Təhsildə məktəb seçimi və tənzimləmə siyasətinin şagird nailiyyətlərinə təsiri
Çikaqo Universiteti (University of Chicago) nəzdində fəaliyyət göstərən Bekker Fridman İqtisadiyyat İnstitutu (Becker Friedman Institute for Economics - BFI) tərəfindən "Təhsildə məktəb seçimi və tənzimləmə siyasətlərinin şagird nailiyyətlərinə təsiri" mövzusunda tədqiqat təqdim edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədqiqat işi tərcümə edilərək Təhsil İnstitutu tərəfindən hazırlanan Beynəlxalq Təhsil İcmalının may sayına daxil edilib.
Abdulkadiroğlu, Pathak və Ualters tərəfindən aparılmış tədqiqatda şagirdlərin məktəblər üzrə yenidən bölgüsü (reallocation) və məktəb şəbəkəsinin yenidən təşkili (resource augmentation) siyasətlərinin şagird nailiyyətlərinə təsiri empirik əsaslarla təhlil edilmişdir. Tədqiqat Nyu-York şəhərinin tam orta məktəblərinə dair inzibati məlumatlar bazasına əsaslanır.
Araşdırma 2003-2013-cü illəri əhatə etmiş, tədqiqata 294 tam orta məktəb və 61879 şagird cəlb olunmuşdur. Tədqiqatda şagird nailiyyətlərində müşahidə olunan fərqlərin məktəb seçimi imkanları, şagirdlərin məktəblər üzrə bölgüsü və yüksək keyfiyyətli təhsil müəssisələrinin qəbul potensialı ilə əlaqəsi araşdırılmış, sözügedən amillərin təlim nəticələrinə təsiri empirik metodlar əsasında qiymətləndirilmişdir. Müəlliflər müxtəlif empirik modellərdən və Nyu-York şəhərində tətbiq olunan məktəblərə qəbulun mərkəzləşdirilmiş mexanizminə dair məlumatlardan istifadə etməklə təhsil siyasətlərinin şagird nailiyyətlərinə təsirini qiymətləndiriblər.
Məqalədə qeyd olunur ki, Boston, Çikaqo, Denver və Nyu-York kimi şəhərlərdə şagirdlərin məktəblərə qəbulu mərkəzləşdirilmiş elektron sistem vasitəsilə həyata keçirilir. Müəlliflər tərəfindən vurğulanır ki, bəzi nüfuzlu məktəblərdə imtahan əsaslı qəbul meyarları yumşaldılmış, eyni zamanda sosial cəhətdən həssas qruplara mənsub şagirdlər üçün əlavə üstünlüklər nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunur ki, Nyu-Yorkda 2023-2024-cü tədris ilində 40-dan çox məktəbdə həssas qruplar üçün xüsusi qəbul siyasəti tətbiq edilmişdir. Tədqiqatda vurğulanır ki, valideynlərin məktəb seçimlərinə təsir edən amillər yalnız akademik göstəricilərlə məhdudlaşmır, məktəbin coğrafi yerləşməsi, sosial mühiti və əlçatanlığı da bu prosesdə mühüm rol oynayır.
Tədqiqatda resursların artırılması siyasəti də təhlil olunur. Müəlliflər qeyd edirlər ki, ABŞ-də, xüsusilə 2000-ci illərdən etibarən, akademik göstəriciləri aşağı olan məktəblərin bağlanması və onların əvəzində daha kiçik məktəblərin yaradılması geniş tətbiq edilib. Son illərdə şagird sayının azalması bu prosesi daha da sürətləndirib. Belə ki, ABŞ-nin ən böyük 100 məktəbində 2010-cu ildən etibarən təxminən 800 min şagird azalması qeydə alınıb. Boston, Çikaqo və Filadelfiya kimi şəhərlərdə məktəb şəbəkəsinin optimallaşdırılması məqsədilə çoxsaylı məktəblər bağlanıb. Məsələn, Çikaqoda 2013-cü ildə 50 məktəbin fəaliyyətinə xitam verilib, son on il ərzində isə şəhərdə şagird sayında təxminən 80 min nəfərlik azalma müşahidə olunub.
Məqalədə dövlət tərəfindən maliyyələşdirilən, lakin ənənəvi dövlət məktəblərinə nisbətən daha çox maliyyə müstəqilliyinə malik olan məktəblərin genişlənməsi resursların artırılması siyasətinin mühüm istiqaməti kimi təqdim edilir. Qeyd olunur ki, 2010-2021-ci illər ərzində ABŞ-də bu məktəblərdə təhsil alan şagirdlərin payı 4 faizdən 7 faizə yüksəlib.
Müəlliflər məktəb keyfiyyətinin qiymətləndirilməsi üçün konseptual model təqdim edirlər. Modelə əsasən, şagird nailiyyətləri üç əsas amilin qarşılıqlı təsiri nəticəsində formalaşır:
– şagirdin fərdi xüsusiyyətləri və bacarıqları;
– məktəbin ümumi keyfiyyəti;
– şagird ilə məktəb arasındakı uyğunluq səviyyəsi.
Məktəbin şagird nailiyyətlərinə təsiri adətən iki istiqamətdə - şaquli və üfüqi aspektlərdə nəzərdən keçirilir. Şaquli təsirlər məktəbin tədris prosesi vasitəsilə şagirdlərin akademik inkişafına zaman ərzində göstərdiyi təsirləri ifadə edir. Üfüqi təsirlər isə eyni dövrdə müxtəlif məktəblər arasında mövcud olan fərqlərin şagird nəticələrinə təsirini əks etdirir.
Tədqiqatın nəticələrinə əsasən, məktəblər arasındakı ümumi keyfiyyət fərqləri şagird-məktəb uyğunluğu ilə bağlı fərqlərdən təxminən on dəfə yüksəkdir. Bu nəticə təhsil nailiyyətlərinə təsir edən əsas amilin məktəbin ümumi keyfiyyəti olduğunu göstərir. Riyaziyyat fənni üzrə nailiyyətlərdə müşahidə olunan fərqlərin əhəmiyyətli hissəsi məktəblərin struktur xüsusiyyətləri ilə əlaqələndirilir.
Başqa sözlə, yüksək keyfiyyətli məktəblər şagirdlərin fərdi və sosial-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq onların akademik nailiyyətlərinin yüksəlməsinə müsbət təsir göstərir. Statistik hesablamalara əsasən, məktəblərin təsir göstəriciləri arasındakı fərq orta hesabla 0,26-0,27 standart sapma səviyyəsində olub. Bu göstərici məktəblərin keyfiyyəti arasında əhəmiyyətli fərqlərin mövcud olduğunu təsdiqləyir. Nəticələr göstərir ki, bəzi məktəblər şagird nailiyyətlərinə digər məktəblərlə müqayisədə daha güclü təsir göstərib. Şagird-məktəb uyğunluğu ilə bağlı fərqlərin isə nisbətən aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Yüksək ilkin akademik göstəricilərə malik şagirdlərin müəyyən məktəblərdə daha yüksək nəticələr əldə etməsi ilə bağlı fərqlər orta hesabla 0,13 standart sapma səviyyəsində qiymətləndirilmişdir. İrqi və etnik mənsubiyyət üzrə fərqlər təxminən 0,14 standart sapma təşkil etmiş, gender amili üzrə fərqlər isə daha aşağı səviyyədə müşahidə olunub.
Araşdırmanın nəticələri göstərir ki, akademik göstəricilərdə müşahidə olunan əsas fərqlər məktəblərin ümumi keyfiyyəti ilə əlaqədardır, şagird-məktəb uyğunluğunun təsiri isə nisbətən məhdud xarakter daşıyır. Müəlliflərin qənaətinə görə, bu nəticə təhsil siyasətində prioritet istiqamətlərdən birinin yüksək keyfiyyətli məktəblərin sayının artırılması olduğunu göstərir.
Tədqiqatda müxtəlif simulyasiya modellərinin şagird nailiyyətlərinə təsiri də təhlil olunur. Birinci modeldə valideynlərin məktəb seçimini akademik göstəricilər əsasında formalaşdırdığı, ikinci modeldə isə məktəblərin şagird qəbulunu onların potensial akademik nəticələrinə uyğun həyata keçirdiyi nəzərdə tutulur. Digər modellərdə valideyn və məktəb qərarlarının qarşılıqlı uyğunlaşdırılmasının, eləcə də məktəblərə qəbulun mərkəzləşdirilmiş elektron sisteminin təsiri araşdırılır. Simulyasiya nəticələri göstərir ki, bu sistem akademik nəticələrə məhdud təsir göstərir. Valideyn seçimləri və məktəbə qəbul mexanizmləri effektivlik meyarlarına uyğunlaşdırıldıqda müəyyən irəliləyişlər müşahidə olunsa da, ümumi təsir zəif olaraq qalır. Hətta ən optimal bölgü modeli belə riyaziyyat üzrə nəticələrdə əhəmiyyətli dəyişiklik yaratmır.
Müəlliflərin qənaətinə görə, uzunmüddətli göstəricilər üzrə müəyyən müsbət nəticələr əldə edilsə də, yüksək nəticə göstərən məktəblərdə yerlərin məhdudluğu tətbiq olunan siyasətlərin effektivliyini azaldır. Bu səbəbdən yüksək nəticə göstərən məktəblərin sayının artırılması təhsil siyasətinin daha prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir.
Məqalənin mühüm nəticələrindən biri aşağı nəticə göstərən məktəblərin bağlanması siyasətinin daha effektiv yanaşma kimi qiymətləndirilməsidir. Simulyasiya nəticələri göstərir ki, aşağı nəticə göstərən məktəblərin bağlanaraq şagirdlərin daha yüksək nəticə göstərən məktəblərə yönləndirilməsi, şagirdlərin mövcud məktəblər arasında yenidən yerləşdirilməsinə əsaslanan siyasətlərlə müqayisədə daha müsbət nəticələr verir.
Müəlliflərin qiymətləndirmələrinə əsasən, riyaziyyat fənni üzrə nəticələrdə müəyyən artımın əldə edilməsi üçün məktəblərin təxminən 7 faizinin bağlanması kifayət edir. Daha yüksək nəticələrin əldə olunması üçün isə məktəblərin təxminən 13 faizinin fəaliyyətinin dayandırılması tələb olunur. Məqalədə qeyd olunur ki, araşdırma dövründən sonrakı on il ərzində Nyu-York məktəblərinin təxminən 14 faizinin fəaliyyəti dayandırılmışdır. Bu nəticə təklif olunan siyasətin praktik tətbiq imkanlarının real olduğunu göstərir.
Tədqiqatda 2008-2017-ci illərdə Nyu-York şəhərində bağlanmış 42 orta məktəb təhlil edilir. Araşdırma göstərir ki, bağlanmış məktəblərin əksəriyyəti aşağı nəticələrə malik olmuşdur. Məktəblərin effektivliyi ilə məzun göstəriciləri arasında güclü əlaqə müəyyən edilmişdir. Müəlliflər vurğulayırlar ki, aşağı nəticə göstərən məktəblərin müəyyənləşdirilməsində məzun göstəricilərindən istifadə kifayət qədər etibarlı yanaşma ola bilər.
Tədqiqatın mühüm nəticələrindən biri də valideyn seçimləri ilə məktəbin real nəticələri arasında zəif əlaqənin mövcud olmasıdır. Araşdırma göstərir ki, bir çox valideynlər aşağı nəticə göstərən məktəbləri seçməyə davam edirlər. Bu vəziyyət məktəb seçimi prosesində informasiya çatışmazlığının mövcudluğunu əks etdirir.
Ümumilikdə tədqiqat göstərir ki, şagirdlərin məktəblər arasında yenidən bölüşdürülməsi müəyyən müsbət təsir yaratsa da, təlim nəticələrinin yaxşılaşdırılmasında əsas rol məktəb keyfiyyətinin artırılmasına və aşağı nəticə göstərən məktəblərin daha effektiv məktəblərlə əvəz olunmasına aiddir.
Tədqiqat məktəb seçimi, resursların bölüşdürülməsi və məktəblərin bağlanması siyasəti ilə bağlı mühüm elmi nəticələr ortaya qoyur.
Tədqiqatın nəticələrinə əsasən, təhsil siyasətinin təkmilləşdirilməsi və məktəb sisteminin effektivliyinin artırılması məqsədilə aşağıdakı tövsiyələr irəli sürülür:
– Şagirdlərin məktəblər arasında sadəcə yenidən yerləşdirilməsi yüksək akademik nəticələr yaratmır. Buna görə də, əsas diqqət aşağı nəticə göstərən məktəblərin yenidən təşkili və resursların daha səmərəli bölüşdürülməsinə yönəldilməlidir.
– Məktəblərin fəaliyyətinin qiymətləndirilməsi üçün davamlı monitorinq mexanizmlərinin yaradılması, məzunların göstəriciləri və akademik nailiyyətlər əsasında zəif fəaliyyət göstərən məktəblərin müəyyənləşdirilməsi vacib hesab olunur. Məzunların göstəriciləri aşağı nəticə göstərən məktəblərin müəyyən edilməsi üçün effektiv vasitə kimi çıxış edə bilər.
– Aşağı nəticə göstərən məktəblərin mərhələli şəkildə yenidən təşkili və ya daha effektiv məktəblərlə əvəz olunmasına yönəlmiş siyasətin həyata keçirilməsi tövsiyə olunur. Bu prosesdə şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarının təmin edilməsi əsas prioritet kimi qiymətləndirilir.
– Valideynlərin məktəb seçimi prosesində daha şəffaf və əlçatan məlumatlarla təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Məktəblərin akademik nəticələri barədə açıq məlumatların təqdim olunması qərarvermə prosesinin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər.
Eyni zamanda, yüksək nəticə göstərən məktəblərdə yerlərin məhdudluğu nəzərə alınaraq, effektiv məktəblərin potensialının genişləndirilməsi və yeni keyfiyyətli məktəblərin yaradılması təhsil siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir.
Mənbə: Who Gets What in Education: Can School Matching Improve Student Achievement? Atila Abdulkadiroglu, Parag A. Pathak, and Christopher R. Walters. 2026



