Fərdin şəxsiyyət kimi inkişafının sirri
Hələ qədim dövrlərdə insanlar şüurlu fəaliyyətə başlayanda onu digər canlılardan fərqləndirən mədəniyyəti əldə etməyə, yaratmağa başladılar. Təbii ki, bu uzun sürən proses idi, hər halda insan bunu reallaşdıra bildi.
Bütün canlılar öz balalarına instinktləri əsasında həyata hazırlayırlar. İnsanlar da şüurlu fəaliyyətə başlayana qədər öz övladlarını bu yolla həyata hazırlayırdılar. Şüurlu fəaliyyətə başlayanda əldə etdikləri mədəniyyəti sosial təcrübə kimi onlara ötürməyə başladılar. Bu zaman maraqlı situasiya yarandı, onlar öz övladlarına mədəniyyəti ötürərkən “zorakılıq” metodlarından istifadə etdilər. Əlbəttə bunu qədim insana bağışlamaq olar, axı o bu metodlardan instinktiv olaraq istifadə edirdi, hələ öz keçmişindən çox “uzaqlaşmamışdı”. Bu metodların zaman kontekstində getdikcə humanistləşəcəyini (oxu: mədəniləşəcəyini) gözləmək olardı, amma belə olmadı, hətta ilk məktəblər yarananda belə zorakılıq metodları yox olmadı.
Sokratın “sehrli çırağı” haqqında rəvayət
Deyilənə görə böyük filosof Sokrat günün günorta çağı əlində çıraq gəzirmiş. Ondan soruşurlar ki, “günün günorta çağı əlində çıraqla nə axtarırsan?”Filosof bu suala heç kimin gözləmədiyi qeyri-standart bir cavab verıb: - “İnsan axtarıram”. Fikir verin, filosofun insanlar arasında insan axtarması nə deməkdir? Hamı bu cavaba qəribə baxırdı. Amma,...görəsən o insan tapa bildimi? Deyilənə görə görmək istədiyi insanı tapa bilmədi. Görəsən çıraq sehrini itirmişdi, yoxsa insanlar arasında insan yox idi? Bu suala cavab vermək məsuliyyətini heç kimi üzərimə götürmək istəməz, amma hamıya fikirləşib, öz məntiqi ilə bu suala cavab tapa bilər.
Zamanın karvanı və humanizm mədəniyyətininbərqərar olması
Dünya çox səbrlidir. Öz qoynunda insanların istifadə etdiyi zorakılıq metodlarını uzun müddətçiynində daşıyıb. Quldarlıq dövründə məktəblərdə istifadə olunan zorakılıq metodları gözəgörünməz tellərlə feodalizm dövrünün məktəblərinə də daxil oldu. Hərçənd ki, bu dövrlərdə yaşayan mütəfəkkirlər məktəbdəki zorakılıq metodlarının əleyhinə mübarizə aparırdılar.
Din ideoloqları da bu fikri dəstəkləyirdilər. Elə buna görə də feodalizm dövründə teoloji baxışlar əsasında yeni məzmunlu məktəblər yarananda zorakılıq metodlarının tərbiyə prosesindən uzaqlaşdırılacağı üçün ümidlər yaranmışdı. Yeni məzmunlu dini məktəblər yaradıldı, amma zorakılıq metodlarını məktəblərdən uzaqlaşdırmaq mümkün olmadı. Sanki zaman “zorakılıq metodları adlı bir yükü” öz karvanına yükləmişdi, könülsüz-könülsüz daşıyırdı.
XIV əsrdə humanizm ideyaları bərqərar olmağa başladı. Platon ideyalarının cəmiyyət həyatına tətbiq edilməsi üçün fürsət yarandı. Dante Alqiyerinin, Françesko Petrarkonun, Vitterina de Feltrenin və b. əsərləri vasitəsi ilə antik pedaqoji irs fonunda humanizm mədəniyyəti cəmiyyət həyatına daxil olmağa başladı. İnsan yeni məzmunda qiymətləndirildi. Bu yeni pedaqoji ideyaların natursentrik baxışlar çərçivəsində məktəb həyatına daxil olmasını şərtləndirirdi.
Y.A.Komenskinin, C.Lokkun, J.J.Russonun və b. əsərlərində insanın təbii imkanlarının və onların təhsil mühitində inkişaf qanunauyğunluqlarının sirrləri açıldı. İnsan münasibətlərinin humanizm müstəvisində məktəb həyatına daxil olması uşağın inkişafının əsas yollarından biri kimi dəyərləndirildi. Məktəb öz inkişafını bu səmtdə qursa da, hələ böyük uğurlar əldə edilməmişdi. Sənaye inqlabı məktəbin yenidən qurulmasını tələb etməyə başladı. Bu dövrdə filosofların (İ.Kant, F.Hegel və b.), sosialist utopistlərin (K.A.Sen-Simon, Ş.Furye, R.Oyen və b.), klassik pedaqoqların (İ.Pestalotsi, İ.F.Herbart, F.Frebel, F.A.Disterverq və b.) əsərləri natursentrik ideyaları daha da inkişaf etdirdi.
İnsan yaradıcılığı nəhayətsizdir
XIX əsrin sonlarında XX əsrin əvvəllərində insanın inkişafında antroposentrik baxışlar formalaşdı. Bu baxışlarda hər bir insan özünəməxsus yaradıcı şəxs kimi qiymətləndirildi, təhsil onun yaradıcılıq imkanlarını üzə çıxararaq inkişaf etdirən əsas yol kimi dəyərləndirildi. Aparılan çoxsaylı tədqiqatlar fonunda B.Blum taksonomiyası insan yaradıcılığının üzə çıxarılmasının metodologiyası kimi dəyərləndirildi. Karl Rocersin şəxsiyyətyönümlü təhsil baxışları yeni təlim konsepsiyaları ilə culğalaşdı. Şəxsiyyətlər arası münasibətlərin şagirdin koqnitiv və kreativ inkişafında mühüm rol oynadığı məlum oldu. İnsan yaradıcılığının nəhayətsiz imkanlara malik olması müəllim-şagird münasibətlərinin humanizm mədəniyyəti çərçivəsində üzə çıxdığı öz təsbitini tapdı.
Şagirdlər nə istəyirlər?
H.C.Ayzenk deyirdi ki, biz atı su axurunun yanına gətirə bilərik, amma onu su içməyə məcbur edə bilmərik. Görəsən uşaqları necə, onların məşğul olmaq istəmədikləri bir işi görməyə məcbur edə bilərik? Bu sualın cavabı birmənalıdır, əlbəttə yox. Amma əsrlər boyu bunu etmişik. Elə buna görə də dünyanın inkişaf tempi zəif olub. Humanist münasibətlər məktəb həyatına daxil olandan etibarən dünyanın inkişaf sürəti yüksəlib. Bu korrelyasiyanı aparmaq çətin deyil, hamı öz həyat təcrübəsinə əsasən bunu edə bilər. Məktəb bu gün humanist münasibətlər fövqündə inkişaf edir. Bu münasibətlərin formalaşmasında müəllimin rolu nəhayətsizdir. Qabaqcıl müəllimlər bu məsələyə xüsusi önəm verirlər. Bəs qabaqcıl müəllim hansı keyfiyyətlərə malik olmalıdırlar?
Hər birimiz təhsil alarkən subyektiv fikirlərimizdə bizə dərs deyən müəllimlərimiziqiymətləndirirdik. Müəllimin pedaqoji fəaliyyətini məktəb direktoru və digər rəsmi şəxslər dəqiymətləndirirlər. Görəsən bu qiymətləndirmələrdən ən düzgünü hansıdır? Şagirdlərin qiymətləndirməsi qeyri-rəsmi məzmun kəsb etdiyi üçün onu daha obyektiv adlandırsaq səhv etmərik. Bir də belə bir arqumentə də diqqət etmək maraqlıdır: axı müəllim son nəticədə şagirdi öyrətmiş, inkişaf və tərbiyə etmiş olur. Başqa sözlə ifadə etsək, şagird bu prosesin iştirakçısı olur və o hansı müəllimin daha yaxşı öyrətdiyini öz təcrübəsi əsasında qiymətləndirə bilir.
Bizim mentalitetə görə şagirdin müəllimi qiymətləndirməsi mənəvi dəyərlərdən kənar sayılır. Amma dünya məktəblərində şagirdlərin müəllimi qiymətləndirmə təcrübəsi mövcuddur. Görəsən şagirdlər müəllimləri qiymətləndirərkən onun hansı keyfiyyətlərinə üstünlük verirlər? Psixoloqlar bu suala cavab tapmaq üçün məktəblərdə maraqlı tədqiqatlar aparıblar. Onlardan ikisinə diqqət yetirək:
I tədqiqat: Şagirdlərə “Müəllimin səhvi”mövzusunda inşa yazmağı təklif ediblər. Şagirdlərin yazdığı inşada müəllimlərin səhvləri konkret faktlarla göstərilmişdi. Bu səhvlərin mütləq əksəriyyəti müəllimlərin şagirdlərlə qarşılıqlı münasibətinə həsr edilmişdir.
II tədqiqat: Həm məktəbin buraxılış sinif şagirdlərinə, həm pedaqoji institutun I kurs tələbələrinə, həm də müəllimlərə “ideal müəllimin keyfiyyətlərini” qeyd etmək xahiş edilmişdi. Əldə edilən nəticələrdən məlum olmuşdu ki, şagirdlər və tələbələr müəllimlərin insani keyfiyyətlərinə, müəllimlər isə işgüzar və peşə keyfiyyətlərə üstünlük verirlər. Göründüyü kimi, şagirdlər və müəllimlər eyni problemi prizmanın müxtəlif bucaqlardan dəyərləndirmişlər. Amma bir həqiqəti hər birimiz bilirik: Şagird müəllimi sevəndə onun tədris etdiyi fənni də sevə-sevə öyrənir. Görəsən şagird müəllimi nə vaxt sevir?
Şagirdi cəzalandıraq, yoxsa....
Təlim-tərbiyə prosesi yaranandan etibarən müəllimlər şagirdlərlə münasibətlərin humanistləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini öz pedaqoji təcrübələrində yəqin ediblər, amma cəzalandırma metodundan imtina edilməyib.
Əsrlər bir-birini əvəz etdikcə, cəzaların şiddətli azalıb, amma aradan qalxmayıb. Hər birimiz öz təcrübəmizdən bilirik ki, insan cəzalanmağı xoşlamır. Bəs niyə təlim-tərbiyə prosesində biz cəzalandırmadan əl çəkmirik. Onu da bilirik ki, şagirdlər cəzalananda neqativ addımlara daha çox yol verirlər.
Şagirdin nöqsanlı hərəkətlərinə göz yummaq olmaz. Amma dərindən fikirləşərək, şagirdlərin nə vaxt nöqsanlı hərəkətlərə yol verməsinin səbəblərini axtaranda, səbəblər piramidasının ən yüksək zirvəsində valideynlərin və müəllimlərin şagirdə, yumşaq desək, “layeqd” münasibətinin durduğunu yəqin edə bilərik. Şagird evdə də, məktəbdə də laqeydliklə rastlaşanda, danlaq içində “böyüyəndə”,özünütəsdiq yolunu tapa bilməyəndə ağlasızmaz hərəkətlər edirlər. Bu hərəkətləri ilə o əhatə olunduğu münasibətlər sistemindən narazı olduğunu bildirir. Onun bu hərəkətlərinin səbəblərini axtarmadan, onu cəzalandırmağı davam edəndə... “Çətin” tərbiyəolunan uşağın və şagirdin yaranma səbəblərini burada axtarsaq səhv etmərik. İstər evdə, istərsə də məktəbdə gözümüzün qarşısında fərd şəxsiyyət kimi inkişaf edir. Biz kobud münasibətlərlə onun şəxsiyyət kimi inkişafının qarşısına sədd çəkmiş oluruq. O bu münasibətlər fövqündə öz ağlının “qüdrəti” əsasında addım atmağa başlayır.
Son söz əvəzi
Həyat fəlsəfəsi təsdiq edir ki, uşağı və şagirdi tərbiyə etmək ona sevgi ilə yanaşmaqdan başlayır.Uşaqlar evdə valideynlərdən, şagirdlər məktəbdə müəllimlərdən daha çox humanist münasibətlər gözləyirlər. Amma bu gün istər valideynlər, istərsə də müəllimlər tərəfindən bullinq hadisəsinə təsadüf edirik. Düzdür onların sayının azaldığını deyə bilirik,bu yaxşı haldır, amma yox olduğunu deyə bilmirik. Uşağı və şagirdi məhəbbətlə tərbiyə etmək tələbkarlığı azalmaq anlamına gəlmir. Klassik pedaqoqlar tərbiyə tərəzilərinin bir gözünə “hörmət”,digər gözünə “tələbkarlıq” prinsipini qoyublar. Onlar öz müdrük pedaqoji təcrübələrində kəşf ediblər ki, uşağı (şagirdi) sevə-sevə tərbiyə edəndə, öyrədəndə tərbiyə etməyin, öyrətməyin yeni-yeni yollarını tapmaq olur, bu zaman tərbiyəedən yaradıcı müəllim statusu əldə edir, fərd isə şəxsiyyət kimi inkişaf etməyə başlayır.
Hikmət Əlizadə
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru




