İbtidai siniflərdə təlim yükü və fənn balansının pozulması – "Müəllimin pedaqoji gündəliyi"

24 Noyabr, 2026 - 09:41
İbtidai siniflərdə təlim yükü və fənn balansının pozulması

Uzun müddətdir ibtidai siniflərdə dərs dinləmələri aparıram və apardığım müşahidələr əsasında bir məsələni açıq şəkildə qeyd etmək istəyirəm: şagird nailiyyətlərinin zəifləməsi təkcə fərdi səbəblərlə izah oluna bilməz, burada sistem xarakterli problemlər mövcuddur.İlk olaraq ev tapşırıqları məsələsinə toxunmaq istəyirəm. İbtidai siniflərdə şagirdlər həddindən artıq ev tapşırığı ilə yüklənir. 

Halbuki Nazirlər Kabinetinin 171 nömrəli qərarına uyğun olaraq ibtidai siniflərdə ev tapşırığı şagirdlərin yaş xüsusiyyətlərinə uyğun şəkildə məhdudlaşdırılmalı, onların gündəlik ümumi yükü balanslı şəkildə təşkil edilməlidir. Məqsəd uşağın yalnız akademik deyil, həm də sosial və psixoloji inkişafına imkan yaratmaqdır. Amma praktikada bu norma çox hallarda nəzərə alınmır. Nəticədə şagirdlər yorğun olur, dərsə maraq azalır və öyrənmə prosesi formal xarakter alır.

Eyni zamanda təhsil tədqiqatlarına nəzər saldıqda görürük ki, ev tapşırığının təsiri şişirdildiyi qədər yüksək deyil. John Hattie-nin “Visible Learning” araşdırmalarına əsasən ev tapşırığı şagirdin inkişafına təsir edən amillər arasında orta göstəricilərdə yer alır və xüsusilə ibtidai siniflərdə təsir gücü daha zəifdir. Bu da göstərir ki, əsas inkişaf dərs prosesinin özündə baş verməlidir, ev tapşırığı isə yalnız möhkəmləndirici rol oynamalıdır.

Digər vacib müşahidə etdiyim məsələ ibtidai siniflərdə fənlərarası balansın pozulmasıdır. Texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə dərsləri ya formal keçirilir, ya da onların yerinə riyaziyyat və Azərbaycan dili dərslərinə üstünlük verilir. Halbuki bu fənlər uşağın emosional, sosial və yaradıcı inkişafında mühüm rol oynayır: musiqi emosional tarazlığı və diqqəti gücləndirir, təsviri incəsənət yaradıcılığı inkişaf etdirir, fiziki tərbiyə sağlamlıq və psixoloji rahatlıq yaradır, texnologiya isə praktik düşünmə bacarıqlarını formalaşdırır.

Bu dərslər düzgün keçirildikdə şagird daha balanslı, daha motivasiyalı və öyrənməyə daha açıq olur. Amma əksinə, bu fənlər kənara qoyulub əsasən akademik fənlərə üstünlük verildikdə şagirdlərdə yorğunluq artır, diqqət dağılır və qavrama zəifləyir. Nəticədə daha çox dərs keçmək daha yüksək nəticə vermir.

Bəzən belə bir fikir də irəli sürülür ki, bu fənləri ixtisas müəllimləri keçsə daha yaxşı olar. Mən də düşünürəm ki, bu doğru yanaşmadır. İxtisas müəllimi dərsin metodikasını daha düzgün qurur və şagirdin inkişafına daha peşəkar təsir göstərir. Lakin sistem yanaşması dəyişməzsə, təkcə müəllim dəyişikliyi kifayət etmir.

Digər tərəfdən, valideynlərlə aparılan söhbətlərdə tez-tez ev tapşırığının azaldılması məsələsi gündəmə gətiriləndə fərqli reaksiya ilə qarşılaşıram. Valideynlərin bir qismi ev tapşırığının azaldılmasına müsbət yanaşmır. Hətta bəzən “uşaq evdə daha çox yazmalıdır” düşüncəsi ilə çıxış edirlər. Halbuki uşağın oyun oynaması, yaxınları ilə vaxt keçirməsi və psixoloji rahatlığı da onun inkişafının vacib hissəsidir. Çox tapşırıq bu balansı pozur və uşağı yalnız akademik yük altında saxlayır.

Nəticə olaraq deyə bilərəm ki, ibtidai təhsildə əsas problem şagirdlərin zəifliyi deyil, yanaşma və balans problemidir. Ev tapşırığının həddindən artıq olması, fənlərarası balansın pozulması, valideyn gözləntiləri və səhv prioritetlər şagird inkişafına mane olur. İnkişaf yalnız balanslı, elmi əsaslı və şagirdi mərkəzə qoyan təlim yanaşması ilə mümkündür.

Gülnar İsazadə,
Yevlax şəhər Şıxəli Qurbanov adına 8 nömrəli tam orta məktəbin kimya-biologiya müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.