Universitetlərimizi dünya elminin nüfuzlu mərkəzlərinə çevrilməsi üçün nə edirik? – Akademik rəy
Son vaxtlar informasiya məkanında tez-tez belə xəbərlərlə qarşılaşırıq: azərbaycanlı gənc xarici universitetdə müəllim oldu, azərbaycanlı alim Avropa universitetinə təyin edildi, soydaşımız nüfuzlu xarici ali məktəbdə akademik vəzifə aldı. Bu xəbərlər, adətən, böyük sevinc və milli qürur hissi ilə təqdim edilir. Xaricdə çalışan hər bir azərbaycanlı alimin uğuru, əlbəttə, təqdirəlayiqdir. Ancaq burada bir sual yaranır: Niyə elmi uğuru bu qədər çox onun hansı ölkədə və hansı universitetdə baş verməsi ilə ölçürük?
Daha bir sual: Azərbaycan universitetində çalışan alimimizin uğurunu niyə eyni həvəslə işıqlandırmırıq? Niyə öz ölkəmizdə elmi tədqiqat aparan, tələbə yetişdirən, dərslik yazan, elmi məktəb yaradan, universitetlərin və tədqiqat institutlarının inkişafına töhfə verən alimlərimiz haqqında xəbərlər eyni ictimai rezonans doğurmur?
Məsələ xaricdə çalışan alimlərimizi tənqid etmək deyil. Məsələ elmi uğurun qiymətləndirilməsində formalaşan yanaşmanı müzakirəyə çıxarmaqdır.
Bir vəzifə xəbəri niyə milli uğur kimi təqdim edilir?
Son vaxtlar xarici universitetlərdə azərbaycanlıların müxtəlif vəzifələrə təyin olunması ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu xəbərlər, adətən, böyük uğur və milli qürur nümunəsi kimi təqdim edilir. Xarici universitetdə fəaliyyət göstərmək, əlbəttə, müsbət hadisədir. Lakin belə məlumatların ictimai təqdimatı daha geniş bir sual doğurur: Niyə bəzən xarici universitetin adı elə təqdim olunur ki, sanki orada hər hansı vəzifəyə təyin edilmək özlüyündə böyük elmi nailiyyətin sübutudur?
Xarici universitetin nüfuzu xəbərə maraq qazandıra bilər. Ancaq vəzifənin mahiyyəti, məsuliyyət səviyyəsi, elmi fəaliyyətin məzmunu və əldə edilmiş nəticələr də obyektiv qiymətləndirilməlidir. Universitetin beynəlxalq nüfuzu ilə konkret şəxsin elmi nailiyyətlərini eyniləşdirmək düzgün yanaşma deyil.
Eyni zamanda, akademik vəzifələrin adlarını və funksiyalarını fərqləndirmək vacibdir. Assistant professor, teaching assistant, research assistant və Junior Dean eyni statusu ifadə etmir. Bunlar fərqli funksiyalara, məsuliyyətlərə və akademik mövqelərə malik vəzifələrdir. Buna görə də hər hansı təyinat haqqında məlumat verilərkən vəzifənin adı ilə yanaşı, onun real məzmunu da izah olunmalıdır.
Xarici nüfuzlu universitetlə bağlı xəbər, təbii ki, ictimai maraq doğurur. Lakin əsas diqqət yalnız universitetin adına deyil, həmin vəzifənin hansı bilik və bacarıqları tələb etdiyinə, şəxsin hansı elmi nəticələrə malik olduğuna və fəaliyyətinin Azərbaycan elminə, təhsilinə və intellektual potensialına necə töhfə verə biləcəyinə yönəlməlidir.
Axı elmi uğurun əsas meyarı harada işləmək deyil, nə yaratmaq, hansı bilikləri istehsal etmək və cəmiyyətə hansı töhfəni verməkdir.
Bəs Azərbaycan universitetlərində işləmək?
Əsl problem məhz bu sualda gizlənir. Azərbaycan universitetində professor olmaq, elmi-tədqiqat institutunda çalışmaq, yerli elmi məktəbin formalaşmasına rəhbərlik etmək, magistr və doktorant yetişdirmək, fundamental və tətbiqi tədqiqatlar aparmaq da ciddi akademik məsuliyyət tələb edir. Bütün bunların dəyəri alimin fəaliyyət göstərdiyi ölkənin sərhədləri ilə müəyyən edilə bilməz.
Təsəvvür edək ki, bir alim xaricdə universitetdə müəllim vəzifəsinə təyin olunur və bu, geniş şəkildə işıqlandırılır. Digər alim isə Azərbaycanda uzun illər elmi tədqiqat aparır, yüzlərlə tələbənin hazırlanmasında iştirak edir, elmi institutda yeni istiqamət yaradır və ölkənin intellektual potensialının inkişafına xidmət edir. İkinci alimin fəaliyyəti niyə avtomatik olaraq daha az maraqlı xəbər hesab edilməlidir?
Əgər biz elmi uğuru yalnız xarici universitetin adı ilə ölçürüksə, onda istər-istəməz belə bir ictimai təsəvvür yaradırıq: xaricdə fəaliyyət göstərmək üstünlük, Azərbaycanda işləmək isə adi haldır.
Bu yanaşma nə elmi obyektivliyə, nə milli maraqlara, nə də sağlam akademik mədəniyyətə uyğundur.
Azərbaycan universitetində çalışmaq elmi baxımdan aşağı status deyil. Eyni zamanda, xarici universitetdə işləmək də öz-özlüyündə müstəsna elmi üstünlüyün sübutu sayıla bilməz. Hər iki halda qiymətləndirmə real nəticələrə əsaslanmalıdır.
Akademik vəzifə ilə elmi nailiyyət eyni şey deyil
Elmi ictimaiyyətin və medianın diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də akademik vəzifələrlə elmi nailiyyətlərin fərqləndirilməsidir.
Bir universitetdə işə qəbul olunmaq, müəllimlik fəaliyyətinə başlamaq, assistent vəzifəsi tutmaq və ya müəyyən inzibati məsuliyyət daşımaq peşəkar inkişafın mərhələləri ola bilər. Lakin bunları avtomatik olaraq böyük elmi kəşf, fundamental tədqiqat uğuru və ya beynəlxalq elmi liderlik kimi təqdim etmək düzgün deyil.
Elmi fəaliyyətin qiymətləndirilməsi üçün daha obyektiv meyarlar mövcuddur:
• Alimin tədqiqatları hansı yeni bilikləri yaradıb?
• Onun elmi əsərləri müvafiq sahənin inkişafına nə dərəcədə töhfə verib?
• Tədqiqat nəticələri praktikada və ya elmi nəzəriyyədə hansı dəyişikliklər yaradıb?
• Alim yeni tədqiqatçılar, doktorantlar və elmi məktəb yetişdiribmi?
• Beynəlxalq əməkdaşlıqdan əlavə, onun ölkəsinin elmi və intellektual inkişafına töhfəsi nədir?
Bu meyarlar xaricdə və ya Azərbaycanda işləyən bütün alimlərə eyni şəkildə tətbiq edilməlidir. Məsələ vəzifəni kiçiltmək deyil.
Məsələ hər bir vəzifənin mahiyyətinə uyğun qiymət verməkdir.
Xaricdə çalışan alimlərimizə sevinək, amma öz alimlərimizi də görək
Xaricdə çalışan azərbaycanlı alimlərin uğurlarını işıqlandırmaq lazımdır. Onlar beynəlxalq akademik mühitdə ölkəmizi təmsil edir, yeni biliklər əldə edir, elmi əlaqələr qurur və bəzən Azərbaycan üçün mühüm əməkdaşlıq imkanları yaradırlar.
Lakin bu uğurlara sevinmək öz ölkəmizdə çalışan alimlərə qarşı diqqətsizliyin səbəbinə çevrilməməlidir.
Azərbaycanın universitetləri və elmi-tədqiqat institutları da yeni biliklərin yaradıldığı, gənc mütəxəssislərin yetişdirildiyi, milli iqtisadiyyatın və cəmiyyətin problemlərinə elmi həllər axtarıldığı məkanlardır. Bu qurumlarda çalışan alimlərin fəaliyyətini ictimaiyyətə çatdırmaq, onların uğurlarını göstərmək, elmi mübahisələrini və nəticələrini müzakirəyə çıxarmaq milli elmi mühitin inkişafı üçün vacibdir.
Əks halda, paradoksal bir vəziyyət yaranır: biz xaricdə azərbaycanlı alimlərin sayının artması ilə fəxr edirik, amma öz universitetlərimizin niyə daha güclü elmi mərkəzlərə çevrilməli olduğu sualını kifayət qədər müzakirə etmirik.
Halbuki əsas məqsəd yalnız ayrı-ayrı azərbaycanlıların dünyanın müxtəlif universitetlərində mövqe qazanması olmamalıdır. Məqsədlərimizdən biri də ölkəmizdə elmi fəaliyyətin inkişafı, alimlərimizin peşəkar potensialının reallaşdırılması və onların beynəlxalq elmi mühitdə rəqabətqabiliyyətliliyinin artırılması üçün əlverişli akademik şəraitin daha da gücləndirilməsidir.
Milli elmi nüfuz şəxslərin təyinatı ilə deyil, institutların gücü ilə ölçülür
Hər bir ölkənin elmi nüfuzu yalnız onun vətəndaşlarının xarici universitetlərdə tutduğu vəzifələrin sayı ilə ölçülmür. Bu nüfuz, ilk növbədə, ölkənin öz elmi institutlarının gücü, universitetlərinin tədqiqat imkanları, elmi nəticələrin keyfiyyəti, akademik azadlıq, gənc alimlər üçün yaradılan şərait və beynəlxalq elmi əməkdaşlığın davamlılığı ilə müəyyən olunur.
Əgər azərbaycanlı alim xaricdə uğur qazanırsa, bu, müsbət hadisədir. Amma həmin uğurun milli elmin inkişafına hansı formada təsir göstərdiyi də araşdırılmalıdır. O, Azərbaycan universitetləri ilə əməkdaşlıq edirmi? Birgə tədqiqat layihələri həyata keçirirmi? Doktorantların hazırlanmasına töhfə verirmi? Elmi bilik və təcrübənin ölkəmizə ötürülməsində iştirak edirmi?
Bu suallar xaricdə çalışan alimə qarşı şübhə yaratmaq üçün deyil, beynəlxalq akademik uğuru milli elmi inkişafla əlaqələndirmək üçündür.
Eyni zamanda, Azərbaycanda çalışan alimlərin beynəlxalq şəbəkələrə çıxışını genişləndirmək, onların xarici həmkarları ilə bərabərhüquqlu əməkdaşlığını dəstəkləmək, yerli universitetlərdə tədqiqat infrastrukturunu gücləndirmək lazımdır.
Belə olduqda xaricdəki fərdi uğurlar və ölkə daxilindəki institusional inkişaf bir-birinə alternativ deyil, bir-birini tamamlayan proseslərə çevrilər.
Medianın məsuliyyəti: xəbərin ünvanı yox, məzmunu önə çıxsın
Medianın xaricdə çalışan azərbaycanlı alimlər haqqında məlumat yayması tamamilə təbiidir. Ancaq xəbər siyasətində müəyyən tarazlıq qorunmalıdır.
Bir alimin xarici universitetdə vəzifəyə təyin olunması xəbərdirsə, yerli universitetdə yeni elmi laboratoriyanın yaradılması, beynəlxalq tədqiqat layihəsinin qazanılması, mühüm elmi nəticənin əldə olunması, doktorantların uğuru və yerli elmi məktəbin beynəlxalq əməkdaşlığı da xəbər olmalıdır.
Sadəcə, məlumatı vəzifə adının yaratdığı emosional təsirlə məhdudlaşdırmamaq, elmi məzmunu da göstərmək lazımdır.
Oxucuya yalnız “kim harada işə başladı?” sualının cavabını deyil, “nə ilə məşğuldur, hansı nəticəyə nail olub və bu fəaliyyətin əhəmiyyəti nədir?” suallarının cavabını da təqdim etmək lazımdır.
Belə yanaşma həm medianın peşəkarlığını artırar, həm də cəmiyyətdə elmi uğurun daha sağlam meyarlarla qiymətləndirilməsinə kömək edər.
Milli elmi potensialına verilən dəyər cəmiyyətin beynəlxalq elmi nüfuza münasibətində tarazlığın formalaşmasına xidmət edir.
Azərbaycanlı alimin nüfuzlu universitetdə çalışması sevindirici hadisədir. Ancaq Azərbaycanın öz universitetində çalışan alimin fəaliyyəti də eyni obyektivliklə qiymətləndirilməlidir.
Biz xaricdəki uğurları kiçiltməməliyik, amma onları şişirtməklə öz elmi mühitimizi kölgədə də qoymamalıyıq. Xarici universitetin adı elmi keyfiyyət haqqında müəyyən təsəvvür yarada bilər, lakin son qiyməti tədqiqatın məzmunu, nəticəsi və ictimai faydası müəyyən etməlidir.
Ən başlıcası, alimə hörmət onun harada işləməsindən deyil, nə yaratmasından, hansı bilikləri istehsal etməsindən, hansı insanları yetişdirməsindən və cəmiyyətə hansı töhfəni verməsindən qaynaqlanmalıdır.
Azərbaycanda fəaliyyət göstərmək, öz ölkəsində elm yaratmaq, universitet quruculuğunda iştirak etmək, tələbə yetişdirmək və milli elmi potensialı gücləndirmək yüksək akademik missiyadır.
Bəlkə də artıq xəbər başlıqlarımızda yalnız “azərbaycanlı alim xarici universitetdə vəzifəyə təyin edildi” ifadəsini deyil, daha mühüm sualı da önə çəkməyin vaxtıdır: Azərbaycanın öz universitetləri dünya elminin nüfuzlu mərkəzlərinə çevrilməsi üçün nə edirik?
Çünki milli elmin həqiqi uğuru yalnız azərbaycanlı alimlərin dünyanın müxtəlif yerlərində işləməsi ilə deyil, Azərbaycanın özünün də bilik istehsal edən, elmi ideyalar yaradan və beynəlxalq akademik gündəliyə təsir göstərən ölkəyə çevrilməsi ilə ölçüləcək.

Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim




