Hər dərsdə bir addım irəli

12 Noyabr, 2026 - 12:54
Hər dərsdə bir addım irəli

Müəllimlik hər gün öyrənən, müşahidə edən, düşünən və inkişaf edən bir peşədir. Sinif otağında baş verən hər kiçik dəyişiklik, hər yeni uğur və hər qazanılmış bacarıq məqsədyönlü metodiki fəaliyyətin nəticəsi kimi formalaşır. Müasir təlim yanaşmaları müəllimin işini daha sistemli, şagirdin öyrənməsini isə daha mənalı edir. Bu yazıda metodiki işin sinif mühitinə gətirdiyi yeniliklər, şagirdlərin inkişafında yaratdığı müsbət dəyişikliklər və müəllim kimi qazandığım təcrübələr gündəlik müşahidələrim əsasında bölüşülür.

Metodiki işin məktəbimizdə tətbiqi ilə sinfimdə yeni bir nəfəs başladı. 1-ci sinifdən başlayaraq müşahidə etdiyim dəyişikliklər indi 3-cü sinifdə öz bəhrəsini verir. Hər dərsin əvvəlində lövhəyə yazılan təlim nəticəsi və meyar uşaqlar üçün bir yol işığına çevrilib. Ən gözəl məqam isə odur ki, onlar dərsin sonunda “biz bu nəticəyə çatdıq” deyə öz nailiyyətlərini görür və bunu səmimi şəkildə ifadə edirlər. Bu anlar mənim gündəliyimdə sadəcə qeydlər deyil, həm də hisslərimlə dolu səhifələrdir.

Sinifdə artıq daha çox fəallıq var. Uşaqlar suallar verir, öz fikirlərini bölüşür, tapşırıqlara maraqla yanaşırlar. Əvvəllər “bacarmaram” deyənlər indi kiçik uğurlardan sonra özlərinə inanırlar. Onların gözlərindəki parıltı mənim üçün ən böyük mükafatdır. O parıltını görəndə özümü dünyanın ən xoşbəxt müəllimi bilirəm. Lövhədə yazılan nəticə onların gözündə bir “məqsəd xəritəsi” kimi görünür, hər addımda öyrənmənin məsuliyyətini hiss edirlər. Bu dəyişikliklər sinifdə münasibətləri də dəyişdi. Qarşılıqlı hörmət və empatiya artdı, uşaqlar bir-birinin işinə maraq göstərməyə və dəstək olmağa başladılar. Mən bu mühiti müşahidə edərkən sinfimizin kiçik bir ailəyə çevrildiyini hiss edirəm. Müəllim-şagird münasibətlərimiz daha isti və etibarlı oldu. Mən hər bir uşağı daha yaxşı tanıyıram, onların güclü tərəflərini görür, çətinliklərini izləyir və fərdi yanaşma imkanları tapıram.

Dərslərimdə tətbiq etdiyim metodlar bu dəyişiklikləri daha da möhkəmləndirdi. Dərsin əvvəlində yazılan təlim nəticəsi və meyarlar uşaqlar üçün bir yol xəritəsinə çevrildi. Onlar dərs boyu bu nəticəyə doğru addımlayır, sonunda isə öz nailiyyətlərini səmimi şəkildə ifadə edirlər. Bu yanaşma şagirdlərdə reflektiv düşünməni gücləndirdi, öyrənmənin məsuliyyətini hiss etmələrinə şərait yaratdı.
Təlim nəticəsi – sinfin yol işığıdır, uşaqlar bu işığı öz addımları ilə tamamlayır.  Müəllimin gündəliyi isə bu işığın parıltısını gələcəyə daşıyır. Metodiki işin sinifdə yaratdığı dəyişikliklər mənim üçün sadəcə pedaqoji nailiyyət deyil, həm də qəlbimin sevincidir. Mən inanıram ki, hər bir uşağın kiçik addımı böyük uğurlara aparır və bu gündəlik həmin uğurların canlı şahididir.

Hər dərs, hər müşahidə və hər uğur bir daha göstərir ki, məqsədyönlü metodiki fəaliyyət tədrisin keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin özünəinamını, məsuliyyət hissini və öyrənməyə marağını da gücləndirir. Müəllimin ən böyük qazancı isə bu dəyişiklikləri şagirdlərinin inkişafında canlı şəkildə görməkdir. İnanıram ki, peşəkar inkişafı davamlı olan, fəaliyyətini təhlil edən və yeniliyə açıq olan müəllimlər gələcəyin daha uğurlu və daha xoşbəxt nəsillərinin formalaşmasına mühüm töhfə verirlər. Sinif otağında atılan hər düşünülmüş addım gələcəyin möhkəm təməlinə çevrilir və müəllimin gündəliyi həmin yolun ən dəyərli şahidlərindən biri olur.


Leyla Abasova,
Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi