Hazırda xaricdə Azərbaycanın çoxsaylı alimləri elm və tədris fəaliyyəti ilə məşğul olur ki, onlardan biri də Türkiyənin Üsküdar Universitetinin professoru, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlıdır.
Azərbaycandan Türkiyəyə təhsil almağa gedən ilk tələbə qrupunda təmsil olunan Ə.Süleymanlı alimlik dərəcələrini və elmi adlarını da bu ölkədə alıb.
Mərkəzi ofisi Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasına dəvət edilmiş alimimiz hazırda həm də orada ekspert qismində türk dövlətlərində aparılan elmi-sosioloji layihələri koordinasiya edir.
Ə.Süleymanlı elmi fəaliyyətlə bağlı bəzi fikirlərini “Azərbaycan müəllimi” ilə paylaşıb.
"Bakalavr təhsili almaq üçün yollandığım Türkiyədən fəlsəfə doktoru kimi qayıtdım”
- Ali təhsilinizi Türkiyədə aldıqdan sonra bir müddət Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olsanız da, yenidən həmin ölkəyə geri qayıtdınız. Niyə Azərbaycandan köçüb xaricdə işləmək qərarına gəldiniz?
- 1991-ci ildə bakalavr təhsili almaq üçün yollandığım Türkiyədən vətənə sosiologiya elmləri üzrə fəlsəfə doktoru kimi qayıtdım. 2003-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstutunda aparıcı elmi işçi vəzifəsində çalışdım. Eyni zamanda, ölkəmizin müxtəlif ali təhsil müəssisələrində sosiologiya fənnini tədris edirdim.
2003-ci ildə təsis olunan Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, 2008-ci ildən isə “Aktual” Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini icra etdim. Bu illərdə dünyanın aparıcı elm mərkəzlərində keçirilən mötəbər elmi-sosioloji konqreslərdə, simpoziumlarda Azərbaycanı təmsil etmişəm. Həmçinin ölkənin elmi-ictimai həyatında da yaxından iştirak edərək aparıcı KİV-lərdə müxtəlif aktual mövzular üzrə mütəmadi çıxışlar etmişəm. Azərbaycan cəmiyyətinin müxtəlif sferalarını əhatə edən çoxsaylı elmi-sosioloji tədqiqatlar apararaq bunların nəticələrinin cəmiyyətimizdə təbliğinə və onların əhəmiyyətinin dərk olunmasına çalışmışam.
2012-ci ildə Türkiyədə dosentlik elmi adını qazandım. Bundan sonra İstanbulda yeni açılmış Üsküdar Universitetinin rəhbərliyi məni bu ali təhsil ocağında işləməyə dəvət etdi. Qardaş Türkiyədə və tələbəlik illərimin keçdiyi İstanbulda çalışmaq mənim üçün xoş idi, ona görə də bu dəvəti qəbul etdim. Bu qərarın verilməsinə həm Türkiyədə sosiologiya sahəsi üzrə daha geniş akademik imkanların olması, həm də bu ölkənin bizim ikinci vətənimiz sayılması təsir edib. Artıq 13 ilə yaxındır ki, bu nüfuzlu elm ocağında “Sosiologiya” kafedrasının müdiri vəzifəsində çalışıram. Həmçinin universitetin İnsan Haqları Tədqiqat Mərkəzinin direktoru vəzifəsini icra edirəm. Uğurlu elmi-pedaqoji fəaliyyətimə görə 2017-ci ildə Üsküdar Universitetinin Böyük Elmi Şurasının qərarı ilə professor elmi adına layiq görülmüşəm.
- Hazırda universitetdə dərs keçməklə yanaşı, tədqiqatla da məşğul olursunuz və bu sahədə təcrübəyə sahibsiziniz. Sizcə, tədqiqat fəaliyyətinin tədrislə birləşdirilməsi vacibdirmi?
- Müasir dövrdə elmi müəssisələrin beynəlxalq səviyyədə rəqabətə davamlılığının təmin edilməsi üçün tədqiqat fəaliyyətinin tədrislə birləşdirilməsi prioritet məsələlərdən biridir. Bu mənada ali təhsil müəssisələrində fəaliyyət göstərən alimlərin tədqiqat potensialından istifadə əhəmiyyətlidir. Tədqiqat əsaslı tədrisin əsas məqsədi təhsil zamanı nəzəri aspektlərin təcrübə və günün tələbləri ilə inteqrasiya edilməsi və bu vərdişlərin tələbələrə qazandırılması olmalıdır. Bu mənada elmi-tədqiqat fəaliyyəti pedaqoqun peşəkar inkişafını və yaradıcılıq fəallığını təmin edən vacib komponentlərdən biridir.
“Əsərlərimə “Google Scholar”da istinad sayı 491-dir”
- Elmi fəaliyyətiniz dövründə çoxsaylı sosioloji tədqiqatlar apararaq onları Türkiyə, eləcə də Azərbaycan cəmiyyətinə təqdim etmisiniz. Tədqiqatlarınızın əsas istiqamətini hansı mövzular təşkil edir?
- Məlum olduğu kimi, son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək üçün səylərini artırıb. Bu proseslərin ələlxüsus ortaq dəyərlər sistemi və sosial institutlar çərçivəsində sosioloji cəhətdən tədqiq olunması zəruridir. Bu mənada son illər tədqiqatlarımın əsas istiqamətlərdən birini türk dövlətlərində sosial institutların və proseslərin müqayisəli təhlil üsulu ilə araşdırılması təşkil edir. Digər tərəfdən, bu gün texnogen sivilizasiya şəraitində cəmiyyətin müxtəlif təbəqələrində mürəkkəb proseslər baş verir, sosial şəbəkələr və süni intellekt müasir cəmiyyəti yenidən formalaşdıran güclü bir vasitəyə çevrilir. Bu transformasiya həm yeni imkanları, həm də çətinlikləri üzə çıxarır. Aparılan sosioloji tədqiqatlar bu proseslərin cəmiyyətin müxtəlif kateqoriyalarına təsirinin öyrənilməsində və gələcək dəyişikliklərin proqnozlaşdırlmasında vacib rol oynayır. Həmin proseslərin sosioloji baxımdan təhlili tədqiqatlarımın digər vacib istiqamətlərindən birini təşkil edir. Bütövlükdə hər iki istiqamətdə apardığım tədqiqatlar dünyanın müxtəlif ölkələrində elm adamları və tədqiqatçıların diqqətini cəlb edir. Bunun nəticəsidir ki, “Google Scholar”da əsərlərimə istinad sayı 491, h-indeksi 10, i-10 indeksi 10-dur. Elmi əsərlərimin yer aldığı academia.edu səhifəmə baxış sayı isə 100-ə yaxın ölkədən 11.500 təşkil edir.
“Ölkənin təhsil sistemi tədqiqatçılıq qabiliyyəti inkişaf etmiş şəxsiyyətlər yetişdirməlidir”
- Müasir və gələcək trendlər nəzərə alınmaqla yetişdirilən gənc beyinlər həm də ölkənin inkişafını dəstəkləyir. Sizcə, daha perpektivli gənc beyinlərin yetişdirilməsi üçün təhsil strategiyası necə qurulmalıdır?
- Müasir dünyada universitetlərin ən başlıca vəzifələrindən biri ixtisaslı mütəxəssis hazırlamaqla yanaşı, elm sahəsində innovasiyalar tətbiq etmək və həmçinin qloballaşan dünyada özünə layiqli yer tapa biləcək səviyyədə biliyə və dünyagörüşə sahib olan gənc beyinlər yetişdirməkdir. Bu baxımdan tələbələrin layihələrə cəlb olunması, tədqiqat əsaslı tədris prosesinin mənimsənilməsi çox vacibdir. Lakin unutmaq olmaz ki, bu gün dünya universitetlərinin reytinqi müəyyənləşdirilərkən həm də həmin universitetin müəllim və tələbə heyəti tərəfindən həyata keçirilən elmi tədqiqatların və layihələrin sayı və keyfiyyət göstəriciləri nəzərə alınır. Hazırkı mürəkkəb və dinamik dəyişikliklər şəraitində təhsilin bütün səviyyələrində tədris, praktika və tədqiqat arasında güclü bir əlaqə yaratmaq, şagird və tələbələrdə innovativ və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək müasir təhsil strategiyalarının ən vacib məqamlarındandır. Bu amilləri önə çəkən tədris prosesi istər Azərbaycanda, istər Türkiyədə, istərsə başqa bir ölkədə müsbət nəticələrini verəcək.
- Çalışdığınız Beynəlxalq Türk Akademiyası üzv ölkələr arasında təhsil və elm sahəsi üzrə əlaqələrin daha da genişlənməsinə hansı formada töhfə verir?
- Türk dövlətləri və xalqları arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan inteqrasiya prosesi elm, təhsil, texnologiya sahəsində də yüksələn xətlə davam edir. Bu mənada türk dünyasının elmi tədqiqatlar mərkəzi rolunda çıxış edən Türk Akademiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qurulduğu 2010-cu ildən etibarən türk dünyasının tarixi, arxeologiyası, mədəniyyəti, dili, ədəbiyyatı, sosiologiyası və folkloru sahəsində elmi-tədqiqatlar aparan, tədbirlər həyata keçirən Türk Akademiyası bu illər ərzində elmi nəşrlərinin sayını da əhəmiyyətli dərəcədə artırıb. Beynəlxalq səviyyədə elmi konfranslar təşkil edən bu qurum türk tarixinə işıq tutacaq arxeoloji qazıntılara və bir çox elmi layihələrə də dəstək verir. Türk dövlətlərinin iqtisadi və elmi əməkdaşlıq potensialı, qida və su təhlükəsizliyi ilə bağlı mövzular akademiyanın yeni tədqiqat istiqamətlərini təşkil edir.
- Müasir dövrdə elmin inkişaf strategiyasını səciyyələndirən əsas məqamlar hansılardır?
- Hər hansı bir ölkədə elmin inkişafı və nailiyyətlərin yüksəldilməsi üçün cəmiyyətdə elm mədəniyyəti mühitinin formalaşdırılması ən vacib amillərdən biridir. Elm mədəniyyəti insanların elmin vacibliyinə inanması, elmə maraq göstərməsi, elmə dəstək verməsi, elmdən kənarda çıxış yolu axtarmaması mənalarını özündə ehtiva edir. Bu mühitin yaranması kompleks bir prosesdir. Bu prosesdə elm sahəsində fəaliyyət göstərən insanların maddi təminatının yaxşılaşdırılması, tədqiqat layihələrinin dəstəklənməsi və yaxud universitet-sənaye əməkdaşlığının qurulması çox vacib olsa da, yalnız bunlar yetərli deyil. Bunun üçün daha kompleks tədbirlərə və islahatlara ehtiyac var. Bu prosesdə təhsil birinci yerdə dayanır. Ölkənin təhsil sistemi yaradıcı təxəyyülə və təfəkkürə sahib, sərbəst mühakimə və tədqiqatçılıq qabiliyyəti inkişaf etmiş şəxsiyyətlər yetişdirməlidir.
“Alimlərin miqrasiyası əvvəllər “beyin axını” kimi qiymətləndirilirdi, indi isə...”
- İntellektual miqrasiya ilə bağlı düşüncələrinizi öyrənmək maraqlı olardı? Sizcə, bu proses necə idarə olunmalıdır?
- Müasir dövrün əsas xüsusiyyətlərindən biri intellektual miqrasiyanın intensiv xarakter almasıdır. Bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Belə ki, bir tərəfdən qloballaşma şəraitində elm adamlarının mobilliyi artır, digər tərəfdən elm adamları öz potensiallarını reallaşdıra biləcəkləri ölkələrə üstünlük verərək elmi fəaliyyətlərini burada davam etdirirlər.
Alimlərin miqrasiyası əvvəllər “beyin köçü/axını” kimi qiymətləndirilirdi. Çünki miqrasiya edən elm adamlarının doğma ölkələri ilə əlaqələri məhdudlaşırdı. Kommunikasiyanın indiki mərhələsində isə vəziyyət xeyli dəyişib. Keçmişdə öz ölkəsini tərk etmiş alimlər hazırda internet vasitəsi ilə aktiv əlaqələrə malikdirlər və hətta mühazirələr oxumaq, məsləhətlər vermək, elmi əməkdaşlıq üçün öz doğma vətənlərinə gəlmək imkanlarına da sahibdirlər. Misal üçün, mən Azərbaycandan kənar olsam da, azərbaycanlı alimlərlə və elmi tədqiqat institutlari ilə birgə elmi konfranslar təşkil edir və layihələr həyata keçirirəm. Həmçinin Azərbaycan cəmiyyətinin müxtəlif sosioloji mövzularına aid məsələlərlə bağlı mediada mütəmadi müsahibələrim yayımlanır.
Son vaxtlar Azərbaycanın müxtəlif dövlət qurumlarının xaricdə yaşayan elm adamlarımızla müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini müşahidə edirik. Keçən ilin sentyabr ayında Bakıda keçirilən və mənim də iştirakçısı olduğum Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Birinci Forumu bu prosesin bariz nümunəsidir. Bütün bunlar təqdirəlayiq fəaliyyətlərdir. Lakin bu onların imkanlarından, ələlxüsus elmi potensialından tam istifadə etməyimiz mənasına gəlmir. Bunun üçün xaricdə yaşayan azərbaycanlı alim və tədqiqatçılar üçün onların potensialından istifadə ediləcək daha professional idarəetmə mexanizminə sahib olan geniş platformalar təsis olunmalıdır. Azərbaycanın elmi qurumları ilə bürokratiyadan uzaq, daha çevik əməkdaşlıq mexanizmi müəyyənləşdirilməlidir. Xarici ölkələrin təcrübəsi bu mənada əhəmiyyətlidir. Beləliklə də ölkəmizdə elmin yenidən qurulması prosesinə onları daha çox cəlb etmək və təcrübələrindən istifadə etmək olar. Bu cür platformalar xaricdəki alimlərimizin ölkəmizin elm və texnologiya potensialına töhfələrinin daha da artırar. Bu yolla “beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)