İrəvan xanlığının inzibati-ərazi quruluşu və idarəetmə sistemi

18 Oktyabr, 2026 - 12:05
İrəvan xanlığının inzibati-ərazi quruluşu və idarəetmə sistemi

Azərbaycanın dövlətçilik tarixində xanlıqlar dövrü xüsusi və mürəkkəb bir mərhələni təşkil edir. Bu dövrdə formalaşmış siyasi qurumlardan biri olan İrəvan xanlığı, regionun strateji cəhətdən ən mühüm məntəqələrindən biri olmaqla yanaşı, həm də köklü inzibati-idarəetmə ənənələrinə sahib idi. Səfəvilər epoxasından miras qalmış ərazi bölgüsünü qoruyub saxlayan xanlıq, xarici siyasi təzyiqlərə və Rusiya işğalı prosesinə qədər özünün müstəqil, mərkəzləşdirilmiş idarəetmə aparatını qurmağa nail olmuşdur. İrəvan xanlığının daxili idarəçilik sistemi təkcə xanın mütləq hakimiyyətinə deyil, həm də mükəmməl fəaliyyət göstərən mərkəzi divan aparatına, geniş məmur şəbəkəsinə, nizami hərbi struktura və ədalətli məhkəmə sisteminə söykənirdi. Azərbaycan türkcəsinin dövlət dili olaraq işlənilməsi və idarəetmə kadrlarının tamamilə yerli kübar təbəqədən formalaşması bu dövlət qurumunun etnik və siyasi baxımdan milli xarakterini bariz şəkildə nümayiş etdirir.

XIX əsrin əvvəllərində İrəvan xanlığının siyasi və inzibati sistemi: Səfəvilər dövründə tərtib edilən inzibati-ərazi quruluşu siyasi vəziyyətdən asılı olaraq dəyişikliyə uğrasa da, mahalların adları dəyişilməz qalmışdı. Xanlığın inzibati-ərazi quruluşu Rusiya işğalından (1828) əvvəl və ondan sonra da davam etmişdi. Hətta Kameral təsvirlərin tərtib edildiyi 1831-ci ildə belə əvvəlki adlar saxlanmışdı. İrəvan bölgəsi də inzibati-ərazi quruluşu baxımından mahallara bölünmüşdü. İrəvan xanlığı Qırxbulaq, Şərur, Zəngibasar, Sürməli, Gərnibasar, Dərəkənd-Parçenis, Vedibasar, Göyçə, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdərabad, Körpübasar və ya Talın, Abaran, Dərəçiçək adlanan 15 mahaldan ibarət idi . Bu mahallarda 831 kənd qeydə alınmışdı. 
İrəvan xanlığında Azərbaycan türkcəsi dövlət dili, fars dilindən isə zərurət yarandığı halda ancaq rəsmi yazışmalarda istifadə olunurdu. Zəngin dövlətçilik ənənələri formalaşan İrəvan xanlığında idarəçilik sisteminin başında bir qayda olaraq azərbaycanlılar dururdu. Xanlığının ərazisində yaşayan azsaylı ermənilər idarəçilikdə təmsil olunmurdu, onlar yalnız və yalnız adi vergi ödəyiciləri idilər. İrəvan xanlığının İran Qacarlar dövlətindən asılılığı nominal xarakter daşıyırdı. Xan müstəqil xarici siyasət yürüdür, zəruri hesab etdikdə qonşu dövlətlərə müharibə elan edir, öz qoşununu müttəfiqlərinin köməyinə göndərirdi. 

İrəvan xanının istənilən məsələnin həllinə qarışma səlahiyyəti vardı. Qanunverici, icraedici və məhkəmə onların hakimiyyətinə tabe idi, daxili və xarici məsələlərlə bağlı bütün işlər xanın razılığı əsasında həyata keçirilirdi. Xan tərəfindən ənənələrlə yanaşı, nüfuzlu feodal klanların, ruhanilərin, tacirlərin, varlı sənətkarların maraqları nəzərə alınmalı idi. Bu xanın üzərinə xeyli məsuliyyət qoyurdu. Xana onun təyin etdiyi məmurlar kömək edirdi. İnzibati idarəetmə sisteminin başında yüksək statusa mailik divan dayanırdı. Divan xan başda olmaqla yüksəkvəzifəli şəxslərdən təşkil olunan, mühüm, dövlət əhəmiyyətli məsələlərin müzakirə edildiyi, həmçinin müharibə, sülh, vergi yığılması və qatı cinayətlər kimi bu və ya digər məsələlərin həll olunduğu yüksək instansiya idi. Divana xanın ən yaxın adamlarından olan və onun tərəfindən təyin edilən divan bəyi (″sahib-i divan″) başçılıq edirdi. Divanbəyi maliyyə məsələləri, paytaxt və kəndlərin idarə olunmasından məsul idi. Divan xan və vəzir də daxil olmaqla, sarayda mühüm vəzifə tutan və hərəsi bir sahəni idarə edən mirzələrdən və Şeyxülislamdan ibarət olurdu. Baş vergi toplayıcısı və baş ordu xəzinədarı da divanın üzvləri idi. Xanın divanında yüzə qədər məmur çalışırdı. Xan sarayında vəzirlə birlikdə maliyyə işlərinə baxan sərkər-ali, xanın saray təsərrüfatını idarə edən eşikağası, xəzinəyə başçılıq edən xəzinədar, xəzinənin mədaxil və məxaricinə nəzarət edən sandıqdarağası, məhsul yığılan anbarlara nəzarət edən anbardarağası, saray mühafizəçilərinin başçısı qoruqbaşı, texniki işlərə məsul kəhya  və digər vəzifələr də vardı. Mühafizə xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsini təmin edir, ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı. Xanın əmrlərinin və məhkəmə qərarlarının icrası ilə müsaillər məşğul olurdular. Məhsulla alınan vergilərin yığılmasına darğalar cavabdeh idi. 

İrəvan xanlığnın daxili idarəçiliyi, sosial-iqtisadi həyatı və hərbi-hüquqi strukturu: İrəvan şəhəri bir mərkəz olaraq xanlığın tərkibinə ayrıca inzibati vahid kimi daxil edilmişdi. O dövrdə şəhər 4 hissədən – Qala, Şəhər (Əski şəhər), Təpəbaşı və Dəmirbulaq hissələrindən ibarət idi. Şəhər rəisi vəzifəsini xan tərəfindən təyin olunan naib həyata keçirirdi. Naib təsərrüfat, iqtisadi və inzibati işlərlə məşğul olur, vergilərin vaxtında toplanmasına nəzarət edirdi. Xan müvəqqəti olaraq bir neçə günlüyə şəhəri tərk edəndə İrəvanın idarəçiliyi ona keçirdi. İrəvan qala-şəhər olduğu üçün, onun müdafiəsinə nəzarət və mühafizəsindən məsul şəxsə qalabəyi deyilirdi. Şəhərdə asayişə darğa nəzarət edirdi. Yüzbaşılar, onbaşılar (yasavullar) darğaya tabe idilər. Mahalları idarə edənlər mir bölük adlanır, xan (yaxud sərdar) tərəfindən təyin edilirdi. Mirbölüklər nüfuzlu bəylərin və digər yüksək təbəqənin nümayəndələri arasından seçilirdi. Kəndləri isə kəndxudalar və yaxud koxalar idarə edirdi. Onlar da öz növbəsində mirbölüklər tərəfindən təyin olunurdu. Tərəkəmə (elat) əhalini onların tayfa başçıları idarə edirdi. İrəvan sərdarının idarəetmə aparatı 4 bölmədə cəmləşmişdi. Ev təsərrüfatını sərdarın özü və onun ən yaxın adamlarından biri idarə edirdi. Hüseynqulu xanın dövrün də hərbi işlər xanın qardaşı Ali Baş komandan Həsən xana həvalə olunmuşdu. Hərbi qüvvələr 2 sərbaz batalyonundan və qeyri-müəyyən sayda süvari döyüşçülərdən ibarət idi. Lazım gələndə xanlığın silah tutan bütün əhalisi orduya cəlb edilə bilərdi. Zəmburəklər-dəvə üstündə quraşdırılan falkonetlər-kiçik toplar nəzərə alınmasa, bir neçə 6 funtluq səhra topu və İrəvan qalasının ayrıca artilleriyası vardı. Divandakı mirzələrdən bir nəfər qoşunun siyahısını tuturdu. Sülh dövründə ordunun çoxu məzuniyyətdə olsa da, maaşlarını da alırdılar. Maliyyə işləri sərdarın fəaliyyətinin əsasını təşkil edirdi. Bütün Azərbaycan xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da, xandan sonra ikinci ən mühüm şəxs mülki aparatın başçısı və xanın ən yaxın məsləhətçisi vəzir idi. Divan maliyyatının alınması, dövlət xəzinəsi və digər vəsaitlərin hesabatı vəzirin səlahiyyətlərinə daxil edilmişdi . İrəvan şəhəri divana tabe olan ″kələntər″ tərəfindən idarə olunurdu. Kələntər İrəvan şəhərinin başçısı olmaqla yanaşı, səlahiyyətində olan hakim, polismeyster, mühüm işlər üzrə müstəntiq və vergi müfəttişi vəzifələrini də icra edirdi. Şəhər məhəllələrinin idarəçilərinin təyinatı kələntər tərəfin dən verilirdi. Vergi toplamaq, yem və əsas ərzaq məhsullarının qiymətinə nəzarət etmək kələntərin vəzifə öhdəlikləri arasında idi. Kələntərə şəhərdə gecə-gündüz keşikçilərinin fəaliyyətinə, bazardakı ticarətə, asayişin təmin olunmasına nəzarət edən darğalar (daruqa) kömək edirdi. İcra və polis orqanlarının fəaliyyəti də maliyyə məsələləri ilə sıx bağlı idi. Çünki xanlığın əsas maliyyə mənbəyini toplanan vergilər təşkil edirdi. Lakin onlar həm də əmlak məsələləri və cinayət işləri üzrə məhkəmə qərarlarını yerinə yetirməli idi. Kiçik və xırda xətalara görə cəza tətbiq etmək darğanın səlahiyyətində idi. Darğa tərəfindən ciddi xata və müxtəlif xarakterli pozuntularla bağlı işlər kələntərə, xüsusi hallarda isə xana təqdim edilirdi. Sərdar özü müəyyən etdiyi qayda-qanunu özü bildiyi kimi də dəyişə bilirdi və beləliklə, idarəetmə yüyənini əlində möhkəm saxlayırdı. Sərdar şikayətləri dinləyir, işi hərtərəfli araşdırıb qərar çıxarır və onun qərarı həmin dəqiqə icra olunurdu. Hüseynqulu xanın dövründə xanlıqda ədalətli idarəçilik sistemi qurulmaqla ya naşı, quruculuq işlərinə xüsusi fikir verilirdi. Hərbi, maliyyə və polis idarəsinə gəldikdə isə hər şey hökmdarın iradəsindən, onun divanının müdrikliyindən asılı idi. Üzərində heç bir məhdudiyyətin və nəzarətin olmadığı divan hər bir halda icra aparatına sərəncam verirdi. 

Bütün müsəlman Şərq ölkələrində olduğu kimi, İrəvan xanlığında da din xadimlərinin rəhbərlik etdiyi ədliyyə hökuməti vardı. Mülki işlərə baxan dini məhkəmə şəriət məhkəməsi adlanırdı. Bu məhkəmədə şeyxülislam, qazılar və məşvərətçi səslə iştirak edən axundlar və mollalar iştirak edirdi. Məhkəmə istintaqı tərəflərin dinlənməsi ilə başlayırdı. Əvvəlcə iddiaçını, sonra cavabdehi dinləyir, daha sonra hər ikisini üzləşdirirdilər. Sonra şahidlər dindirilirdi. Əvvəlcə cavabdehin, sonra iddiaçının şahidləri danışırdı. Şahidlər kifayət etmədikdə tərəfləri Qurana and içdirirdilər və bu zaman cavabdehin üstün hüququ vardı. Məsələ kifayət qədər araşdırılandan sonra çəkişən tərəfləri otaqdan çıxarır və məhkəmə üzvləri öz aralarında müşavirə keçirirdilər. Əgər müzakirə edilən məsələ Quranda varsa, qərar qəbul etmək çətin deyildi; əgər yox idisə, peyğəmbərin hədislərinə müraciət edirdilər. Əgər burada da məqbul nümunə tapılmırdısa, onda yerli adət-ənənələrə uyğun olaraq və ya məhkəmə üzvlərinə vicdanına görə hökm çıxarılırdı. Mülki məsələlər mülkiyyət kağızının və digər sənədlərin əsasında həll edilirdi. Qərar yarlığa yazılır və məhkəmə heyətinin bütün üzvləri möhürünü basaraq yarlığı haqlı tərəfə verirdilər. İrəvan şəhərində 6 axund qeydə alınmışdı. Bunlar şəhər hissəsində yaşayan Ağa Fətulla Ağa İbrahim oğlu, Axund Molla Kazım Məmmədrza bəy oğlu və Axund Molla Mustafa Kərbəlayi-Heydər oğludur. Axund Molla Bağır Sadıq bəy oğlu, Axund Molla Mehdi Axund Molla Məmmədəli Peşnamaz oğlu və Axund Molla Kazım Axund Molla Əhməd oğlu isə Təpəbaşı hissəsində yaşayırdılar. Onların hamısı İrəvan xanlığında fəaliyyət göstərən Şəriət məhkəməsinin üzvləri idi.

Xanlıqda inzibati idarəetmənin aşağı pilləsində qanunlara, həmçinin bazarda çəki və ölçüyə riayət edilməsinə nəzarət edən “mühtəsib” dayanırdı. Darğanın təyin etdiyi naiblər mühtəsibə tabe olurdu. Məmurlar iyerarxiyasında gildiya rəhbərləri tərəfindən seçilən yeganə məmur təbəqəsi — “ustabaşı”lar xüsusi mövqeyi ilə seçilirdi. Ustabaşının vəzifəsi dövlətlə gildiyalar arasında münasibəti tənzimləmək, tacir-sənətkar ittifaqlarında qayda-qanunu təmin etmək, dul qadınların və yetimlərin rifahını nəzarətdə saxlamaq, əhalidən vergiləri vaxtı-vaxtında yığmaqdan ibarət idi. Xanlığın əsas vergi ödəyiciləri kəndlərdə yaşayırdı. Feodallar və hərbi qulluqçular, eyni zamanda Üçkilsə erməni katolikosluğu mülk və ərazilərə sahib olsalar da, vergi ödəmirdilər. İki mindən çox tacir və sənətkarın yaşadığı İrəvan şəhəri Cənubi Qafqazın əsas ticarət mərkəzlərindən idi. Şəhərdə XIX əsrin əvvəllərində 850 dükan və iki büyük bazarla yanaşı, çoxlu sənətkarlıq emalatxanaları vardı. Xanlıqda sənətkarlıq və ticarətin inkişafına xüsusi diqqət göstərilir, tacir ittifaqının rəhbəri olan “maliküt-tüccar” xan tərəfindən təyin edilirdi. Onun vasitəsilə xan şəhərdəki iqtisadi vəziyyət haqqında mütəmadi məlumat alır, bu məlumat çərçivəsində tətbiq olunan rüsumun məbləği razılaşdırılır və nüfuzlu tacirlərin fikirləri öyrənilirdi. Suvarma sisteminin fəaliyyətindən “mirabbaşı” və onun üç köməkçisi məsul idi. Bağ və tarlaların suvarma sistemi düzgün tənzim olunduğu üçün təsərrüfat inkişaf etmiş, məhsuldarlıq səviyyəsi qalxmışdı. Xanlıqda poçt sistemi də qurulmuşdu. O dövrdə mövcud olan yeddi stansiya, karvansaraya yaxın yerlər, əhalinin sıx yaşadığı ərazilər və strateji yollarda poçt şöbələri fəaliyyət göstərirdi.

Xanlığın yaranmasında və varlığını qorumasında ordu müstəsna əhəmiyyətə malik idi. Ordu nizami qoşun və müharibə olduğu zaman isə hərbi mükəlləfiyyətli türk tayfalarından təşkil edilən qoşundan ibarət olurdu. Ordunun əsas qüvvəsi olan süvarilər də ancaq müharibə olduğu hallarda qılınc əhli olan türk tayfaları arasından toplanırdı. Ordu xanın başçılığındakı “sərkərdə birliyi” tərəfindən idarə olunurdu. Xanın şəxsi mühafizə birliyi xüsusi seçilmiş əsgərlərdən təşkil olunurdu. Ordunun əsas bölmələrindən olan “sərbazlar” ancaq müharibə və təhlükə yarandığı hallarda səfərbər olurdular. Maaflar ordunun peşəkar döyüşçüləri idi və ancaq onların rütbələri irsi xarakter daşıyaraq atadan oğula keçirdi. Xanın onlara verdiyi torpaqlardan gələn gəlirlə dolanışıqlarını təmin edir, həmin gəlirlə döyüş ləvazimatı alırdılar. Dinc dövrdə maaflar mühafizə xidmətini yerinə yetirirdi. Ali sərkərdə xan idi. Dövlətə aid çoxlu torpaq və mədənlərdən toplanan gəlir xanın xəzinəsinə daxil olur və oradan aidiyyəti üzrə paylanırdı. Xanlıqda ictimai işlərlə daha çox vəqflər məşğul olurdu. Xanlıq tərəfindən vəqflərə hədiyyə mülk və torpaqlar verilir, vəqflərin hesabına məscid, mədrəsə və məktəblər açılırdı. Vəqf məktəblərində iki yüz şagird təhsil alırdı. Təhsillə həmçinin din xadimləri də məşğul olurdular. Hər məscidin nəzdində mədrəsə, məscidi olmayan kəndlərdə isə dini təhsil verən mollaxanalar fəaliyyət göstərirdi. Xanlıqda “tiyul” adlanan torpaq mülkiyyət forması da vardı. Xidməti başa çatandan, yaxud da tiyul sahibi vəfat edəndən sonra torpaq dövlətə qalırdı.

Nəticə
İrəvan xanlığı XIX əsrin əvvəllərində yüksək inkişaf səviyyəsinə çatmış, mükəmməl fəaliyyət göstərən dövlət aparatına malik olmuşdur. Səfəvilər dövründən miras qalan 15 mahallıq ənənəvi inzibati bölgünün Rusiya işğalından (1828) sonra da saxlanması bu sistemin daxili sabitliyini və tarixi köklərini sübut edir. Araşdırmadan çıxarılan əsas elmi və tarixi nəticələr aşağıdakılardan ibarətdir:

• Milli dövlətçilik xarakteri: İrəvan xanlığında Azərbaycan türkcəsinin dövlət dili olması və bütün mühüm idarəetmə postlarında azərbaycanlıların təmsil olunması xanlığın tam bir Azərbaycan dövləti olduğunu təsdiqləyir. Ərazidə yaşayan azsaylı ermənilər isə idarəçilikdən kənarda qalaraq yalnız adi vergi ödəyiciləri rolunu oynamışlar.
• Siyasi müstəqillik: Qacarlar dövlətindən asılılığın nominal xarakter daşıması, xanın tam müstəqil daxili və xarici siyasət yürütməsi, ordunun və xəzinənin bilavasitə mərkəzi divana tabe olması İrəvan xanlığının suveren siyasi subyekt olduğunu nümayiş etdirir.
• Mütəşəkkil idarəetmə aparatı: Xan sarayında fəaliyyət göstərən mərkəzi “Divan”, kələntər, naib, mirbölük və kəndxudalardan ibarət şaquli idarəetmə zənciri ölkədə güclü polis, maliyyə və daxili asayiş sisteminin qurulmasını təmin etmişdir.
• Hüquqi ədalət prinsipləri: Şeyxülislamın rəhbərliyi altında fəaliyyət göstərən şəriət məhkəmələrində iddiaçı və cavabdehlərin dindirilməsi, şahidlərin dinlənilməsi, qərarların Qurana, hədislərə və adət-ənənələrə əsasən verilməsi cəmiyyətdə hüquqi nizamın qorunmasına xidmət etmişdir.

Yekun olaraq qeyd etmək olar ki, İrəvan xanlığı zəngin dövlətçilik ənənələrinə malik, hərbi, hüquqi və inzibati cəhətdən daxili bütövlüyünü təmin etmiş müstəqil bir Azərbaycan xanlığı kimi tarixdə silinməz iz qoymuşdur.


Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis  
   
İstinad edilən ədəbiyyat siyahısı:                                                                                  

  Шопен И.Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. s.441–448
  Шопен И.Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. s.450.
  Биберштейн М. Описание провинции, расположенных на левом берегу Каспийского моря между реками Терек и Кура стр.52
  https://iravan.preslib.az/idarechilik_sistemi.html
  https://iravan.preslib.az/idarechilik_sistemi.html
  Qüdsi Məhəmməd Müslüm. İrəvanlı Hüseynəli xanın məktubları, 1789–1791. s. 49.