Milli melodiyaların beynəlxalq zəfəri: Kamal Əhmədovun yaradıcılıq yolu
Musiqi bəzən bir xalqın tarixini, taleyini, mənəvi dünyasını və Vətən sevgisini sözlərdən daha təsirli ifadə edir. Milli musiqi ənənələrindən qaynaqlanan, xalqın ruhunu və duyğularını özündə yaşadan əsərlər zaman və məkan sərhədlərini aşaraq müxtəlif ölkələrdə dinləyicilərə yol tapır. Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Kamal Əhmədovun beynəlxalq müsabiqədə qazandığı qələbə də milli musiqimizin bu ifadə gücünü nümayiş etdirən əlamətdar hadisələrdəndir.
Böyük Britaniyada keçirilən “Golden Time Talent” beynəlxalq müsabiqəsinin 71-ci mövsümündə iştirak edən Kamal Rüstəm oğlu Əhmədov müsabiqənin birinci turuna üç əsər – skripka və fortepiano üçün “Kapriççio”, qanun və fortepiano üçün “Rapsodiya”, solo tenor və simfonik orkestr üçün “Vətəndir” romansını təqdim edib. Yekun turda isə bəstəkarın “Vətəndir” romansı birincilik qazanıb.
Qeyd etmək lazımdır ki, Vətən mövzusu Azərbaycan musiqisində mühüm yer tutur. Bəstəkarlarımız daim bu mövzuya müraciət edərək doğma torpağa bağlılığı, milli kimliyi və Vətən sevgisini musiqi dili ilə ifadə ediblər. K.Əhmədovun “Vətəndir” romansının beynəlxalq müsabiqədə qalib gəlməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu uğurdan sonra bəstəkara Dünya İstedadları Konfederasiyasına üzvlük təklif olunub və o, konfederasiyanın üzvü qəbul edilib. Bu hadisə K.Əhmədovun beynəlxalq sənət əlaqələrinin genişlənməsi və yaradıcılığının daha böyük mədəni mühitdə tanıdılması baxımından diqqətəlayiqdir.
K.Əhmədovun sənət yolu doğma Naxçıvandan başlayıb. İlk təhsilini burada alan bəstəkar, daha sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda, ardınca isə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Konservatoriyada görkəmli bəstəkar Xəyyam Mirzəzadənin sinfində oxuması onun peşəkar musiqiçi kimi formalaşmasında mühüm mərhələlərdən biri hesab edilir. Təhsilini bitirdikdən sonra K.Əhmədov Naxçıvan şəhərinə qayıtmış, burada yeni yaranmış Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışaraq orkestrin formalaşmasında böyük əmək sərf etmişdir.
Bəstəkarın fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmır. O, 1996-cı ildən Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Uzun illər İncəsənət fakültəsində Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışıb, 2000-ci ildən isə Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi olub. Onun pedaqoji fəaliyyəti gənc nəslin musiqi təhsilində, gələcək bəstəkarların yetişməsində mühüm əhəmiyyətə malikdir.
K.Əhmədovun yaradıcılığını səciyyələndirən əsas cəhətlərdən biri janr rəngarəngliyidir. O, simfonik və kamera-instrumental musiqi, vokal və xor əsərləri, eləcə də səhnə tamaşaları üçün musiqi nümunələri yaradıb. Bununla belə, bəstəkarın yaradıcılığında simfonik janrlar xüsusi yer tutur. “Cavid” və “Xocalı” simfoniyaları, “Naxçıvan simfonik lövhələri”, “Səyahət” simfonik süitası onun bu sahədəki yaradıcılığının mühüm nümunələridir. Həmin əsərlərdə bəstəkar musiqi fikrinin inkişafına, orkestrin ifadə imkanlarına və bədii məzmunun açılmasına xüsusi diqqət yetirir.
Bəstəkarın kamera-instrumental əsərləri də zənginliyi ilə diqqəti cəlb edir. “Ballada”, “Trio”, “Kvartet”, “Aşıqsayağı”, “Sonata” və “Mövzu ilə variasiyalar” kimi əsərlərdə müxtəlif musiqi formaları və ifadə imkanları öz əksini tapır. Bununla yanaşı “Ömrün Heydər zirvəsi”, “Azərbaycan bayrağı”, “Azərbaycan türküsü”, “Rekviyem”, “Tənha məzar” və “Zəfər türküsü” kimi vokal-simfonik, “Qədim Naxçıvan”, “Şahsevəni”, “Ovşarı” kimi xor əsərləri, çoxsaylı konsertləri, instrumental əsərləri, mahnı və romansları, “Dirilən adam”, “Dəli yığıncağı” və “Fərhad və Şirin” tamaşalarına bəstələdiyi musiqilər və başqa çoxsaylı əsərləri bəstəkarın yaradıcılıq dairəsinin genişliyini, eyni zamanda milli-mənəvi dəyərlərə və tarixi mövzulara bağlılığını əks etdirir.
Bütün bu janr müxtəlifliyini birləşdirən əsas cəhət bəstəkarın melodik düşüncəsidir. K.Əhmədovun musiqisində milli musiqimizə xas intonasiyalarla onun fərdi melodik üslubu vəhdət təşkil edir. Ritm, lad-məqam, harmoniya, polifoniya və forma sahəsindəki axtarışları da onun musiqi dilinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə**,** bəstəkarın vokal əsərləri ilə melodiya ilə poetik mətnin əlaqəsi diqqəti cəlb edir. Bu baxımdan “Vətəndir” romansının müsabiqədə uğur qazanması bəstəkarın vokal yaradıcılığına olan marağı daha da artırır.
K.Əhmədovun beynəlxalq müsabiqədə qazandığı birincilik onun çoxşaxəli sənət fəaliyyətinin diqqətəlayiq nəticələrindən biridir. Bu uğur həm də Azərbaycan bəstəkarlıq ənənələrinin beynəlxalq platformada layiqincə təmsil olunması baxımından əhəmiyyətlidir. K.Əhmədovu qazandığı bu böyük uğur münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq nailiyyətləri və gənc musiqiçilərin yetişdirilməsi istiqamətində uğurlar arzulayırıq. İnanırıq ki, bəstəkarın yaradıcılığı bundan sonra da Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinə böyük töhfələr verəcək.

Rumiyə Məmmədova,
Naxçıvan Dövlət Universitetinin dissertantı, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi




