Nəzəriyyədən istehsalata: NDU tələbələri praktik dərsdə

20 May, 2026 - 10:51
Nəzəriyyədən istehsalata: NDU tələbələri praktik dərsdə

Auditoriyada öyrənilən nəzəri biliklərin real iş mühitində tətbiqi tələbələrin yüksəksəviyyəli mütəxəssislər formalaşmasında mühüm rol oynayır. Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Marketinq” ixtisası üzrə III kurs tələbələrinin “Sirab” Mineral Sular Zavoduna səfəri də məhz bu məqsədə xidmət edir. 

“Azərbaycan müəllimi” olaraq biz də həmin səfərdə iştirak edərək tələbələrin real iş mühiti ilə tanışlığını yaxından izləyirik. 

Zavoda daxil olduğumuz ilk andan diqqəti çəkən məqamlardan biri istehsalat sahəsindəki nizam-intizam, təmizlik və müasir texnologiyaların tətbiqi olur. Tələbələr mineral suyun mənbədən çıxarılmasından başlayaraq qablaşdırılmasına qədər olan bütün mərhələləri yerində izləmək imkanı qazanırlar. Müəssisənin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Ruslan Rüstəmli istehsal prosesi, keyfiyyətə nəzarət sistemi və beynəlxalq standartlara uyğunluq barədə ətraflı məlumat verir.

Səfər çərçivəsində tələbələr yalnız istehsal prosesini deyil, həm də müəssisədə tətbiq olunan marketinq strategiyalarını, məhsulların daxili və xarici bazarlara çıxarılması mexanizmlərini, ixrac imkanlarını və rəqabət mühitini də yaxından öyrənirlər.

“Beynəlxalq ticarət və menecment” kafedrasının müəllimi Vüsal Hüseynovun təşəbbüsü ilə təşkil olunan praktiki dərsin əsas məqsədi tələbələrin nəzəri biliklərini real biznes və istehsalat mühiti ilə əlaqələndirməkdir. Müəllim deyir ki, auditoriyadan kənar dərslər universitetin tədris proqramı çərçivəsində planlı şəkildə həyata keçirilir: “Tədris olunan fənlər üzrə nəzəri məlumatlarla yanaşı praktiki biliklər də öyrənmə prosesində olduqca əhəmiyyətlidir. “Sirab” şirkətinin istehsal müəssisəsindəki dərsimiz də bu məqsədlə təşkil olunub”.

“Sirab” şirkətinin seçilməsi isə təsadüfi deyil:  “Sirab 1950-ci ildən bəri fəaliyyət göstərən köklü korporativ təcrübəyə malik bir müəssisədir. Bizim fakültədəki bütün ixtisaslara uyğun olan praktiki təcrübələr “Sirab” şirkətinin müxtəlif departamentlərindəki biznes funksiyalarında rast gəlinir. Eyni zamanda bura universitet-sənaye əməkdaşlığında öz qapılarını tələbələrə daim açıq edən, biznes etikası və korporativ sosial məsuliyyət prinsiplərini əyani şəkildə icra edən bir müəssisədir”.

Vüsal Hüseynov hesab edir ki, nəzəri biliklərlə praktiki təcrübənin vəhdəti tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıyır: “Dərslərdəki müşahidələrim, tələbələrlə keçirdiyimiz anket sorğularının və müsahibələrin nəticələri göstərir ki, tələbələr nəzəriyyə ilə tanış olmaqla yanaşı, öyrəndikləri biliklərin necə tətbiq olunduğunu da görmək istəyirlər. İqtisadiyyat sahəsində, əsasən də biznes və menecment ixtisaslarında təhsil alan tələbələrin universitetdə öyrəndikləri bilikləri biznes müəssisələrində tətbiqi ilə tanış olmaları öyrənmə prosesini daha maraqlı və effektli edir”.

O, universitet-sənaye əməkdaşlığının daha da genişləndirilməsini  vacib hesab edir: “Universitet-şirkət əməkdaşlıqları institusionallaşdırılmalıdır. Müntəzəm əməkdaşlıq memorandumları hazırlanmalı, praktik dərslərin sayı artırılmalı və müxtəlif fakültələr üçün ayrıca sənaye tərəfdaşları müəyyən edilməlidir. Uzunmüddətli perspektivdə universitet daxilində şirkət dəstəkli laboratoriyaların yaradılması və real biznes problemləri üzərində işləyən tələbə qruplarının formalaşdırılması mühüm nəticələr verə bilər. Belə təşəbbüslərin əsas üstünlüyü odur ki, tələbə yalnız nəzəriyyəni bilən məzun deyil, real sektorun iş prinsiplərini görmüş və tətbiq etmiş mütəxəssis kimi formalaşır”.

Praktiki dərs zamanı tələbələrin fəallığı da xüsusi diqqət çəkir. Müəllim deyir ki, marketinq ixtisası üzrə III kurs tələbələri fakültənin ən aktiv qruplarından biridir.  Tələbələr də səfərlə bağlı təəssüratlarını bizimlə bölüşürlər. 

Marketinq ixtisası üzrə tələbə Firəngiz Məmmədəliyeva deyir ki, istehsal, marketinq və müəssisə idarəçiliyi sahələrinə xüsusi maraq göstərir: “Praktikada iştirakım mənə çox müsbət təəssürat bağışladı. Xüsusilə istehsal prosesinin avtomatlaşdırılması, təmizlik və keyfiyyətə verilən önəm diqqətimi çəkdi. Müəssisənin peşəkar şəkildə fəaliyyət göstərməsi real iş mühiti haqqında daha aydın təsəvvür yaratdı. Ən maraqlı məqam suyun mənbədən çıxarılmasından başlayaraq qablaşdırmaya qədər keçdiyi mərhələlər oldu. Xüsusilə filtrasiya, keyfiyyət yoxlaması və qablaşdırma prosesinin texnoloji dəqiqliyi diqqətimi çəkdi”.
Firəngiz hesab edir ki, bu cür praktiki dərslər gələcək karyera planlarının formalaşmasında mühüm rol oynayır.

Digər tələbə Duyğu Qarayeva isə müəssisədə tətbiq olunan idarəetmə və marketinq strategiyalarının onda xüsusi maraq yaratdığını deyir: “Müəssisədə əsasən keyfiyyətə nəzarət, brendin tanıdılması və müştəri məmnuniyyətinə yönəlmiş marketinq strategiyalarını öyrəndim. Zavodda ən çox yadda qalan məqam texnologiyanın yüksək səviyyədə tətbiqi və avtomatlaşdırılmış sistemlər oldu. Bu səfər mənə qida sənayesi və istehsalat sahəsində çalışmağa daha çox stimul verdi”.

Marketinq ixtisası üzrə III kurs tələbəsi Aysu Qəhrəmanova səfərin onun üçün maraqlı və yaddaqalan olduğunu vurğulayır. O, xüsusilə qablaşdırma və şüşə qabların dizaynı ilə bağlı məqamların diqqətini çəkdiyini deyir: “Çox maraqlı və əyləncəli idi. Bir çox yeni məlumatlar öyrəndim. Əsasən məni maraqlandıran mövzu butulkaların rəngi idi. Strategiyada öyrəndim ki, fərqli rəng seçilməməsinin xüsusi səbəbi yoxdur, sadəcə ənənədən gələn yanaşmadır”. 

Səfərin sonunda tələbələri maraqlandıran suallar müəssisə nümayəndələri tərəfindən ətraflı cavablandırılır, real iş mühitində qarşıya çıxan çətinliklər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılır.

Beləliklə, “Sirab” Mineral Sular Zavodunda keçirilən bu praktiki dərs tələbələr üçün sadəcə bir ekskursiya deyil, nəzəri biliklərin real istehsalat mühitində tətbiqini yaxından görmək imkanı oldu. Universitet–sənaye əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirilən bu təşəbbüs tələbələrin gələcək peşə fəaliyyətinə daha hazırlıqlı formalaşmasına mühüm töhfə verir. Bu cür təşəbbüslərin davamlı olması isə həm universitetin tədris keyfiyyətinə, həm də regionun peşəkar insan kapitalının inkişafına xidmət edir.

Nəzəriyyədən istehsalata: NDU tələbələri praktik dərsdə