Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1145 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Şəkidə 339, Qəbələdə 221, Oğuzda 188, Balakəndə 162, Zaqatalada 121, Qaxda 114 şagird növbəti mərhələyə keçib. Oğuzda Vətən müharibəsi qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Gülər Ənsərli əldə etdiyi nəticəyə görə region birincisi olub.
“Azərbaycan müəllimi” olimpiadada uğur qazanan şagirdlə həmsöhbət olub.
“Bu, mənim üçün böyük motivasiya oldu”
Uğurlarından danışan Gülər deyir ki, VII sinifdə oxuyarkən kimya fənni üzrə Respublika fənn müsabiqəsində gümüş medal qazanıb:
“Bu, mənim üçün böyük motivasiya oldu. Daha sonra 8 və 9-cu siniflərdə tarix fənnindən Respublika fənn olimpiadalarında qazandığım qızıl və gümüş medallar məni daha da ruhlandırdı. 2021 və 2024-cü illərdə keçirilən Azərbaycan uşaqlarının V və VI Ümumrespublika Forumlarında iştirak edərək özümü həm akademik, həm də sosial yöndən inkişaf etdirmək şansı qazandım. IX sinif buraxılış imtahanında isə 298 bal toplamışam. Bu nəticə sayəsində region birincisi və respublika ikincisi oldum. Bu uğur mənim üçün unudulmaz təcrübə idi”.
Hədəfi elm və təhsil sahəsində daha böyük zirvələrə yüksəlməkdir
Gülər X sinifdə qatıldığı bilik yarışlarından da danışdı: “Əlaçı” televiziya verilişinin final mərhələsinə qədər irəliləmək mənim üçün böyük qürur idi. Komandamızla birlikdə “Xəmsə”, “Nə? Harada? Nə Zaman?” və “Fibonacci” kimi intellektual turnirlərdə müxtəlif pillələrdə yer tutduq. Hazırda 3-cü ixtisas qrupu üzrə hazırlaşıram. Hədəfim hüquqşünas olmaq, elm və təhsil sahəsində daha böyük zirvələrə yüksəlməkdir. Bu yolda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin (tədris ingilis dilində) 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü, məktəbi qızıl nişan və fərqlənmə attestatı ilə bitirmiş bacım Cahan Ənsərli mənim ən böyük dəstəkçimdir. Bacım tarix fənni üzrə dörd medal qazanıb. Onun təcrübəsini mənə ötürməsi və məsləhətləri nəticəsində olimpiadalarda daha inamla iştirak etdim”.
Gülər ailəsinin, xüsusilə bacılarının və valideynlərinin dəstəyindən böyük qürurla söz açdı: “Valideynlərim həmişə mənim yanımda olub. Bacılarım isə bildiklərini mənimlə bölüşməklə kifayətlənməyib, eyni zamanda mənə ruh yüksəkliyi də veriblər. Şəxsən mən inanıram ki, belə mühit olmadan yüksək nəticələrə nail olmaq mümkün deyil”.
Məktəb mühitinin böyük rolu
Müsahibimiz uğurlarında məktəb mühitinin də böyük rolunu vurğuladı: “Dərslərimiz yüksək səviyyədə təşkil olunur. Kimya müəllimim Mirvari Həbibullayeva bizə fənni sevdirib, ilk medalı qazanmağımda xüsusi pay sahibidir. Tarix müəllimim Mətanət Kərimova sayəsində isə tarix fənninə olan marağım qat-qat artıb və olimpiadalarda yüksək nəticələr qazanmışam. Riyaziyyat müəllimim Nəsimi Zahidov da məntiqli düşüncə qabiliyyətimi formalaşdırmaqda mühüm rol oynayıb”.
Vaxtdan düzgün istifadə
Gülər vaxtdan düzgün istifadənin uğurun əsas açarlarından biri olduğunu əlavə etdi: “Eyni anda həm olimpiadalara, həm məktəbdəki dərslərə, həm də müxtəlif yarışlara hazırlaşmaq çoxplanlı yanaşma tələb edir. Ona görə də dəqiq qrafikim var. Yüksək nəticələr qazanmaq üçün çalışqanlıqla yanaşı, istirahətə də vaxt ayırmalıyam. Bu balansı qurmaq ən vacib məqamdır. Hazırlıqlarım zamanı özümə tez-tez kiçik fasilələr verir, daha sonra yenidən hədəflərimə doğru davam edirəm. Görürəm ki, bu yanaşma mənə həm ruh yüksəkliyi, həm də effektiv öyrənmə imkanı qazandırır”.
Gülər kimi istedadlı gənclərin uğuru təhsilin geniş imkanlarından və uğurlu məktəb mühitindən xəbər verir. Bu uğurlar ölkəmizin parlaq gələcəyinə inamı daha da gücləndirir və növbəti nəsillərə böyük ruh verir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)