlara təşəkkür edilirdi.

Son zəng zamanı isə 1-ci sinif şagirdləri 11-ci sinif şagirdlərinə gül təqdim edirdilər”,- deyə o qeyd edib.

Mənbə: AzEdu.az Təhsil Portalı

Şərhlər

Xəbər lenti

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

18 aprel, 15:15

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18 aprel, 15:05

Rəqəmlərin rəngi, notların dadı var

18 aprel, 14:44

“Mesajı oxuyanda gözlərim doldu" – 300 bal toplayan paytaxt məktəbliləri

18 aprel, 14:34

Bağçada qısaqapanma nəticəsində tüstülənmə olub

18 aprel, 14:05

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18 aprel, 14:03

Prorektor: Pedaqoji ixtisaslara qəbul planı optimallaşdırılır

18 aprel, 13:43

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

18 aprel, 13:08

Uşaq hüquqlarına dair elektron məlumat bankı yaradılacaq

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.