Bütün xəbərlər
27 aprel, 09:15

“Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”. 

Heydər ƏLİYEV, Ümummilli Lider

Dil - millətin ruhudur. O, yalnız ünsiyyət vasitəsi deyil, həm də tarix, kimlik, yaddaş və milli qürurdur. Hər bir xalq öz varlığını dili ilə yaşadır, dilində danışır, düşünür, ağlayır və sevinir. Ana dili insanın dünyaya göz açdığı ilk səslər, ilk kəlmələr, ilk dualar və ilk laylalardır. Ana dilində danışmaq sadəcə ifadə etmək yox, həm də bir millət kimi yaşamaqdır. Bu dili yaşatmaq isə milli yaddaşı, tarixi və gələcəyi qorumaq deməkdir. Amma hər dövrün öz çətinlikləri olub. Elə bir zaman olub ki, millətlərin dilləri susdurulmaq, adları unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Yalnız bu sınaqlar qarşısında kimliyini qoruyan, dilini yaşadan millətlər tarixdə silinməz iz buraxa bilib. Belə anlarda cəsarətli qərarlar, milli düşüncə və vətənə sədaqət önə çıxır. Məhz belə bir dövrdə - 1970-ci illərdə Azərbaycanın taleyüklü məqamında Ümummilli Lider Heydər Əliyev milli kimliyimizin - ana dilimizin qorunması uğrunda tarixə yazılacaq işlərin başlanğıcını qoydu.

1970-ci illər... Sovetlər Birliyində milli dillərin kənara çəkildiyi, rus dilinin üstün tutulduğu, yerli xalqların mədəni kimliyinə təzyiqlərin artdığı bir dövr idi. Belə bir zamanda Azərbaycan dilini yaşatmaq və onun hüquqi statusunu qorumaq böyük siyasi iradə, qətiyyət və ən əsası millətə olan sevgi və sədaqət tələb edirdi. O dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyev məhz bu tarixi missiyanı üzərinə götürərək cəsarətli addımlar atdı.

Ulu Öndər 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında mühüm bir maddənin yer almasına nail oldu: “Azərbaycan SSRİ-nin dövlət dili Azərbaycan dilidir”. Bu, sadəcə bir hüquqi ifadə deyildi. Bu, milli ruhun, dilə olan sevginin, öz kimliyinə sahib çıxmağın konstitusion zəfəri idi. Həmin dövrdə belə bir təşəbbüsü irəli sürmək böyük cəsarət tələb edirdi. Çünki SSRİ-nin ideoloji mühiti milli dilləri arxa plana keçirmək üçün müxtəlif formalı təzyiqlər yaradırdı. O dövrdə, SSRİ məkanında milli dillərin sıxışdırılması adi hala çevrilmişdi. Liderlərin əksəriyyəti bu mövzuda susur, hətta öz ana dillərindən çəkinirdilər. Amma Heydər Əliyev susmadı. O, xalqının dili ilə nəfəs almağa, o dili qorumağa və yaşatmağa and içmişdi. Onun üçün dil məsələsini gündəmə gətirmək, müdafiə etmək təkcə siyasi mövqe yox, tarixi missiya idi. 

Dahi şəxsiyyət Heydər Əliyev çətinliklərə baxmayaraq dilin millətin varlığı olduğunu öz qətiyyətli qərarı, siyasi nüfuzu ilə bir daha əməldə göstərərək onun əbədiliyini qanuniləşdirən maddənin təsbitinə nail oldu. Bu, bir xalqın öz kimliyinə, mədəniyyətinə və ruhuna sahib çıxması idi. Və mühüm tarixi hadisənin arxasında dayanan şəxs Ulu Öndər oldu. Böyük Azərbaycanlının cəsarəti, uzaqgörənliyi və vətənə sonsuz sevgisi bu qərarın verilməsində həlledici rol oynadı.

Bu, bir xalqın varlığına yazılmış etiraf idi

Ümummilli Liderin hər bir  qərarı, çoxşaxəli fəaliyyəti gələcək müstəqil dövlətimizin möhkəm sütunlar üzərində bərqərar olmasına xidmət edirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyətin təşəbbüsü ilə 73-cü maddəni məhz aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu Öndər bununla müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini uzaqgörənliklə qoruyub saxladı. 

Konstitusiyaya “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması gələcək müstəqil dövlətimizin dil üzərində qurulmuş təməl daşlarından biri oldu. Bu, yalnız hüquqi sənədin bir maddəsi deyildi. Bu, bir xalqın varlığına yazılmış etiraf idi.

Dil sadəcə ünsiyyət vasitəsi deyil

Dahi şəxsiyyət Heydər Əliyev dilin sadəcə bir ünsiyyət vasitəsi deyil, milli-mənəvi dəyər, mədəniyyət və dövlətçilik rəmzi olduğunu dəfələrlə vurğulayıb. Ulu Öndərin rəhbərliyi ilə ana dilimizin inkişafına yönələn yüzlərlə addım atıldı, alimlərə dəstək verildi, milli ədəbiyyat və mətbuat gücləndirildi, yeni nəşrlər çap olundu, dilin elmi əsaslarla tədrisi formalaşdırıldı.

Bu möhtəşəm yol müstəqillik dövründə də davam etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülsə də son nəticədə “Azərbaycan dili” olması dəstəkləndi. Belə ki, Ümummilli Lider müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə o zaman da  öz qətiyyətli mövqeyini ortaya qoyaraq “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu, reallıqdır”- söyləyərək məsələyə nöqtə qoydu. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. 

Ana dilimizin inkişafı və problemləri  daim diqqət mərkəzində

Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ümummilli Liderin 2001-ci ilin 18 iyun tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Adıçəkilən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu isə dövlətçilik baxımından olduqca mühüm bir sənəddir. Bu Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni, özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyir. 

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu  Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. Dahi şəxsiyyət deyirdi: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”.

Atılan hər bir addım Azərbaycanın uğurlu gələcəyinə hədəflənib 

Bəli, qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili  xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ən dərin fikirləri ən incə çalarlarınadək ifadə qüdrətinə malik dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini bu gün də qoruyub saxlayır.

Əbədiyaşar Lider atdığı hər addımı ilə göstərdi ki, “Dil varsa, xalq da var”. Və dəyərli miras bu gün etibarlı əllərdədir. Son 21 ildən artıq dövrdə Ulu Öndərin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımızın rəhbərliyi ilə qəbul edilən mühüm sənədlər, o cümlədən 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin bu günün çağırışlarına uyğun inkişafını təmin etmək məqsədi daşıyır. Eyni zamanda, 2018-ci ildə imzalanan iki mühüm sənəd - “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında” Sərəncam və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” Fərman  müasir dövrdə dilimizin texnoloji və kommunikativ imkanlarını artırmaqla onun gələcəyini daha da möhkəmləndirdi. Bu, artıq dilin təkcə qorunması deyil, onun yaşaması və yaşadılması deməkdir. Və bu sənədlər Azərbaycan dilinin bu günü və gələcək inkişafına yönəlik ən uğurlu addımlar kimi dəyərləndirilə bilər. 

Azərbaycan dilində düşünürüksə, danışıb, yazırıqsa…

Prezident İlham Əliyev hər çıxışında azərbaycanlı olmağın fəxrini, ana dilimizin dəyərini önə çəkərək göstərir ki, bu dilin qorunması təkcə dövlət siyasəti deyil, həm də milli qürur məsələsidir. Azərbaycan dili təkcə konstitusion statusu olan bir rəsmi dil deyil. Bu dil bizim kimliyimiz, ruhumuz, birliyimizdir.

Biz bu gün Azərbaycan dilində düşünürüksə, danışıb, yazırıqsa və yaratmaq azadlığına sahibiksə, bu, Heydər Əliyevin zamanında göstərdiyi cəsarətin, uzaqgörənliyin və milli təəssübkeşliyinin nəticəsidir.

Dilimizin rəsmi statusu  həm tariximiz, həm də gələcəyimizdir.

Şərhlər

Xəbər lenti

27 aprel, 15:19

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:41

UFAZ-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.