Nurlan İsmayılbəyli: Sertifikatlaşdırma prosesinə 98 faiz davamiyyətlə start verilib
“Bu gün ölkə üzrə 13 müxtəlif imtahan mərkəzində 616 namizəd bu prosesə dəvət olunub. Sertifikatlaşdırma prosesində bu il ötən illərdə sertifikatlaşdırmaya cəlb olunmamış 5 fənn üzrə müəllimlər iştirak edirlər. Bunlar təsviri incəsənət, texnologiya, musiqi, tarix və fiziki tərbiyə fənləridir. Həmin fənlər üzrə müəllimlər sertifikatlaşdırma prosesinə ilk dəfə cəlb olunacaqlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, ötən illərdə sertifikatlaşdırma prosesinə cəlb olunmamış müəllimlərlə də sertifikatlaşdırma prosesi davam edir: “Bu gün Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, həmçinin xarici dillər üzrə müəllimlər bu prosesə cəlb olunublar. Prosesə hazırda 98 faiz davamiyyətlə start verilib”.
N.İsmayılbəyli bildirib ki, iyunun 25-dək sadalanan bütün fənlər üzrə proseslər təşkil olunacaq. Ümumilikdə, 20 mindən artıq müəllimin bu prosesdə iştirakı nəzərdə tutulub.




