
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Jalə Rzayeva əvvəlcə subbakalavr olub, sonra bakalavr. Ali təhsil müəssisələrinə 2023-2024-cü tədris ili üçün keçirilən qəbul imtahanlarına müsabiqədənkənar qatılaraq tələbə adını qazanıb. Rəssamlıq fakültəsində “Dizayn” ixtisası üzrə təhsil tələbə krediti ilə oxuyur. Qarabağ müharibəsi veteranı, III qrup əlil Alim Həsənovun qızı, II Qarabağ müharibəsi veteranı Emil Rzayevin xanımı, 33 yaşlı üçuşaqlı ana Jalə Rzayevanın təhsilə əlçatanlığını Təhsil Tələbə Krediti Fondu təmin edib.
Məktəbi bitirib kollecə qəbul oldu, kolleci bitirib ailə qurdu
Jalə 1992-ci ildə Bakıda doğulub. Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin məzunudur: “Ümumi orta təhsilimi tamamlayıb IX sinifdən kolleclərə qəbul imtahanına qatıldım. 2008-ci ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul oldum”.
.jpeg)
Kollecdə təhsilini tamamladıqdan sonra ailə quran J.Rzayeva hazırda 3 uşaq anasıdır: “Uşaqlardan ikisi məktəblidir, biri V sinifdə, o biri III sinifdə oxuyur. Ən kiçik övladım 4 yaşındadır”.
Universitet təhsili də almaq istədi
Hazırda 8 nömrəli Uşaq İnkişaf Mərkəzində dərnək rəhbəri – rəsm müəllimi kimi çalışan Jalə Rzayeva daha əvvəl 114, 154, 87, 318 nömrəli tam orta məktəblərdə müvəqqəti müqavilə ilə çalışıb:
.jpeg)
“Diplomum pedoqoji yönümlü deyil. Rəssamlıq ixtisası üzrə təhsil alanlar müəllimlərin işə qəbulu üzrə müsabiqələrə qatıla bilmirlər. Müqavilə əsasında müxtəlif məktəblərdə rəsm müəllimi işləmişəm. Karyeramı inkişaf etdirmək üçün universitet oxumağa qərar verdim. Ancaq təhsilimi ödənişli əsaslarla davam etdirmək məcburiyyətində qaldım”.
Yenidən təhsil almaq istəyini ailəsi də dəstəkləyib: “Ali təhsil almaq bir az da məcburi olduğundan həyat yoldaşım qərarıma etiraz etmədi. Əksinə, uşaqların qayğısına qalmaqda mənə dəstək verir, onun sayəsində həm oxuyub, həm işləyə bilirəm”.
.jpeg)
Təhsil üçün kredit sayəsində dərslərimə vaxt ayıra bilirəm
Jalənin sözlərinə görə, universitetdə ödənişli təhsil almaq məcburiyyəti aztəminatlı ailəsində sıxıntılar yaradacaqdı:
“Ailə vəziyyətim və üç övladımın olması səbəbindən ödənişi özümün ödəməyim vəziyyətimizi çətinləşdirirdi. Universitetdə keçirilən bir iclasda maddi problemlərimi həll edə biləcəyimin asan yolunu öyrəndim. Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə keçirilən həmin görüşdə haqqında məlumat əldə etdim. Elə həmin anda kredit üçün müraciət etdim. III semestrdir ki, ödənişi TTKF həyata keçirdi.
.jpeg)
Fondun dəstəyi sayəsində dərslərimə normal vaxt ayıra, fikrimi toplaya, diqqətimi rahatca dərslərimə yönəldə bilirəm. Tələbə olduğumuz müddətdə maliyyə problemləri barədə düşünmədən rahatlıqla təhsil ala bilirik. Fondun ən çox bəyəndiyim tərəfi isə borcun yalnız universiteti bitirib iş tapandan sonra ödənilməsidir. Bu, tələbələr üçün çox sərfəli sistemdir və onu hər kəsə tövsiyə edirəm. Hətta dərnəkdəki şagirdlərimə də bu imkan haqqında məlumat verirəm”.
Həm müəllim, həm tələbə olmağın sevinci
Jalə Rzayeva deyir ki, tələbəlik sayəsində onun şansı da açılıb: “İncəsənət və dizayna olan sevgimi uşaqlarla bölüşmək mənim üçün böyük xoşbəxtlikdir. Eyni zamanda, universitet tələbəsi olmağın verdiyi sevinc də var, üstünlük də. Üstünlüyü odur ki, bu, işimə daha yaradıcı yanaşmağa kömək edir. Həm müəllim, həm də tələbə olmaq mənim üçün böyük şansdır. Dizayn sahəsində daha da inkişaf etmək, gələcəkdə həm öz sahəmdə uğurlu bir mütəxəssis olmaq, həm də tələbələrimə ilham vermək istəyirəm. Təhsil Tələbə Krediti Fondu mənə bu yolda irəliləmək üçün böyük bir fürsət verdi”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər