“Oxumaq heç zaman gec deyil” - Universitetə qəbul olan şəhid anası
Dünən ali məktəblərə tələbə qəbulunun nəticələri açıqlanıb. Ali məktəbə qəbul olaraq tələbə adını qazananlar arasında şəhid Xalid Həsənin anası Maya Quliyeva da var.
“Azərbaycan müəllimi” bu münasibətlə Maya Quliyeva ilə həmsöhbət olub.
Daha əvvəl kollec və universitet təhsili aldığını deyən Maya Quliyevanın sözlərinə görə, ali təhsilini Almatıda alıb:
“Ərəb dili üzrə tərcüməçilik ixtisasını bitirmişəm. Sonra Ağdam Dövlət Sosial İqtisadi Kollecini fərqlənmə ilə bitirdim və bu il də Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul oldum. Buna görə çox sevincliyəm”.
Müsahibimiz təhsilini davam etdirməsini qadınlara örnək olmaq istəyi ilə əlaqələndirib:
“Qızlarımıza, qadınlarımıza örnək olmaq lazımdır. Qızlarımızın təhsili vacibdir. Mənim hər zaman şüarım olub: qızlarımızı təhsilsiz, yaxud sənətsiz evdən çıxarmayın. Cehiz yerinə onlara diplom, sənəd verin. Mənim şəhid anası kimi ali məktəbə qəbul olmağım da şəhid, qazi ailələrinə, Azərbaycan xanımlarına bir stimul olsun. Oxumaq heç zaman gec deyil”.
Qeyd edək ki, Xalid Mahmud oğlu Hassan 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır.
Xalid Hassan Vətən müharibəsi zamanı - 4 noyabr 2020-ci ildə Kəlbəcər-Şuşa yolu istiqamətində, Ağdərə ərazisində şəhid olub.
O, ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeni və digər medallarla təltif edilib.




