İrəvan xanlığının I Rusiya-İran müharibəsində hərbi-siyasi mübarizəsi
Regional münaqişələr müstəvisində İrəvan xanlığının geosiyasi mövqeyi və hərbi-strateji əhəmiyyəti
XIX əsrin əvvəlləri Cənubi Qafqaz regionu üçün böyük imperiyaların qanlı nüfuz müharibələrinə səhnə olan dramatik bir dövrlə xarakterizə olunur. Regionun geosiyasi xəritəsində xüsusi yer tutan Azərbaycan xanlıqları, o cümlədən İrəvan xanlığı həm daxili müstəqilliklərini qorumaq, həm də regional güclərin təzyiqlərinə müqavimət göstərmək məqsədilə mühüm sınaqlarla üz-üzə qalmışdı. Rusiya imperiyasının Cənubi Qafqazda möhkəmlənmək strategiyasında İrəvan xanlığı həm Osmanlı, həm də Qacar dövlətləri ilə həmsərhəd olması baxımından həlledici strateji və hərbi plasdarm hesab edilirdi.
1804–1813-cü illəri əhatə edən Birinci Rusiya-İran müharibəsi dövründə İrəvan xanlığı rus qoşunlarının əsas hədəfinə çevrilmiş və dəfələrlə ağır mühasirə və hücumlarla qarşılaşmışdı. Lakin imperiya ordusunun böyük hərbi üstünlüyünə baxmayaraq, xanlığın qətiyyətli rəhbərləri, yerli qarnizon və dinc əhali işğalçılara qarşı böyük şücaət və sarsılmaz müqavimət nümayiş etdirmişlər. Bu araşdırmada müharibənin gedişində İrəvan xanlığının siyasi-hərbi mövqeyi, general P. Sisianov və İ. Qudoviçin uğursuz hücumları, Sərdarabad qalasının xanlığın müdafiə sistemindəki rolu və rus hərbi birləşmələrinin bölgədəki cəza tədbirləri tarixi faktlar işığında ətraflı şəkildə təhlil olunur.
Müharibə ərəfəsində Cənubi Qafqaz və İrəvan xanlığında geosiyasi vəziyyət
Cənubi Qafqaz siyasi, iqtisadi və strateji mövqeyinə görə Rusiya imperiyasının diqqət mərkəzində və hədəfində idi. XVIII əsrin sonlarında siyasi və hərbi gücü artan Rusiya bu məqsədinə nail olmaq üçün Cənubi Qafqaza böyük ordu göndərdi. Cənubi Qafqaz Qacar, Osmanlı və Rusiya dövlətlərinin müharibə arenasına çevrildi. 1804-cü ilin mayında Fətəli şah başda olmaqla Qacar dövlətinin ali feodal təbəqələri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi. Bununla da Cənubi Qafqazda hökmranlıq edən Qacar dövləti ilə Rusiya arasında 10 il davam edən müharibə başladı.
Hələ müharibə başlamadan öncə İrəvan xanlığı siyasi və strateji baxımdan Rusiyanın hədəfində idi. Rusiya hesab edirdi ki, Cənubi Qafqazın taleyi İrəvan xanlığında həll olunur. Çünki xanlıq həm Osmanlı, həm də İranla qonşu olduğundan Rusiya bu ərazini işğal edib iki müsəlman ölkə ilə sərhəddə özünə müdafiə bazası yaratmağa çalışırdı. Bu planın icrasında ona ancaq ermənilər kömək edə bilərdi. İrəvan xanlığının az saylı əhalisi olan ermənilər isə Rusiyanın mənafeyini qorumaqla öz məqsədlərini reallaşdırmaq istəyirdilər.
Rusiya tərəfindən İrəvan qalasına birinci və ikinci hücumlar
İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə iki dəfə hücuma məruz qalmışdı. Bunların birincisi, 1804-cü ildə Rusiyanın Qafqazdakı qoşunlarının komandanı Pavel Sisianovun (1802-1806) komandanlığı altında baş vermişdi. 10 min əsgər və 20 topa sahib ordu ilə qarşılaşan İrəvan xanlığı həmin dövrdə nominal olaraq müstəqil idi və Qacar ordusu tərəfindən hədələnirdi. Qacar şahı Abbas Mirzənin 30 min əsgər və 6 topa sahib ordusu ruslar tərəfindən məğlub edilsə də, İrəvanın müqaviməti davam edirdi. İrəvan xanlığı 7 minlik ordusu və naxçıvanlı Kəlbalı xanın köməyə gələn qoşunu ilə rus ordusuna qarşı döyüşürdü. Ruslar qalanı mühasirəyə almışdı, xanı Qacarlar da təhdid edirdi. İyulun 25-də qalada mühasirədə olan süvari birlikləri rus batareyasına hücum etdilər, topçular öldürüldü. Bu hücumda xeyli itki verən Sisianov geri çəkilməyə məcbur oldu. Təhlükə sovuşandan sonra İrəvan xanı Məhəmməd xan Qacar qalanın qapılarını Qacarların üzünə açdı. Məhəmməd xan Tehrana göndərildi və Fətəli şah Qacar tərəfindən sürgün edildi. Sisianovun məğlubiyyətindən sonra İrəvana edilən ikinci hücuma Rusiyanın Qafqazdakı qoşunlarını yeni baş komandanı general-feldmarşal İvan Qudoviç (1806-1809) başçılıq edirdi. Sisianovla müqayisədə yeni təyin olunan sərkərdə ərazi ilə bağlı kifayət qədər məlumatlı deyildi. O, yeni təyin olunan İrəvan xanı Hüseynqulu xanın ona yetərincə müqavimət göstərə bilməyəcəyini düşünürdü. Lakin Hüseynqulu xan bilirdi ki, ruslar yenidən hücuma keçəcəklər. Buna görə də toplarla dağıdılan qala divarlarını bərpa etdirib əlavə tökmə və barıt emalatxanaları açdırdı, ərzaq və silah ehtiyatı gördü, qala bürclərində karteçlə atəş açan toplar qoydu.
1808-ci il sentyabrın 25-də İvan Qudoviçin səkkiz minlik ordusu İrəvana hücum etdi. Qala iki min döyüşçü tərəfindən müdafiə olunurdu. Onlara xanın qardaşı ″Sarı aslan″ ləqəbli Həsən başçılıq edirdi. Hüseynqulu xanın hazırladığı plana əsasən əsas qüvvə qaladan çıxıb rus ordusuna arxadan zərbə endirməli idi. Qudoviç düşünürdü ki, qalanı döyüşsüz alacaq. Buna görə də hücuma başlamadan öncə qala komandanlığına təslim olmaları haqda məktub göndərmişdi. Bu tələb qala müdafiəçiləri tərəfindən rədd edildi. İrəvan qalasına hücum 1808-ci il noyabrın 17-si səhər saat 5-ə planlaşdırılmışdı. Rus qoşunları beş kolona bölündü. Dörd kolon müxtəlif istiqamətlərdən hücum etməli, beşinci kolon isə ehtiyatda dayanmalı idi. İrəvan qalası rus artilleriyası tərəfindən top atəşinə tutuldu. Rus qarnizonu irəliləməyə çalışsa da, qala müdafiəçilərinin atdıqları şiddətli top atəşi, onlara ağır itkilər yetirir və irəliləmələrinin qarşısını alırdı. Bu döyüşdə rus ordusundan 17 zabit və 269 əsgər öldürüldü, təqribən 900 nəfər yaralandı. Bu, onlar üçün gözlənilməz itki idi. İki həftədən sonra mühasirə başa çatdı və ruslar Tiflisə qayıtdılar.
İrəvan xanlığının əks-hücumları və diplomatik gərginlik
1809-cu il iyunun axırlarında şahın böyük oğlu Məhəmmədəli xanın başçılığı ilə 15.000 nəfərlik Qacar qoşunu İrəvana gəldi. Qoşunun məqsədi Pəmbək və Şörəyeldə yerləşən rus sərhəd məntəqələrinə hücum etmək idi. Bu hücumun qarşısı rus qoşunları tərəfindən alındı. Buna baxmayaraq, Hüseynqulu xanın qoşunları yenə də tez-tez rus qoşununun işğalı altında olan ərazilərə hücumlarını davam etdirirdi. Onun göstərişinə əsasən, 1810-cu il iyunun əvvəllərində Nağı bəyin başçılığı altında iki minlik İrəvan qoşunu Rusiyanın işğalında olan Qazax sultanlığına göndərildi. Orada rus qoşunlarına itki verdirib, qənimətlə geriyə qayıtdı.
Rusiyanın Cənubi Qafqazdakı uğursuzluğu regionda ingilislərin və fransızların fəallığını artırdı. Xüsusilə, ingilislər İranın xarici siyasətində mühüm rol oynamağa başladılar. Bu məqsədlə ingilis hərbi mütəxəssislərinin bir dəstəsi Osmanlı ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan xanı Hüseynqulu xan 20 minlik qoşunla Osmanlı ərazisindən Gürcüstana hücum etdi. Lakin o, bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi. Osmanlı ərazisindən keçməklə Pəmbək və Şörəyelə hücum planı boşa çıxdıqdan sonra Hüseynqulu xan Abbas Mirzədən ehtiyat edərək İrəvana qayıtmadı. O, dəstəsi ilə Arpaçayın Araza töküldüyü yerdə, Hacıbayramlı kəndində düşərgə saldı. Hüseynqulu xan buradan Koroğlu qalasına getmək niyyətində idi. Həmin vaxt Hamamlı döyüşündə məğlub olmuş şah qoşunu Abbas Mirzənin komandanlığı altında İrəvanda mövqe tutmuşdu. Abbas Mirzə, İrəvanı tərk etməmişdən əvvəl Hacıbayramlı kəndində dayanmış Hüseynqulu xana geri qayıtmağa icazə verdi. Xan isə ancaq ona üç dəfə xəbər yollandıqdan sonra İrəvana qayıtmışdı.
Sərdarabad qalasının inşası və yeni müdafiə strategiyası
Hüseynqulu xan xanlığın müdafiə mövqelərini artırmaq məqsədilə 1810-cu ildə İrəvan qalasına gedən yolda, Alagöz dağı yaxınlığında İrəvan xanlığının ikinci böyük qalası olan Sərdarabad qalasını tikdirməyə başladı. Qalanın tikintisi 1815-ci ildə başa çatdırıldı. Qala Arazın sol sahilində, dörd bucaqlı formada düzən yerdə salınmışdı. Dairəsi 4 verst, üç tərəfdə qülləsi olan, çiy kərpicdən tikilmiş bu qala ikiqat divarla əhatə olunmuşdu. Çöl divarı daha qalın və hündür idi. Qüllələrdən 6-sı çöl, 4-ü isə iç divarda yerləşirdi. Qalanın cənub tərəfi birqat divara malik idi. Bu tərəfdə salınmış bağ geniş və sıx olduğundan qalaya yaxınlaşmaq çətinlik yaradırdı. Bütün hərbi qalalarda olduğu kimi, Sərdarabad qalasının ətrafı da xəndəklə əhatə olunmuşdu. Qalada xan sarayı və 700 ev vardı. Burada 22 top və 3 min nəfərlik qarnizon saxlanılırdı. Qalanın rəisi Həsən xan idi. Həsən xan qalada olmadıqda onu nəvəsi, yeniyetmə Fətəli şah əvəz edirdi. Araz çayından çəkilən su kanalı qalanı həm suvarma suyu, həm də içməli su ilə təchiz edirdi. Bundan əlavə, mühasirə dövründə kanalın qarşısını kəsmək və yönünü dəyişmək mümkün idi. Şah qoşunları cənub istiqamətində geri çəkilsə də, Hüseynqulu xan rus qoşununa qarşı mübarizəni davam etdirirdi. Hüseynqulu xan İrəvana qayıtdıqdan sonra da Osmanlı paşaları ilə birlikdə Şörəyelə və Pəmbəyə hücum planından əl çəkmədi. O, tezliklə Ərzurum hakimi Emin paşa ilə əlaqə yaratdı. Hücum planını müzakirə etmək üçün onlar arasında görüş təyin edildi. Bu görüş 1811-ci il avqustun 30-da Arpaçayın sağ sahilində yerləşən Mağizberd qalasının yaxınlığında olmalı idi. Lakin Emin paşa buraya yaxınlaşarkən sui-qəsd nəticəsində öldürüldü, görüş baş tutmadı. Nəticədə Hüseynqulu xan İrəvana əliboş qayıtdı.
İrəvan xanlığına qarşı işğalçı hücumların şiddətlənməsi və Gülüstan müqaviləsinin imzalanması
1810-cu ilin aprelində şahın təklifi ilə Əsgəranda Rusiya ilə İran arasında danışıqlar aparılırdı. Bu dövrdə Rusiya İrəvanı onun himayəsinə girməyə məcbur etməyə çalışır, bir-birinin ardınca İrəvana qarətçi və dağıdıcı hərbi yürüşlər təşkil edirdi. Baş komandanın belə yürüşlərdən birinə hazırlaşan Lisaneviçə verdiyi göstərişdə deyilirdi: "Bu ekspedisiya ilə onlara qarşı güclü dəhşət və dağıntılar törədin ki, bu, heç vaxt onların yadından çıxmasın. Bacardıqca çoxlu ailə əsir götürün". 4 tabor və 200 atlı ilə qəfil hücum edən Lisaneviçin başçılığı ilə 10 gün ərzində İrəvanda çoxlu dinc əhali qətlə yetirildi, kəndlər dağıdıldı. 1813-cü ilin martında polkovnik Pestel İrəvan xanlığına yeni yürüşə başladı. Xeyli canlı qüvvə və 6 topla hücum edən rus qoşunları xanlığın əhalisinə ağır zərbə vurdu. Baş komandan həmin yürüşdəki "şücaətinə" görə Pestelə birinci dərəcəli Müqəddəs Anna ordenini təqdim etdi.
Çar Rusiyası ordusunun vəhşiliyi nəticəsində çoxlu dinc əhali qətlə yetirildi, kəndlər yerlə-yeksan edildi. Həmin ilin oktyabrın 12-də Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin bitdiyini bildirən müqavilə imzalandı. Gülüstan müqaviləsi Azərbaycanda Rusiyanın mövqeyini artırdı. Müqaviləni Qacarlar tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə general Nikolay Rtişev imzaladı. Bu sülh müqavilənin şərtlərinə əsasən İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Talış, Şirvan, Quba, Dərbənd, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiyaya verildi. Azərbaycanın güclü və nüfuzlu xanlıqlarının işğalı İrəvan xanlığının da ittifaqqurma və müdafiə vəziyyətinə təsir göstərdi. Xanlıqları talayıb onlardan topladığı qənimət və resurslarla Şimali Azərbaycanda xeyli möhkəmlənən Rusiyanın məqsədi İrəvan və Naxçıvan xanlığını da özünə tabe edib, Cənubi Qafqazı tamamilə ələ keçirmək idi.
Birinci Rusiya-İran müharibəsi (1804–1813) dövründə İrəvan xanlığının nümayiş etdirdiyi hərbi və siyasi müqavimət Cənubi Qafqazın tarixində silinməz izlər qoymuşdur. Araşdırmadan əldə olunan tarixi faktlar göstərir ki, Rusiya imperiyasının bölgəni tamamilə nəzarətə götürmək planlarında İrəvan xanlığı həlledici mövqe rolunu oynayırdı. Regionun taleyinin bu xanlıqda həll olunacağını anlayan çar generalları xanlığı tabe etmək üçün bütün hərbi və diplomatik resurslarını səfərbər etmişdilər.
Nəticə:
• İrəvan xanlığı həm daxili, həm də xarici təhdidlərə baxmayaraq, xüsusilə Məhəmməd xan, Hüseynqulu xan və onun qardaşı Həsən xanın ("Sarı aslan") rəhbərliyi altında rus ordusunun 1804 və 1808-ci illərdəki irimiqyaslı hücumlarını qətiyyətlə dəf edə bilmişdir.
• Mühasirə dərslərindən nəticə çıxaran xanlıq rəhbərliyi təkcə mövcud qalaları bərpa etməklə kifayətlənməmiş, eyni zamanda 1810–1815-ci illərdə mükəmməl memarlıq və müdafiə strukturuna malik Sərdarabad qalasını inşa etdirərək öz hərbi potensialını maksimum dərəcədə gücləndirmişdir.
• Müharibə meydanında yerli qarnizonların müqavimətini qıra bilməyən Rusiya komandanlığı Lisaneviç və Pestel kimi zabitlərin başçılığı altında dinc əhaliyə qarşı terror, kütləvi qətl və talan siyasətinə əl atmışdır. Bu cəza ekspedisiyaları imperiyanın bölgədəki işğalçılıq missiyasının real simasını nümayiş etdirmişdir.
Birinci Rusiya-İran müharibəsi dövründə İrəvan xanlığının apardığı mübarizə, böyük hərbi qüvvəyə qarşı yerli resursların düzgün təşkili və sarsılmaz vətənpərvərlik ruhunun bariz nümunəsidir. Çar Rusiyası bu dövrdə xanlığı hərbi yolla tamamilə ram edə bilməmiş və onun strateji mövqeyi regiondakı geopolitik tarazlığa həlledici təsir göstərmişdir.
Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis




