Elm dəryasından bir zərrə: Riyaziyyat, cəmiyyət və gələcəyin üfüqləri

19 Noyabr, 2026 - 14:16
Elm dəryasından bir zərrə: Riyaziyyat, cəmiyyət və gələcəyin üfüqləri

İnsan ömrü zaman axarında ötəri bir an, elm isə sahilləri görünməyən, ucsuz-bucaqsız və dərin bir dəryadır. Bu ümmanın sirlərini sonadək dərk etməyə nəinki bir insan ömrü, hətta bütöv nəsillərin əsrlər boyu davam edən zəhməti belə kifayət etməz. Lakin elmin böyüklüyü və cazibəsi məhz onun tükənməzliyindədir. Səmimi maraq, axtarış həvəsi və fədakarlıqla elmin qapısını döyən, bu dəryaya baş vuran insana həmin ümmandan bir zərrə götürmək nəsib olur. Elmlə məşğul olmaq həm də insana bəxş edilən mənəvi səadət, ömür boyu davam edən bir axtarış yoludur. Çünki bu kiçik zərrənin işığı təkcə alimin öz dünyasını deyil, bütöv bir cəmiyyətin yolunu da aydınlatmağa qadirdir.

Bu nəhəng ummanda istiqaməti müəyyənləşdirən, təbiətin və kainatın gizli qanunlarını insan zəkasının anlaya biləcəyi dilə çevirən ən mühüm vasitələrdən biri, şübhəsiz ki, riyaziyyatdır.  Geniş oxucu kütləsi üçün riyaziyyat bəzən sadəcə mücərrəd teoremlər və quru hesablamalar dünyası kimi görünür. Halbuki o, kainatın gizli qanunauyğunluqlarını ifadə edən universal dildir. Riyaziyyat təkcə hesablamalar aparmaq üçün deyil, həm də ətraf aləmi anlamaq, hadisələr arasındakı əlaqələri üzə çıxarmaq və gələcək prosesləri proqnozlaşdırmaq üçün zəruri elmi vasitədir.

Müasir riyazi modelləşdirmə: Kainatdan gündəlik həyata

Ətrafımıza diqqətlə nəzər salsaq, riyaziyyatın hüdudsuz tətbiq imkanlarını hər addımda görə bilərik. Başımızın üstündəki kosmik fəzada planetlərin hərəkət trayektoriyasından tutmuş, ayaqlarımızın altındakı yerin dərin qatlarında gedən mürəkkəb geoloji və fiziki proseslərə qədər çox sayda hadisənin öyrənilməsində riyazi modellərdən istifadə olunur.

Bu gün riyazi modelləşdirmə müasir elmin ən güclü tədqiqat vasitələrindən birinə çevrilmişdir. Laboratoriyada sınaqdan keçirilməsi çətin olan, yaxud böyük risk və maliyyə vəsaiti tələb edən prosesləri modellər vasitəsilə öyrənmək, onların mümkün inkişaf ssenarilərini qiymətləndirmək və idarəetmə qərarları üçün elmi əsaslar hazırlamaq mümkündür.

Bir nümunəyə baxaq. Yeraltı laylarda seysmik dalğaların yayılması riyazi tənliklərlə təsvir olunur. Mütəxəssislər yer səthində qeydə alınan siqnalları modelin hesabladığı nəticələrlə müqayisə edərək, heç bir quyu qazmadan yeraltı quruluş barədə fikir yürüdə bilirlər. Neft-qaz yataqlarının axtarışı ilə tanınan ölkəmiz üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir: model yaxşı qurulduqda həm vaxta, həm də böyük vəsaitə qənaət olunur.

Yeraltı sərvətlərin kəşfi ilə yanaşı, təbiət hadisələrinin proqnozlaşdırılması, tibbi diaqnostika, ekoloji tarazlığın öyrənilməsi və sosial-iqtisadi sistemlərin təhlili də riyazi metodların tətbiq olunduğu mühüm sahələrdir. Riyazi modellər real proseslərin bütün mürəkkəbliyini tam əks etdirməsə də, onların əsas xüsusiyyətlərini üzə çıxarmağa, müxtəlif vəziyyətləri müqayisə etməyə və əsaslandırılmış nəticələr əldə etməyə imkan verir.

Deməli, riyazi modelləşdirmə bu günü anlamaqla kifayətlənmir, sabahın mümkün risklərini əvvəlcədən qiymətləndirməyə və qərarların daha düzgün planlaşdırılmasına da yardım edir.

Süni intellekt dövrü: İmkandan məsuliyyətə

Müasir dövrün ən mühüm texnoloji nailiyyətlərindən biri olan süni intellekt də öz fundamental əsaslarını riyaziyyatdan götürür. Ehtimal nəzəriyyəsi, xətti cəbr, riyazi statistika, optimallaşdırma üsulları və mürəkkəb alqoritmlər süni intellekt sistemlərinin əsasını təşkil edir. Bu gün süni intellekt elmi araşdırmalardan təhsilə, sənayeyə, səhiyyəyə və gündəlik məişətə qədər həyatın müxtəlif sahələrinə daxil olur, böyük həcmli məlumatların təhlilini sürətləndirir, mürəkkəb məsələlərin həllinə yeni imkanlar açır.
Lakin bu texnoloji sıçrayış qarşımızda mühüm bir sual qoyur: süni intellektdən necə və nə dərəcədə düzgün istifadə edirik?
Texnologiya nə qədər inkişaf etsə də, insan zəkasının yaradıcı gücünü, intuisiyasını, müstəqil mühakiməsini və mənəvi məsuliyyətini tam əvəz edə bilməz. Süni intellekt tədqiqatçı və ya tələbə üçün əqli zəhməti əvəzləyən asan çıxış yoluna deyil, düşüncəni dərinləşdirən, araşdırma imkanlarını genişləndirən və vaxta qənaət etməyə kömək edən intellektual köməkçiyə çevrilməlidir.

Ondan səmərəli istifadə etmək, əldə olunan məlumatları tənqidi təfəkkür süzgəcindən keçirmək, nəticələri fundamental biliklər əsasında yoxlamaq müasir insanın, xüsusilə də alim və müəllimin əsas vəzifələrindən biridir. Çünki texnologiyanın inkişafı yalnız onun imkanlarının artması ilə deyil, həm də insanın bu imkanlardan istifadə mədəniyyətinin yüksəlməsi ilə ölçülür.

Gənclik və elm: Təfəkkürün formalaşması

Cəmiyyətin gələcəyi gənc nəslin elmə marağından, intellektual hazırlığından və yaradıcı düşüncə qabiliyyətindən birbaşa asılıdır. Texnologiyaların sürətlə yeniləndiyi bir zamanda gəncləri hazır məhsulların sadəcə istehlakçısı deyil, həmin texnologiyaları yaradan və inkişaf etdirən elmi təfəkkürün daşıyıcıları kimi yetişdirmək strateji əhəmiyyət daşıyır.

Riyaziyyat və dəqiq elmlər gənc insana yalnız düsturları öyrətmir. Onlar məntiqli düşünməyi, hadisələr arasında səbəb-nəticə əlaqəsini görməyi, çətinliklərə yaradıcı yanaşmağı və əsaslandırılmış qərar verməyi öyrədir. Riyazi təfəkkür insanı tələsik mühakimələrdən uzaq tutur, ona hadisələrə sistemli və ardıcıl yanaşmağı aşılayır.

Bu işdə ən böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Məsələn, şagirdə süni intellektin verdiyi cavabı qəbul etməyi deyil, onu yoxlamağı öyrətmək olar: cavab məntiqlidirmi, hesablamalar düzgündürmü, başqa yolla eyni nəticəyə gəlmək mümkündürmü? Belə sadə vərdiş şagirdi texnologiyanın passiv istifadəçisindən düşünən və sual verən araşdırmaçıya çevirir.

Təhsil müəssisələrinin və elmi ictimaiyyətin qarşısında da mühüm vəzifələr dayanır: gənclərdə elmə marağı artırmaq, onları tədqiqat işinə cəlb etmək, istedadlı tələbələri dəstəkləmək və elmi yaradıcılıq üçün əlverişli mühit yaratmaq. Bu gün elmə maraqla yanaşan, sual verməkdən çəkinməyən gənc sabah cəmiyyətin elmi, texnoloji və mənəvi inkişafına töhfə verən mütəxəssisə çevrilə bilər. Gənclərin elmə cəlb olunması gələcəyin intellektual potensialına qoyulan ən dəyərli sərmayələrdən biridir.

Elmi irsin qorunması və nəsillərarası varislik

Müasirliyə və yeniliyə aparan yol keçmişin möhkəm təməlləri üzərində qurulduqda daha dayanıqlı olur. Bu baxımdan elmi irsin qorunması, zəngin elmi ənənələrin yaşadılması və nəsillər arasında varisliyin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan elminin dünya elminə verdiyi töhfələr bunun parlaq sübutudur. Bakıda doğulmuş Lütfi Zadənin yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsi bu gün texnikada və süni intellekt sistemlərində geniş tətbiq olunur. Belə nümunələr göstərir ki, riyazi ideya çox vaxt yarandığı dövrdən xeyli sonra öz əsl dəyərini tapır.

Klassik elmi məktəblərin ənənələri, görkəmli alimlərin illərlə formalaşdırdığı tədqiqat metodları və akademik etikanın prinsipləri gənc tədqiqatçılar üçün örnək olmalıdır. Alimlərin elmi nailiyyətləri ilə yanaşı, onların zəhmətkeşliyi, prinsipiallığı, elmi dürüstlüyü və öyrənmək həvəsi də gələcək nəsillərə ötürülməlidir.

Yeni dövrün imkanları, yəni rəqəmsal arxivlər, informasiya texnologiyaları, süni intellekt və riyazi modelləşdirmə vasitələri keçmişin elmi zənginliyini unutdurmamalı, əksinə, onu daha dərindən öyrənməyə, qorumağa və gələcəyə daşımağa xidmət etməlidir. Çünki kökü möhkəm olmayan ağac ucala bilmədiyi kimi, öz elmi irsinə söykənməyən elmin də davamlı inkişafı çətin olar.

Elmi varislik əvvəlki nəsillərin əldə etdiyi nəticələri qorumaqla bitmir. Bu, həm də həmin nəticələri yeni yanaşmalarla zənginləşdirmək, mövcud biliklərin sərhədlərini genişləndirmək və sonrakı tədqiqatlar üçün möhkəm zəmin yaratmaq deməkdir.

Elmə xidmət insanlığa xidmətdir

Beləliklə, elm nə qədər sonsuz və tükənməz görünsə də, ona doğru atılan hər səmimi addım insanı mənəvi və intellektual baxımdan ucaldır, cəmiyyətin inkişafına töhfə verir. Riyaziyyat isə bu böyük idrak yolunda insan zəkasına təbiətin, kainatın və həyatın qanunauyğunluqlarını anlamağa kömək edən əvəzsiz vasitələrdən biridir.

Elm yolunu seçən insan bilməlidir ki, bu yol təkcə şəxsi nailiyyətlər və elmi adlar uğrunda mübarizə deyil. Bu, həm də daim öyrənmək, araşdırmaq, əldə edilən bilikləri başqaları ilə bölüşmək və gələcək nəsillərin inkişafına xidmət etmək məsuliyyətidir.
Elm dəryasından nəsibimizə düşən zərrəni qorumaq, onu yeni biliklərlə zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin həm elmi, həm də vətəndaşlıq borcudur. Çünki elmin həqiqi dəyəri yalnız əldə edilən nəticələrlə deyil, həmin nəticələrin insanlığa, cəmiyyətə və gələcəyə verdiyi fayda ilə ölçülür.

Elçin Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti, Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi