Con Hetti və “Görünən öyrənmə” əsəri
Müasir təhsilşünaslıqda şagird nailiyyətlərinə təsir edən amillərin elmi dəlillər əsasında müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparmış alimlərdən biri Con Hettidir (John Hattie). Yeni Zelandiya mənşəli alim və təhsil tədqiqatçısı Con Allan Klinton Hetti 1950-ci ildə Yeni Zelandiyanın Timaru şəhərində anadan olmuşdur. Onun elmi fəaliyyəti uzun illər ərzində təhsil nailiyyətlərinin ölçülməsi, qiymətləndirmə, müəllim fəaliyyətinin səmərəliliyi, öyrənmə prosesinə təsir edən amillər və tədris strategiyalarının nəticəliliyi məsələlərinə həsr edilmişdir. Hettinin tədqiqatlarının əsas mahiyyəti təhsil haqqında mülahizələri yalnız nəzəri yanaşmalarla deyil, böyük həcmdə empirik tədqiqatların statistik ümumiləşdirilməsi ilə əsaslandırmaqdan ibarət olmuşdur. Hetti ali təhsilini Yeni Zelandiyanın Otago Universitetində almış, daha sonra Kanadanın Toronto Universitetində doktorluq səviyyəsinə yüksəlmişdir. 1981-ci ildə Toronto Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onun doktorluq tədqiqatı ölçmə və statistik təhlillə bağlı olmuşdur. Bu fakt sonrakı elmi fəaliyyətinin istiqamətini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Hettinin sonrakı işlərində təhsil hadisələrinin ölçülməsi, müxtəlif tədris müdaxilələrinin təsir gücünün müqayisə edilməsi və statistik göstəricilərdən istifadə aparıcı yer tutur.
Con Hettinin həyatı və elmi-pedaqoji fəaliyyəti
Alim uzun illər Yeni Zelandiya, Avstraliya, ABŞ və Kanadada müxtəlif akademik və tədqiqat vəzifələrində çalışmışdır. O, Qərbi Avstraliya Universitetində, Şimali Karolina Qrinsboro Universitetində və Oklend Universitetində professor kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən Melburn Universitetində təhsil professoru kimi işləmiş və Melbourn Təhsil Tədqiqatları İnstitutunun rəhbəri olmuşdur. Hettinin fəaliyyəti yalnız universitet auditoriyası ilə məhdudlaşmamış, onun tədqiqatları müəllim hazırlığı, məktəb rəhbərliyi, təhsil siyasəti və təhsildə keyfiyyətin artırılması məsələləri ilə də əlaqəli olmuşdur.
İstedadlı gənc tədqiqatcı, təhsilşünas Cəfər Mənsimi “Yeni çağırışlar” kitabında yazır ki, professor Con Hettinin “Görünən öyrənmə” kitabı dünyanın ən böyük tədqiqatı sayılır və “dəyişiklik ücün məktəb modeli” adlanır. O, 1000-dən cox elmi məqalənin müəllifi, 200 dissertasiya və 52 kitabın elmi rəhbəri, həmçinin Hetti Ailə Fondunun prezidentidir. Onun tədqiqatları öyrənmə və ölçmə modellərini əks etdirir.
Con Hettinin elmi yaradıcılığında əsas istiqamətlərdən biri “təhsil prosesində nə həqiqətən işləyir?” sualına cavab axtarmaq olmuşdur. Təhsil elmlərində uzun müddət müxtəlif metod və texnologiyaların səmərəliliyi haqqında çoxsaylı tədqiqatlar aparılsa da, bu tədqiqatların nəticələrini vahid sistemdə müqayisə etmək və ümumiləşdirmək asan deyildi. Müəllim və məktəb rəhbərləri qarşısında çox zaman eyni problem dayanırdı. Hansı tədris yanaşmasına üstünlük verilməlidir, hansı müdaxilənin şagird nailiyyətlərinə real təsiri daha böyükdür və həmin təsiri necə ölçmək mümkündür?
Məhz bu suallar Hettinin sonralar “Görünən öyrənmə” (Visible Learning) adlandırdığı elmi yanaşmasının formalaşmasına zəmin yaratmışdır. Onun fikrincə, təhsildə sadəcə müəyyən metodun tətbiq edilməsi kifayət deyil. Müəllim həmin metodun şagirdin öyrənməsinə hansı təsiri göstərdiyini bilməlidir. Başqa sözlə, tədris prosesinin nəticəsi müəllim üçün “görünən” olmalıdır. Bu yanaşmada müəllim yalnız dərsi təşkil edən şəxs hesab edilmir. Həm də öz fəaliyyətinin təsirini daim müşahidə edən, ölçən, qiymətləndirən və lazım gəldikdə tədris strategiyasını dəyişən peşəkar bir insandır.
Hettinin elmi fəaliyyətinin ən mühüm nəticəsi onun 15 ildən artıq davam edən araşdırmalarının "Görünən Öyrənmə: Nailiyyətlə Bağlı 800-dən Çox Meta-Analizin Sintezi" (Visible Learning: A Synthesis of Over 800 Meta-Analyses Relating to Achievement) adlı kitabda sistemləşdirilməsi olmuşdur. Əsər ilk dəfə 2008-ci ildə Routledge nəşriyyatı tərəfindən çap edilmişdir. Bəzi beynəlxalq kataloqlarda və sonrakı nəşrlərdə isə bu kitab 2009-cu il nəşri kimi də göstərilir. Əsər dünyanın 25-dən çox dilinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur.
John Hattienin "Görünən öyrənmə" kitabında mənbələr, təsir amilləri və tədris modeli üzrə araşdırmalar ümumiləşdirilir. Sonda təklif olunan tədris modeli verilir.
Həmçinin John Hattinin kurikulumlar haqqında da yanaşması fərqlidir. Onun qənaətinə görə, kurikulumun nəyi əhatə etməsindən daha çox, fənn məzmununun necə struktura salındığı və şagirdə necə çatdırıldığı həlledicidir.
Kitabın əsasını 800-dən çox meta-analizin sintezi təşkil edirdi. Hettinin yanaşmasının fərqləndirici cəhəti ondan ibarət idi ki, o, ayrı-ayrı pedaqoji tədqiqatların nəticələrini sadəcə sadalamaqla kifayətlənməmiş, müxtəlif tədqiqatlardan əldə olunan nəticələri ümumi statistik çərçivədə müqayisə etməyə çalışmışdır. Routledge nəşriyyatının məlumatına görə, kitab məktəbyaşlı uşaqların nailiyyətlərinə təsir edən amillərlə bağlı 800-dən çox meta-analizi ümumiləşdirir və bu tədqiqatlar milyonlarla şagird haqqında məlumatı əhatə edir. Melburn Universitetinin Hettinin fəaliyyəti ilə bağlı məlumatında isə ilkin “Görünən öyrənmə” tədqiqatının 50 minə yaxın ayrıca araşdırmanı və 80 milyondan çox şagird haqqında məlumatı əhatə etdiyi bildirilir.
Bu miqyas Hettinin əsərini təhsil tədqiqatları tarixində xüsusi hadisəyə çevirmişdir. Əsərin yeniliyi yalnız böyük rəqəmlərlə bağlı deyildi. Əsas yenilik müxtəlif pedaqoji təsirlərin effekt ölçüsü əsasında müqayisə edilməsində idi. Beləliklə, “bu metod yaxşıdırmı?” sualından daha irəli gedərək “bu metod digər yanaşmalarla müqayisədə şagird öyrənməsinə nə qədər təsir edir?” sualına cavab axtarılırdı.
Hettinin əsəri beynəlxalq təhsil ictimaiyyətində çox böyük maraq doğurdu. Routledge tərəfindən təqdim edilən rəylərdə Maykl Fullan “Görünən öyrənmə” əsərini tədris və öyrənmənin yaxşılaşdırılması ilə maraqlananlar üçün mühüm kitab kimi qiymətləndirmiş, Herbert J. Walberg isə Hettinin çoxsaylı tədqiqat nəticələrini bir araya gətirmək üçün böyük elmi səy göstərdiyini vurğulamışdır. Times Educational Supplement isə əsəri təhsildə “Müqəddəs Qraal” axtarışına bənzətmişdir. Bu ifadələr kitabın beynəlxalq pedaqoji diskursda nə qədər böyük rezonans yaratdığını göstərir.
Lakin Hettinin elmi irsi yalnız yüksək qiymətləndirmələrlə xarakterizə olunmur. Sonrakı illərdə bir sıra təhsil tədqiqatçıları onun meta-analizlərin birləşdirilməsi üsuluna, “effekt ölçüsü” göstəricisinin təhsildə şərhinə və müxtəlif kontekstlərdə əldə olunmuş nəticələrin bir ümumi sıralamada müqayisə edilməsinə tənqidi yanaşmışlar. Məsələn, Aarhus Universitetindən Tomas Aastrup Römer Hettinin “Görünən öyrənmə” nəzəriyyəsinin metodoloji və nəzəri əsaslarına ciddi suallar yönəltmişdir. Klaus Nielsen və Jacob Klitmoller də Hettinin yanaşmasında ayrı-ayrı səbəb amillərinə həddindən artıq diqqət yetirilməsinin təhsilin mürəkkəb sosial və mədəni kontekstini kölgədə qoya biləcəyini irəli sürmüşlər.
Bu tənqidlərə baxmayaraq, “Görünən öyrənmə”nin müasir təhsilşünaslıqdakı əhəmiyyətini azaltmaq mümkün deyil. Əksinə, əsərin əsas dəyərindən biri təhsildə sübutlara əsaslanan qərarvermə məsələsini geniş pedaqoji müzakirəyə gətirməsidir. Hettinin yanaşması müəllimi hazır reseptlərin icraçısı kimi deyil, öz fəaliyyətinin nəticələrini araşdıran və öyrənmə prosesini daim təkmilləşdirən tədqiqatçı kimi görməyə imkan verir.
Beləliklə, Con Hettinin elmi yolu onun “Görünən öyrənmə” əsərinin meydana çıxmasını təsadüfi hadisə kimi deyil, uzun illər ərzində aparılan ölçmə, qiymətləndirmə və təhsil tədqiqatlarının məntiqi nəticəsi kimi təqdim etməyə imkan verir. Onun qarşısında duran əsas məsələ təhsildə çoxsaylı “nə işləyir?” suallarına daha sistemli və statistik əsaslandırılmış cavab tapmaq idi. “Görünən öyrənmə” məhz bu axtarışın nəticəsi kimi meydana çıxaraq təhsil tədqiqatlarının miqyasını, müəllimin rolunu və qiymətləndirmənin funksiyasını yenidən müzakirəyə çıxardı.
“Görünən öyrənmə” əsərinin yaranma səbəbləri və tədqiqat miqyası
Təhsil haqqında danışarkən ən çox səsləndirilən suallardan biri “şagirdlərin daha yaxşı öyrənməsi üçün nə etmək lazımdır?” sualıdır. Lakin bu sualın cavabı həmişə sadə olmur. Təhsil tarixində müxtəlif pedaqoji metodlar, təlim texnologiyaları, qiymətləndirmə üsulları və məktəb islahatları təklif edilmiş, onların bir çoxu müəyyən dövrlərdə effektiv hesab olunmuşdur. Problem isə ondan ibarət idi ki, ayrı-ayrı tədqiqatların nəticələri çox vaxt bir-birindən fərqlənirdi. Bir tədqiqat müəyyən metodun əhəmiyyətli nəticə verdiyini göstərdiyi halda, digər tədqiqat həmin metodun təsirinin zəif olduğunu ortaya qoyurdu. Con Hettinin “Görünən öyrənmə” layihəsinin əsas məqsədlərindən biri məhz bu dağınıq elmi nəticələri sistemləşdirmək və müəllimlər üçün daha aydın sübut bazası yaratmaq olmuşdur.
Hettinin öz təqdimatlarında vurğuladığı kimi, “Görünən öyrənmə” 15 ildən artıq davam edən tədqiqat fəaliyyətinin nəticəsi idi. Tədqiqatın məqsədi təhsildə “nəyin işlədiyini” müəyyənləşdirməkdən daha geniş idi. Əsas məsələ müxtəlif amillərin şagird nailiyyətlərinə nə dərəcədə təsir etdiyini müqayisə etmək idi. Bu fərq mühümdür. Çünki hər hansı metodun müəyyən qədər faydalı olması onun başqa metodlardan daha faydalı olduğu anlamına gəlmir. Hettinin yanaşması məhz bu müqayisəni statistik göstəricilər vasitəsilə aparmağa çalışırdı.
Bu məqsədlə alim ayrı-ayrı ilkin tədqiqatlardan birbaşa nəticə çıxarmaq əvəzinə, əvvəlki meta-analizləri bir araya gətirmişdir. Buna görə “Görünən öyrənmə” əsəri çox vaxt “meta-meta-analiz” kimi xarakterizə edilir. Sadə dillə desək, meta-analiz bir mövzu üzrə aparılmış çoxsaylı tədqiqatların nəticələrini ümumiləşdirirsə, Hettinin gördüyü iş həmin meta-analizlərin nəticələrini yenidən sistemləşdirib müqayisə etmək idi. 2008-ci ildə ilk dəfə nəşr edilən kitabda 800-dən çox meta-analiz ümumiləşdirilmiş və şagird nailiyyətlərinə təsir edən 138 amil müəyyənləşdirilmişdi.
Bu göstəricilər “Görünən öyrənmə”ni təhsil elmlərində miqyasına görə xüsusi tədqiqatlardan birinə çevirir. Tədqiqatın əsasını təşkil edən 800-dən artıq meta-analizin arxasında 50 mindən çox ayrıca tədqiqatın dayandığı və bu tədqiqatların 80 milyondan çox şagird haqqında məlumatı əhatə etdiyi bildirilir. Bu səbəbdən Hettinin əsəri yalnız bir müəllifin müəyyən pedaqoji metod haqqında şəxsi mövqeyi deyil, böyük həcmdə mövcud elmi materialın statistik sintezidir.
Tədqiqatın miqyasını təsəvvür etmək üçün onu ənənəvi pedaqoji araşdırma ilə müqayisə etmək olar. Adi bir tədqiqat müəyyən məktəbdə, müəyyən yaş qrupunda və konkret tədris şəraitində aparıla bilər. Hettinin məqsədi isə müxtəlif ölkələrdə, müxtəlif yaş qruplarında və müxtəlif təhsil kontekstlərində aparılmış çoxsaylı tədqiqatların ümumi istiqamətini müəyyənləşdirmək idi. Buna görə də onun tədqiqatının əsas sualı “bu məktəbdə hansı metod işə yaradı?” kimi deyil, “müxtəlif tədqiqatların məcmusunda hansı amillər şagird öyrənməsinə daha güclü təsir göstərir?” formasını aldı.
Əsərin mühüm yeniliklərindən biri də təhsil nəticələrinin müqayisəsində effekt ölçüsü (effect size) anlayışının mərkəzi yerə gətirilməsi idi. Effekt ölçüsü sadə şəkildə müəyyən müdaxilə və ya amilin şagird nəticələrinə təsirinin gücünü ifadə edən statistik göstərici kimi başa düşülə bilər. Hettinin yanaşmasında müxtəlif tədris strategiyalarını yalnız “faydalıdır” və ya “faydasızdır” prinsipi ilə qiymətləndirmək əvəzinə, onların təsir gücünü bir-biri ilə müqayisə etmək mümkün olurdu. 2009-cu il “Görünən öyrənmə” siyahısında 138 təsirin müqayisə edilməsi məhz bu prinsipə əsaslanırdı.
Bu yanaşma təhsil sahəsində mühüm düşüncə dəyişikliyi yaratdı. Əvvəllər, müəllim üçün “yaxşı metod” anlayışı bəzən pedaqoji ənənə, şəxsi təcrübə və ya müəyyən metodun populyarlığı ilə müəyyənləşə bilirdi. Hettinin yanaşması isə müəllimi daha çətin, lakin daha məhsuldar suala yönəldirdi. Məsələ, “Mənim tətbiq etdiyim metod şagirdlərin öyrənməsinə konkret olaraq nə qədər təsir edir?” Beləliklə, müəllimin fəaliyyəti yalnız tədris etməkdən ibarət deyil, həm də öz tədrisinin nəticəsini müşahidə etmək və ölçmək prosesinə çevrilirdi.
Məhz “görünən” anlayışı burada xüsusi məna daşıyır. Hettinin nəzəri çərçivəsində öyrənmə həm müəllim, həm də şagird üçün görünən olmalıdır. Müəllim şagirdin nəyi bildiyini, nəyi bilmədiyini və hansı istiqamətdə irəlilədiyini müəyyənləşdirməli, şagird isə öz öyrənmə prosesinin məqsədini, mövcud səviyyəsini və növbəti inkişaf mərhələsini dərk etməlidir. Belə olduqda qiymətləndirmə sadəcə dərsin sonunda verilən qiymət və ya imtahan nəticəsi deyil, öyrənməni istiqamətləndirən davamlı informasiya mənbəyinə çevrilir.
Hettinin tədqiqatının geniş rezonans doğurmasının başqa bir səbəbi onun müəllim fəaliyyətinə münasibətində idi. O, təhsildə nəticəni müəyyən edən əsas məsələlərdən birini müəllimin “öz təsirini görməsi” ilə əlaqələndirirdi. Bu yanaşmaya əsasən, müəllim “mən dərsi keçdim” deməklə kifayətlənməməli, “şagirdlər nə öyrəndilər və mənim tədrisim onların öyrənməsinə necə təsir etdi?” suallarını verməlidir. Beləliklə, tədrisin mərkəzinə müəllimin gördüyü işdən çox, həmin işin şagird öyrənməsində yaratdığı dəyişiklik gətirilir.
Əsərin beynəlxalq əhəmiyyətini göstərən faktlardan biri də onun təhsil ictimaiyyətində yaratdığı geniş müzakirələrdir. “Times Təhsil Əlavəsi” (Times Educational Supplement) Hettinin əsərini tədrisdə “Müqəddəs Qədəh”ın axtarışı ilə müqayisə etmişdi. Bu ifadə əsərin müəllimlər və tədqiqatçılar üçün “ən effektiv təlim üsullarını” müəyyənləşdirmək cəhdi kimi qəbul edildiyini göstərir. Eyni zamanda, Maykl Fullan və Herbert J.Valberg kimi tanınmış təhsil tədqiqatçıları əsərin böyük miqyasda mövcud tədqiqat nəticələrini bir araya gətirməsini yüksək qiymətləndirmişlər.
Bununla yanaşı, “Görünən öyrənmə”nin elmi təsirini onun ətrafında yaranmış tənqidi diskussiyalardan ayrı təsəvvür etmək olmaz. Bəzi tədqiqatçılar Hettinin çox fərqli təhsil müdaxilələrini vahid effekt ölçüsü əsasında müqayisə etməsinin metodoloji məhdudiyyətlər yarada biləcəyini qeyd etmişlər. Digər tənqidlər isə təhsilin yalnız ölçülə bilən akademik nailiyyətlərdən ibarət olmadığını, sosial, emosional, mədəni və institusional amillərin də nəzərə alınmasının vacibliyini vurğulayır. Bu tənqidlər əsərin əhəmiyyətini mütləq şəkildə inkar etmir, əksinə, onun təhsil elmlərində yaratdığı müzakirənin genişliyini göstərir.
Əslində, Hettinin əsərinin ən böyük əhəmiyyətli cəhətlərindən biri də məhz budur ki, o, təhsil haqqında qərarların yalnız intuisiya, ənənə və ya populyarlıq əsasında qəbul edilməsi problemini gündəmə gətirdi. Çünki “Görünən öyrənmə”nin əsas mesajlarından biri sübuta əsaslanan pedaqoji qərarvermənin gücləndirilməsidir. Təhsil işçisi hansısa yanaşmanı tətbiq edərkən onun effektivliyi barədə mövcud elmi sübutları nəzərdən keçirməli, həmin yanaşmanın konkret şagird qrupunda nəticəsini müşahidə etməli və əldə etdiyi məlumat əsasında növbəti pedaqoji addımı müəyyənləşdirməlidir.
Tədqiqatın sonrakı inkişafı da göstərdi ki, “Görünən öyrənmə” statik siyahı kimi nəzərdə tutulmamışdır. Hettinin təsir göstəriciləri sonrakı illərdə yenilənmiş, yeni meta-analizlər və yeni amillər əlavə edilmişdir. Məsələn, ilkin 2009-cu il siyahısındakı 138 təsirdən sonra daha geniş siyahılar hazırlanmış, tədqiqat bazası 800 meta-analizdən minlərlə meta-analizə doğru genişlənmişdir. Bu isə “Görünən öyrənmə”ni bir dəfə yazılıb başa çatmış kitabdan daha çox, daim yenilənən tədqiqat proqramı kimi xarakterizə etməyə imkan verir.
Beləliklə, “Görünən öyrənmə”nin yaranmasının başlıca səbəbi təhsil sahəsində mövcud olan çoxsaylı tədqiqat nəticələrini vahid elmi çərçivədə toplamaq, müxtəlif təsirləri müqayisə etmək və müəllimlərin pedaqoji qərarlarını daha etibarlı sübutlarla dəstəkləmək cəhdi olmuşdur. 800-dən çox meta-analiz, 50 mindən artıq ilkin tədqiqat və 80 milyondan çox şagird haqqında məlumatın sintezi bu layihəni təhsil tədqiqatları tarixində miqyasına görə qeyri-adi nümunələrdən birinə çevirmişdir. Əsərin əsl innovativ tərəfi isə təkcə böyük məlumat bazası yaratması deyil, həmin məlumatları müəllimin gündəlik fəaliyyəti üçün praktik suallara çevirməyə çalışmasıdır. Təcrübələr onu göstərir ki, müasir dünyanın təhsil məkanlarından biri kimi qiymətləndirmə sahəsində olan bu yeniliklərə fəal mövqedən yanaşmalı və onları öz təcrübəmizin reallıqlarına çevirməliyik. Çünki biz bununla zamanın ən mütərəqqi təhsil tədqiqatlarından istifadə edərək ölkəmizin təhsil sahəsində həyata keçirdiyi qiymətləndirmə siyasətini daha da gücləndirə bilərik.

Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim




