
Fikirlər müxtəlif, mövqelər düşündürücüdür…
Sinif otağında yalnız analar əyləşib. Sinif rəhbəri valideyn iclasını açıq elan edir. Ana yanında oturan digər qadına yavaşca pıçıldayır: “Yenə eyni mənzərə, iclasda ancaq biz qadınlarıq”.
İclasda uşaqların uğurları, problemləri müzakirə olunur. Və bütün bu proseslər anaların iştirakı ilə baş verir. Müəllim sinfə göz gəzdirərək “Bəs atalar hanı?” – deyə soruşur. Cavab hamıda eynidir. “İşləri var idi”. Müəllim gülümsəyərək: “Hər dəfə eyni sual verilir, amma cavab dəyişmir…”.
Bu mənzərə yəqin ki, hamıya, xüsusilə müəllimlərə yaxşı tanışdır. Etiraf edək ki, cəmiyyət olaraq artıq bizdə valideyn iclaslarına getmək daha çox anaların üzərinə düşən məsuliyyət kimi qəbul edilir. Araşdırmalar göstərir ki, valideyn iclaslarında iştirak edən ataların sayı analarla müqayisədə dəfələrlə azdır.
Görəsən, doğrudanmı məsələ təkcə ataların işinin çox olması ilə bağlıdır? Yoxsa bu bir bəhanədir, onların öz övladlarının təhsili ilə maraqlanmağa o qədər də meyilli olmamasının göstəricisidir?
Çox təəssüf ki, bəzi atalar uşaqlarının təhsili ilə kifayət qədər maraqlanmır və ya məsuliyyəti anaya həvalə edirlər.
“Azərbaycan müəllimi” mövzunun aktuallığını nəzərə alaraq müəllimlərin və valideynlərin iştirakı ilə bu məsələni araşdırıb, məsələylə bağlı təhsil ekspertinin rəyini öyrənib.
“Ata məktəbə maraq göstərmədikdə, uşaq da tədrisə laqeyd yanaşır”
Uzunillik müəllimlik təcrübəsi olan Əməkdar müəllim Naidə Məmmədova bildirir ki, uşağın ilk ibtidai təhsil dövründən onun təhsilə münasibətinin formalaşmasında hər iki valideynin rolu əvəzsizdir: “İlk növbədə, qeyd edim ki, qaldırdığınız məsələ bu gün üçün çox aktualdır. Biz müəllimlər fəaliyyətimiz dövründə təkcə şagirdlərlə deyil, eyni zamanda onların valideynləri ilə də işləyirik. Mənim fikrimcə, hər iki valideyn övladının təhsil həyatında olmalı, məktəblə əməkdaşlıq etməlidir və bu birmənalıdır. Dünyanın hər yerində valideyn icmaları, valideyn komitələri mövcuddur və ata-analar da aktiv olaraq təhsil prosesində, iclaslarda iştirak edirlər. Bizdə isə bu komitələrin yaradılması bir qədər düzgün anlaşılmır. İbtidai siniflərdə valideyn iclasları daha mütəşəkkil keçirilir. Yuxarı siniflərə qalxdıqca isə iclasların sayı azalır, IX, X, XI siniflərdə isə bu fəaliyyət tamamilə alınmır. Və fikir versək görərik ki, bu fəaliyyətin əsas iştirakçıları analardır. Bu problem eyni zamanda kişi müəllimlərin də məktəblərdən uzaqlaşması ilə üst-üstə düşür.
Bizdə də “Qadın qadını daha yaxşı anlar” prizmasından yanaşaraq valideyn iclaslarında anaların iştirakı daha məqbul sayılır. Dəfələrlə müşahidə etmişik ki, ailədə ata məktəbə maraq göstərmədikdə, uşaq da tədrisə laqeyd yanaşır. Valideyn iclaslarında ataların iştirakı təkcə uşağa deyil, müəllimə də siqnal verir ki, bu ailədə övladın təhsili hər iki valideyn üçün prioritetdir. Təəssüf ki, bir çox ata bu görüşləri sadəcə problemlərin müzakirə edildiyi iclaslar kimi görür və elə bilir ki, ananın iştirakı kifayətdir”.
Naidə müəllimin sözlərinə görə, uşaqlar üçün valideynlərinin məktəbə gəlməsi, xüsusilə də atalarının onların təhsilinə maraq göstərməsi çox önəmlidir. Çünki ata ailədə daha çox qayda-qanun, məsuliyyət simvolu kimi qəbul edilir. Uşaqların gözlərində bu nüfuzu gücləndirmək üçün ataların imkan tapdıqca valideyn iclaslarına qatılması vacibdir: “Dəfələrlə müşahidə etmişəm ki, uşaqlar atalarını iclasda görəndə sevinir, daha fəal olur və hətta özlərini sübut etməyə çalışırlar. Qeyd etdiyim kimi bəzən atalar bu iclasları ya əhəmiyyətsiz hesab edir, ya da vaxt ayırmağa üstünlük vermir. Amma unutmaq olmaz ki, uşağın təhsili təkcə ananın məsuliyyəti deyil”.
“Uşaqlar iclaslarda atalarını görəndə fəxr edir, özlərini daha dəyərli hiss edirlər”
Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimi Şəhla Yolçuyeva riyaziyyat fənnini tədris edir. O, eyni zamanda “9a” sinfinin rəhbəridir. Deyir ki, valideyn iclaslarında ataların iştirakı analar qədər vacibdir. Çünki onların uşaqlarının təlim-tərbiyəsi ilə bağlı bütün məsələlərdə hər iki tərəf eyni dərəcədə məsuliyyət daşıyır: “Başa düşürük ki, ataların əsas qayğısı daha çox ailənin maddi təminatı ilə bağlı olduğundan üzərlərinə düşən vəzifə ağır və məsuliyyətlidir. Bu baxımdan valideyn iclaslarında anaların çoxluq təşkil etməsi başa düşüləndir. Çünki evdə balansı qoruyan və tərbiyə prosesini düzgün idarə edən əsasən analardır və onların iclaslarda aktiv iştirakı məntiqlidir. Düşünürəm ki, əsas iştirakçı analar olmalıdır, çünki bəzi atalar övladları haqqında məlumatları daha emosional və ya sərt qəbul edə bilirlər. Xüsusilə əgər uşağın hər hansı bir çatışmazlığı və ya səhvi müzakirə olunursa, bəzən atalar bunu daha aqressiv qarşılayıb, sərt cəza üsullarına əl ata bilərlər. Bu isə uşağa mənfi təsir göstərə bilər”.
Pedaqoq qeyd edir ki, ana və uşaq arasındakı ünsiyyət daha fərqlidir, amma ata ilə münasibətdə müəyyən sərhədlər var ki, onlar tamamilə aradan qalxmalı deyil. Ata nəzarəti buraxmamalıdır, amma iclaslara da analar qədər mütəmadi qatılmaq məcburiyyətində deyil: “Amma atalar da ara-sıra iştirak etsələr, yaxşı olardı. Çünki uşaq hər iki valideynin ona necə dəyər verdiyini hiss etməlidir. Uşaq bilməlidir ki, atası da istənilən vaxt məktəbə gələ və onun təlim-tərbiyəsi ilə maraqlana bilər. Təbii ki, bu da uşaqlarda məsuliyyət hissinin artmasında, həm dərslərinə ciddi yanaşmasında, həm də davranışlarında mühüm rol oynayır. Əsas odur ki, uşaq ata tərəfindən də diqqət və qayğı gördüyünü hiss etsin. Uşaqlar iclaslarda atalarını görəndə fərqli reaksiya verirlər. Onlar fəxr edir, özlərini daha dəyərli hiss edirlər.
Bilirsiniz, biz müəllimlər valideyn iclaslarında təkcə problemləri deyil, uşağın nailiyyətlərini də paylaşırıq. Ataların iştirakı uşağa böyük stimul verə bilər”.
“Təşviqedici üsullar tətbiq edilməlidir ki, atalar bu işin önəmini dərk etsinlər”
Həmin məktəbin tarix müəllimi Yeganə Misirzadə də söyləyir ki, atalar məktəbə nə qədər az gələrsə, uşaqlar da onları bir o qədər məktəb həyatından uzaq görür. Yeganə müəllimin fikrincə, ataların iclaslara gəlməməsinin kökündə cəmiyyətdə formalaşmış yanlış düşüncə də dayanır. Bəzi atalar elə bilirlər ki, bu iş anaların öhdəsinə düşür: “Düşünürəm ki, bu yanaşma dəyişməlidir. Təsəvvür edin, uşaq məktəbdən evə gələndə atasına “Bu gün müəllim ataları çox təriflədi, çünki onlar öz uşaqlarının dərsləri ilə maraqlanırlar”, - desə, sizcə, həmin ata özünü necə hiss edər? Düşünürəm ki, belə təşviqedici üsullar tətbiq edilməlidir ki, atalar da bu işin önəmini dərk etsinlər".
“Analardan xahiş etdim ki, iclasa özləri gəlsinlər”
Leyla Rəhmanova S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimidir. 27 illik müəllimlik təcrübəsi olan pedaqoq deyir ki, uşaqla bağlı bütün məsələlər hər iki valideynin iştirakı ilə müzakirə olunmalıdır. Leyla müəllim də təsdiqləyir ki, valideyn iclaslarına yalnız analar gəlir: “Mənim fikrimcə, bunun bir neçə səbəbi var:
- atanın işlərinin çoxluğu;
- ananın öz övladlarını töhmət edilməkdən qorumaq məqsədilə həyat yoldaşının valideyn iclaslarına getməsinə mane olması;
- atanın məsuliyyəti ananın üzərinə yükləməsi.
Ola bilər ki, 2-ci fikrimlə razı olmaya bilərsiniz, amma qarşılaşdığım faktlar bunu sübut edir. Bir neçə il öncə kişi valideynlərimdən biri oğlu ilə maraqlanmışdı və mən də həmin şagirdin digər qardaşından daha zəif oxuduğunu, bir qədər məsuliyyətsiz olduğunu qeyd etmişdim. 2 gün sonra öyrəndim ki, ata oğlu ilə kobud davranıb. Həmin gündən sonra analardan xahiş etdim ki, iclasa özləri gəlsinlər”.
Leyla müəllim deyir ki, səbəblərdən biri də kişi valideynin iclasa gəldikdə orada özündən başqa kişi valideyn görmədiyindən ya geri qayıdır, ya da iclasda heç bir fikir bildirmir: “Əslində ataların müəllimlərlə görüşməyini çox istərdim, bu onları övladları ilə daha da yaxınlaşdırar, onların arasındakı övlad-ata münasibətinin səmimiliyinə səbəb olar. Həmçinin qadın olaraq onu da bildirim ki, uşağın təlim-tərbiyəsinə təkcə ana cavabdeh deyil. Ataları bu işə cəlb etsək, qadınlarımızın üzərinə yüklənən məsuliyyət yükü bir qədər yüngülləşər”.
Abdurəhim Sadıqov Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təlim-tərbiyə işləri üzrə direktor müavini, həm də adıçəkilən təhsil ocağının valideynidir. Özü də gimnaziyada ərəb dili fənnini tədris edir.
Abdurəhim müəllim məsələyə bir valideyn, eyni zamanda müəllim olaraq münasibət bildirərək uşağın istər təhsilində, istərsə də tərbiyəsində ata faktorunun əhəmiyyətli rol oynadığını söyləyir: “3 övladım var və onlar bu gimnaziyada təhsil alıb. Böyük qızım hazırda Azərbaycan Tibb Universitetində, digər övladım Türkiyədə “Memarlıq” ixtisası üzrə təhsil alır. Kiçik övladım isə gimnaziyanın 5-ci sinfində oxuyur. Bu məsələ ilə bağlı qənaətim belədir ki, təbii bölgü olaraq, bir çox ölkələrdə, o cümlədən Azərbaycan ailələrində atalar daha çox ailənin maddi rifahını təmin etmək və ailənin xarici məsələləri ilə məşğul olurlar. Övladların təhsili daha çox ailədaxili məsələ hesab olunduğuna görə iş anaların üzərinə düşür. Analar övladlarının məktəbdə olan problemlərinə, atalara nisbətən daha yumşaq reaksiya verirlər. Bu səbəbdən də özləri gəlməkdə daha maraqlıdırlar.Digər bir məsələ isə, Azərbaycan məktəblərində qadın müəllimlərin sayının çox olması və ataların iclaslarda müəllimlərlə ünsiyyətə girə bilməmələri və problemləri dərindən öyrənməkdə çətinlik çəkmələridir. İbtidai sinif müəllimlərinin 99%-nin qadın müəllimlərdən ibarət olması və daim analarla əlaqə saxlaması ataları bir qədər bu məsələlərdən uzaq salır. Daha bir səbəb isə boşanmış ailələr və övladların analarla birlikdə yaşamasıdır”.
Abdurəhim müəllim bir valideyn olaraq övladlarının valideyn iclaslarında mümkün qədər iştirak etməyə çalışdığını və bunun onların təhsillərində və həyatlarında müsbət rol oynadığının şahidi olduğunu qeyd edir. Pedaqoqun sözlərinə görə, bir övladın atasının onun təhsili və problemləri ilə mütəmadi olaraq maraqlanması, birlikdə vaxt keçirməsi, fikirlərini və planlarını müzakirə etməsi, həmçinin yönləndirməsi,onun dərslərini nəzarətdə saxlaması təlim nəticələrinə və davranışlarına, eyni zamanda gələcək həyatına kifayət qədər müsbət təsir göstərir. Bildirir ki, bu hər bir atanın borcudur.
Bəs görəsən valideynlər bu barədə nə düşünürlər?
Həmsöhbətimiz olan 4 uşaq atası Sahib Əliyev valideyn iclaslarına getmək üçün vaxtı olmadığını bildirir: “İşim çox gərgindir, axşam evə yorğun gəlirəm. Uşaqların dərslərinə anası nəzarət edir, mən daha çox maddi təminatla məşğulam”.
Ramin Haşımov da valideyn iclaslarına getməyə vaxt tapmayan atalardandır: “Düzünü desəm, heç vaxt valideyn iclasında olmamışam. Anası gedir, onsuz da əsas məsələləri mənə danışır. Zərurət olarsa, müəllimlərlə fərdi görüşüb danışa bilərəm”.
Digər valideyn Emin Xəlilov valideyn iclaslarına əsasən anaların qatıldıqlarını və bu səbəbdən də orada iştirak edərkən özünü bir az narahat hiss etdiyini söyləyir: “Nə danışım? Müəllimlər də analarla ünsiyyətə öyrəşiblər. Məncə, məktəb məsələlərinə qarışmamaq daha rahatdır”.
Valideyn iclaslarına qatılmayan digər bir valideyn Fuad Kərimovdur. Deyir ki, valideyn iclasları günün ortasında olur: “Mən işdən icazə almaqda çətinlik çəkirəm. Desəm ki, mənim valideyn iclasım var, iş yoldaşlarım gülər. Ona görə də bu məsələ ilə həyat yoldaşım məşğul olur”.
Elnur Hacıyev bir oğul atasıdır. Oğlu Əli 9-cu sinif şagirdidir. O, bir ata olaraq imkan tapdıqca valideyn iclaslarında iştirak etməyə çalışır: “Mənim üçün iclaslara qatılmaq önəmlidir. Uşağın dərs mühiti, müəllimlərin münasibəti, sinif yoldaşları haqqında birbaşa məlumat almaq yaxşıdır. Oğlum da mənim maraqlandığımı görəndə daha həvəslə oxuyur”.
Kamal Kərimov da valideyn iclaslarında atanın iştirakının vacib olduğunu düşünənlərdəndir: “Əvvəllər fikirləşirdim ki, bu, anaların işidir, amma bir dəfə iclasa gedəndə gördüm ki, ataların iştirakı mütləqdir. Müəllimlər uşaqların davranışı, dostları haqqında danışır. Hər şeyi evdə öyrənmək olmur”.
İki uşaq anası Şəfa Xəlilova isə bildirir ki, həyat yoldaşı valideyn iclaslarına getməyi ona həvalə edib: “Yoldaşım deyir ki, iclasa getmək anaların işidir, mənim getməyimə nə ehtiyac var, onsuz da hər şeyi öyrənib mənə deyəcəksən. Amma mən istəyirəm ki, özü də gəlsin, müəllimlərlə ünsiyyətdə olsun. Çünki bəzi məsələləri məndən yox, birbaşa müəllimlərdən eşitsə, daha yaxşı olar”.
Aynurə Əliyeva isə valideyn iclaslarına özü getməkdə maraqlıdır: “Yoldaşım bütün günü işlə məşğuldur, onu bu məsələlərlə yormaq istəmirəm. O, onsuz da bizim bütün zəruri tələbatımızı ödəmək üçün çalışır. Övladlarımızın təlim-tərbiyəsi ilə mən məşğul oluram. Hər iclasdan sonra evdə həyat yoldaşıma orada deyilənlər barədə məlumat verirəm. Və övladlarımızla bağlı olan məsələləri birlikdə müzakirə edərək yoluna qoyuruq”.
Dünyanın bir çox ölkələrində məktəb-valideyn münasibətlərində anaların rolu ön plana çıxır
Təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov bir çox ölkələrdə də bu məsələdə ana faktorunun əsas rol oynadığını söyləyir: “Yalnız bizim ölkəmizdə yox, dünyanın bir çox ölkələrində müşahidə edilən reallıqdır ki, məktəb-valideyn münasibətlərində anaların rolu ön plana çıxır, xüsusi ilə də valideyn iclaslarında analar çoxluq təşkil edir. Bunun səbəblərini bir neçə amillə izah etmək olar. Mən onları qeyd etmək istərdim.
Cəmiyyətin funksiyalara baxışı – Ənənəvi olaraq, xüsusi ilə də mühafizəkar cəmiyyətlərdə uşağın təhsili və tərbiyəsi ilə daha çox analar məşğul olur. Cəmiyyətdə anaların bu məsələlərdə daha aktiv olması normal qarşılanır.
İş bölgüsü – Bir çox ailədə əsas iş yükünü atalar çəkdiyindən, ataların iş funksiyaları və iş saatları səbəbindən valideyn iclaslarına getmək imkanı daha çox analarda olur. Xüsusilə də ənənəvi iş saatlarına görə iclaslar iş vaxtına düşürsə, analar daha rahat iştirak edə bilirlər.
Maraqlı olmaq və ünsiyyət ehtiyacı – Əsasən analar uşaqlarının oxuduqları təhsil müəssisələrinin vəziyyəti ilə dərindən maraqlanır və məktəb rəhbərliyi, müəllimlərlə ünsiyyətə daha açıqdırlar. Onların detallı məlumatlı olmaq istəyi də məktəblə münasibətlərində daha istəkli olmasına şərait yaradır.
Cəmiyyətin formalaşmış ənənəsi – Bir çox məqamda atalar məktəb iclaslarına getməyə o qədər də vacib məsələ kimi baxmırlar. Onlar övladlarının təhsil həyatındakı rolunu daha fərqli dəyərləndirirlər. Bu da zamanla bir ənənə kimi formalaşır və atalar özlərini məktəb-valideyn münasibətlərinin kənarında görməyə başlayır.
Bütün bunlara baxmayaraq ekspert son illərdə ataların da məktəb həyatında nisbətən aktiv iştirak etdiyini müsbət addım kimi dəyərləndirir. Qeyd edir ki, bu məsələyə ənənəvi baxışı dəyişmək üçün müəyyən işlər aparıla bilər. Tədqiqatlar göstərir ki, ata dəstəyi alan uşaqların özünəinamı, akademik nailiyyətləri və sosial bacarıqları daha güclü olur.
Bəs bunu necə təşviq etmək olar?
Məsələn, atalar üçün xüsusi iclaslar keçirilə bilər, müəyyən vaxtlarda yalnız atalar üçün qısa görüşlər təşkil etmək olar. Bu, onların özlərini prosesin bir iştirakçısı kimi hiss etməsinə kömək edə bilər. Və ya çevik iclas saatları müəyyənləşdirmək olar. Həmin iclasları elə vaxtda təşkil etmək olar ki, atalar işdən sonra iştirak edə bilsinlər. Bunun həftə sonlarına salınması daha məqsədəuyğundur.
Ataların valideyn iclaslarında onlayn iştirakına imkan yaradıla bilər. Belə ki, əgər iş rejiminə görə iclasa gələ bilmirlərsə, onlara onlayn qoşulmaq üçün şərait yaratmaq olar.
Ataların uşağın gələcək peşə seçimi, texnologiyanın təsiri, STEAM təhsili və s. kimi mövzularda vaxtaşırı seminarların təşkili ataların diqqətini çəkə bilər”.
Elvin Bədirov onu qeyd edir ki, əgər atalar da təhsil prosesində aktiv iştirak etsələr, uşaqlar üçün həm nümunə, həm də motivasiya mənbəyi olacaqlar: “Əminəm ki, mövcud qəlibləri dəyişə bilsək, standartlarımızda yeniliklər yaradıb ataların məktəbə aktiv gəlməyini təmin etsək, o halda, şagirdlərin psixoloji-emosional və akademik göstəricilərinin də yüksəlişini təmin edə bilərik və faydalı gənclərin yetişməsində müstəsna irəliləyişlər qazanmış olarıq”.
Məsuliyyət bölüşülərsə...
Bəli, ataların məktəb həyatında aktiv iştirakı, uşaqlarının gələcəyinə qoyduqları ən dəyərli sərmayədir. Əziz valideynlər, üzərinizə düşən bu məsuliyyəti bölüşərək övladlarınızın təməlini daha sağlam və düzgün qoymaqla onlara parlaq bir gələcək bəxş edin.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər