
“Təhsil haqqımın illik məbləği 3000 manat idi. III kursun II semestrində təhsil tələbə krediti ilə tanış oldum və bu fürsətdən yararlanmaq qərarına gəldim. Ailəm təhsilimi davam etdirə bilməyim üçün əlindən gələni edirdi. Amma təhsil tələbə krediti mənim üçün daha yaxşı yol idi. Sosial kredit götürmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanmaq üçün ümumi orta müvəffəqiyyət göstəricisinin 91 və daha çox olması ilə bağlı tələb barədə məlumatlı idim. Ona görə də, Təhsil Tələbə Krediti Fonduna (TTKF) müraciət etdim. Göstəricilərim yüksək idi, şərtlərim sosial kredit götürməyə uyğun gəldi. Müraciət edərkən onu da bilirdim ki, yüksək göstəricilərlə təhsilimi davam etdirə bilsəm, semestr üzrə kreditlərə faiz hesablanmayacaq. Hər şeydən önəmlisi isə odur ki, bu borc mənim borcum olacaq, ailəmin yükünü yüngülləşdirəcəyəm”.
“Yüksək göstəricilər əldə etmək üçün daha bir səbəbim vardı”
Bu fikirləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində təhsil kreditindən yararlanaraq ali məktəbi uğurla bitirən və götürdüyü kreditin yarısının bağışlanmasına nail olan Aysel Məhərrəmova deyib. Milli Aviasiya Akademiyasının tələbə adını 2020-ci ildə akademiyanın Hüquq fakültəsinə qəbul olunaraq qazanıb. “Hüquqşünaslıq” ixtisası üzrə ödənişli əsaslarla təhsil alıb. Nəinki III kursun II semestrini, IV kursu da təhsil krediti ilə oxuyub: “Kredit götürənə qədər də yaxşı oxuyurdum. Bundan sonra daha həvəslə çalışdım. Yüksək göstəricilər əldə etmək üçün daha bir səbəbim oldu. Bilirdim ki, akademiyanı əla qiymətlərlə bitirsəm, üzərimdəki borcun yarısını dövlət mənə bağışlayacaq. Belə də oldu, üstəlik, bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirdim”.
A.Məhərrəmova məqsədinə nail olub. O, həm götürdüyü 4600 manat borcun yarısını ödəməkdən azad olub, həm də keyfiyyətli, yaxşı nəticələrlə təhsil almış kadr kimi məzun olub: “Məzun olanda 4600 manat borcum vardı. Göstəricilərim uğurlu olduğu üçün cəmi 2300 manat ödədim”.
Artıq karyera istiqamətində uğur vaxtıdır. Bunun üçün əsas addımlardan birini atıb və uğur qazanıb: “Ali təhsilimi bitirər-bitirməz özəl şirkətdə işə başlamışdım. Ailəmin də dəstəyi ilə qalan 2300 manat borcu birdəfəyə ödədim. Sonra işdən çıxıb dövlət qulluğu imtahanlarına hazırlaşdım. İşləyə-işləyə hazırlaşa bilmirdim. Hazırlaşdım və dövlət qulluğu imtahanlarında uğur qazandım, ən yüksək sertifikatı aldım. Mənə bir neçə illik məhkəmə təcrübəsi lazımdır ki, sonra vəkil işləyim. Vəkil məhkəmənin işini bilməlidir”.
Magistratura səviyyəsində təhsilini də təhsil krediti ilə davam etdirəcək
Aysel Məhərrəmova həm də magistraturaya hazırlaşır: “Magistratura səviyyəsində təhsilimi davam etdirəcəyəm. Bu təhsilim də ödənişli olarsa, TTKF-yə müraciət edəcəyəm”.
Gənc hüquqşünasın sözlərinə görə: Bu gün tələbələr üçün olan bu kredit sayəsində təhsilimi, karyeramı planlaşdırır, gələcəklə, özümüinkişafla bağlı yollar düşünə bilirəm. Bir sözlə, TTKF-dən aldığım dəstək, bu dəstəyin şərtləri nəinki təhsilimi, hətta məzun olduqdan sonrakı dövrdə də həyatımı yüngülləşdirdi”.
Üçuşaqlı ailədə böyüyən Aysel deyir bu şansdan ailədə yalnız o istifadə edib: “Bacım Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur və o da ödənişli təhsil alıb, özü də yüksək göstəricilərlə bitirib. Amma onun təhsil aldığı illərdə bu şans olmadığı üçün yararlana bilməyib. Mənim ödənişimin yarısı bağışlananda o, təhsil aldığı illərdə belə bir fürsətin olmamasına çox heyifsiləndi”.
Sosial kredit alan 171 tələbəyə ümumilikdə 221729 manat
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, Aysel Məhərrəmova güzəştlərdən yararlanan onlarla məzundan biridir. Belə ki, indiyədək sosial kredit götürən və məzun olan 173 nəfər tələbə ilə 399 müqavilə bağlanıb. 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından həmin 173 tələbəyə təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi bağışlanıb: “Bağışlanan vəsaitin ümumi həcmi 221729 manat təşkil edib”.
Standart kredit müqaviləsi bağlayan 389 tələbəyə ümumilikdə 211781 manat
389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin isə 25 faizi bağışlanıb: “Bağışlanan həmin vəsaitin ümumi məbləği 211781 manat təşkil edib”.
6347 tələbəyə ümumilikdə 221729 manat
B.Əzimov deyib ki, ümumiyyətlə, TTKF-dən indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışlanan vəsaitin həcmi 433 min manatı ötüb: “Təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb. Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir”.
3706 nəfərlə bağlanan müqavilə faizsiz olub
B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisi 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi 91 və daha çox bal olarsa, həmin semestr üzrə kreditlərə faiz hesablanmır.
Kreditlərdən yararlanan 6500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb.
Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər