Nicat Məmmədli: Media savadlılığının bütövlükdə kurikuluma inteqrasiyası təmin edilməlidir
"Təhsil deyərkən, biz yalnız formal təhsili deyil, insanın həyatının ilk günlərindən ömrünün sonuna qədər davam edən bir öyrənmə prosesini nəzərdə tuturuq. Bu prosesdə media savadlılığının inteqrasiyası olduqca vacib məsələlərdən biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün keçirilən “Media savadlılığı” konfransı çərçivəsində təşkil edilmiş “Təhsildə Media savadlılığı” mövzusunda “dəyirmi masa”da elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O bildirib ki, ümumiyyətlə, media savadlılığı, mahiyyət etibarilə, təhsilin əsas funksiyalarından biri olan tənqidi düşüncə ilə üst-üstə düşən bir anlayışdır. Çünki biz həmişə vurğulayırıq ki, bütün cəmiyyətlərdə və müasir dövlətlərdə təhsilin ən böyük funksiyalarından biri tənqidi düşüncənin formalaşdırılması, digəri isə problem həllidir. Əgər biz bu bacarıqları təhsil mühiti və sistemi vasitəsilə şagirdlərimizə və tələbələrimizə bütün təhsil pillələrində və səviyyələrində aşılayırıqsa, bu halda mühüm nailiyyətlər əldə etmiş olarıq:
"Ümumilikdə təhsil sisteminin bu istiqamətdə inkişafı ən vacib məsələlərdən biridir və bunu xüsusi olaraq qeyd etmək lazımdır. Mənim fikrimcə, təhsil sistemində media savadlılığı ilə bağlı ayrıca bir fənnin, kursun və ya xüsusi proqramın tətbiqindən daha çox media savadlılığının bütövlükdə təhsil sisteminə inteqrasiyası həyata keçirilməlidir. Bu, olduqca vacib bir məsələdir və yalnız media savadlılığı ilə deyil, digər sahələrdə də eyni prinsip tətbiq edilməlidir”.
Nicat Məmmədli vurğulayıb ki, media savadlılığı indeksinin yüksək olduğu ölkələr, eyni zamanda təhsil səviyyəsinin yüksək olduğu ölkələrdir. Bu, onu göstərir ki, təhsilin səviyyəsi nə qədər yüksəkdirsə, media savadlılığı da bir o qədər yüksək olur:
"Finlandiya nümunəsinə keyfiyyət yanaşması baxımından diqqət yetirsək, görərik ki, artıq 30 ildən çoxdur Finlandiya təhsil sistemində media savadlılığı ümumi kurikulumun tərkib hissəsinə çevrilib. Bu, çox vacib bir məsələdir. Belə ki, müəllimlər artıq 2-ci sinifdən, hətta məktəbəqədər hazırlıq mərhələsindən başlayaraq uşaqlara mediadan necə istifadə etməyi və ona tənqidi yanaşmağı öyrədirlər”.
Nazirin müşaviri əlavə edib ki, media savadlılığının bütövlükdə təhsil kurikulumuna inteqrasiyası təmin edilməlidir:
“Hər bir səviyyədə bu yanaşmanın tətbiqi ilə biz şagirdlərdə tənqidi düşüncə, doğru və yalnışı ayırd etmək bacarığını inkişaf etdirə bilərik. Bu yanaşma gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilməlidir. Təhsil sisteminin məqsədi də məhz bu bacarığı insanlara qazandırmaqdır".



