Qərbi Azərbaycanda Erməni Dini Mərkəzinin qurulmasının tarixi, ideoloji və siyasi nəticələri
Tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisi) qədim dövrlərdən etibarən köklü türk tayfalarının məskunlaşdığı bir coğrafiyadır. Bu ərazilərin etnik-demoqrafik və siyasi strukturunun süni şəkildə dəyişdirilməsi, yəni erməni ünsürünün bölgəyə yerləşdirilməsi prosesinin ilk mühüm tarixi mərhələsi Qaraqoyunlu dövlətinin (1410–1468) hakimiyyəti dövrünə təsadüf edir. Erməni dini və siyasi mərkəzinin Azərbaycan torpaqlarına köçürülməsi ilk dəfə 1441-ci ildə rəsmiləşmişdir. Erməni kilsəsinin Qərbi Azərbaycana gətirilməsi regionun etnik-demoqrafik və siyasi mənzərəsini kökündən dəyişdirən çoxəsrlik geosiyasi proseslərin əsasını qoymuşdur.
XV əsrin əvvəllərində Qərbi Azərbaycan torpaqlarında Qara Yusifin başçılığı altında Qaraqoyunlu türk dövləti quruldu. Onun onillik hakimiyyəti dövründə ölkə iqtisadi və siyasi baxımdan inkişaf etdi. 1420-ci ildə Qara Yusifin vəfatından sonra yaranan daxili hərc-mərclikdən istifadə edən Teymurilər hakimiyyəti ələ keçirməyə cəhd göstərdilər. Əmir Teymurun kiçik oğlu Şahrux Qaraqoyunlu taxtını idarə etmək hüququnu, onun siyasətini davam etdirməyi qəbul edən Qara Yusifin ortancıl oğlu Əbu Səidə verdi. Lakin xalq arasında lazımi nüfuz qazana bilməyən Əbu Səid bir neçə aydan sonra böyük qardaşı İskəndər tərəfindən devrildi. İskəndərin hakimiyyəti dövründə, türk Saatlı soyunun idarəçiliyində olan Çuxursəəd ərazisi birbaşa mərkəzi hakimiyyətin tabeçiliyinə keçdi.
1435-ci ildə Əmir Şahrux yenidən Azərbaycana qayıtdı və İskəndər taxtdan salındı. Əmir Şahrux bu dəfə hakimiyyətə İskəndərin qardaşı Cahan şahı gətirdi. Bacarıqlı, cəsur və istedadlı sərkərdə kimi tanınan Cahan şah hakimiyyəti dövründə dövlətin sərhədlərini genişləndirərək İraq, Fars, Kirman və Oman torpaqlarını öz ərazilərinə qatmağı bacardı. Onun dövründə Qərbi Zəngəzur, Dvin (Dəbil) və Arranın digər mühüm vilayətlərində köklü türk tayfaları ilə birlikdə mərkəzi hakimiyyətin də nüfuzu artdı. XV əsrdə tarixi Arran yurdu inzibati cəhətdən Çuxursəəd və Qarabağ vilayətlərinə bölündü. Strateji əhəmiyyətə malik Çuxursəəd vilayəti şimalda gürcü vilayəti Kartli ilə həmsərhəd idi, şərqdə isə onun ərazisi Qarabağa qədər uzanırdı. Çuxursəəd cənub-şərqdə Naxçıvan, Kapanat və Maku bəylikləri, cənub-qərbdə isə Atabəy yurdu, Pəsin, Alaşkert və Bəyazidlə qonşu idi.
XV əsrdə əhalisi əsasən türk tayfalarından ibarət olan Qərbi Azərbaycanda çox az sayda erməni yaşayırdı. Onların sayı o qədər az idi ki, bu ərazidə hər hansı inzibati vahid və ya dövlət qurmaq iqtidarında deyildilər. Lakin Qaraqoyunlu dövləti dövründə Qərbi Azərbaycanın taleyinə əhəmiyyətli və mənfi təsir göstərən köklü bir hadisə baş verdi. Belə ki, humanistlik nümayiş etdirən Cahan şahın (1436–1467) razılığı və fərmanı ilə, 1441-ci ildə erməni-qriqorian kilsəsinin mərkəzi Kilikiyadan (Sis şəhərindən) İrəvandan 20 kilometrlik məsafədə yerləşən Üçkilsə kəndinə ("Eçmiədzin", yəni "üç müəzzin") köçürüldü.
Qeyd etmək zəruridir ki, Qafqazda ilk dəfə xristianlıq rəsmi din kimi 313-cü ildə Qafqaz Albaniyasında qəbul edilmişdi. 1441-ci ildə bütün ermənilərin ali patriarxı və katolikosunun taxtının köçürüldüyü kilsə də əslində qədim alban kilsəsi (türk-qıpçaq irsi) idi. Bu hadisədən sonra erməni kilsəsi bölgədə daha da fəallaşdı və ərazinin erməniləşdirilməsi prosesinə rəhbərlik etməyə başladı. Həmin dövrdən qalan rəsmi alqı-satqı aktlarından məlum olur ki, köçdən dərhal sonra erməni-qriqorian kilsəsi müsəlmanlardan xeyli torpaq sahəsi satın alaraq ora kənardan gələn erməniləri yerləşdirmişdi.
Erməni patriarx taxt-tacının Azərbaycan ərazisinə gətirilməsi azərbaycanlılar üçün bir neçə faciəvi nəticəyə səbəb oldu:
• Birincisi, bu ərazi də dağınıq halda yaşayan ermənilər üçün vahid bir ideoloji mərkəz mövqeyi qazandı.
• İkincisi, kənar dövlətlərdən və regionlardan ermənilərin bu əraziyə davamlı axın etməsi nəticəsində, tarixən azərbaycanlıların mütləq çoxluq təşkil etdiyi torpaqlarda erməni əhalisinin sayı süni şəkildə artmağa başladı.
• Üçüncüsü, ermənilərin tarixi torpaqlarımıza köçürülməsinin yeni mərhələsi başladı və bu, onların gələcəkdə həmin ərazilərdə dövlət qurmaq iddialarına və planlarına geniş yol açdı. Bununla da Qaraqoyunlu dövlətinin guya vergi ödəyicilərinin sayının artması məqsədilə və humanistlik göstərərək qəbul etdiyi bu qərar, Qərbi Azərbaycanın taleyində mühüm fəsadlara gətirib çıxardı. Əraziyə köçüb gələn ermənilər münbit torpaqlara sahib oldu, yerli bazarlarda əkinçilik, sənətkarlıq, baramaçılıq və ipək ticarətini mərhələli şəkildə ələ keçirdi.
• Dördüncüsü, bu addım ilkin mərhələdə sadəcə dini bir hadisə kimi görünsə də, gələcəkdə bölgənin tamamilə erməniləşdirilməsi fəaliyyətinin həm ideoloji, həm də inzibati təməlini qoydu. Erməni kilsəsinə pulsuz pay torpaqlarının verilməsi və imtiyazların tanınması onların bölgədəki mövqelərinin sürətlə güclənməsinə səbəb oldu.
Dini Mərkəzin Siyasi və İdeoloji Fəaliyyəti: Üçkilsə katolikosluğu sadəcə dini bir qurum deyil həm də xarici dövlətlərlə gizli əlaqələr quran siyasi və kəşfiyyat xarakterli bir qərargah kimi fəaliyyət göstərmişdir:
• Qərb dövlətləri ilə ittifaq: Kilsə nümayəndələri Avropa dövlətləri və Vatikanla gizli danışıqlar apararaq regionda xristian amilini gücləndirməyə, Şərq müsəlman dövlətlərinə qarşı vahid cəbhə yaratmağa çalışmışlar.
• Rusiya imperiyasının alətinə çevrilmə: XVII–XVIII əsrlərdən etibarənÜçkilsə katolikosluğu Rusiyanın Cənubi Qafqaza doğru işğalçı yürüşlərini təmin etmək üçün kəşfiyyat və təxribat fəaliyyətlərinin əsas mərkəzinə çevrilmişdir. Onlar Səfəvi və Əfşar dövlətlərinə, daha sonra isə İrəvan xanlığına qarşı yönəlmiş separatçı və siyasi addımları birbaşa idarə etmişdirlər.
Üçkilsədəki Dini Mərkəzin Ətrafında Erməni Köçünün Başlanması: Katolikosluq Üçkilsəyə köçürüldükdən sonra erməni kilsəsi Qaraqoyunlu və ondan sonrakı Ağqoyunlu, Səfəvilər dövründə mərkəzi hakimiyyətlərdən xüsusi imtiyazlar (rəsmi fərmanlar) əldə edərək İrəvan ətrafındakı Azərbaycan türklərinə məxsus kəndləri və torpaqları müxtəlif yollarla (satınalma, bağışlanma və s.) ələ keçirməyə başladı. Dini mərkəzin təhlükəsizliyini və iqtisadiyyatını təmin etmək bəhanəsi ilə Osmanlı, İran və Suriya ərazilərindən erməni ailələri tədricən bu monastırın ətrafındakı münbit torpaqlara köçürülüb yerləşdirilirdi. Beləliklə, Qaraqoyunlu dövründə ermənilərin Qərbi Azərbaycanda ilk oturaq və rəsmi "dini-siyasi anklavı" formalaşdırıldı .
1467-ci ildə Kiçik Asiyadakı Muş düzündə Ağqoyunlu sərkərdəsi Uzun Həsənin ordusu Cahan şahın qoşunlarını məğlub etdi. Bir il sonra, 1468-ci ildə Qərbi Azərbaycana hökmranlıq edən Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu. Bununla da 1468–1501-ci illərdə Qərbi Azərbaycanda Ağqoyunluların 33 illik hakimiyyət dövrü başladı. Ağqoyunluların hakimiyyəti illərində ərazidə türkmənşəli tayfaların sayının sürətlə artması müşahidə olunurdu. Bununla yanaşı, bölgədə sosial-iqtisadi inkişafında da ciddi canlanma qeydə alınırdı.
Getdikcə qüdrətini artıran Ağqoyunlu hökmdarı Uzun Həsən "sultan" titulu götürdü; dövlətin Qərbi Avropa ilə hərbi, diplomatik və ticarət əlaqələri quruldu, Trapezund imperiyası ilə hərbi sahədə müqavilə imzalandı. Məhz bu ittifaqlardan sonra Ağqoyunlular bütün qüvvələrini Osmanlılarla müharibəyə cəlb etdilər. 1473-cü ildə ilk döyüşdə Osmanlı ordusuna qalib gələn Uzun Həsən, elə həmin il Tərcan şəhəri yaxınlığında (Otluqbeli döyüşündə) Sultan II Mehmedə məğlub oldu.
Tərcan döyüşündən 28 il sonra – 1501-ci ildə Uzun Həsənin nəvəsi, Şeyx Heydərin oğlu Şah İsmayıl tərəfindən qüdrətli Səfəvilər dövləti quruldu. Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırıldı, şiəlik dövlətin rəsmi məzhəbi elan edildi və Səfəvilər bütöv Azərbaycan dövlətçiliyinin əsas mərkəzini təşkil etdi. Səfəvi dövləti də özünün ən böyük müharibələrini Qafqaz və Kiçik Asiyada Osmanlı imperiyası ilə aparırdı. Bu qanlı müharibələr nəticəsində 1590-cı ildə imzalanan İstanbul müqaviləsinə əsasən, Qərbi Azərbaycan ərazisinin böyük bir hissəsi müvəqqəti olaraq Osmanlı nəzarətinə keçdi.
Çox keçmədi ki, Osmanlının diqqəti Avropa cəbhəsindəki müharibələrə qarışdı. Bunu fürsət bilən Şah Abbas (1587–1629) güclü nizamlı ordu yaradaraq 1606-cı ildə Qərbi Azərbaycanda Səfəvi hakimiyyətini yenidən bərpa etdi. Lakin ondan sonra taxta oturan nəvəsi Şah I Səfi babasının uğurlarını eyni qətiyyətlə davam etdirə bilmədi, Osmanlı sultanı IV Murada məğlub olaraq Həmədan, İrəvan, Təbriz və Bağdad istiqamətindəki bəzi mövqeləri itirdi. Nəhayət, 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsinə əsasən, Qərbi Azərbaycan ərazisi rəsmən Səfəvilər dövlətinin tərkibində qaldı.
Bütün bu hakimiyyət dəyişiklikləri boyunca və sonrakı dövrlərdə katolikosluq Üçkilsədə möhkəmlənməyə davam etdi. Erməni kilsəsi Qaraqoyunlu, həmçinin ondan sonra gələn Ağqoyunlu və Səfəvilər dövründə əldə etdiyi xüsusi rəsmi imtiyazlardan (fərmanlardan) sui-istifadə edərək, İrəvan və ətrafındakı Azərbaycan türklərinə məxsus kəndləri və münbit torpaqları müxtəlif yollarla (satınalma, bağışlanma, vəqf və s.) hiyləgərliklə ələ keçirməkdə davam etdi. Bu dövrdə Qərbi Azərbaycanda yaşayan erməni icması bölgədə baş verən hər bir müharibə, xaos və hakimiyyət dəyişikliyi zamanı adətən. Bu dövrdə Qərbi Azərbaycanda yaşayan erməni icması bölgədə baş verən hər bir müharibə, xaos və hakimiyyət dəyişikliyi zamanı adətən fürsətçi mövqe nümayiş etdirir, yerli müsəlman dövlətlərinin daxili sabitliyini sarsıtmaq üçün xarici xristian qüvvələri ilə gizli ittifaqlara girirdi. Üçkilsə (Eçmiədzin) katolikosluğu mərkəzi hakimiyyətlərin zəiflədiyi anlarda regiona yürüş edən ordulara rəsmi bəyanatlarla dəstək verir, kəşfiyyat xarakterli məlumatlar ötürür və yerli türk-müsəlman əhaliyə qarşı aparılan təxribat fəaliyyətlərinin əsas ideoloji rəhbərinə çevrilirdi.
Nəticə
1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın humanizm siyasəti və iqtisadi mülahizələrlə (vergi bazasını genişləndirmək məqsədilə) erməni kilsə mərkəzinin Kilikiyadan tarixi Azərbaycan torpağı olan Çuxursəədə (Üçkilsəyə) köçürülməsinə icazə verməsi, regionun gələcək taleyində geri dönülməz fəsadlara yol açdı. İlk baxışda sadəcə dini bir imtiyaz kimi görünən bu addım, sonrakı əsrlərdə Qərbi Azərbaycanda sistemli şəkildə aparılan etnik-demoqrafik və ideoloji işğalın əsasını qoydu.
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövründə kilsə ətrafında yaradılan "dini-siyasi anklav" mərhələli şəkildə genişlənərək yerli türk torpaqlarının mənimsənilməsi və kənardan erməni ailələrinin bölgəyə köçürülməsi mexanizmini işə saldı. Bu proses XIX əsrdə çar Rusiyasının işğalçılıq siyasəti və Türkmənçay müqaviləsi ilə rəsmi və kütləvi xarakter aldı. Nəticə etibarilə, 1441-ci ildə atılan bu addım XX əsrdə qədim Azərbaycan torpaqlarında süni surətdə monoetnik Ermənistan dövlətinin qurulması, azərbaycanlıların kütləvi qırğınlara və deportasiyalara məruz qalması, habelə zəngin tarixi-mədəni irsimizin silinməsi üçün əsas ideoloji, siyasi və inzibati fundament rol oynadı.
Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis




