Epiqrafik mənbələrdə Qərbi Azərbaycanda Azərbaycanlıların məskunlaşma tarixi və çoxəsrlik mədəni izləri

7 Oktyabr, 2026 - 09:57
Epiqrafik mənbələrdə Qərbi Azərbaycanda Azərbaycanlıların məskunlaşma tarixi və çoxəsrlik mədəni izləri

Qədim dövrlərdən VI əsrə qədər və sonrasında Qərbi Azərbaycanlıların  soykökdə iştirak edən tayfalar:VI əsrə qədər Qərbi Azərbaycandakı azərbaycanlıların soykökündə hun, varsaq, barsil, şirak/sirak, qaşqay, saq, arsak, bulqar, kimmer, quqar, alban tayfaları iştirak ediblər. XVII əsrdən isə muğanlı, peçeneq, qıpçaq, bayat, ayrımlı, ilxıçı, kolanı, qacar, kürəkənli (körakanlı), cinli, oğuz, sabunçu, baharlı, bayandur, əfqan, qazax, əfşar, xələc, şamlı, ustaclı, türkmən, şadlı, ayrım, qarapapaq, zəngi türk tayfaları söykökün formalaşmasında rol oynayırdılar. Tarixi sənədlər və maddi-mədəni irs nümunələri təsdiq edir ki, insanlar Kür-Araz ovalığının qərbində yüz minlərlə il əvvəl məskən salmışdı. E.ə. III minillikdə ərazidə azərbaycanlıların əcdadları olan qəbilələrin mövcud olduğu ərazi Etiuni adlanırdı. 

Etiuni dövründən İslam mədəniyyətinə qədər oğuz-türk varisliyi (e.ə III minillik- XI əsr): Etiuni ərazisində yerləşən Göyçə mahalının Ataxan kəndi ərazisində eramızdan əvvəlki XI minilliyin sonlarına, birinci minilliyin əvvəllərinə aid edilən və oğuzlara aid tarixi memarlıq abidəsi Tuluxi (Tulixu) şəhərinin qalıqları haqda bölgədə tədqiqat aparan rus akademik Вoris Borisoviç Piotrovski (1908-1990) məlumat verib. Tuluxinin (Tulixu) türk adı olması uyğur oğuznamələrində də ifadə olunub. Belə ki, həmin mənbələr də Oğuz xanın vəzirləri – Oğuz elinin tarixini qələmə alan salnaməçilər Uluq Turuq (Ulu Turux) kimi təqdim olunurlar. ″Kitabi Dədə Qorqud″da əksini tapmış zoomorfik məqamların birində isə ″Tulu quşu″ ağıl-zəka simvolu kimi təsniflənir və Salur Qazan xan ″Tulu quşun yavrusu″ kimi təqdim olunur. ″Ulu Ata xan Bitikçi″, ″Ulu Turux″, ″Tuluxi″ ifadələrinin eyni mənaya – ″ağıllı salnaməçi″, ″ulu kitab yazan″ anlamına gəlməsi, eyni zamanda Ataxan kəndi ilə Tuluxinin xərabələrinin eyni coğrafi koordinatında yerləşməsi, ″Kitabi Dədə Qorqud″un izlərinin Göyçədə və Qərbi Azərbaycanda olması azərbaycanlıların bu coğrafiyada 3000 illik tarixi keçmişə malik olduğunu göstərir. Rusiyalı tədqiqatçı Aleksandr Filippoviç Lyayster (1884–1941) ″İrəvan quberniyasında Aleksandr Aleksandroviç İvanovskinin arxeoloji tədqiqatı″ adlı məqaləsində yazırdı: ″Aleksandr Aleksandroviç İvanovski mixi yazılarını öyrəndikdən sonra diqqətini Göyçə gölünün cənub sahilində, Gözəldərə kəndinə yaxın yerləşən qədim qəbiristanlıqlara yönəltdi. Burada daşlarla dairə şəklində düzülmüş və hər birinin üzəri bir və ya iki daş lövhə ilə örtülmüş 17 qəbir var idi. Beş qəbri qazarkən birində, təxminən 3 arşın dərinlikdəki daş sandıqda, dizlərini bədəninə yaxın tutaraq oturmuş vəziyyətdə, üzü şərqə tərəf skelet tapıldı. Skeletin kəlləsi süni şəkildə deformasiyaya uğramışdı. Yaxınlıqda beş gil qab və dörd mis əşya – xəncər, bıçaq, iynə və kiçik pinset aşkar edildi. Digər qəbirlərdə isə normal, deformasiyaya uğramamış, dolixosefaliya tipli kəllələr, mis xəncərlər və çoxlu gil qablar tapılmışdı″. Eyni əşya və qəbirlər 1960-1980-ci illərdə Gədəbəy, Daşkəsən, Xocalı ərazisində aparılan qazıntılar zamanı da aşkar edilib. Türk mənşəli tayfalara məxsus olan bu əşyalar və onların üzərindəki naxış və bəzək elementləri Azərbaycanın sənət tarixi və məişət nümunələrində əksini tapıb. Aleksandr Filippoviç Lyayster (1884–1941) yazırdı ki, ″Bu qəbiristanlığın ən yüksək hissəsində İvanovski müsəlman üslubunda, abidələrdə ərəb yazıları olan bir qəbiristanlıq da aşkar etdi. Yerli sakinlər onu ″Oğuz qəbirləri″ və ya nəhənglərin qəbirləri kimi tanıyırdılar″.  Aleksandr Filippoviç Lyayster (1884–1941), İvanovskinin oxşar abidələrə tədqiqat apardığı Göyçə gölü və ərafındakı Gözəldərə, Ördəkli, Alçalı, Zağalı, Məzrə İrəvan yaxınlığındakı Çömləkçi ərazisində də rast gəldiyini bildirib. O, daha sonra yazır: ″Daha sonra Strasburqda professor Oyting bu yazılardan birinin bir hissəsini oxuya bildi. Orada ″İsmayıl″ və ″1118-ci il″ sözləri yazılıb ki, bu da müasir tarixlə 1774-cü ilə uyğun gəlir. Qəbirlər qazılmamış qalır və hələ də sirr olaraq qalır: təxminən 1300 fut hündürlükdə yerləşmələrinin məqsədi nə idi? ″.

Haqqında məlumat verilən sənduqə qəbir Nərədüz ərazisi yaxınlığında yerləşir və onların sayının çox olduğu haqda məlumatlar var. İvanovski azərbaycanlıların qədim əcdadlarına mənsub qəbirüstü at və qoç heykəlləri, 2-3 metr hündürlüyündə olan oğuz qəbirləri, sənduqə quruluşlu müsəlman qəbirləri ilə yanaşı, alban məbədi, məscid, türbə, mədrəsə, sərdabə barədə də məlumat verib. O, qeyd edir ki, karvansara, qala və digər maddi-mədəni irs nümunələrinə Qərbi Azərbaycanın Zəngəzur, Göyçə, Dərələyəz, Zəngibasar və digər ərazilərində rast gəlmək mümkündür. İvanovskinin tədqiqat əsərində Yuxarı Qaranlıq kəndi yaxınlığında yerləşən türbə və sənduqə qəbirlər də yer alıb. Qərbi Azərbaycanın Göyçə mahalındakı Kələqıran qalasından tapılmış 2700 illik kitabədə də bu ərazidə 24 qalanın olduğu ifadə olunub. Qalaların oğuz türklərinin leksikonunda mövcud olan adları dəlalət edir ki, Göyçədə türk mənşəli tayfaların məskunlaşmasının tarixi o daş kitabənin qayalara həkk olunduğu dövrdən daha əvvəlki vaxta təsadüf edir. Yurd salan, mədəniyyət formalaşdıran etnoslar özlərinə vətən bildikləri yerlərin müdafiəsinə zərurət duyanda qala və istehkamlar inşa ediblər. Ovalvari Ataxan, Əyrivəng, Ördəkli, Kələqıran, Qışlaq, Quləli və digər qalalar, qala kitabələrinin üzərindəki yazılar, kurqanlardan çıxan müxtəlif növ sənətkarlıq nümunələri minilliklərlə vaxt tələb edən dinamik təkamül prosesinin nəticəsidir. Bunu arxeoloqlar və ″urartoloqlar″ da təsdiqləyirlər. Boris Borisoviç Piotrovski onların hamısının, o cümlədən Göyçə hövzəsindəki qalaların böyük əksəriyyətinin eramızdan əvvəl II minilliyə aid olmasını birmənalı şəkildə təsdiqləyir. Lakin o, Əyrivəng, Ördəkli, Qışlaq, Quləli, Başkənd qalalarını birləşdirən istehkamları eramızdan əvvəlki I minilliyin VIII əsrinin sonlarına, VII əsrin əvvəllərinə aid edir. Bu isə o deməkdir ki, Göyçədəki 24 sancaq 2700 il əvvəl bir dövlət formasında birləşsə də, onların hər birinin qalası hələ 3000-3500 il əvvəldən müstəqil şəkildə mövcud olub. Bunlarla bağlı konkret maddi dəlillər mövcuddur. Məsələn, ″...Ermənistan Elmlər Akademiyasının Tarix Muzeyinin əməkdaşı Asatur Hovannesoviç Mnatsakanyan Əliqırıx qalasında (indiki Martuni rayonunun Astxadzor kəndi) axtarışlar zamanı qala müdafiəçilərindən birinin çanaq sümüyünə ilişib qalmış tunc ucluqlu ox aşkarlayıb ki, onun da ilk tunc dövrünə aid olması əsla şübhə doğurmur...″. Elə həmin Asatur Hovannesoviç Mnatsakanyan Ördəkli qalasında (indiki Sevan rayonunun Lcaşen kəndi) qazıntılar zamanı eramızdan əvvəlki ikinci minilliyin sonlarına aid, yəni azı 3000 il yaşı olan kurqanlar tapıb və həmin kurqanlardan çoxlu sayda tunc silahlar və məişət əşyaları, həmçinin qızıl məmulatları çıxıb. Akademik Вoris Borisoviç Piotrovski (1908-1990) Mnatsakanyanın bu tapıntılarını tədqiq edəndən sonra bildirib ki, ″...bu əşyalar burada yaşayanların yüksək mədəniyyətə sahib olmasına şahidlik edir. Bunlar Zaqafqaziyaya hərəkət edən Urartu ilə vuruşmuş yerli qəbilələrin başçılarına məxsusdur″. Akademik Вoris Borisoviç Piotrovskinin (1908-1990) rəyi rus arxeoloq Aleksandr Aleksandroviç İvanovskinin tədqiqatı ilə uyğunluq təşkil edir. O da Azərbaycanın Gədəbəy rayonu ərazisində həmin əşyalardan tapmışdı. Hər iki fakt azərbaycanlıların ulu əcdadları olan türk mənşəli tayfaların urartuların hücumuna qədər Qərbi Azərbaycanda yaşaması, maddi-mədəni irs yaratmalarını sübut edir. 30 il Urartunun Qafqazdakı hegemon mövqeyinin ″sübut″ etməyə çalışan Вoris Borisoviç Piotrovskinin (1908-1990) qeyd etdiyi fakt Göyçənin, bütünlükdə Qərbi Azərbaycanın əzəli sakinləri olan türk tayfalarının hələ eramızdan əvvəlki XII-XI əsrlərdə ″yüksək mədəniyyət nümunələri yaratmaq səviyyəsinə qədər inkişaf etdiklərini″ təsdiqləyir.

Qafqaz albaniyasının tənəzzülü və etiuni bölgəsinin geosiyasi tarixi: Erkən orta əsr alban tarixçilərinin verdiyi məlumata görə, Qafqaz Albaniyası ərazisinə görə bölgənin ən böyük dövləti idi. Cənub sərhədi Araz çayından keçən dövlətin ərazisinə indiki Zəngəzur, Göyçə və İrəvan əyaləti, həmçinin Etiuni vilayətinin şərq hissəsi daxil idi. Qafqaz Albaniyası VIII əsrə qədər bu torpaqlarda hökmranlıq etsə də Etiuni ərazisi alban və Atropatena dövlətləri üçün ucqar əyalət kimi qalırdı. III əsrdə İranda hakimiyyətə gələn Sasanilər sülaləsi torpaqlarını genişləndirmək və hökmranlıq arealını artırmaq üçün Etiuni ərazisi də daxil olmaqla Cənubi Qafqazı hədəf seçmişdi. VI əsrdə Etiunidə daha böyük siyasi çəkişmələr baş verdi. Belə ki, 551-ci ildə Dvin (Dəbil) məclisində alban kilsə nümayəndələri monofizit (İsa Məsihin yalnız ilahi təbiətə malik olduğunu iddia edən xristoloji doktrin) təriqətinə üzv olmaqla Bizansın pravoslav kilsəsi ilə əlaqəni kəsdilər. Bu qərar Konstantinopolun mövqeyinin zəifləməsini istəyən Sasanilər tərəfindən dəstəklənsə də, 591-ci ildə ərazini ələ keçirən Bizans monofizit təriqətini hədəf aldı. Təqib və işgəncələrə məruz qalan təriqətə üzv albanlar Etiunini tərk etmək məcburiyyətində qaldılar. Bu təqiblər ərəblərin VII əsrin ortalarında Etiuniyə sahib olub, İslam dinini Cənubi Qafqazda yaydığı dövrə qədər davam etdi. Ərəblərin hakim olduğu Etiuni və Bizansın hakimiyyəti altında olan Zəngəzurun qərb hissəsi İslam və xristian aləmini bir-birindən ayıran xəttin keçdiyi sərhəd xətti əraziyə çevrildi. Sərhədin qorunmasında köməyə ehtiyacı olan ərəblər Etiuni ərazisinə ermənilərin köçünü başlatdı. Eramızdan əvvəl IV əsrdən eramızın VIII əsrinə qədər Qafqazda yeganə real güc sahibi olmuş Alban dövləti artıq tənəzzül dövrünə qədəm qoymuşdu və ermənilərin bölgəyə köçürülməsinə qarşı cavab verəcək gücdə deyildi. IV-VII əsrlərdə İrana, Ərəbistan çöllərinə, Balkanlardan keçməklə Avropaya səpələnən və bu yerlərin aborigen əhalisi tərəfindən assimilyasiya olunan ermənilər IX əsrin əvvəllərindən etibarən Alban dövlətinin xərabələri üzərində təşəkkül tapan yeni müstəmləkə dövlətlərdə təhlükəsiz yaşamaq imkanı əldə etdilər. Çünki işğalçılara yerli tayfalar arasında nifaq salacaq, beləliklə də vaxtilə qüdrətli Alban dövlətinin əsasını təşkil edən millətin ümumi müqavimətini sarsıda biləcək təxribatçı sakinlər lazım idi. ″Yer üzündə yer axtarışında olan ermənilər″ bu iş üçün çox yararlı idi. Başqa sözlə, yaranmış şərait həm işğalçılara, həm də ermənilərə sərfəli idi və tərəflər məhz bu müstəvidə bir-birini tam mənada qane edirdilər. Farslara da, ərəblərə də, bizanslılara da ermənilərin onların tarixi torpaqlarını tərk edərək tədricən Qafqaza getmələri sərf edirdi. Çünki bu halda Qafqazın əzəli sahibləri qüdrətli Alban dövlətinin əsasını təşkil edən hun mənşəli Qafqaz oğuzlarını zəiflətmək üçün ermənilərdən istifadə edəcəkdi Ərazi yaylaqları, otlaqları, çayları, bulaqları və dağları ilə cəlbedici idi. Dağlıq ərazilər müdafiə baxımından da əlverişli idi. Ermənilər üçün göydəndüşmə olan və az qala 1200 ildən bəri davam edən bu ənənənin əsasını VII-X əsrlərin alternativsiz güc sahibi olan ərəblər qoydular. Belə ki, VII-IX əsrlərdə Albaniya bir dövlət olaraq süqut etmişdi. Lakin xristian kilsələrindən köklü şəkildə fərqlənən, özündə daha çox hürri-zərdüştiliklə oğuz kultunun sintezini yaşadan alban məbədlərinin müqavimətini qırmaq ərəblərə müyəssər olmamışdı. Odur ki, onlar alban məbədlərinin yanında qriqorian kilsələri tikilməsinə yardım edir və xristian birliyi üçün seperatizm təhlükəsi yaradan bu kilsələrə ağlagəlməz imtiyazlar verirdilər. Sürətlə Qriqorian kilsələri tikilir, alban məbədləri və məbədə aid mülk torpaqları zəbt olunurdu. Zəbt edilən məbəd və məbəd kompleksləri qriqorian kilsələrinə çevrilirdi. Bu eybəcərlik 909-cu ildə özünün kuliminasiya nöqtəsinə çatdı, Zəngəzur mahalındakı Tatev məbədi xəlifənin razılığı ilə rəsmən qriqorian kilsəsi elan edildi və bütün ətraf türk kəndləri onun sərəncamına verildi. IX-X əsrlərdə baş verən siyasi proseslər və müharibələr nəticəsində ərəb xilafətinin gücü zəiflədi, mərkəzi hakimiyyətdən uzaq qalan ərazilərə nəzarət itirildi. Etiuni ərazisində ərəblərin nüfuzunu itirməsi ilə yarımüstəqil Şirak knyazlığı və Dvin (Dəbil) müsəlman əmirliyi yaradıldı. Müstəqilliyi şərti olan və ərəb canişinliyinin hakimiyyətini tanıyan Dvin əmirliyi Göyçə, İrəvan, Naxçıvan, Zəngəzur ərazisini, Şirak knyazlığı isə Etiuninin qərb hissəsini əhatə edirdi. Canişin ərazini Azərbaycandakı iqamətgahından idarə edirdi. Şirak knyazlığını idarə edən Baqratid və Arsrunidlərin çar titulları bir-birini əvəz edən müsəlman Sacilər, Salarilər və Şəddadilər dövlətlərinin canişinləri tərəfindən verilirdi. Dvin əmirliyində də hakimiyyətin qanuniləşdirilməsi eyni qaydada həyata keçirilirdi. Lakin X əsrin ikinci yarısında Bağdad mərkəzli ərəb xilafətinin süqutundan sonra Bizans çar və knyazlara qarşı müharibəyə başladı və qələbə qazandı. 1021-ci ildə II Vasili Bolqaroboytsun (958-1025) ordusu Gürcüstana daxil oldu və iyirmi il ərzində xilafətin nəzarətində olan bu torpaqları öz hakimiyyəti altına aldı. 1050-ci ildə Bizans imperiyası əvvəlki dövrdə onlara xə yanət edən alban və erməni katolikosunu zorla Etiunidən Kiçik Asiyanın Sebastiya şəhərinə köçməyə məcbur etdi, (yüz ildən sonra katolikos taxtı Kilikiyaya köçürüldü) onu ideoloji mərkəz mövqeyindən çıxardı. Bizanslıların Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışdığı bu dövrdə nizami və güclü ordusu ilə Mərkəzi Asiyadan hərəkət edərək ədalətli idarəçiliyi ilə seçilən səlcuq türkləri İran və Azərbaycanı fəth edib, Kiçik Asyanı Bizansdan geri aldı. Bununla səlcuq türkləri bizansların, farsların və ərəblərin Qərbi Azərbaycan torpaqlarında hökmranlığına son qoymağa başladı. 


Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis