
Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov festivalın Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il qeyd olunan Elm Gününə həsr olunduğunu bildirib. Rektor qeyd edib ki, elmin təşviqi istiqamətində UNEC-də iki mühüm layihəyə – “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması” təşəbbüslərinə start verilib. Layihələr çərçivəsində məktəblilər və gənclərlə tanınmış alimlərin görüşləri təşkil olunur.
Ədalət Muradov UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin artıq bəhrə verdiyini vurğulayıb. O bildirib ki, son beş ildə universitetin beynəlxalq elmi bazalarda dərc olunan məqalələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2020–2025-ci illər ərzində UNEC tədqiqatçılarının “Scopus” bazasında dərc olunan məqalələrinin sayı 6,4 dəfə, “Web of Science” bazasında 5,8 dəfə, “SciVal” üzrə 6,3 dəfə, “InCites” bazasında isə 5,6 dəfə artıb. Bu illər ərzində Azərbaycan alimlərinin “Scopus”da dərc olunmuş məqalələrinin 20 faizi, “Web of Science”də isə 19 faizi UNEC-in payına düşüb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə yazılmış elmi əsərlərin sayında isə beş il ərzində 10 dəfə artım qeydə alınıb. Ümumilikdə, “Scopus”da dərc olunan məqalələrin 49,8 faizi Minilliyin İnkişaf Məqsədlərinə həsr olunub. Rektor qeyd edib ki, bu artım tempinə görə UNEC dünya miqyasında lider mövqedədir.
Rektor, həmçinin elmin rəqəmsallaşdırılması istiqamətində UNEC-də həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə universitetin dünyanın ən zəngin elmi bazalarında yerləşən 5 milyona yaxın elektron resursa çıxış imkanı var.
Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətini vurğulayaraq, elmin inkişafının ölkənin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Nazir qeyd edib ki, elm və təhsilin vəhdətinin təmin edilməsi, elmi nəticələrin insanların rifahına və iqtisadi inkişafa töhfə verməsi, həmçinin elmin cəmiyyətə anlaşıqlı formada təqdim olunması mühüm əhəmiyyət kəsb edir. O, elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin obyektiv qiymətləndirilməsinin də əsas məqsədlərdən biri olduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev akademik dairələrin elmin inkişafında və yeni istiqamətlərin formalaşmasında oynadığı roldan bəhs ediblər. Onlar elmin nüfuzunun artırılması və bilik əsaslı qərarların ön plana çıxmasının vacibliyini vurğulayıblar.
Festival çərçivəsində Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatla çıxış edib.
Rəsmi hissədən sonra iştirakçılar “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. UNEC Dizayn Məktəbinin tələbələrinin əl işləri nümayiş etdirilib.
Tədbir çərçivəsində həmçinin “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və “Bazarın hüdudları” kitabının təqdimat mərasimləri keçirilib.
Elm festivalı aprelin 10-dək davam edəcək.
1 /16
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər