“Oxuyub-anlama yalnız dil müəllimlərinin məsuliyyəti deyil” – Tarix müəllimi
"PİSA tədqiqatının nəticələri elan ediləndə sevinməklə yanaşı, oxuyub-anlama məsələsində problemlərimizin olduğunu bir daha müşahidə etdik. Bu, yalnız ibtidai sinif və dil müəllimlərinin məsuliyyət sahəsi deyil".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Qusar şəhəri 4 nömrəli tam orta məktəbin tarix müəllimi Bahəddin Osmanov 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında səsləndirib.
O bildirib ki, oxuyub-anlama bütün fənlərin əsasında durur və deməli, bütün müəllimlər öz fənləri çərçivəsində oxu savadlılığını artıra bilər: "Tarix dərsliklərindəki informativ mətnləri oxumaq strategiyalarını şagirdlərimə öyrədirəm. Əvvəla, tarixi terminləri izah edirəm. Hərdən terminin etimologiyasını və ya dilimizə tərcüməsini bilmək məsələni daha yaxşı anlamağa kömək edir. İkincisi, açar sözləri tapmaqla oxu, İNSERT metodundan mütəmadi istifadə edirəm, çünki bu üsullar dərindən anlamanı təmin edir".
Onun fikrincə, oxu sürəti də anlamanı dəstəkləyir, daha sürətlə oxuyanların fikri dolaşmır və məntiqi tutmaqda çətinlik çəkmirlər.




