
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədilə komissiya yaradılıb. Yeni təhsil proqramları müasir tələblərə və əmək bazarının ehtiyaclarına uyğun kompetensiya əsaslı, tələbəyönümlü olmalıdır.
Komissiyanın tərkibində Təhsil, Humanitar və sosial ixtisaslar, Mədəniyyət, İqtisadiyyat və idarəetmə, Təbiət, Texniki və texnoloji və Xüsusi təyinatlı, Kənd təsərrüfatı, İdman və xidmət, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupları olmaqla 9 işçi qrup yaradılıb.
Mədəniyyət ixtisasları üzrə İşçi qrupun həmsədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü çox önəmli addımdır:
“Komissiyanın üzvü olan əmək bazarının nümayəndələri mədəniyyətin müxtəlif sahələrini əhatə edirlər. Düşünürük ki, onların məsləhətləri bizim üçün çox faydalı olacaq. Çünki məzunlarımızı işə götürənlər də onlardır. Biz universitet olaraq uzun illərdir ki, yüksəkixtisaslı kadrların hazırlanması ilə məşğuluq. Mədəniyyət sahəsinin elə bir idarəsi, müəssisəsi yoxdur ki, orada məzunlarımız işləməsinlər. Yüksəkixtisaslı kadrlar hazırlamaq bizim işimizdir. Sadəcə olaraq dəyişən zamanla birlikdə müasir dövrün tələbləri də dəyişib.
2024-cü ildə Mədəniyyət Nazirliyində müvafiq müşavirə keçirilmişdi. Mədəniyyət yönümlü ali təhsil müəssisələrinin nümayəndələri də o müşavirədə iştirak edərək hansı ixtisasların daha çox lazım olması, hansı istiqamətdə kadrların yetişdirilməsi və sair mövzularda öz təkliflərini bildirmişdilər. Biz payızda Mədəniyyət Nazirliyinin sifarişi və tapşırıqlarını nəzərə alaraq, təkliflərimizi Elm və Təhsil Nazirliyinə göndərmişdik. İndi bütün ali təhsil müəssisələri ilə birlikdə biz də təkliflərimizi irəli sürür, həmkarlarımızla müzakirələr edirik. Onsuz da bizim məzunlarımızın əksəriyyəti mədəniyyət sahəsində işləyir. Ona görə biz də Mədəniyyət Nazirliyi ilə hər zaman sıx əməkdaşlıq etmişik, indi də edirik və gələcəkdə də edəcəyik”.
C.Mahmudova bildirir ki, bəzi ixtisasların təməli ənənəvi təhsillə bağlı olduğu üçün onları bir anda dəyişmək mümkün deyil:
“Dediyimiz kimi, müasir dövrdə baş verən yeniliklər tədris proqramlarında da öz əksini tapır. Biz də buna köklənmişik və işimizi bu istiqamətdə qurmuşuq. Lakin elə ixtisaslar var ki, onların təməli ənənəvi təhsillə bağlıdır. Məsələn, aktyor sənətinin tədrisinin formalaşmış qaydaları var. Biz onları birdən-birə dəyişə bilmərik. Bu, düzgün deyil. Burada hər şeyi yeniləmək xatirinə yeniləməkdən söhbət getmir. Biz hazırda magistratura səviyyəsi üzrə tədris proqramları üzərində işləyirik. Magistraturada elə imkanlar yaratmaq istəyirik ki, bakalavrların seçimi, eləcə də ixtisaslaşmaların sayı çox olsun. Onlar seçdikləri ixtisasa müvafiq daha maraqlı və hərtərəfli təhsil ala bilsinlər.
Bilirsiniz ki, sovet dövründə mövcud olmuş təyinat sistemi müstəqillik dövründə ləğv olunub. Biz heç bir məzunumuzu məcburi şəkildə heç bir yerə göndərə bilmərik. Onlar məzun olduqdan sonra azad seçimlə iş həyatına atılırlar. Biz, sadəcə, əmək bazarının tələblərini öyrənib onu müasir təhsil proqramlarında əks etdirməklə tələbələrin daha hazırlıqlı universitet məzunu olmasını təmin edə bilərik. İstər bakalavr, istərsə də magistrlərimiz müxtəlif mədəniyyət yönümlü müəssisələrdə – teatrlarda, muzeylərdə, televiziya kanallarında təcrübə keçir və orada da əmək bazarının tələbləri ilə tanış olurlar. Çox zaman həmin müəssisələrdə təcrübə keçən tələbələrimiz məzun olduqdan sonra elə orada işlə təmin olunurlar”.
Rektor bildirir ki, ali təhsil proqramları hazırlanarkən beynəlxalq təcrübənin kor-koranə Azərbaycan reallığına tətbiq olunmasının tərəfdarı deyil. Çünki bizim mədəniyyətimizin öz xüsusiyyətləri və inkişaf yolu var:
“Təbii ki, komissiyanın tərkibinə xüsusi qabiliyyət tələb edən digər ali təhsil müəssisələrinin nümayəndələri daxildir. Hər bir mütəxəssisin rəyi dinlənilir, müzakirə olunur. Vahid konsensusa gələrək qərarlar verməyə çalışırıq. Biz beynəlxalq təcrübəni isə təkcə indi yox, daim öyrənirik. Bu bizim işimizin bir hissəsidir, onsuz mümkün deyil. Lakin beynəlxalq təcrübənin kor-koranə Azərbaycan reallığına tətbiq olunmasının da tərəfdarı deyiləm. Bizim mədəniyyətimizin öz xüsusiyyətləri, öz inkişaf yolu var. Ona görə də mütləq Azərbaycan incəsənətinin xüsusiyyətləri, xalqımızın mentaliteti, adət-ənənələri nəzərə alınmalıdır.
Digər tərəfdən, təbii ki, bizim məzunlarımız çox rahatlıqla gedib digər ölkələrdə öz təhsillərini davam edə bilirlər. Bu o deməkdir ki, bizim universitetimizdə verilən təhsil məzunlarımıza bu imkanı da verir. Deməli, bizim təhsil sistemimiz dünya təhsil sisteminə uyğunlaşıb, adaptasiya olunub. Əks təqdirdə, onlar digər ölkələrdə təhsillərini davam etdirə bilməz, çətinlik çəkərdilər”, – deyə o əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər