Nobel mükafatı laureatı Berkli Universitetindən ayrılaraq Çində yeni vəzifəyə keçir
Kimya üzrə Nobel mükafatı laureatı Omar Yaqi ABŞ-nin Kaliforniya Universitetinin Berkli kampusundakı (UC Berkeley) vəzifəsindən ayrılaraq Çinin Tsinxua Universitetində yeni süni intellekt institutuna rəhbərlik edəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, Omar Yaqi 2022-ci ildən Tsinxua Universitetinin fəxri professorudur. O, universitetin yeni yaradılan Süni İntellekt, Kimya və Materialşünaslıq Araşdırmaları İnstitutuna (AIMATRY) rəhbərlik edəcək. Universitetin açıqlamasına görə, institut süni intellektdən istifadə etməklə yeni materialların hazırlanması və sintezi istiqamətində tədqiqatlar aparacaq.
Omar Yaqi 2025-ci ildə Yaponiyanın Kioto Universitetindən Susumu Kitaqava və Avstraliyanın Melburn Universitetindən Riçard Robson ilə birlikdə metal-üzvi çərçivələrin hazırlanmasına verdikləri töhfəyə görə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Metal-üzvi çərçivələr metal ionları ilə karbon əsaslı molekulların birləşməsi nəticəsində yaranan, son dərəcə məsaməli kristal quruluşlu materiallardır. Bu materiallar karbon qazı və digər çirkləndiricilərin tutulması, həmçinin su qıtlığı olan ərazilərdə havadan su əldə edilməsi üçün böyük potensiala malikdir.
Nobel Komitəsinin üzvlərindən biri bu texnologiyanın kiçik həcmdə çox böyük miqdarda maddə saxlamaq imkanını "Harri Potter" seriyasındakı Hermiona Qreyncerin sehrli çantasına bənzətmişdi.
Yaqinin ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində fəaliyyət göstərən Atoko şirkəti isə havadan su əldə edən texnologiyası üçün sifarişləri bu ilin sonundan qəbul etməyə başlayacağını açıqlayıb.
Alimin nümayəndəsi bildirib ki, Omar Yaqi hələlik jurnalistlərin suallarını cavablandırmaq üçün əlçatan deyil.
Son illərdə Çin ABŞ-dən alimləri cəlb etməyə çalışan ölkələrdən biridir. Buna səbəb ABŞ-də Donald Tramp administrasiyası dövründə elm sahəsinə ayrılan maliyyənin azaldılması, tədqiqat qrantlarının dayandırılması, elmi məsləhətçilərin işdən çıxarılması və immiqrasiya qaydalarının sərtləşdirilməsi olub.
Omar Yaqi bu ilin əvvəlində "Scientific American" jurnalına müsahibəsində deyib:
"Uzun illər ABŞ-də maliyyələşmə baxımından güclü rəqabət var idi. Əgər yaxşı işləyir və keyfiyyətli tədqiqat aparırdınızsa, maliyyə dəstəyi əldə edirdiniz. Lakin hazırkı vəziyyət o qədər də ümidverici deyil. Çünki universitet tədqiqatçılarının güvəndiyi qurumlar elmi qrantları və dəstəyi azaldırlar".
O, ötən il isə "The New York Times" qəzetinə belə demişdi:
"Bəşər tarixi boyunca alimlərin sərhədləri aşaraq müxtəlif ölkələrdə fəaliyyət göstərdiyini görmüşük. Məhz bu yolla bilik yayılıb və dünyanın bir çox bölgəsi yoxsulluqdan çıxmağa nail olub".




