Oxuyur, amma anlamır? – Disleksiya ilə bağlı vacib faktlar
Bəzən sinifdə bir şagird var: o, suallara düzgün cavab verir, fikrini sərbəst ifadə edir, lakin lövhədə yazılan mətni oxuyarkən tərəddüd edir, səhvlər edir və ya geri qalır. Çox vaxt bu, diqqətsizlik və ya hazırlıqsızlıq kimi qiymətləndirilir. Halbuki, problemin kökündə daha ciddi və eyni zamanda düzgün yanaşma ilə aradan qaldırıla bilən bir vəziyyət, disleksiya dayanır. Araşdırmalara görə, bu öyrənmə çətinliyi dünya əhalisinin təxminən 10–15%-ni əhatə edir. Disleksiya nadir problem deyil, əksinə, məktəblərdə tez-tez rast gəlinən bir vəziyyətdir. Sadəcə, çox hallarda ya gec aşkar edilir, ya da “tənbəllik” kimi yanlış qiymətləndirilir.
“Azərbaycan müəllimi” pedaqoq Təranə Möhsünovanın disleksiya ilə bağlı məqaləsini təqdim edir.
Disleksiya oxu, yazı və sözlərin düzgün tanınması ilə bağlı çətinlik yaradan spesifik öyrənmə pozuntusudur. Bu zaman uşaq və ya böyüklər hərflərlə səslər arasındakı əlaqəni qurmaqda çətinlik çəkir, nəticədə sözləri yavaş və səhv oxuyur. Qeyd olunmalıdır ki, disleksiya zəka geriliyi deyil. Əksinə, bu şəxslərin intellekti normal, hətta yüksək ola bilər. Problem beynin dili emal etmə üsulundakı fərqlə bağlıdır.
Disleksiyası olan uşaqların əksəriyyəti eşitmə və görmə baxımından sağlam olsalar da, oxu və yazı bacarıqlarında yaşıdlarından geri qala bilirlər. Lakin erkən diaqnoz və düzgün dəstək onların təhsildə uğur qazanmasına imkan yaradır.
Əlamətlər yaşa görə dəyişir
Disleksiyanın ilkin əlamətləri məktəbəqədər dövrdən müşahidə oluna bilər. Bu mərhələdə uşağın gec danışması, yeni sözləri çətin öyrənməsi, qafiyələri ayırd etməkdə və hərfləri yadda saxlamaqda çətinlik çəkməsi diqqət çəkir.
Məktəb yaşında isə problem daha qabarıq şəkildə özünü göstərir. Şagird sözləri yavaş və səhv oxuyur, hərfləri və hecaları qarışdırır, yazıda çoxlu səhvlərə yol verir. Eşitdiyini başa düşsə də, yazılı mətni anlamaqda çətinlik çəkir və tapşırıqlara yaşıdlarından daha çox vaxt sərf edir. Bəzi hallarda sağ və solu ayırd etməkdə, ardıcıllığı yadda saxlamaqda çətinliklər də müşahidə olunur.
Bu əlamətlər davamlı xarakter daşıyırsa, mütəxəssis tərəfindən qiymətləndirmə vacib hesab olunur.
Səbəblər və risk faktorları
Araşdırmalar göstərir ki, disleksiya əsasən genetik və neyroinkişaf amilləri ilə bağlıdır. Ailədə bu problem mövcuddursa, uşağın da disleksiya ilə üzləşmə ehtimalı artır. Beynin dili emal edən sahələrinin inkişaf xüsusiyyətləri hərflərlə səslər arasında əlaqə qurmağı çətinləşdirir.
Bununla yanaşı, erkən yaşda dil inkişafındakı zəifliklər və uyğun tədris metodlarının tətbiq olunmaması disleksiyanın təsirini gücləndirə bilər. Bununla belə, bu vəziyyətin tənbəllik və ya zəif zəka ilə əlaqəsi yoxdur.
İnklüziv təhsildə əsas yanaşma
İnklüziv təhsildə disleksiyası olan uşaqların digər şagirdlərlə birlikdə təhsil alması əsas prinsip kimi qəbul edilir. Onların sinifdən ayrılması deyil, ehtiyaclarına uyğunlaşdırılmış tədris mühitinin yaradılması vacibdir.
Müəllimlər tapşırıqları sadələşdirməklə, mətnləri iri şriftlə təqdim etməklə, əlavə vaxt ayırmaqla və şifahi izahlara üstünlük verməklə bu şagirdlərə dəstək ola bilərlər. Multisensor yanaşma, yəni görmə, eşitmə və toxunmanın birlikdə istifadə edildiyi təlim üsulu, xüsusilə effektiv hesab olunur.
Bu yanaşma uşağın həm məlumatı daha yaxşı mənimsəməsinə, həm də özünəinamının qorunmasına xidmət edir.
Oxu çətinliyi ümumi öyrənməyə təsir edir
Disleksiya ilk növbədə oxu sürətinə və düzgünlüyünə təsir göstərir. Şagird sözləri tanımağa çox enerji sərf etdiyindən, mətnin mənasını anlamaqda çətinlik çəkir. Bu isə “oxuyur, amma anlamır” təsiri yaradır.
Oxu çətinliyi digər fənlərdə də özünü göstərir. Tarix, coğrafiya, biologiya kimi dərslərdə mətn əsaslı öyrənmə prosesində şagirdin irəliləyişi ləngiyir. Davamlı çətinliklər isə onun motivasiyasına və özünəinamına mənfi təsir göstərə bilər.
Mütəxəssislər vurğulayırlar ki, düzgün pedaqoji yanaşma və vaxtında dəstək göstərildiyi halda disleksiyası olan uşaqlar da uğurla təhsil ala və cəmiyyətə tam inteqrasiya oluna bilirlər.



