Ölkə üzrə eksternat imtahanları keçirilib

31 Yanvar, 2026 - 21:24
Ölkə üzrə eksternat imtahanları keçirilib

Bu gün ölkə üzrə ekstern imtahanları keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar ilk dəfə olaraq elektron formada təşkil edilib.

“Ötən il 4 və 6-cı siniflər üzrə keçirilən monitorinqlər zamanı təxminən 10 minə yaxın şagird elektron formada imtahana cəlb edilib. Cari ildə keçiriləcək monitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərin sayının daha da artırılması istiqamətində təhlillər aparılır.

Elektron imtahan infrastrukturunun genişləndirilməsi və iştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

2026-cı ilə qədər:

imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15),

eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə (2022-ci ildə 5 min),

imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ci ildə 10) çatdırılması hədəflənir.

İmtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir. Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və daha ədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdə fəaliyyətlər genişləndirilərək davam edəcək”, – deyə agentlikdən bildirilib.