Oxuduğunu düşündürən, düşündüyünü yazdıran strategiya – Müəllimin pedaqoji gündəliyindən

27 Noyabr, 2026 - 12:07
Oxuduğunu düşündürən, düşündüyünü yazdıran strategiya

Dərslərimdə qarşılaşdığım əsas çətinliklərdən biri şagirdlərin fikirlərini yazmaqda deyil, yazacaqları haqqında düşünməkdə çətinlik çəkmələri idi. Şəxsi təcrübəmdə görürdüm ki, bir çox şagird mətni oxuyur, hadisələri danışa bilir, obrazları xarakterizə edir, lakin hadisəyə obrazın gözü ilə baxmaq, onun hisslərini anlamaq və həmin mövqedən çıxış edərək fikir bildirmək onlar üçün asan olmurdu. Məhz buna görə yazı tapşırıqlarını fərqli şəkildə qurmağa başladım və bu axtarış məni dərslərimdə RAFT strategiyasından istifadə etməyə sövq etdi.

İlk baxışda RAFT sadəcə yaradıcı yazı üsulu təsiri bağışlayır. Ancaq sinifdə tətbiq etdikcə başa düşdüm ki, bu strategiya yazıdan daha əvvəl başlayan bir prosesi idarə edir. Şagird əvvəlcə oxuyur, sonra düşünür, təhlil edir, obraza daxil olur və yalnız bundan sonra yazmağa başlayır. Mənim üçün RAFT-ın əsas üstünlüyü də məhz buradadır. Şagird yazını nəticə kimi deyil, düşünməyin davamı kimi görür.

RAFT strategiyası dörd elementdən ibarətdir: Rol (Role), Auditoriya (Audience), Forma (Format) və Mövzu (Topic). Bu elementlər şagirdə yazını planlaşdırmaqda kömək etsə də, əslində onu mətnə daha dərindən qayıtmağa vadar edir, çünki hər hansı obrazın adından yazmaq üçün əvvəlcə həmin obrazı anlamaq lazımdır.

Bu strategiyanı 8-ci sinifdə "Koroğlu ilə Bolu bəy" qolunun tədrisi zamanı tətbiq edərkən əvvəlcə mətni oxuduq. Hadisələrin gedişi, obrazların davranışları və qərarları üzərində söhbət apardıq. Müzakirənin sonunda şagirdlərə bildirdim ki, bu gün hadisələri müəllif kimi yox, obrazların gözü ilə görməyə çalışacağıq və hər qrupa fərqli RAFT tapşırığı təqdim olundu. İlk dəqiqələrdə tərəddüd hiss olunurdu. Bir neçə şagird dedi ki: "Müəllim, bunlar kitabda yazılmayıb". Bu sual əslində onların düşünmə tərzini göstərirdi. Onlar yalnız mətndə verilənləri yazmağa öyrəşmişdilər. İzah etdim ki, məqsəd əsəri dəyişmək deyil, müəllifin yaratdığı obraza onun davranışları əsasında yeni baxış qazandırmaqdır. Bu izahdan sonra sinifdə mühit nisbətən dəyişdi. Mehtər Murtuz rolunu seçən şagird öz yazısında xəyanətdən sonra vicdan əzabı çəkən bir insanın daxili mübarizəsini təsvir etmişdi. Əsərdə bu hisslər açıq şəkildə verilməsə də, şagird hadisələri əlaqələndirərək həmin boşluğu məntiqlə doldurmuşdu. Yazını dinləyərkən sinifdə başqa bir şagird bildirdi ki: "İnsan hər dəfə pis görünəndə onun nə hiss etdiyini də düşünmək lazımdır". Mənim üçün dərsin ən qiymətli nəticəsi məhz bu cümlə idi.

Başqa bir qrup isə Qıratın dilindən Koroğluya məktub yazmışdı. Məktubda belə bir cümlə var idi: "Sənsiz meydan mənə yad görünür". Yazı oxunduqdan sonra sinifdə maraqlı müzakirə yarandı. Şagirdlərdən biri dedi ki: "Qırat dastanda sadəcə minik vasitəsi deyil, Koroğlunun sirdaşıdır". Bu fikir artıq mətnin təkrarından yox, onun mənalandırılmasından xəbər verirdi.


Dərsin sonunda bütün yazılar təqdim edildi. Maraqlısı o idi ki, eyni rolu seçən şagirdlərin yazıları belə fərqli idi, çünki hər biri obraza öz baxış bucaqlarından yanaşmışdılar.

Bu fəaliyyət zamanı qiymətləndirməni də RAFT-ın məntiqinə uyğun qurmağa çalışıram. Yazıları yoxlayarkən yalnız orfoqrafik səhvlərə diqqət yetirmirəm. Mənim üçün əsas meyar obrazın mövqeyinin qorunması, seçilmiş auditoriyanın nəzərə alınması, yazı formasına uyğunluq və fikrin əsaslandırılmasıdır. Şagirdlər də əvvəlcədən bu meyarlarla tanış olduqları üçün yazılarını daha məsuliyyətlə hazırlayırlar.

Bu gün geriyə baxanda deyə bilərəm ki, RAFT strategiyası yazı tapşırıqlarına münasibətimi dəyişib, çünki indi bilirəm ki, yaxşı yazının əsasında yaxşı düşüncə dayanır. Şagird mətni anlayırsa, obraza empatiya göstərə bilirsə və hadisələri fərqli baxış bucağından qiymətləndirirsə, yazı artıq öz-özünə formalaşır.

Mənim üçün RAFT sadəcə yaradıcı yazı strategiyası deyil. O, şagirdə oxuduğunu yenidən düşündürən, düşündüyünü isə əsaslandıraraq ifadə etməyə sövq edən bir yanaşmadır. Elə buna görə də hesab edirəm ki, bu strategiyanın dərslərdə müntəzəm tətbiqi şagirdlərin oxuyub-anlama, təhlil, tənqidi düşünmə və yazılı ifadə bacarıqlarının paralel inkişafı üçün geniş imkanlar yaradır.


Səltənət Qurbanova,
Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Təhsil İnstitutunun aparıcı metodisti

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.