“Öyrənən ...” seriyasından: Müasir dövrdə müəllim kimdir?
Təhsilin keyfiyyəti haqqında danışarkən çox vaxt məktəblərin maddi-texniki imkanlarını, tədris proqramlarını, dərslikləri, imtahan nəticələrini və yeni texnologiyaları müzakirə edirik. Lakin bütün bu amilləri şagirdin real öyrənmə təcrübəsinə çevirən əsas iştirakçılardan biri – müəllim və onun peşəkar fəaliyyətidir.
Əslində, təhsilin gələcəyi haqqında düşünərkən ilk növbədə bir suala cavab verməliyik: “Müasir dövrdə müəllim kimdir və onun əsas vəzifəsi nədən ibarətdir?” bu sual ilk baxışdan sadə görünə bilər. Çünki ənənəvi təsəvvürümüzdə müəllim müəyyən fənn üzrə bilikləri şagirdlərə öyrədən, onların hazırlığını yoxlayan və qiymətləndirən şəxsdir. Ancaq müasir təhsil reallıqları göstərir ki, müəllimlik peşəsinin mahiyyətini yalnız bu funksiyalarla məhdudlaşdırmaq olmaz.
Bu gün müəllimdən şagirdlərin necə öyrəndiyini anlamaq, onların düşünmə bacarıqlarını inkişaf etdirmək, fərdi ehtiyaclarını nəzərə almaq, məsuliyyətli davranış formalaşdırmaq və davamlı inkişaflarına şərait yaratmaq gözlənilir. Deməli, artıq müəllimlik haqqında təsəvvürümüzü yenidən nəzərdən keçirməyin vaxtıdır.
Bilik ötürmək və öyrənməni təşkil etmək eyni şey deyil
Təsəvvür edək ki, iki müəllim eyni mövzunu, eyni sinif səviyyəsində tədris edir. Birinci müəllim mövzunu ətraflı izah edir, qaydaları lövhədə yazır, bir neçə nümunə göstərir və dərsin sonunda şagirdlərə tapşırıqlar verir. İkinci müəllim də mövzunu izah edir. Lakin əvvəlcə şagirdlərin mövzu haqqında nə bildiyini müəyyənləşdirir, onların əvvəlki biliklərini yeni məlumatlarla əlaqələndirir, düşündürücü suallar verir, mümkün səhvləri araşdırır və dərsin sonunda hansı şagirdin nəyi mənimsədiyini yoxlayır.
Hər iki müəllim dərs keçir. Ancaq onların tədrisə yanaşmaları arasında mühüm fərq var. Birinci müəllimin əsas diqqəti mövzunun izahına yönəlirsə, ikinci müəllimin diqqəti həmin izahın şagird tərəfindən necə başa düşülməsinə və tətbiq edilməsinə yönəlir. Əlbəttə, izah etmək müəllimin vacib bacarığıdır. Ancaq yaxşı izahın özü hələ bütün şagirdlərin öyrəndiyini sübut etmir.
Tədrisin baş tutması ilə öyrənmənin baş verməsi eyni anlayışlar deyil
Şagird müəllimi diqqətlə dinləyə, qeydlər apara, hətta izah edilən nümunəni təkrarlaya bilər. Lakin bu, onun həmin biliyi yeni vəziyyətdə müstəqil tətbiq edə bildiyi demək deyil. Məhz buna görə müasir müəllimin əsas peşəkar sualı yalnız “Mən mövzunu necə izah edəcəm?” olmamalıdır. O, özünə həm də “Şagirdlər nəyi öyrənməlidirlər?”, “Bunu necə öyrənəcəklər?” və “Öyrəndiklərini hansı sübutlarla müəyyən edəcəm?” suallarını verməlidir. Bu yanaşma müəllimin rolunu bilik təqdim edən şəxsdən öyrənmə prosesini məqsədyönlü təşkil edən peşəkara doğru genişləndirir.
Müəllimlik bilik, qərarvermə və fəaliyyət vəhdətidir
Təhsil tədqiqatçısı Kris Kiriaku müəllimlik bacarıqlarını üç mühüm komponentin qarşılıqlı əlaqəsi kimi izah edir: bilik, qərarvermə və fəaliyyət. Bu yanaşma müəllim peşəsinin mürəkkəbliyini anlamaq baxımından olduqca əhəmiyyətlidir.
Müəllim öz fənnini yaxşı bilməlidir. Lakin o, eyni zamanda həmin biliyi hansı ardıcıllıqla, hansı üsullarla və hansı şagirdlərə necə təqdim etməyin daha məqsədəuyğun olduğunu müəyyənləşdirməlidir. Dərs zamanı gözlənilməz vəziyyət yarandıqda müəllim əvvəlcədən hazırladığı plana kor-koranə bağlı qalmamalı, mövcud vəziyyəti düzgün qiymətləndirərək pedaqoji qərar verə bilməlidir. Məsələn, müəllim şagirdlərin əksəriyyətinin yeni anlayışı başa düşmədiyini müşahidə edirsə, planlaşdırdığı növbəti tapşırığa keçmək əvəzinə əlavə izah, fərqli nümunə və ya başqa fəaliyyət seçə bilər. Burada müəllimin peşəkarlığı sadəcə nə bildiyində deyil, bildiklərini konkret şəraitdə necə tətbiq etdiyində üzə çıxır.
Bu mənada müəllimlik elmi biliklərə əsaslanan, situasiyanı düzgün qiymətləndirməyi və əsaslandırılmış qərarlar qəbul etməyi tələb edən intellektual fəaliyyətdir.
Müəllim şagirdin şəxsiyyətinə də təsir edir
Müəllimlik peşəsinin ikinci mühüm xüsusiyyəti onun insan inkişafı ilə birbaşa əlaqəli olmasıdır. Məktəbə gələn şagird müəyyən maraqları, ehtiyacları, qorxuları, qabiliyyətləri, sosial təcrübəsi və inkişaf imkanları olan insandır. Şagirdin özünə münasibəti, bacarıqlarına inamı, səhvlərə yanaşması və öyrənməyə həvəsi müəllimlə gündəlik münasibətlərindən də təsirlənə bilər.
Pedaqoq və psixoloq Doğan Cüceloğlunun müəllimlik haqqında düşüncələrində də bu insan amili xüsusi yer tutur. Onun yanaşmasında müəllimin gücü yalnız izah etdiyi biliklərdə deyil, şagirdə göstərdiyi diqqətdə, münasibətdə və onun həyatına toxunmaq imkanındadır. Bir müəllimin şagirdə verdiyi düşünülmüş sual, göstərdiyi etimad və ya vaxtında verdiyi dəstək həmin şagirdin öz imkanlarını yenidən qiymətləndirməsinə səbəb ola bilər.
Lakin burada vacib bir məqamı da nəzərə almalıyıq. Şagirdə müsbət münasibət göstərmək pedaqoji peşəkarlığın əvəzi deyil. Səmimiyyət, qayğı və empatiya müəllimin elmi-metodiki hazırlığı ilə tamamlanmalıdır. Yaxşı müəllim həm şagirdi anlayan, həm də ona keyfiyyətli öyrənmə imkanları yaradan mütəxəssisdir. Bu iki xüsusiyyətdən birinin çatışmaması tədrisin keyfiyyətini məhdudlaşdıra bilir.
Müəllimin peşəkar kimliyi necə formalaşır?
Müəllimlik peşəsinin yeni tərifində mühüm anlayışlardan biri də peşəkar kimlikdir. Peşəkar kimlik müəllimin özünü necə gördüyünü, peşəsinə hansı dəyərləri bağladığını, şagirdlər və cəmiyyət qarşısında məsuliyyətini necə anladığını ifadə edir. Dünya Bankının 2026-cı ildə dərc etdiyi “From Prospective to Prepared Teacher” adlı qlobal araşdırmada müəllimlərin ilkin hazırlığının yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmamalı olduğu vurğulanır. İbtidai sinif müəllimlərinin hazırlığına həsr edilmiş bu tədqiqatda peşəkar kimliyin, etik dəyərlərin, praktik təcrübənin və mentorluğun əhəmiyyəti xüsusi qeyd edilir. Bu yanaşma mühüm nəticəyə gətirir: müəllimlik peşəsinə hazırlıq yalnız universitet diplomu ilə başa çatan proses kimi düşünülməməlidir. Müəllim peşəyə başladıqdan sonra da öyrənməli, fəaliyyətini təhlil etməli, həmkarlarından öyrənməli və öz bacarıqlarını təkmilləşdirməlidir.
Çünki müəllimin peşəkarlığı dəyişməz xüsusiyyət deyil. O, məqsədyönlü təcrübə, geribildirim, refleksiya və davamlı öyrənmə vasitəsilə inkişaf etdirilən səriştələr sistemidir. Bu baxımdan hər bir müəllimin özünə mütəmadi olaraq verməli olduğu mühüm sual var: “Mən son bir ildə şagirdlərimin daha yaxşı öyrənməsi üçün öz fəaliyyətimdə nəyi dəyişmişəm?” Əgər bu suala konkret nümunələrlə cavab verə biliriksə, deməli, peşəkar inkişafımız haqqında daha əsaslı danışa bilərik.
Müəllimin yeni rolunu məktəb sistemi dəstəkləməlidir
Müəllimin rolunu yenidən müəyyənləşdirmək yalnız onun qarşısına daha çox tələb qoymaq anlamına gəlməməlidir. Müasir müəllimdən daha keyfiyyətli dərs, fərdi yanaşma, obyektiv qiymətləndirmə, effektiv ünsiyyət və davamlı inkişaf gözləyiriksə, bu fəaliyyətləri mümkün edən məktəb mühitini də yaratmalıyıq. Müəllimin öyrənməsi üçün vaxt, peşəkar dəstək və etibarlı geribildirim lazımdır. Yeni müəllimin təcrübəli mentorla işləməsi, müəllimlərin bir-birinin dərslərini müşahidə etməsi, fənn birliklərində tədris problemlərinin araşdırılması və məktəb rəhbərliyinin inkişafyönümlü münasibəti təsadüfi təşəbbüslər deyil, sistemli fəaliyyət mexanizmləri olmalıdır.
Eyni zamanda müəllim fəaliyyətinin keyfiyyətini yalnız şagirdlərin imtahan balları ilə ölçmək də düzgün olmaz. Şagird nailiyyətlərinə əvvəlki hazırlıq səviyyəsi, ailə və sosial mühit, təlim resursları və digər amillər təsir göstərir. Buna görə müəllimin peşəkarlığı dərs müşahidələri, şagird işlərinin təhlili, öyrənmə dinamikası və digər etibarlı sübutlar əsasında daha ədalətli qiymətləndirilməlidir. Müəllimdən yüksək peşəkarlıq tələb edən təhsil sistemi həmin peşəkarlığın inkişafı üçün də şərait yaratmalıdır. Bu, həm təhsilin keyfiyyəti, həm də müəllim peşəsinin nüfuzu baxımından əsas şərtlərdən biridir.
Azərbaycan məktəbi üçün yeni düşüncə
Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan müzakirələrdə müəllim hazırlığına, peşəkar inkişafına və fəaliyyətinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilməsi vacibdir. Lakin bu istiqamətlər bir-birindən təcrid olunmuş tədbirlər kimi deyil, müəllimin bütün peşə həyatı boyunca davam edən vahid inkişaf sistemi kimi nəzərdən keçirilməlidir.
Müəllim olmaq istəyən şəxsin seçilməsindən başlayaraq universitet hazırlığına, pedaqoji təcrübəyə, məktəbə adaptasiyaya, mentorluğa, fəaliyyətin qiymətləndirilməsinə və karyera inkişafına qədər bütün mərhələlər eyni məqsədə xidmət etməlidir: şagirdlərin daha yaxşı öyrənməsinə şərait yaradan peşəkar müəllimlərin yetişdirilməsinə.
Bu məqsədlə məktəblərimizdə ilk növbədə üç istiqamətdə düşüncə dəyişikliyinə ehtiyac vardır:
• Birincisi, müəllimin fəaliyyəti yalnız keçdiyi mövzuların və yerinə yetirdiyi işlərin həcmi ilə deyil, şagirdlərin öyrənməsinə yaratdığı imkanlar və əldə olunan sübutlarla təhlil edilməlidir.
• İkincisi, müəllimlərin peşəkar inkişafı formal təlim iştirakından real pedaqoji bacarıqların inkişafına yönəlməlidir.
• Üçüncüsü, məktəb idarəçiliyində nəzarət və hesabatlılıqla yanaşı, müəllimə dəstək, əməkdaşlıq və inkişaf mədəniyyəti gücləndirilməlidir.
Bu dəyişikliklər yalnız ayrı-ayrı müəllimlərin fərdi təşəbbüsü ilə deyil, məktəb rəhbərliyi, müəllim hazırlığı müəssisələri və təhsili idarə edən qurumların əlaqələndirilmiş fəaliyyəti ilə daha davamlı nəticə verə bilər.
Müəllim peşəsini yenidən düşünməliyik
Müasir müəllimi nə yalnız bilik mənbəyi, nə sadəcə dərsi idarə edən şəxs, nə də yalnız imtahan nəticələrinə görə məsuliyyət daşıyan mütəxəssis kimi xarakterizə etmək kifayət deyildir. Müəllim fənnini bilən, öyrənmə prosesini anlayan, şagirdin inkişaf ehtiyaclarını müəyyənləşdirən, pedaqoji qərarlar qəbul edən, etik məsuliyyət daşıyan və öz fəaliyyətini daim təkmilləşdirən peşəkardır. Onun işi təkcə mövzunu izah etmək deyil, şagirdin biliyi anlamasına, düşünməsinə, tətbiq etməsinə və müstəqil öyrənmə bacarıqları qazanmasına kömək etməkdir.
Əlbəttə, müəllim təkbaşına təhsilin bütün problemlərini həll edə bilməz. Ancaq keyfiyyətli təhsilin yaradılmasında müəllimin peşəkar rolu əvəzolunmazdır. Ona görə də Azərbaycan təhsilinin gələcəyini qurmaq istəyiriksə, müəllimlik peşəsinin mahiyyətini, müəllim hazırlığını və peşəkar inkişaf sistemini yenidən düşünməliyik. Çünki təhsilin gələcəyi yalnız məktəblərdə nə öyrədildiyindən deyil, həmin məktəblərdə necə öyrədildiyindən, şagirdin necə öyrəndiyindən və bu prosesi təşkil edən müəllimin nə dərəcədə peşəkar olduğundan da asılıdır. Müəllim peşəsinin yeni memarlığı məhz bu düşüncədən başlanmalıdır.
Rəsul Ağayev, Təhsil idarəçisi, təhsil mütəxəssisi
Məqalənin elmi əsasları:
• Kris Kiriaku, “Essential Teaching Skills”: http://dspace.khazar.org/bitstream/20.500.12323/4235/1/Essential%20Teaching%20Skills%2C%20Third%20Edition%20by%20Chris%20Kyriacou%20%28z-lib.org%29.pdf
• Doğan Cüceloğlu, “Öğretmenim Bir Bakar Mısın?”: https://www.scribd.com/document/1019966437/O-g-retmenim-Bir-Bakar-M%C4%B1s%C4%B1n-Dog-an-CU-CELOG-LU
• Dünya Bankı, “From Prospective to Prepared Teacher (2026)”: https://openknowledge.worldbank.org/server/api/core/bitstreams/cc2eba5f-0e8e-4b49-9fb9-4e8612619219/content




