Bir mövzu, bir neçə səs: Dinləməni gücləndirən yol
Xarici dil dərslərində dinləmə şagirdlərin ən çox çətinlik çəkdiyi bacarıqlardan biridir. Maraqlıdır ki, bəzən şagird audioda işlənən sözlərin əksəriyyətini bilir. Mətni ona yazılı şəkildə versək, rahatlıqla oxuyub anlayır. Amma həmin sözlər danışıqda sürətlə səsləndikdə vəziyyət dəyişir:
“Müəllim, çox sürətli danışır”.
“Heç nə başa düşmədim”.
“Sözləri bilirəm, amma eşidəndə tuta bilmirəm”.
Düşünürəm ki, xarici dil müəllimlərinin çoxu bu cümlələri dəfələrlə eşidib.
Belə vəziyyətdə biz adətən daha çox dinləmə materialı verməyə çalışırıq. Bu gün məktəb həyatı, sabah səyahət, növbəti dərsdə sağlam qidalanma, daha sonra texnologiya... Şagird isə hər dəfə yeni mövzu, yeni sözlər, yeni kontekst və yeni danışıq sürəti ilə qarşılaşır.
Bəs dinləməni inkişaf etdirmək üçün bəzən bunun tam əksini etsək?
Yəni mövzuları artırmaq əvəzinə bir mövzunun ətrafında bir müddət “dolaşsaq”?
Dil öyrənilməsində maraqlı, lakin bizim müəllim auditoriyasında çox da geniş tanınmayan "Narrow Listening" texnikasının əsas ideyası məhz budur.
“Narrow” sözünü burada “məhdud” mənasında başa düşmək bir qədər yanlış təsəvvür yarada bilər. Məqsəd şagirdin dinlədiyi materialları azaltmaq deyil. Əksinə, bir mövzu ətrafında müxtəlif dinləmə materialları ilə işləməkdir.
Məsələn, 5-ci sinifdə “Daily routines” mövzusunu keçirik.
Birinci audio bir şagirdin səhər rutinindən bəhs edir.
İkinci audioda başqa bir uşaq məktəb gününü təsvir edir.
Üçüncü audioda həftəsonu rejimindən danışılır.
Dördüncü audioda isə iki dost gündəlik məşğuliyyətlərini müqayisə edir.
Audionun mətni dəyişir. Danışan dəyişir. Bəzi sözlər dəyişir. Amma mövzu eyni qalır.
Beləliklə şagird “wake up”, “usually”, “have breakfast”, “go to school”, “after school”, “in the evening”, “before” kimi söz və ifadələrlə bir dəfə deyil, dəfələrlə qarşılaşır.
Əsas fərq də elə buradadır.
Şagird siyahı şəklində verilmiş sözləri təkrar etmir. O, həmin dili eşidə-eşidə tanımağa başlayır.
"Narrow Listening" anlayışı dil öyrənilməsi sahəsində Stefen Krashen tərəfindən 1996-cı ildə ayrıca irəli sürülüb. Krashen öyrənənin maraqlandığı və ona tanış olan müəyyən mövzu haqqında bir neçə qısa danışıq nümunəsi dinləməsini, materiallara ehtiyac olduqca yenidən qulaq asmasını təklif edirdi. Onun yanaşmasında tanış kontekst, maraqlı mövzu və təkrar dinləmə eşidilən dili daha anlaşılan etməyə kömək edir.
Sonrakı tədqiqatlarda da bu yanaşma maraqlı nəticələr verib. Məsələn, fransız dilini xarici dil kimi öyrənən tələbələrlə aparılmış araşdırmada iştirakçılar “Narrow Listening”in dinləyib-anlama, söz ehtiyatı və özünəinam baxımından faydalı olduğunu bildiriblər.
Daha sonrakı tədqiqatlarda isə bir neçə ay ərzində “Narrow Listening” tapşırıqları ilə işləyən tələbələrin nəticələri araşdırılıb. Maraqlı məqam budur ki, dinləmə üzərində qurulmuş məşqlərin yalnız dinləməyə deyil, tələffüz və danışıq axıcılığına da müsbət təsiri müşahidə olunub.
Əlbəttə, bunlar Azərbaycan məktəblərində aparılmış tədqiqatlar deyil və hər sinifdə eyni nəticənin alınacağını demək olmaz. Amma texnikanın arxasındakı prinsip bizim sinif reallığımız üçün də kifayət qədər məntiqlidir.
Dinləmə öyrədərkən, məncə, diqqət etməli olduğumuz əsas məsələlərdən biri budur: bir sözü bilmək və həmin sözü danışıq zamanı ani tanımaq eyni bacarıq deyil.
Şagird “probably” sözünü görəndə onun mənasını deyə bilər. Amma təbii danışıqda həmin söz səslənəndə onu dərhal ayırmaya bilər.
Eyni vəziyyət bütöv ifadələrdə daha çox görünür:
What are you going to do?
Would you like to...?
I don't know.
Have you ever...?
Kağız üzərində bunlar şagird üçün çox sadə görünə bilər. Təbii nitqdə isə sözlər bir-birindən dərslikdəki kimi səliqəli fasilələrlə ayrılmır.
Qulağın buna alışması üçün şagirdə sadəcə daha çox söz öyrətmək kifayət etmir. Həmin dil vahidlərini müxtəlif nitq nümunələrində yenidən eşitmək lazımdır.
“Narrow Listening” burada çox işə yaraya bilər.
Amma bir məsələni qarışdırmayaq: “Narrow Listening” eyni audionu beş dəfə ardıcıl dinləmək deyil.
Bu, texnikanın ən çox səhv anlaşıla biləcək tərəfidir.
Əlbəttə, müəyyən audionu yenidən dinləmək olar. Amma əsas məqsəd bir audionu əzbərlətmək yox, eyni mövzu daxilində müxtəlif audiolar vasitəsilə təkrar dil təması yaratmaqdır.
Məsələn, mövzumuz “Food” olsun.
Audio 1 – My breakfast
Audio 2 – My favourite meal
Audio 3 – What I take to school
Audio 4 – Healthy snacks
Şagird hər dəfə yeni məlumat eşidir. Buna görə maraq itməz. Eyni zamanda artıq mövzunun “içində” olduğu üçün hər audioya tamamilə sıfırdan başlamır.
Məncə, texnikanın ən güclü tərəflərindən biri də budur.
Bunun üçün xüsusi dil laboratoriyasına ehtiyac yoxdur. Dörd qısa audio belə kifayətdir.
Məsələn, 4-cü sinifdə mövzumuz “Animals” olsun.
Birinci gün “My favourite animal” audiosu dinlədilir və şagirdlər hansı heyvandan danışıldığını müəyyən edirlər.
İkinci gün “At the zoo” mövzusunda başqa danışan, başqa mətn, amma eyni mövzu təqdim olunur. Şagirdlər eşitdikləri heyvanların şəkillərini seçirlər.
Üçüncü gün “My pet” audiosu ilə işləyirlər və eşitdikləri tanış sözləri qeyd edirlər.
Dördüncü gün isə “Amazing animals” mövzusunda yeni audio dinləyirlər.
Artıq bəzi sözlər dördüncü dəfə qarşılarına çıxa bilər.
Məhz həmin anda maraqlı bir dəyişiklik baş verir: əvvəl “çox sürətli” görünən ingilis dili bir qədər yavaşlamış kimi hiss olunur.
Əslində danışan yavaşlamayıb.
Şagirdin qulağı sürətlənib.
Dinləmə dərslərində mənim vacib hesab etdiyim məsələlərdən biri də budur.
Bəzən şagirdə audio veririk və dərhal 5 test, 3 doğru-yanlış, 2 açıq sual təqdim edirik.
Nəticədə dinləmə məşqi listening imtahanına çevrilir.
Halbuki hər dinləmənin sonunda şagirdi yoxlamaq lazım deyil.
“Narrow Listening” zamanı çox sadə tapşırıqlar istifadə etmək mümkündür.
Birinci dinləmədə: “Mövzu nədir?”
İkinci dinləmədə: “Eşitdiyin üç sözü yaz”.
Üçüncü dinləmədə: “Əvvəlki audiolarda da eşitdiyin hansı ifadə burada təkrarlandı?”.
Hətta bəzən tapşırıq vermədən dinlətmək olar.
Bəli, sadəcə dinləmək.
Çünki uşağın hər dəfə qiymətləndirilməyə deyil, dili eşitməyə də ehtiyacı var.
Kiçik yaşlı uşaqlarda audiolar uzun olmamalıdır. 30–50 saniyə kifayət edə bilər.
Mövzular da uşağın dünyasına yaxın seçilə bilər:
My family
Toys
Animals
My school
Food
My day
Tapşırıq isə mümkün qədər vizual ola bilər.
“Eşitdiyin oyuncağı seç”.
“Danışan hansı heyvanı təsvir edir?”.
“Üç şəkildən hansı doğrudur?”.
Burada uşağın bütün sözləri başa düşməsi hədəf deyil.
Əsas odur ki, ingilis dilində tez-tez işlənən söz və ifadələr onun qulağında tanışlaşmağa başlasın.
6–8-ci siniflərdə şagird artıq özü də prosesin iştirakçısına çevrilə bilər.
Məsələn, mövzu “Travelling” olsun.
Audio 1 – My first trip
Audio 2 – At the airport
Audio 3 – Packing my suitcase
Audio 4 – A holiday I remember
Şagird hər audiodan sonra iki sütun yarada bilər:
I heard it before.
It is new for me.
Bir neçə gündən sonra ikinci sütundakı bəzi sözlərin birinci sütuna keçməsi uşağın öz inkişafını görməsinə imkan verir.
Bu, baldan daha güclü motivasiya ola bilər.
9–11-ci siniflərdə isə texnikanı real videolar, qısa podcast parçaları, müsahibələr və xəbərlərlə zənginləşdirmək olar.
Məsələn, mövzu “Technology and teenagers” olsun.
Bir gün 1 dəqiqəlik müsahibə dinlədilir.
Növbəti gün qısa podcast hissəsi.
Sonra bir yeniyetmənin fikri.
Daha sonra eyni mövzuda xəbər süjeti.
Beləliklə şagird yalnız sözləri deyil, müxtəlif danışıq sürətlərini, intonasiyaları və tələffüz formalarını da eşidir.
Bir mövzu qalır, səslər dəyişir.
Narrow Listening-in gözəlliyi də bundadır.
Bu texnikanı sinifdə sınamaq istəyən müəllimlər üçün ən sadə modellərdən biri “5 gün – 1 mövzu” modeli ola bilər.
Bazar ertəsi mövzu ilə tanış olub ilk audionu dinləmək.
Çərşənbə axşamı eyni mövzuda başqa danışanı dinləmək.
Çərşənbə günü təkrarlanan söz və ifadələri tapmaq.
Cümə axşamı yeni audio dinləyib əvvəlkilərlə müqayisə etmək.
Cümə günü isə həftənin ilk audiosuna yenidən qulaq asmaq.
Sonuncu mərhələni xüsusilə vacib hesab edirəm.
Çünki bazar ertəsi çətin görünən audio cümə günü çox zaman daha anlaşılan olur.
Şagird özü fərqi hiss edir.
Bu zaman ona sadəcə bir sual vermək kifayətdir:
“Audio dəyişdi, yoxsa sənin dinləməyin?”.
Cavab bəllidir.
Bəzən listening dərslərində “real ingilis dili eşitsinlər” deyərək uşaqlara səviyyələrindən çox çətin material təqdim edirik.
Şagird 40 saniyə dinləyir və üç söz tutur.
Bu artıq faydalı çətinlik deyil.
Sadəcə yorucudur.
Narrow Listening-də material ümumi mənanın başa düşüləcəyi qədər əlçatan olmalıdır. Şagird hər sözü bilməyə bilər, amma nədən danışıldığını anlaya bilməlidir.
Sonrakı audiolar həmin mövzunu və dili tədricən möhkəmləndirməlidir.
Məncə, dinləmənin tədrisində dəyişməli olduğumuz əsas yanaşmalardan biri də budur.
Biz çox vaxt uşağın dinləmə bacarığını ölçürük, amma onu necə dinləməli olduğuna kifayət qədər vaxt ayırmırıq.
Audio səsləndiririk.
Sual veririk.
Düzdür, yoxsa səhvdir – yoxlayırıq.
Sonra növbəti audioya keçirik.
Narrow Listening isə bizə başqa yol göstərir.
Bir az dayan.
Mövzunu dəyişməyə tələsmə.
Şagirdə həmin sözləri başqa səsdə yenidən eşitmək imkanı ver.
Sonra bir də.
Bir neçə gündən sonra ilk materiala geri qayıt.
Çünki listening bacarığı bir audionu neçə faiz düzgün cavablandırmaqdan daha böyük anlayışdır.
Şagirdin dünən eşitmədiyi sözü bu gün eşitməsi, dünən qarışıq gələn cümləni bu gün bütöv şəkildə tanıması da inkişafdır.
Bəzən xarici dil öyrənərkən irəli getməyin yolu hər dəfə yeni mövzuya keçmək deyil.
Bəzən eyni mövzuda bir az daha qalmaqdır.
“Narrow Listening” məhz bunu edir: şagirdin qarşısına daha çox dil çıxarmağa çalışmır, eşitdiyi dili onun üçün getdikcə daha tanış edir.
Və məncə, dinləmə dərslərində məqsədimiz də məhz bu olmalıdır:
Uşağa hər şeyi ilk dəfədən eşitdirmək yox, hər dinləmədə bir az daha çox eşitməyi öyrətmək.
Günay Əkbərova,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi




