Maraqdan kəşfə: məktəbəqədər təhsilin gücü

19 Oktyabr, 2026 - 10:03
Maraqdan kəşfə: məktəbəqədər təhsilin gücü

Məktəbəqədər təhsil insanın gələcək inkişafının təməlini qoyan, onun dünyanı tanımaq, öyrənmək və dərk etmək bacarıqlarının formalaşdığı mühüm mərhələdir. Məhz bu dövrdə ətraf aləmə maraq, öyrənmək həvəsi, müstəqil düşünmək, sual vermək və yeni yollar kəşf etmək meyli tədricən inkişaf edir. Məktəbəqədər təhsilin əhəmiyyəti yalnız ilkin bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Bu mərhələ, eyni zamanda, fərdi xüsusiyyətlərin üzə çıxması və təbii imkanların inkişafı üçün geniş fürsətlər yaradır. Buna görə də məktəbəqədər təhsilin məqsədi yalnız məktəbə hazırlamaq deyil, hər bir azyaşlının maraqlarını, meyillərini və potensialını görmək, onun özünəməxsus inkişaf yoluna dəstək olmaqdır.

Bəzən adi görünən bir sual, gözlənilməz bir fikir və ya təkrar-təkrar göstərilən maraq gələcəkdə daha böyük imkanların ilkin işarəsi ola bilər. Əsas məsələ isə bu işarələri vaxtında görmək, düzgün anlamaq və inkişaf üçün uyğun mühit yaratmaqdır. UNESCO erkən uşaqlıq dövrünü, sonrakı öyrənmə, emosional rifah və bütöv inkişaf üçün mühüm təməl mərhələ kimi qiymətləndirir. Bu yanaşma məktəbəqədər təhsilə münasibətimizi yenidən düşünməyə əsas verir: söhbət yalnız məktəbə hazırlıqdan deyil, insanın gələcək inkişafı üçün möhkəm zəmin yaratmaqdan gedir.

Bəzən uşaqlara baxır və onlar haqqında tez qərar veririk: “Çox sakitdir”, “çox dəcəldir”, “bir yerdə dayanmır”, “çox sual verir”, “əlləri işə yatımlıdır”, “rəsm çəkməyi çox sevir”, “hamısından tez öyrənir”. Biz bu cümlələri çox vaxt sadəcə xüsusiyyətləri təsvir edən ifadələr kimi qəbul edirik. Amma, bəlkə də, həmin xüsusiyyətlərin arxasında hələ tam görə bilmədiyimiz imkanlar dayanır? Bəlkə bir yerdə dayanmayan fərd dünyanı hərəkət vasitəsilə kəşf edir? Daim sual verən sadəcə dəcəl deyil, ətraf aləmə böyük maraq göstərir? Əşyaları söküb yenidən birləşdirən dağıtmaq istəmir, onların necə işlədiyini anlamağa çalışır? Məktəbəqədər təhsildə özümüzə verməli olduğumuz mühüm suallardan biri məhz budur: Davranışın özünü görürük, yoxsa onun arxasında dayanan ehtiyacı, marağı və inkişaf imkanını da anlaya bilirik?

Məktəbəqədər yaş insanın dünyanı kəşf etdiyi, suallar verdiyi, sınaqlar keçirdiyi, səhv etdiyi, yenidən cəhd göstərdiyi və tədricən özünü tanımağa başladığı dövrdür. Bu yaşda hər bir fərdin inkişafı eyni şəkildə və eyni sürətlə baş vermir. Ona görə də valideynlərin, müəllimlərin, tərbiyyəçi-müəllimlərin vəzifəsi hamını eyni qəlibə salmaq deyil, fərdi inkişaf xüsusiyyətlərini görmək və hər kəs üçün uyğun imkanlar yaratmaqdır.

Potensial haqqında danışanda çox vaxt onu əldə edilmiş nəticələrlə əlaqələndiririk. Gözəl şeir deyirsə, yaxşı rəsm çəkirsə, tez oxuyursa, yaxşı hesablayırsa və ya yüksək nəticə göstərirsə, bunu müəyyən qabiliyyətin göstəricisi hesab edirik. Lakin potensial əldə edilmiş nəticədən daha geniş anlayışdır. Bəzən o, hələ nəticə şəklində görünmür. Bəzən yalnız maraq, araşdırmaq həvəsi və ya eyni fəaliyyəti təkrar-təkrar sınamaq istəyində özünü göstərir. Bəzən bir sualın cavabını tapmaq üçün göstərilən səydə, adi əşyalardan yeni bir şey düzəltməkdə və ya başqalarının diqqət yetirmədiyi bir detalı fərq etməkdə üzə çıxır. OECD-nin erkən uşaqlıq təhsili ilə bağlı materiallarında maraq, motivasiya, davamlılıq, özünü tənzimləmə və sosial bacarıqların inkişafında oyun, araşdırma və qarşılıqlı əlaqələrin əhəmiyyəti vurğulanır. Bu yanaşma bir mühüm məqamı önə çıxarır: potensialı anlamaq üçün yalnız əldə edilmiş nəticəyə deyil, həmin nəticəyə aparan prosesə də diqqət yetirmək lazımdır. Uşaq necə oynayır? Nə ilə daha çox maraqlanır? Nəyi təkrar-təkrar sınayır? Nə barədə çox sual verir? Çətinliklə qarşılaşanda necə davranır? Nəyi özü kəşf etməyə çalışır? Bu sualların cavabları gündəlik fəaliyyət zamanı diqqətli müşahidə ilə üzə çıxa bilər. Potensialı görməyin ilk addımı da məhz budur.

Bir gün meşədə böyük yanğın baş verir. Bütün quşlar canlarını qurtarmaq üçün uçuşurlar. Bu qarışıqlıqda sərçə ana balasını itirir. Meşənin üzərində uçan qartalla qarşılaşaraq soruşur:
— Qartal, sən bütün meşəni görürsən. Mənim balamı görmüsən?
Qartal soruşur:
— Balan necə görünür?
Sərçə ana qürurla cavab verir:
— O, meşədəki ən gözəl, ən yaxşı uçan, ən gözəl səsli, qanadları güclü olan quşdur. Görən kimi tanıyacaqsan.
Qartal axtarışa çıxır. Bir müddət sonra güclü dimdiyi, geniş qanadları olan balaca bir qartal gətirir.
— Bu sənin balandır?
Sərçə başını yelləyir:
— Xeyr. Mənim balam belə yöndəmsiz və iri deyil.
Bir qədər sonra qartal balaca, lələkləri dağınıq, qorxmuş və yalnız cikkildəməyi bacaran bir sərçə balası gətirir. Sərçə ana onu görən kimi balasına sarılır:
— Budur! Mənim balam!

Hekayə sadədir, amma mühüm bir məqamı xatırladır: biz bəzən dəyər verdiyimiz xüsusiyyətləri yalnız öz gözləntilərimizə uyğun şəkildə görürük. Valideyn üçün övladının hər bir xüsusiyyəti dəyərlidir. Müəllimin, tərbiyyəçi-müəlliminvəzifəsi isə bu xüsusiyyətləri müşahidə etmək, onların arxasında hansı ehtiyacların, maraqların və inkişaf imkanlarının dayandığını anlamağa çalışmaqdır.

Bəlkə də əsas vəzifəmiz kiməsə “sən istedadlısan” deməkdən əvvəl onun nəyə görə həyəcanlandığını, nəyə maraq göstərdiyini və hansı fəaliyyət zamanı özünü daha sərbəst ifadə etdiyini görməkdir.

Hər kəsi eyni meyarla qiymətləndirmək asan görünə bilər. Lakin bu, həmişə ədalətli və düzgün yanaşma deyil. Bir uşaq musiqiyə, digəri konstruksiyaya, başqası hekayə danışmağa, digəri isə hərəkətə böyük maraq göstərə bilər. Əgər yalnız bir neçə standart nəticəni əsas götürsək, fərdi imkanların əhəmiyyətli bir hissəsini nəzərdən qaçıra bilərik. Bu səbəbdən məktəbəqədər təhsildə əsas sualımız “nəyi bacarmır?” deyil, “nəyi sevərək edir və biz həmin marağı onun inkişafına necə çevirə bilərik?” olmalıdır. Sualın dəyişməsi münasibətin dəyişməsi deməkdir. Birinci yanaşma çatışmazlığa, ikinci yanaşma isə inkişaf imkanlarına diqqət yetirir. Bu, çətinlikləri görməmək və ya hər davranışı müsbət xüsusiyyət kimi qiymətləndirmək demək deyil. Əksinə, fərdi xüsusiyyətləri düzgün anlamaq və uyğun dəstək göstərmək deməkdir.

Məktəbəqədər təhsilə bəzən ibtidai məktəbin kiçik modeli kimi baxırıq: daha tez oxusun, daha çox şeir əzbərləsin, daha yaxşı hesablasın və məktəbə hazır olsun. Əlbəttə, ilkin bilik və bacarıqların formalaşmasının öz əhəmiyyəti var. Lakin erkən uşaqlığın missiyası bundan daha genişdir. UNESCO-nun və OECD-nin erkən təhsil yanaşmalarında fiziki, koqnitiv, sosial və emosional inkişafın, oyun vasitəsilə öyrənmənin və böyüklərlə keyfiyyətli qarşılıqlı əlaqələrin əhəmiyyəti ön plana çıxır. Deməli, əsas məqsəd mümkün qədər çox məlumatı yadda saxlamaq deyil. Məqsəd öyrənmək istəyini qorumaq, marağı gücləndirmək, müstəqil düşünmək və araşdırmaq üçün şərait yaratmaqdır. Pedaqoji ədəbiyyatda geniş yayılmış bir fikir var: uşaqlar doldurulacaq qablar deyil, alovlandırılacaq məşəllərdir. Bu obraz məktəbəqədər təhsilin fəlsəfəsini sadə şəkildə ifadə edir. Biz məlumat verə bilərik. Ancaq sual vermək həvəsini söndürmüş, səhv etməkdən qorxutmuş, nəticə əldə etməyə çalışarkən kəşf etmək sevincini əlindən almışıqsa, çox vacib bir şeyi itirmişik. Bu qığılcımın qorunmasında motivasiyanın xüsusi rolu var. Motivasiya isə yalnız göstəriş və məcburiyyətlə formalaşmır. Onun üçün maraq, seçim imkanı, uğur hissi və dəstəkləyici mühit lazımdır.

Bir ana qızının skripka öyrənməsini çox istəyir. Lakin qız skripkanı heç sevmir. Anası hər dəfə onu görəndə xatırladır:
— Qızım, skripka!

Bir axşam evə oğru girir. Oğru evdən çıxmaq istəyərkən qarşısında skripka tutmuş balaca qızı görür. Qorxur ki, qız qışqıracaq və valideynləri oyadacaq. Amma qız sakitcə deyir:
— Əmi, nə olar, bu skripkanı da apar!

Bu, məşhur mozalandır, ancaq pedaqoji mesajı ciddidir: bir fəaliyyətə marağı məcburiyyətlə yaratmaq çox çətindir. Bu o demək deyil ki, öyrənmə həmişə asan və zəhmətsiz olmalıdır. Əksinə, davamlılıq və səbir də inkişafın vacib hissələridir. Ancaq böyüklər əvvəlcə marağı anlamağa, sonra həmin marağı öyrənməyə çevirməyə çalışmalıdırlar. Maraqla başlayan fəaliyyət daha dərin araşdırmaya, araşdırma isə yeni bilik və bacarıqların formalaşmasına yol aça bilər. Bəzən öyrənmək həvəsini qorumaq əlavə məlumat verməkdən daha vacibdir.

Biri sakitdir, digəri çox hərəkətlidir. Biri uzun müddət rəsm çəkir, digəri bir dəqiqə belə yerində oturmaq istəmir. Biri sual verməyi sevir, digəri əşyaları söküb onların necə işlədiyini öyrənməyə çalışır. Biri hekayələr qurur, digəri bütün günü nəsə düzəldir, tikir və yığır. Bu fərqlilikləri dərhal problem kimi qəbul etməməliyik. Çox sual vermək marağın, hərəkətə ehtiyac duymaq dünyanı bədən vasitəsilə kəşf etməyin, əşyaları sökmək isə onların quruluşunu anlamaq istəyinin göstəricisi ola bilər. Tək oynamaq da bəzən öz oyun dünyasını qurmaq və müstəqil fəaliyyət göstərmək ehtiyacı ilə bağlıdır. Lakin burada mühüm bir tarazlığı qorumaq lazımdır. Hər davranışı potensial və ya xüsusi qabiliyyət əlaməti kimi qəbul etmək düzgün deyil. Pedaqoqun işi davranışları romantikləşdirmək deyil, onları müşahidə etmək, səbəblərini anlamağa çalışmaq və ehtiyac olduqda uyğun dəstək göstərməkdir. Keyfiyyətli məktəbəqədər təhsil fərqlilikləri aradan qaldırmağa deyil, fərdi inkişafı dəstəkləməyə yönəlməlidir.

Azyaşlı uşaqlarda potensialı anlamaq istəyiriksə, ilk növbədə sərbəst oyun, araşdırma və yaradıcılıq üçün imkan yaratmalıyıq. Çünki oyun sadəcə əyləncə deyil. Oyun zamanı uşaq seçim edir, qərar verir, sınaq keçirir, qaydalar yaradır, problem həll edir və başqaları ilə ünsiyyət qurur. Oyun həm də müşahidə üçün təbii şərait yaradır. Böyüklərin verdiyi tapşırıqda görünməyən bəzi xüsusiyyətlər sərbəst oyun zamanı üzə çıxa bilər: kim yeni ideya irəli sürür, kim detallara diqqət yetirir, kim çətinlik qarşısında yenidən cəhd edir, kim başqalarını oyuna cəlb edir, kim isə özünəməxsus həll yolu tapır. Beləliklə, oyuna ayrılan vaxt önəmlidir çünki, öyrənməyə , sınamağa, düşünməyə, xəyal qurmağa və özünü ifadə etməyə imkan yaranır.

Məktəbəqədər yaşda inkişaf haqqında düşünərkən bir neçə anlayışı xüsusi vurğulamaq istərdim:

Hərəkət. Bir uşağın təfəkkürü və inkişafı onun fiziki hərəkət ilə düz mütənasibdir. Qaçmaq, tullanmaq, dırmaşmaq, tarazlığı sınamaq, yıxılıb yenidən qalxmaq bu yaş dövrünün təbii fəaliyyətlərindəndir. Bəzən sakit oturmağı yaxşı davranışın əsas göstəricisi kimi qəbul edirik. Halbuki hərəkət dünyanı kəşf etməyin, bədənini tanımağın və müxtəlif bacarıqları inkişaf etdirməyin yollarından biridir.

Oyun və təxəyyül. Uşaqların təxəyüllü onların oynadıqları oyunlarla inkişaf edir. Bir taxta parçası maşına, bir qutu evə, bir çubuq ata çevrilə bilər. Böyüklər üçün adi görünən bu fəaliyyət uşağın dünyasında dil, təfəkkür, yaradıcılıq, sosial bacarıqlar və problem həll etmə prosesidir. Buna görə də bəzən oyuna müdaxilə etməkdənsə, onu müşahidə etmək və uyğun məqamda oyuna qoşulmaq daha faydalıdır.

Kiçik motorika. Azyaşlıların zehni onların barmaqlarının ucundadır. Əllər yalnız hərəkət vasitəsi deyil, həm də öyrənmə vasitəsidir. Xəmir, torpaq, qum, plastilin, taxta və müxtəlif təhlükəsiz materiallarla oyanamq, işləmək, kəsmək, yapışdırmaq, qurmaq, dağıtmaq və yenidən yaratmaq uşağın ətraf aləmi təcrübə yolu ilə öyrənməsinə şərait yaradır. Uşaqlar dünyanı yalnız gözləri ilə görmürlər. Bəzən toxunmaq, sınaqdan keçirmək və öz əlləri ilə hiss etmək anlamağın ən təsirli yollarından biridir.

Müşahidə: Məktəbəqədər təhsildə yeni metodlarla yanaşı, bəlkə də ən çox diqqət etməli olduğumuz məsələlərdən biri müşahidədir. Müşahidə sadəcə baxmaq deyil. Bu, məqsədli şəkildə görmək, suallar vermək və davranışlar arasında əlaqələri anlamağa çalışmaqdır. Hansı fəaliyyət zamanı diqqətini daha uzun müddət saxlayır? Nəyi özü seçir? Nəyi təkrar-təkrar etməyə çalışır? Çətinlik qarşısında necə davranır? Kimlə oynamağı seçir? Nə barədə sual verir? Hansı materiallarla işləməyi sevir? Fikrini necə ifadə edir? Başqalarının diqqət yetirmədiyi nəyi fərq edir? Bu suallar pedaqoqa gündəlik fəaliyyət zamanı daha çox məlumat verir. Müşahidələr zamanla toplanmalı, müxtəlif vəziyyətlərdə müqayisə edilməli və fərdin inkişafını anlamaq üçün istifadə olunmalıdır. Bu, qiymətləndirmənin əhəmiyyətsiz olması demək deyil. Əksinə, düzgün müşahidə və qiymətləndirmə inkişafı anlamağa, ehtiyacları müəyyənləşdirməyə və uyğun dəstək göstərməyə xidmət etməlidir. Lakin potensialı yalnız bir nəticə, bir test və ya bir fəaliyyət əsasında müəyyənləşdirmək risklidir. İnkişaf dinamik prosesdir. Bu gün görünməyən imkan sabah başqa şəraitdə üzə çıxa bilər. Ona görə də müşahidə tək bir anla məhdudlaşmamalı, davamlı və məqsədyönlü olmalıdır.

Təhlükəsizlik, sevgi və etibar. Bütün bu yanaşmaların üzərində dayanan iki mühüm şərt təhlükəsizlik və etibarlı münasibətlərdir. Azyaşlı üçün özünü qəbul edilmiş və təhlükəsiz hiss etdiyi mühitdə sual vermək, yeni şeylər sınamaq, səhv etmək və yenidən cəhd göstərmək daha asan olur. O bilməlidir ki, səhv etdikdə ona qışqırılmayacaq, nəyisə bacarmadıqda başqaları ilə müqayisə edilməyəcək, sual verdikdə ona qulaq asılacaq, çətinliklə qarşılaşdıqda dəstək ala biləcək. Keyfiyyətli erkən təhsil yalnız materiallardan, proqramlardan və metodlardan ibarət deyil. Böyüklərlə qurulan isti, həssas və diqqətli münasibətlər də bu mühitin mühüm hissəsidir.

Bəlkə bu gün qarşımızda olan sakit uşaq gələcəkdə böyük alim olacaq. Bəlkə daim nəsə söküb-yığan mühəndis, hekayələr danışan yazıçı, insanları güldürən aktyor, hərəkət etməyi sevən idmançı olacaq. Bəlkə də heç birimiz onun gələcəkdə hansı yolu seçəcəyini bilməyəcəyik. Əslində, bunu əvvəlcədən bilməyimiz də önəmli deyil. Məktəbəqədər təhsilin vəzifəsi gələcəyi əvvəlcədən yazmaq deyil. Onun gələcək imkanlarının mümkün qədər geniş olması üçün bu günü düzgün qurmaqdır. Bunun üçün həmişə böyük proqramlara, bahalı avadanlıqlara və mürəkkəb metodlara ehtiyac yoxdur. Bəzən vaxtında verilən dəstək, diqqətlə dinlənilən bir sual və marağa uyğun yaradılan imkan kifayət edə bilər. Məktəbəqədər təhsilin ən mühüm missiyalarından biri də budur: gələcəyi əvvəlcədən müəyyənləşdirmək yox, hər bir fərdin imkanlarının üzə çıxması üçün düzgün mühit yaratmaq. Uşaqlara kim olacağını söyləməkdən daha vacibi, onların öz imkanlarını kəşf etmələrinə şərait yaratmaqdır.

Fuad Qarayev
Azərbaycan Respublikasının Təhsil İnstitununu direktor müavini, 
əməkdar müəllim.