Övladları məktəbəhazırlıq qruplarının rus bölmələrində oxuyanların NƏZƏRİNƏ!
13 iyun 2025-ci il tarixində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədris digər dillərdə aparılan bölmələr üzrə keçirilən müsahibədə uğur qazanan uşaqlar birinci sinfə avtomatik şəkildə yerləşdiriləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, həmin uşaqlar üçün əlavə seçim və sənəd təqdim etməyə ehtiyac olmayacaq.
Bununla yanaşı, 17 iyun 2025-ci il tarixindən etibarən saat 11:00-dan başlayaraq, tədris digər dillərdə aparılan bölmələr üzrə keçirilən müsahibədə uğur qazanmış uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsinə start veriləcək.
Qeyd edək ki, 1 may 2025-ci il tarixində başlayan ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.



