Olimpiadadakı az nailiyyət təhsilin səviyyəsinin aşağı olması demək deyil – Fuad Qarayev
“Riyaziyyat fənni üzrə olimpiada digər fənlərlə müqayisədə ən ağır olimpiadadır. 100-dən çox ölkə iştirak edir, təxminən 600-ə yaxın şagird yarışır və onların 300-ü qalib olur. Dünyanın ən yaxşı 50 şagirdi qızıl medal alır. Bu o deməkdir ki, bizim məktəblərimizdə oxuyan şagirdlər dünyanın ən yaxşı 50 şagirdinin sırasına düşməlidirlər. Təbii ki, düşə bilərlər. Bizim 1 bala görə bu siyahıya düşə bilmədiyimiz zamanlar olub. Ümumiyyətlə, olimpiadalar spesifik sahədir. Onu ümumtəhsillə əlaqələndirmək düzgün deyil”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O qeyd edib ki, olimpiadada nailiyyət azdırsa, bu, o demək deyil ki, ümumtəhsil sisteminin səviyyəsi aşağıdır: “Bu, yanlış fikirdir, çünki bu kifayət qədər spesifik sahədir. Müqayisə üçün qeyd etmək istəyirəm ki, dünyada ən bəyənilən təhsil sistemlərindən biri Finlandiyaya məxsusdur. Bizim ölkədə də həmin təhsil sistemi nümunə kimi göstərilir. Ümumi təhsillə olimpiada arasındakı əlaqəni izah etmək istəyirəm: Finlandiya təxminən 1980-ci illərdən beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edir və cəmi 1 qızıl medalı var. Biz isə 1992-ci ildən iştirak edirik və bu dövr ərzində qazandığımız gümüş medalların sayı Finlandiyanın gümüş medallarının sayından daha çoxdur. Amma bu gün biz deyə bilmərik ki, oradakı təhsil sistemi pisdir”.


