Akademik Bəhram Əsgərovun elmi irsi və müəllimlik missiyası
Bəzi insanların ömrünü yalnız tutduqları vəzifələr aldıqları fəxri adlar və yazdıqları əsərlərlə ölçmək mümkün deyil. Belə insanların həyat yoluna nəzər saldıqda, bir insanın elmə, təhsilə və mənəvi dəyərlərə necə xidmət edə bildiyinin canlı nümunəsini görürük.
Akademik Bəhram Mehralı oğlu Əsgərov da belə şəxsiyyətlərdən biri idi. Bəhram Əsgərovun adı Azərbaycan fizika elminin, xüsusilə bərk cisimlər və yarımkeçiricilər fizikasının inkişafı ilə sıx bağlıdır. Lakin onu yalnız görkəmli alim kimi xatırlamaq kifayət deyil. O, həm də böyük müəllim, pedaqoq, elm təşkilatçısı və tələbələrinin yaddaşında dərin iz qoymuş şəxsiyyət idi.
Onun ömür yoluna nəzər saldıqda bir mühüm həqiqət aydın görünür: Bəhram Əsgərov üçün elm, müəllimlik və insanlıq bir-birindən ayrılmaz anlayışlar idi. Bəhram Əsgərovun elmə gedən yolu 5 oktyabr 1933-cü ildə dünyaya göz açdığı Tovuz rayonunun Əhmədabad kəndindən başlayıb. Doğma kəndində orta məktəb olmadığı üçün ibtidai təhsilini başa vurduqdan sonra təhsilini davam etdirmək məqsədilə Əhmədabaddan təxminən 7-8 kilometr aralıda yerləşən Yanıqlı kəndinə getməli olurdu. O illərdə bu məsafəni hər gün piyada qət etmək onun üçün sadəcə məktəbə gedib-gəlmək deyildi. Bu yol, əslində, böyük arzulara doğru atılan ilk addımlar idi. Gənc Bəhramın təhsilə həvəsi, zəhmətdən çəkinməməsi və qarşısına qoyduğu məqsədə əzmlə bağlılığı sonralar onun elm sahəsində keçdiyi uzun və şərəfli yolun ilk cizgilərini müəyyənləşdirdi.
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olan Bəhram Əsgərov tələbəlik illərində yüksək akademik göstəriciləri ilə seçildi və əlaçı təqaüdünə layiq görüldü. Universitet illərindən sonra onun elmi axtarışlarının növbəti ünvanı o dövrün ən qabaqcıl elm mərkəzlərindən biri olan Leninqrad oldu.
Leninqradın zəngin elmi mühiti və A.İ.Anselmin rəhbərlik etdiyi elmi məktəb gənc alimin dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. Burada aldığı nəzəri hazırlıq və apardığı tədqiqatlar onun sonrakı elmi fəaliyyətinin əsasını təşkil etdi. Bəhram Əsgərovun elmi yaradıcılığının ilk mühüm istiqamətlərindən biri yarımkeçiricilərdə və yarımmetallarda kinetik hadisələrin, xüsusilə, güclü və kvantlayıcı maqnit sahələrində baş verən termomaqnit effektlərin tədqiqi idi.
1960-1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçidən baş elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışan Bəhram Əsgərov yarımkeçiricilər və bərk cisimlər fizikası sahəsində mühüm tədqiqatlar apardı. O, elektrik və istilik daşınması proseslərinin, kinetik və termomaqnit hadisələrin nəzəriyyəsini araşdırdı.
1962-ci ildə “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda uğurla müdafiə etdiyi dissertasiya işində aldığı elmi nəticələr onun elmi yaradıcılığının mühüm mərhələsini təşkil etdi. 1963-cü ildə isə bu istiqamətdəki araşdırmalarının ümumiləşdirildiyi “Теория явлений переноса в полупроводниках” (“Yarımkeçiricilərdə daşınma hadisələrinin nəzəriyyəsi”) adlı monoqrafiyası nəşr olundu.
Leninqrad elmi mühitinin Bəhram müəllimin həyatındakı əhəmiyyətini illər sonra özü çox obrazlı şəkildə ifadə etmişdi. 26 iyun 2004-cü ildə Azərbaycan Televiziyasının “Səhər” proqramında keçmiş tələbəsi Namiq Şükürovun “60-cı illərin Sankt-Peterburq elm məbədini və A.İ.Anselmi necə xatırlayırsınız?” sualına cavabında demişdi: “Paris şəhərinin həyatında Notr-Dam kilsəsi hansı rolu oynayırsa, Sankt-Peterburq elm məktəbi də mənim həyatımda həmin rolu oynayır”.
Bu ifadə Leninqrad illərinin onun elmi bioqrafiyasındakı yerini son dərəcə dəqiq xarakterizə edir. Bu mühit Bəhram Əsgərova yalnız dərin elmi bilik və tədqiqat təcrübəsi qazandırmadı, həm də onun elmi dünyagörüşünü, problemə yanaşma tərzini və tədqiqatçı kimi mövqeyini formalaşdırdı.
Sonralar özü böyük alim və elmi məktəb yaradıcısı kimi yetişərək Leninqrad elmi məktəbinin ənənələrini Azərbaycan fizika elminə gətirdi. 1970-ci ildə onun Leninqradda “Наука” nəşriyyatında çap olunan “Кинетические эффекты в полупроводниках” monoqrafiyasında yarımkeçiricilərdə kinetik və daşınma hadisələrinin nəzəri əsasları sistemləşdirildi və çoxillik tədqiqatlarının nəticələri ümumiləşdirildi.
1971-ci ildə B. M. Əsgərov həmin monoqrafiyanın əsasında Bakı Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etdi. Bu əsər onun yarımkeçiricilərin kinetik nəzəriyyəsi sahəsində formalaşmış elmi istiqamətinin mühüm nəticəsi olmaqla yanaşı, sonrakı elmi fəaliyyətinin də əsasını təşkil etdi. Monoqrafiyanın yüksək elmi səviyyəsi 1974-cü ildə ona elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatının verilməsi ilə bir daha təsdiqləndi.
1966-cı il Bəhram Əsgərovun həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin il Leninqradın zəngin elmi mühitində formalaşmış gənc alim Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin “Molekulyar fizika” kafedrasına dosent vəzifəsinə dəvət edildi. Universitetə qayıtdıqdan sonra Bəhram müəllim elmi yaradıcılıqla pedaqoji fəaliyyəti vahid proses kimi davam etdirdi.
“Elektrodinamika”, “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” kimi fundamental fənlərdən mühazirələr oxuyaraq tələbələrdə dərin fiziki təfəkkür formalaşdırmağa xüsusi diqqət yetirdi. Onun mühazirələrində mürəkkəb nəzəri müddəalar konkret fiziki hadisələrlə əlaqələndirilir, tələbələr hazır nəticələri əzbərləməyə deyil, hadisələrin mahiyyətini və səbəb-nəticə əlaqələrini anlamağa yönəldilirdi.
Lakin Bəhram Əsgərov üçün Leninqrad elmi məktəbi yalnız şəxsi nailiyyətlərlə yekunlaşmırdı. Burada qazandığı təcrübə və fundamental elmi nəticələr onu Azərbaycanda bərk cisimlər fizikası üzrə yeni elmi istiqamətin formalaşdırılması yolunda daha böyük bir missiyaya yönəltdi.
Bu baxımdan 1971-ci il Azərbaycan fizikasının inkişafında mühüm mərhələ oldu. Həmin il Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Azərbaycan Dövlət Universitetinin dəstəyi, Bəhram Əsgərovun təşəbbüsü ilə universitetdə “Bərk cisimlər fizikası” kafedrası yaradıldı. Beləliklə, onun Leninqradda keçdiyi zəngin məktəb Azərbaycanda yeni elmi-pedaqoji cərəyanın inkişafına və gənc mütəxəssislərin yetişdirilməsinə xidmət etməyə başladı. Kafedraya rəhbərlik edən Bəhram müəllim qarşıya yalnız yüksəkixtisaslı kadrlar hazırlamaq deyil, ölkədə müasir bərk cisimlər və yarımkeçiricilər fizikası üzrə fundamental bir elmi məktəb formalaşdırmaq məqsədi qoydu.
Kafedranın fəaliyyətində fundamental elmi tədqiqatla ali təhsilin vəhdəti əsas prinsipə çevrildi. Bərk cisimlərdə və yarımkeçiricilərdə kinetik, termodinamik, maqnit və optik hadisələrin nəzəri tədqiqi, sonrakı mərhələlərdə isə aşağıölçülü elektron sistemləri, kvant strukturları və ifratqəfəsli materialların fiziki xassələrinin araşdırılması mühüm istiqamətlər kimi formalaşdı.
Bəhram müəllim gənc tədqiqatçıların hazırlanmasına xüsusi diqqət yetirirdi. Elmi problemin düzgün seçilməsi, onun nəzəri əsaslandırılması, müasir hesablama və tədqiqat metodlarından istifadə, alınmış nəticələrin dünya elmi ədəbiyyatı ilə müqayisəsi kafedrada formalaşmış elmi iş üslubunun əsas xüsusiyyətləri idi. Beləliklə, kafedra ayrı-ayrı tədqiqatçıların çalışdığı struktur bölmədən daha geniş məna kəsb edərək ardıcıl elmi ənənələri nəsildən-nəslə ötürən məktəbə çevrildi. Onun kafedra müdiri kimi ən böyük xidmətlərindən biri ayrı-ayrı elmi nəticələrdən daha çox, həmin nəticələri yaradan elmi mühiti formalaşdırması idi.
Alimin yarımkeçiricilərdə kinetik və elektron daşınması hadisələrinin tədqiqinə həsr olunmuş fundamental araşdırmaları onun sonrakı elmi yaradıcılığında da mühüm yer tutdu. 1985-ci ildə Moskvanın “Наука” nəşriyyatında “Электронные явления переноса в полупроводниках” adlı 318 səhifəlik monoqrafiyası çap olundu. Əsərdə yarımkeçiricilərdə elektron daşınması hadisələrinin nəzəri əsasları və müxtəlif fiziki şəraitdə onların xüsusiyyətləri geniş şəkildə araşdırılmışdı.
1994-cü ildə onun “Electron Transport Phenomena in Semiconductors” adlı 394 səhifəlik monoqrafiyası Sinqapurun “World Scientific” nəşriyyatında çap edildi. Bu əsər Bəhram Əsgərovun elmi yaradıcılığının beynəlxalq miqyasını nümayiş etdirən mühüm nəşrlərdən biri oldu.
Görkəmli alimin fundamental elmi axtarışlarının sonrakı mərhələsində elektron qazlarının termodinamikası və statistik fizikası əsas yer tutdu. S.R.Fiqarova ilə birlikdə hazırladığı “Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases” monoqrafiyasının 2010-cu ildə “Springer-Verlag” tərəfindən nəşr olunması bu istiqamətdəki tədqiqatlarının mühüm yekunu idi. Əsərdə elektron qazlarının termodinamikası, Gibbs metodu və statistik fizikanın fundamental məsələləri ətraflı şərh olunurdu. Bu kitab Bəhram Əsgərovun elmi axtarışlarının yarımkeçiricilərdə kinetik hadisələrdən elektron qazlarının statistik fizikası və termodinamikasına qədər genişlənən inkişaf xəttini bütövlüklə nümayiş etdirirdi.
A.İ.Anselmin elmi məktəbində formalaşan Bəhram Əsgərov sonralar bu elmi ənənələrin inkişafına mühüm töhfələr verdi. Onun adı dünya elmi ədəbiyyatına Anselm — Əsgərov metodu kimi daxil oldu. Alimin elmi irsinin davamlılığını göstərən digər parlaq nümunə isə statistik fizika və bərk cisimlər fizikası üzrə tədqiqatlarda geniş istifadə olunan və onun adı ilə “Əsgərov funksiyaları” kimi tanınan xüsusi riyazi-fiziki funksiyalardır.
Beləliklə, onun elmi irsi yalnız ayrı-ayrı məqalə və monoqrafiyaların məcmusu deyildi; bu irs müəyyən elmi istiqamətlərin inkişafına, yeni tədqiqatçıların yetişməsinə və elmi düşüncə ənənəsinin formalaşmasına xidmət edən bütöv bir məktəb idi. Bəhram Əsgərov üçün alimliklə müəllimlik bir-birindən ayrılmaz anlayışlar idi. O, elmi biliklərin gələcək nəsillərə ötürülməsini ziyalılıq missiyasının mühüm hissəsi hesab edirdi. Bu məqsədlə Azərbaycan və rus dillərində ali məktəblər üçün bir sıra fundamental dərslik və dərs vəsaitləri hazırladı. Onun “Bərk cisimlər nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” sahəsinə dair əsərləri mürəkkəb nəzəri materialların sistemli şəkildə mənimsənilməsinə və tələbələrdə müstəqil elmi düşüncənin formalaşmasına əvəzsiz töhfə verdi. Bəhram müəllimin pedaqoji fəaliyyətinin əsas xüsusiyyəti tələbəyə hazır cavab verməkdən daha çox, onu cavabı özü axtarmağa — fizik kimi düşünməyə yönəltməsi idi.
Onun elmi rəhbərliyi ilə 15 fəlsəfə doktoru və 5 elmlər doktorunun hazırlanması yaratdığı məktəbin miqyasını göstərən mühüm göstəricidir. Lakin bu rəqəmlərin arxasında yalnız müdafiə olunmuş dissertasiyalar deyil, bir neçə nəslin elmi dünyagörüşünün formalaşması dayanır. Bəhram müəllimin yetirmələri bu gün müxtəlif elm və təhsil müəssisələrində fəaliyyət göstərərək onun elmi ənənələrini uğurla davam etdirirlər.
Bəhram Əsgərovun fəaliyyəti yalnız elmi tədqiqat və pedaqoji işlə məhdudlaşmırdı. 1994–2004-cü illərdə BDU-nun elmi işlər üzrə prorektoru kimi çalışması onun böyük bir universitetin elmi inkişafına rəhbərlik etmək bacarığını nümayiş etdirdi. O, bu illər ərzində ali təhsil müəssisəsinisnin elmi-təşkilati həyatında da son dərəcə fəal iştirak etdi.
Alimin elmi xidmətləri dövlət və elm ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü — akademik seçilmişdir. 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilməsi və 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi onun çoxillik fəaliyyətinə verilən yüksək dövlət qiymətinin bariz ifadəsi oldu.
Lakin Bəhram müəllimi tanıyanlar üçün onun ən böyük titulu, şübhəsiz ki, “Müəllim” adı idi. Şəxsiyyəti isə onu tanıyan insanların yaddaşında səmimiyyəti, təmkinliyi, təvazökarlığı və dərin insanlığı ilə qaldı.
2014-cü il martın 12-də Bəhram Əsgərovun vəfatı Azərbaycan elmi üçün böyük itki oldu. Lakin böyük müəllimlərin ömrü onların fiziki həyatının sona çatması ilə bitmir. Onların ömrü tələbələrinin yaddaşında, yazdıqları kitablarda və yaratdıqları elmi məktəbdə davam edir. Akademikin doğma yurdu Tovuzda da onun xatirəsi ehtiramla yaşadılır. Şəhərin mərkəzi küçələrindən birinə Akademik Bəhram Əsgərovun adı verilmiş və barelyefi ucaldılmışdır. Bəhram Əsgərovun ömrünün ən böyük əsəri də məhz budur: özündən sonra elmə, təhsilə və insanlığa xidmət edən silinməz bir məktəb qoyub getməsi.
Cahangir Hüseynov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasının müdiri, fizika üzrə elmlər doktoru, professor




