Şagirdlərarası zorakılıq: ailədən başlayan məsuliyyət
Son günlər Azərbaycan sosial media məkanında məktəbyaşlı uşaqlar arasında baş verən zorakı davranışın videoya çəkilərək paylaşılması geniş müzakirələrə səbəb oldu. Bu hadisəyə yalnız məktəb daxilində baş vermiş adi bir uşaq münaqişəsi kimi baxmaq doğru olmaz. Məsələ daha dərin sosial-pedaqoji mahiyyət daşıyır. Çünki burada təkcə bir uşağın digərinə qarşı fiziki davranışı deyil, ailədə formalaşan tərbiyə mühiti, uşağın başqasına münasibət tərzi, rəqəmsal davranış mədəniyyəti və böyüklərin bu hadisələrə verdiyi reaksiya da müzakirə predmetinə çevrilməlidir.
Şagirdlərarası zorakılıq məktəbdə görünür, lakin çox zaman onun ilkin izləri ailədə formalaşır. Uşaq başqasına necə davranmağı, gücünü necə istifadə etməyi, mübahisə zamanı hansı dili seçməyi, zəif görünənə münasibəti və səhv etdikdə məsuliyyət daşımağı əvvəlcə ailə mühitində öyrənir. Bu baxımdan məktəbdə baş verən zorakı davranışın köklərini yalnız sinif otağında, dəhlizdə və ya tənəffüs zamanı axtarmaq kifayət deyil. Ailə uşağın ilk sosiallaşma məkanıdır və uşağın məktəbdəki davranışı çox vaxt evdə gördüyü münasibət modelinin davamı kimi ortaya çıxır.
Bəzən uşaqlar arasında zorakılıq “uşaq davası”, “zarafat”, “öz aralarında olan məsələ” kimi yüngülləşdirilir. Halbuki pedaqoji və psixoloji baxımdan zorakılıq sadə münaqişədən fərqlənir. Burada qəsdlilik, alçaltma, güc bərabərsizliyi, qorxutma, təkrarlanma ehtimalı və zərərçəkən uşağın özünü müdafiə etməkdə çətinlik çəkməsi kimi amillər mühüm rol oynayır. Ona görə də ailələr uşaqlarına yalnız “özünü qoru” deməklə kifayətlənməməli, eyni zamanda “başqasını əzmə”, “başqasının ləyaqətinə toxunma”, “gücünü zorakılığa çevirmə” kimi dəyərləri də sistemli şəkildə aşılamalıdır.
Bu məsələdə ailənin məsuliyyəti iki istiqamətdə ortaya çıxır. Birincisi, ailə uşağın zorakı davranışa yönəlməsinin qarşısını alan əsas tərbiyə mühitidir. Evdə təhqiredici dilin normallaşması, aqressiv davranışların adi qəbul edilməsi, uşağın hər istəyinin haqlı görülməsi, başqasına qarşı mərhəmət və məsuliyyət hissinin zəif formalaşması məktəb mühitində ciddi problemlərə yol aça bilər. İkincisi, hadisə baş verdikdən sonra ailənin reaksiyası uşağın davranışının gələcək istiqamətini müəyyən edir. Valideyn uşağını kor-koranə müdafiə edərsə, uşaq etdiyi davranışın mənəvi və sosial nəticəsini dərk etməz. Əgər valideyn uşağı yalnız cəzalandırar, amma davranışın səbəblərini anlamazsa, bu dəfə də problemin tərbiyəvi həlli yarımçıq qalar.
Valideynin doğru mövqeyi nə uşağı dərhal damğalamaq, nə də onu istənilən halda haqlı çıxarmaqdır. Doğru mövqe uşağın davranışını məsuliyyətlə müzakirə etmək, onun başqasına verdiyi zərəri anlamasına kömək etmək, empatiya hissini gücləndirmək və məktəblə əməkdaşlıq içində hərəkət etməkdir. “Mənim uşağım belə etməz” yanaşması tərbiyəvi mövqe deyil; əksinə, uşağın öz davranışını sorğulamasına mane olan müdafiə mexanizmidir. Eyni şəkildə, “uşaqdır, olar” yanaşması da zorakılığı adiləşdirir və gələcəkdə daha ağır davranışların əsasını qoya bilər.
Müasir dövrdə ailənin məsuliyyəti yalnız uşağın məktəbdəki davranışını izləməklə məhdudlaşmır. Rəqəmsal mühit artıq uşağın sosiallaşmasının mühüm hissəsinə çevrilib. Uşaqlar hadisələri yalnız yaşamır, həm də çəkir, paylaşır, şərh edir və başqalarının reaksiyasından təsirlənirlər. Buna görə valideyn uşağın telefondan istifadəsinə, sosial şəbəkələrdəki davranışına, hansı videoları izlədiyinə, hansı məzmunları paylaşdığına və başqasının alçaldılmasına necə münasibət göstərdiyinə diqqət etməlidir. Rəqəmsal tərbiyə artıq ailə tərbiyəsinin ayrılmaz hissəsidir.
Burada məktəbin məsuliyyəti də, şübhəsiz, böyükdür. Məktəb zorakılıq baş verdikdən sonra yalnız intizam tədbiri görən qurum kimi davranmamalıdır. Sinif daxilində münasibətlər, qrup təzyiqi, təcrid, lağ, təhqir, “zarafat” adı altında alçaltma və sosial mediaya daşınan gərginliklər vaxtında müşahidə edilməlidir. Lakin məktəbin uğurlu müdaxiləsi ailənin əməkdaşlığı olmadan yetərli nəticə verə bilməz. Müəllim, məktəb psixoloqu və rəhbərlik nə qədər həssas davransa da, ailə məsuliyyət almırsa, uşağın davranışında davamlı dəyişiklik əldə etmək çətinləşir.
Bu baxımdan məktəb-ailə münasibətləri formal valideyn iclasları ilə məhdudlaşmamalıdır. Valideyn yalnız uşağının qiymətləri ilə deyil, onun sinifdəki sosial münasibətləri, emosional vəziyyəti, dost çevrəsi, rəqəmsal davranışı və başqalarına münasibəti ilə də maraqlanmalıdır. Uşaq akademik baxımdan uğurlu ola bilər, amma empatiya, məsuliyyət və sosial davranış baxımından ciddi problemlər yaşaya bilər. Təhsil yalnız bilik deyil, həm də xarakter və davranış tərbiyəsidir.
Sosial mediada bu cür görüntülərin yayılması isə ayrıca məsuliyyət məsələsidir. Uşaqların iştirak etdiyi zorakılıq görüntülərini paylaşmaq, onları ictimai qınağın və kütləvi mühakimənin obyektinə çevirmək problemin həlli deyil. Əksinə, həm zərərçəkən uşağın psixoloji yükünü artırır, həm də zorakı davranışı daha geniş auditoriya qarşısında nümayiş etdirir. Böyüklərin vəzifəsi belə hallarda görüntünü yaymaq deyil, aidiyyəti məktəb və uşaq müdafiəsi mexanizmlərinə məlumat vermək, uşaqların hüquq və ləyaqətini qorumaqdır.
Nəticə etibarilə, şagirdlərarası zorakılıq yalnız məktəbin problemi deyil. Bu, ailənin, məktəbin, rəqəmsal mühitin və ümumi sosial dəyərlər sisteminin kəsişməsində yaranan çoxqatlı problemdir. Lakin bu zəncirin ilk və ən mühüm halqası ailədir. Uşaq başqasına hörməti, mərhəməti, sərhədi, məsuliyyəti və səhv etdikdə üzr istəməyi ailədə öyrənməlidir. Məktəb bu tərbiyəni gücləndirə bilər, amma onun yerini tam doldura bilməz.
Bu hadisə cəmiyyət olaraq bizə bir daha xatırladır: uşağın davranışı yalnız onun şəxsi seçimi deyil, böyüklərin qurduğu münasibətlər dünyasının əksidir. Əgər uşaq zorakılığı güc, videoya çəkməyi nüfuz, paylaşmağı əyləncə kimi görürsə, deməli, biz ailədə, məktəbdə və cəmiyyətdə uşağa verilən mesajları yenidən düşünməliyik. Şagirdlərarası zorakılığın qarşısının alınması üçün ilk addım ailədə məsuliyyətli, empatik və vicdanlı insan yetişdirməkdən başlayır.
Əbülfəz Süleymanlı,
Türkiyənin Üsküdar Universitetinin professoru, sosiologiya elmləri doktoru



