İrəvan xanlığının işğalı və Türkmənçay müqaviləsi
1826–1828-ci illəri əhatə edən İkinci Rusiya-Qacar müharibəsinin ən mühüm və həlledici mərhələlərindən biri İrəvan xanlığının işğalı uğrunda gedən döyüşlər olmuşdur. Strateji əhəmiyyətə malik İrəvan qalasını ələ keçirmək üçün Rusiya imperiyası böyük hərbi qüvvə səfərbər etsə də, İrəvan hakimi Hüseynqulu xanın və onun qardaşı Həsən xanın rəhbərlik etdiyi yerli qoşunlar düşmənə qarşı amansız və qəhrəmancasına müqavimət göstərmişlər. 1826–1828-ci illəri əhatə edən İkinci Rusiya-Qacar müharibəsinin ən mühüm və həlledici mərhələlərindən biri İrəvan xanlığının işğalı uğrunda gedən döyüşlər olmuşdur. Strateji əhəmiyyətə malik İrəvan qalasını ələ keçirmək üçün Rusiya imperiyası böyük hərbi qüvvə səfərbər etsə də, İrəvan hakimi Hüseynqulu xanın və onun qardaşı Həsən xanın rəhbərlik etdiyi yerli qoşunlar düşmənə qarşı amansız və qəhrəmancasına müqavimət göstərmişlər.
Mühasirənin başlanması və "Müxənnət təpə" döyüşü
1927-ci il aprelin 23-də Tiflisdən göndərilən ərzaqla ordunun təminatını qarşılayan Benkendorf İrəvan qalasına hücum etmək qərarı aldı. Rus qoşunları müxtəlif dəstələrə bölünərək aprelin 24-də Zəngiçayı keçərək cənubi-şərq istiqamətində qalaya doğru hərəkət etməyə başladı. Onlar qalaya yaxınlaşaraq "Müxənnət təpə" adlanan kurqanı ələ keçirdilər. Bu xanlıq üçün təhlükəli vəziyyət yaradırdı. Müdafiə üçün bütün qüvvələri safərbər edən Hüseynqulu xan rus qoşunlarının irəlilədiyini görüb, qalanın cənub və şərq qapıları tərəfində yerləşən bağları əldə saxlamaq üçün piyada və süvarilərdən ibarət iki sərbaz batalyonunu oraya göndərdi. Fəqət qüvvələr nisbətinin qeyri-bərabər olması nəticəsində İrəvan qoşunu məğlub olub İrəvan qalasına çəkildi .
Xanlığı işğal üçün böyük hərbi qüvvə səfərbər edən general Benkendorf iki karabiner alayını "Müxənnət təpə"də, gürcü alayını isə bağlarda yerləşdirərək, özü digər dəstələrlə qalanın cənub hissəsində düşərgə saldı. 1827-ci il aprelin 25-də podpolkovnik Aristovun başçılığı ilə "Şirvan batalyonu" qalanın qərb tərəfində yerləşən təpəni ələ keçirərək burada artilleriya quraşdırdı. ″İrakli təpəsi″ adlanan bu təpədə yerləşdirdiyi toplardan İrəvan qalası güclü atəşə tutulmağa başladı. Günortaya yaxın atəş səngidi, "Şirvan batalyonu" düşərgəyə qayıtdı, mayor Xamutskinin başçılığı altında iki karabiner alayı isə 4 topla "İrakli təpəsi"ndə saxlanıldı. Şərq tərəfdən İrəvanın şəhərətrafı hissəsi açıq qalırdı. Strateji baxımdan əhəmiyyətli olan bu mühitdə bazar, məscid və Zəngiçaya doğru uzanan mülklər yerləşirdi. Aprelin 27-də şəhərin bu hissəsi də rus qoşunu tərəfindən ələ keçirildi. Beləliklə, həmin gün İrəvan qalası ətrafında rusların qurduqları mühasirə dairəsi qapandı. Digər tərəfdən Sərdarabad qalasındakı Həsən xanın hücumu da bir nəticə vermədi .
Diplomatik təzyiqlər və qəfil hücum cəhdləri
Qalanın tam mühasirəsi başa çatandan sonra general Benkendorf İrəvan qalasının rəisi Sübhənli xan vasitəsilə Hüseynqulu xanla danışıqlar aparıb, xana könüllü təslim olacağı təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki gəlirlərinin özünə qaytarılacağına dair söz verdi. Təklifi qəbul etməyən Hüseynqulu xanın əmri ilə aprelin 29-dan 30-na keçən gecə İrəvan süvariləri Zəngiçayın üstündən keçən körpünü qoruyan düşmən gözətçi dəstələrinə qəfil hücum edərək düşmən mühasirəsini yarıb İrəvan qalasına daxil olmaq istədi. Lakin rus qoşununun güclü top atəşləri nəticəsində bu plan baş tutmadı. Hüseynqulu xanın qardaşı Həsən xan Qacar mayın 7-də 4 minlik qoşunla yürüşə başlayaraq Zəngiçayın Araza tökülən yerində düşərgə saldı. Bundan poruçik Kotsebunun topladığı kəşfiyyat məlumatı nəticəsində xəbər tutan Benkendorf mayın 9-da səhər 1200 nəfərlik kazak süvarisi, 1 toplu iki bölüklə Zəngiçayın mənsəbinə gəlib İrəvan qoşununa hücuma keçdi. Məğlub olan Həsən xan Sərdarabad istiqamətində geri çəkildi.
Paskeviçin gəlişi və mühasirənin müvəqqəti qaldırılması
1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə rusların əsas qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının İrəvan istiqamətində yürüşü başladı. Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhənli xanla danışıqlar apardığını öyrəndi. Qalanın komendantına gəlişi barədə xəbər göndərəndə Hüseynqulu xan knyaz Seversamidzeyə dedi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır, çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi . Döyüşlərin ilk mərhələsində belə bir addımın atılmasına səbəb Paskeviçin kəşfiyyat nəticəsində şahın İrəvanda ingilis silahları ilə silahlanmış qarnizon saxlaması haqda məlumat əldə etməsi idi. Digər tərəfdən Paskeviç görürdü ki, rus ordusunun arxasında soyğunçuluqla məşğul olan kürd tayfaları komandanlığın diqqətini yayındırır, iqlimin sərtliyi rus əsgərlərinə mənfi təsir göstərirdi. Buna görə də Paskeviç İrəvan qalasının mühasirəsindən müvəqqəti əl çəkib Abbas Mirzənin ələ keçirdiyi Naxçıvan istiqamətində hücuma keçdi . Paskeviç getməmişdən əvvəl Benkendorfun yerinə İrəvan qalasının mühasirəsinə başçılığı general-leytenant Krasovskiyə tapşırdı. Krasovskinin başçılıq etdiyi 20-ci piyada diviziyası, Sevastopol, Krım piyada alayları, 39-cu və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində saxlanıldı. 62 Paskeviç Naxçıvanda Abbas Mirzənin ordusuna qarşı uğur qazansa da, İrəvandakı rus qoşunlarının vəziyyəti ağır olaraq qalırdı. Qalanı təslim etməmək üçün qəhrəmanlıq nümayiş etdirən İrəvan xanının ordusu ruslara ciddi müqavimət göstərirdi. Üstəlik, havaların isti keçməsi və içməli su çatışmazlığı əsgərlər arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olmuşdu. Belə bir şəraitdə İrəvan qalasını ələ keçirməyin mümkün olmadığını anlayan Krasovski Paskeviçdən İrəvanın mühasirəsindən əl çəkməyə dair icazə alıb iyunun 21-də gecə yarısı Üçkilsəyə doğru çəkildi . Üçkilsədə yerləşən rus qoşunu iyulun 1-dək buranın müdafiəsini möhkəmləndirməklə məşğul oldu və qoşunun bir hissəsini orada qoyaraq Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə saldı. Rusları təqib edən İrəvan qoşunları isə Alagöz dağının ətəyindən onları nəzarətdə saxlayırdı.
Üçmüəzzin və uşaqan döyüşləri: ağır zərbə
Hüseynqulu xan rus qoşunlarının əsas qüvvələrinin geri çəkilməsindən istifadə edərək kiçik qarnizonla müdafiə olunan Üçmüəzzini (Üçkilsəni) ələ keçirmək üçün yürüşə başladı. İyulun 2-də Üçmüəzzinə gələn xan əvvəlcə kilsənin könüllü şəkildə təslim edilməsinə nail olmaq üçün danışıqlara başladı. Lakin Üçmüəzzindəki rus ordusunun komandanı polkovnik-leytenant Lindenfeld xanın könüllü təslim olmaq tələbini rədd edərək toplardan atəş açmağa başladı. Hüseynqulu xan kilsənin ətraf aləmlə əlaqəsini kəsmək üçün bütün yol və cığırları nəzarətə götürdü.
Ruslara kömək edən ermənilərin bir neçəsi iyulun 5-də mühasirədən qaçmağı bacardı. Onlar Çınqıllıya gedərək Krasovskiyə məlumat verdilər. Bundan sonra ruslar 2 tabor və 4 topla təchiz edilərək monastıra doğru hərəkətə başladılar. Bu xəbəri onları müşahidə edən Qarapapaq dəstəsindən alan Hüseyn xan mühasirəni aradan qaldıraraq əvvəlcə Sərdarabada, daha sonra isə İrəvan qalasına geri çəkildi.
Paskeviç öz qoşunlarını arxadan gələcək hücum təhlükəsindən qorumaq üçün keçdiyi kəndləri dağıdır, tayfa başçılarını özünə tabe edərək Rusiya imperatoruna sədaqət andı içdirirdi. O, bu üsulla Abbas Mirzə tərəfdarlarından gələcək təhlükəni aradan qaldırırdı. İyulun 7-də Paskeviç ordunun mühüm dayaq məntəqəsi olan Abbasabad qalasını mühasirəyə aldı. Avqustun 1-də isə xanın başçılığı ilə 4 min nəfərlik qoşun 6 topla Uşaqan kəndi yaxınlığında xəstələrlə dolu rusların yük arabalarına hücum edərək onlara ağır zərbə vurdu. Lakin general-leytenant Krasovskinin əlavə qüvvə ilə köməyə gəldiyini eşidən xan yenidən İrəvan qalasına qayıtdı.
Say və silah-sursat baxımından üstün olan rus qoşunlarına müqavimət göstərmək çətin idi. Mövcud vəziyyətdən çıxmaq üçün Hüseynqulu xan Abbas Mirzəyə məktub yazıb kömək istədi. Köməyə gələn Abbas Mirzənin qoşunları avqustun 17-də başlayan mühüm Uşaqan (Ashtarak) döyüşündə Afanasi Krasovskinin başçılıq etdiyi rus qoşunlarına ağır zərbə endirdi. Səhər saat 7-dən gündüz saat 4-dək davam edən döyüş Üçkilsənin 2 verstliyində başa çatdı.
Avqustun 19-da gecə Abbas Mirzə qoşunu ilə Uşaqanı tərk edərək Zəngi çayı sahilində – İrəvandan 20 verst, Çınqıllıdakı rus düşərgəsindən isə 15 verst məsafədə düşərgə saldı. Həmin vaxt qala dağıdıcı toplar, çoxsaylı mərmi və hərbi sursat da buraya gəlib çatmışdı. Avqustun 19-u axşam general-mayor Laptev general-leytenant Krasovskinin dəstəsi ilə birləşmək üçün 4 toplu Kabardin alayı ilə Uşaqana gəldi. Artıq Abbas Mirzənin qoşunu ərazini tərk etmişdi. Avqustun 20-si səhər Krasovski Üçmüəzzindən çıxaraq Laptevin dəstəsi ilə birləşdi.
1827-ci İl İrəvan və Sərdarabad qalalarının işğalı
Paskeviç 1827-ci il avqustun 20-də İrəvana doğru hərəkət etdi. Avqustun 29-da rus ordusu Üçkilsədə cəmləşərək Sərdarabad qalasını ələ keçirmək üçün hərəkətə keçdi. Onların məqsədi qalanı tutub ərzaq sarıdan çətinlik çəkən ordunun ehtiyacını qarşılamaq, eyni zamanda İrəvan qalasının işğalında üstünlük qazanmaq idi. Rus qoşunları əhalinin müqavimət gücünü zəiflətmək üçün keçdikləri rayon və kəndlərdəki evləri qarət edib dağıdır, əkin sahələrini yandırır, yerli idarəçiləri və bəyləri Rusiya imperatoruna sədaqət andı içməyə məcbur edirdilər.
Sentyabrın 3-də rus qoşunları Gərni çayına çatdı. Ordusu yorğun düşən və müqavimət qabiliyyəti zəifləyən Abbas Mirzə Sərdarabaddan 15 verst aralıda yerləşən Qaraqala qalasına, sonra isə Makuya çəkildi. Rus qoşununun əsas qüvvələri Paskeviçin komandanlığı altında sentyabrın 5-də Üçmüəzzinə çatdı. Sentyabrın 11-də general Paskeviç birləşmiş qüvvələrlə Sərdarabada doğru yürüşə başladı və səhəri gün qalaya yaxınlaşdı. Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın qüvvələri ilə müdafiə olunurdu. Sentyabrın 14-də Krasovskinin başçılıq etdiyi qoşun Sərdarabad qalasını mühasirəyə aldı. Çar ordusu Hüseynqulu xanın İrəvan və Sərdarabada kömək etmək üçün gələn qoşunlarını Türkiyə sərhədinə doğru sıxışdırdı. Nəticədə qalanın müdafiəsi ancaq oradakı yerli müdafiəçilərin ümidinə qaldı.
Sentyabrın 16-da mühasirə toplarının Tiflisdən Sərdarabada gətirilməsindən sonra vəziyyət kəskin şəkildə dəyişdi. Sentyabrın 18-də toplar qalanı bombardman etməyə başladı. Həmin gün qalaya 500 mərmi atıldı və nəticədə qalanın dördkünc qülləsi dağıdıldı. Qalanın müdafiəçiləri qəhrəmancasına döyüşüb müqavimət göstərsələr də, qüvvələrin qeyri-bərabər olması müdafiədə xeyli çətinlik yaradırdı. Aramsız atəşə məruz qalan qala müdafiəçiləri sentyabrın 19-u saat 5-də təslim oldular. Paskeviçlə danışıqlara əsasən, müdafiəçilərə təslim olmaq üçün 24 saat vaxt verildi. Eyni zamanda qalanın bombardmanı daha da gücləndirildi. Sentyabrın 19-u axşam, qaranlıqda İrəvan qarnizonu qalanı tərk etdi. Beləliklə, Sərdarabad qalası sentyabrın 20-də rus qoşunları tərəfindən tutuldu. Bundan sonra Həsən xan qoşunları ilə İrəvan qalasına çəkildi. Polkovnik Xomutov Sərdarabada komendant təyin edildi. Qala qarnizonu Krım alayından bir tabor, iki top, erməni və kazak dəstələrindən ibarət idi.
Sərdarabad qalasının tutulması İrəvan qalası üçün böyük təhlükə yaratmışdı. Təminatını və mövqeyini daha da möhkəmləndirən Paskeviçin növbəti hədəfi İrəvan qalasını işğal etmək idi. Uşaqan döyüşündən sonra İrəvan hakimi Hüseynqulu xan Abbas Mirzə ilə birgə Araz çayını keçərək Maku qalasına çəkilmişdi. Buna görə də İrəvan qalasının müdafiəsini təşkil etmək tamamilə Həsən xanın üzerine düşmüşdü. Sentyabrın 23-də Paskeviçin hərbi qüvvələri İrəvan qalasının 2 verstliyində düşərgə salaraq qala divarlarının 750 metr yaxınlığındakı Muğanlıtəpə kurqanını tutdu. Sentyabrın 24-də İrəvan qala divarını Muğanlıtəpədən seyr edən Paskeviç qala haqqında yazırdı: "Zəngi çayının qayalıq sahilində minarəli və bürclü İrəvan qalasının bağları və daxili tikililəri görünürdü. Dik, içəriyə doğru əyilmiş sahilin yuxarısı ilə 426 metr məsafə boyu üzərində mağzalları, cinahlarında isə qüllələri olan divar uzanırdı. Sahilin dikliyi və çayın bol axını nəinki buradakı istehkamlara açıq həmlə etməyə, eləcə də mühasirə üçün tədbir görməyə imkan vermirdi. İrəvan qalasının ikiqat qalın divarlara malik, 50 topla silahlanmış, su ilə dolu xəndəklərlə əhatələnmiş, qüllələr və cinah müdafiəsi ilə möhkəmləndirilmiş digər üç fasadı qarnizona inadlı müdafiə imkanları vəd edirdi".
Rusiya tərəfindən qalanın mühasirəsinə 8 min piyada, 2 min nizami, 3 min qeyri-nizami süvari dəstə və 42 top cəlb olunmuşdu. Sentyabrın 25-də İrəvanın şərq tərəfindəki "Müxənnət təpəsi"ndə top yerləşdirən rus qoşunu qalaya bir neçə mərmi atdı. Beləliklə, qalanın rus artilleriyası tərəfindən bombardmanına başlandı. Səhəri gün qala divarlarından 300 sajen aralıda yerləşən təpədə daha 6 top və 4 qısalüləli top quraşdırıldı. Sentyabrın 26-sı səhər qala həmin toplardan güclü atəşə tutuldu. Qala qarnizonu da toplardan rus qoşununa cavab verirdi. Lakin təcrübəli topçuların olmaması üzündən onların atdığı mərmilər işə yaramırdı.
Sentyabrın 27-si gecə birinci batareyaya paralel sağ tərəfdə yeni 12, sol tərəfdə isə 6 top yerləşdirildi. Həmin gün qala 18 topdan güclü atəşə tutuldu. Atılan top mərmiləri qala divarlarını zədələdi. Lakin irəvanlılar dağılmış yerləri vaxtında hörə bildilər. Səhəri gün həmin toplardan qalanın bombardmanı davam etdirildi. Top mərmiləri qala daxilində böyük dağıntı törətmişdi. Bombardman nəticəsində qalanın divarına və qüllələrə böyük ziyan dəymişdi, ruslara cavab verən bir neçə top isə sıradan çıxmışdı. Sentyabrın 29-da qalanın cənub-şərq hissəsində yerləşən qüllə, ona bitişik sədd və bir neçə mazğal ruslar tərəfindən dağıdıldı. Bir gün sonra qalanın mühasirəsi daha da daraldıldı. Sentyabrın 30-da qalaya 900-dən artıq qumbara və top atıldı. Toplar yeni, daha yaxın mövqelərə gətirildi. Qala divarları bütün mövqelərdən atəşə tutuldu.
Həsən xanın əmri ilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən güclü atəşə tutdular. Lakin bu təşəbbüsün heç bir nəticəsi olmadı. Paskeviç Həsən xana təslim olmağı təklif etdi. Həsən xan elçi göndərərək Abbas Mirzənin istəyi ilə qalanı təslim edəcəyini bildirdi. Oktyabrın 1-də səhər saat 8-də qalanın şərq tərəfində yerləşən qüllədən bir neçə nəfər ağ bayraq qaldıraraq təslim olmaq istədiklərini bildirdi. Təslim məsələsində qalada iki qruplaşma var idi. Qala müdafiəçilərinin bir hissəsi təslim olmaq istəsə də, digər hissəsi Həsən xanın başçılığı ilə müqaviməti davam etdirmək fikrində idi. İrəvan qalasından qaçışların qarşısını almaq üçün rus komandanlığı bütün çıxışları nəzarətə götürmüşdü. Qalanın şimal qapısı olan Zəngiçay üzərində bir ulan diviziyası və 100 kazakdan ibarət dəstə yerləşdirilmişdi. İki bölük yeger dəstəsi isə qərb tərəfdən qaladan çıxışı nəzarətə götürmüşdü. Bundan əlavə, rus qoşunu qalanın çöl qapısının qarşısında olan xəndəyi təmizləyərək içəri qapıya yaxınlaşmışdı. Azərbaycan dilində irəvanlıları təslim olmağa çağıran Belov buradaca şəxsən Həsən xanın açdığı tüfəng gülləsindən öldü. Rus qoşunu qalanın bombardmanını daha da gücləndirdi, nəticədə qalanın qapısı sıradan çıxdı və rus qoşunları qalaya daxil oldu.
Oktyabrın 1-də Rusiya qoşunları İrəvan şəhərini işğal etdi. Həsən xan qaladan çıxmaq istəsə də, kazakların atəşinə məruz qalıb yenidən qalaya qayıtdı. Rusiya ordusu şəhəri qarət etmək istədi, ancaq Paskeviç şəhərə daxil olduqdan sonra bu özbaşınalıq dayandırıldı. Həsən xan həbs edildi və onun ən qiymətli malı olan Əmir Teymurun qılıncı əlindən alınaraq Krasovski tərəfindən Rusiya imperatoruna göndərildi. İşğal nəticəsində 4 min Qacar piyadası əsir götürüldü və 49 top ələ keçirildi. Mühasirə zamanı rus ordusundan 1 zabit, 8 əsgər ölmüş, 2 zabit və 44 əsgər yaralanmışdı.
Türkmənçay müqaviləsinin imzalanması
İrəvanın işğalından sonra rus qoşunları cənub istiqamətində yürüşə başladı; Xoy, Mərənd, Səlmas, Marağa və digər yerləri də işğal edərək Təbrizə yaxınlaşdı. Rus qoşunlarının paytaxta yürüş edəcəyindən qorxan Qacar hökuməti təcili danışıqlara başlamağa məcbur oldu. Uzun danışıqlardan sonra, 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya ilə Qacar dövləti arasında 16 maddədən ibarət müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasının tərkibinə keçdi. Paskeviç İrəvanın işğalına görə II dərəcəli Müqəddəs Georgi ordeni və "Erivanski" soyadı ilə təltif edildi. Digər şəxslər də mükafatlandırıldı. İrəvan qalasının işğal edilməsi şərəfinə Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirildi. Müqavilənin şərtlərinə görə, hər iki tərəfdən əsir götürülmüş şəxslər, xanın qardaşı Həsən xan da daxil olmaqla geri qaytarılmalı idi. Ümumiyyətlə, digər Azərbaycan xanlarından fərqli olaraq, Hüseynqulu xan və qardaşı rusların böyük qəzəbinə tuş gəlmişdilər. Çünki onlar 20 il ərzində rusların İrəvanı işğal etmək planlarının qarşısına keçilməz bir sədd çəkmişdilər. Bu qəzəb özünü Türkmənçay müqaviləsinin XII maddəsində də özünü göstərmişdi.
Nəticə
1827-ci ilin aprel ayından oktyabr ayına qədər davam edən İrəvan və Sərdarabad qalalarının mühasirəsi, hərbi qüvvələrin qeyri-bərabərliyinə baxmayaraq, Azərbaycan dövlətçilik tarixində qəhrəmanlıq və inadkar müqavimət səhifəsidir. Hüseynqulu xan və Həsən xan Qacar qardaşlarının rəhbərliyi altında İrəvan xanlığı çar Rusiyasının müasir silahlarla təchiz olunmuş nəhəng ordusuna, ağır artilleriya hücumlarına və diplomatik təzyiqlərinə qarşı son ana qədər fədakar mübarizə aparmışdır. Uşaqan (Əştərək) döyüşündə rus qoşunlarına vurulan ağır zərbə yerli qüvvələrin hərbi potensialını nümayiş etdirsə də, imperiyanın davamlı olaraq bölgəyə əlavə qüvvələr cəlb etməsi və Sərdarabad kimi mühüm dayaq məntəqəsinin süqutu İrəvan qalasının taleyini həll etdi.
1827-ci il oktyabrın 1-də İrəvanın işğalı və ardınca 1828-ci il fevralın 10-da imzalanan tarixi Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya imperiyasının tərkibinə qatılması rəsmiləşdirildi. Bu müqavilə təkcə xanlıqların siyasi mövcudluğuna son qoymadı, həm də regionun demoqrafik, inzibati və geosiyasi xəritəsini kökündən dəyişdirərək gələcək tarixi münaqişələrin əsasını qoydu.
Müqavilənin XII maddəsi isə rus komandanlığının İrəvan hakimlərinə qarşı xüsusi qəzəbinin hüquqi təzahürü oldu. Digər Azərbaycan xanlarından fərqli olaraq, 20 il ərzində imperiyanın işğal planlarına keçilməz sədd çəkən Hüseynqulu xan və Həsən xanın bölgədəki mülkiyyət və daşınmaz əmlak hüquqları bu maddə ilə ciddi şəkildə məhdudlaşdırıldı, onların öz vətənlərinə olan tarixi bağları qanunla kəsildi. Bu nəticə, İrəvan xanlığının süqutunun sadəcə hərbi bir məğlubiyyət deyil, həm də xalqın taleyində dərin izlər qoyan böyük bir tarixi dönüş nöqtəsi olduğunu sübut edir.
Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis




