Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
Dünən bir ata, bir valideyn açıq danışdı. Dedi ki, biz autizmli övladlarımızın qaydalarına tabe olmalıyıq.
Bu fikir şikayət kimi səslənmirdi. Biz bunu cəmiyyətə verilən hesabat, sosial reallığın ifafəsi kimi dəyərləndirdik, dinlədik və qəbul etdik.
Biz illərdir sosial məsuliyyəti “kömək etmək” fəlsəfəsi üzərində qurmuşuq. Zaman gəlib çatıb ki, bu fəlsəfəni “birgəyaşayışı təmin etmək” prinsipi ilə əvəz edək. Çünki autizm spektr pozuntusu tibbi diaqnozdan çox, sosial adaptasiya məsələsidir.
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
Məsuliyyətin ünvanı birdən artıqdır. Və hər birimizin payı konkret və ölçüləndir.
Birincisi, ailənin məsuliyyəti. Valideyn bu gün təkcə ana və ya ata funksiyası daşımır. O, eyni zamanda tərcüməçi, hüquq müdafiəçisi, terapevtdir. Xatirə xanım kimi anaların gücü bizim zəif yerimizi göstərir əslində.
Cəmiyyətin reaksiyası onun inkişaf səviyyəsinin göstəricisidir
İkincisi, cəmiyyətin məsuliyyəti. Fakt budur: hazırda ölkəmizdə 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var. Deməli, bu, marjinal qrupun problemi deyil, ümumi əhalinin reallığıdır. İctimai məkanda fərqli davranış görəndə verilən ilk reaksiya cəmiyyətin yetkinlik səviyyəsini göstərir. Əslində isə maarifləndirmə kampaniyası xeyriyyə layihəsi deyil. İctimai təhlükəsizliyin və sosial sülhün, rahat mühit qurmağın təminatıdır.
İnklzivlik insan kapitalına sərmayədir
Üçüncüsü, dövlətin məsuliyyəti. İnklüziv təhsil, adaptasiya olunmuş iş yerləri, sensor-dost mühit. Bunlar insan kapitalını itirməmək üçün yatırımlardır. Bir uşağı təhsildən kənarda saxlamaq cəmiyyət üçün hesablanmış zərərlərdir. Bu yalnız onun itkisi yox, bütövlükdə cəmiyyətin itkisidir. Biz neyromüxtəlifliyi iqtisadi potensial kimi görməyi də öyrənməliyik.
Qanunları dövlət yazır, onları işlədən isə cəmiyyətdir
Dördüncüsü, hər birimizin fərdi məsuliyyəti. Qanun yazmaq dövlətin işidir. Amma qanuna ruh vermək vətəndaşın işidir. Küçədə, nəqliyyatda, xidmət sektorunda səbir nümayiş etdirmək, mühakimə etmədən öncə anlamağa çalışmaq – bu, vətəndaş mövqeyidir. Kiçik davranışlar böyük sistemi işlək edir.
Güclü cəmiyyət fərqli olanı standart qəlibə salmağa çalışmayan cəmiyyətdir. Güclü cəmiyyət fərqliliyə yer verən cəmiyyətdir. Biz dünyanı onlara uyğunlaşdırmasaq, onlar üçün qurduğumuz dünya yad olaraq qalacaq.
Dünən Xatirə xanım danışdı. Sabah bizim növbəmizdir – danışmaq yox, məsuliyyətimizi dərk etmək və öhdəliyimizi icra etmək.
Çünki qəbul etmək humanist şüar deyil. Qəbul etmək – idarəetmənin yeni protokoludur. Və bu protokolun icrası hamımızın konstitusion borcudur.
Zenfira Sevdimalı,
MÜTDA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri



