Qərbi Azərbaycanda İrəvan xanlığı dövründə mədəni mühit: elm, təhsil və ədəbiyyat
Qərbi Azərbaycanın mədəni mühitinin formalaşmasının tarixi kökləri və regional xüsusiyyətləri: Qərbi Azərbaycanın, xüsusən də onun tarixi mərkəzi olan İrəvan xanlığının mədəni mühiti ümumazərbaycan mədəniyyətinin, elmi-fəlsəfi təfəkkürünün və bədii irsinin ən parlaq, həm də strateji əhəmiyyətə malik səhifələrindən birini təşkil edir. Ərazidə minilliklər boyu formalaşmış qayaüstü təsvirlər, oğuz-türk dövrünün maddi nişanələri və qəbirüstü abidələr bu torpaqların ilkin və əzəli sahiblərinin mənəvi dünyasından xəbər verir. Müxtəlif dövrlərdə mövcud olmuş tayfa ittifaqlarının və dövlət qurumlarının irsi üzərində inkişaf edən bu mühit, XVIII əsrin ortalarından etibarən İrəvan xanlığının simasında özünün yeni təşəkkül və intibah mərhələsinə qədəm qoymuşdur.
İrəvan xanlığı dövründə region təkcə inzibati və hərbi mərkəz kimi deyil, həm də Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən regional elm, təhsil və sənətkarlıq ocağı kimi məşhurlaşmışdı. Regionda formalaşan mədəni mühit daxili dinamikaya və dərin tarixi köklərə malik olmaqla üç əsas istiqamətdə inkişaf edirdi: Şərqin mütərəqqi elmi ənənələrini və dünyəvi bilikləri yaşadan geniş təhsil (məktəb və mədrəsə) şəbəkəsi, xalqın ruhunu, ictimai-siyasi nəbzini tutan zəngin ədəbiyyat və aşıq məktəbləri, habelə Azərbaycan incəsənətinin təkrarolunmaz incilərini yaradan memarlıq və təsviri sənət məktəbi. Şəhər və kənd mədrəsələrində tədris olunan fənlərin miqyası, hüsnxətt sənətinə verilən dəyər, Göyçə və Gümrü aşıq mühitinin yetirdiyi ustadlar, eləcə də Mirzə Qədim İrəvani kimi dahi sənətkarların Sərdar sarayında yaratdığı vizual şedevrlər bu mühitin intellektual və estetik səviyyəsinin bariz göstəricisidir.
Bu zəngin mədəniyyət həm də tarixin sonrakı mərhələlərində xalqımızın qarşılaşdığı geosiyasi faciələr, deportasiyalar və soyqırımları fonunda misilsiz bir missiyanı yerinə yetirmişdir. Qərbi Azərbaycanın ədəbi-bədii və elmi mühiti sadəcə keçmişin təsviri deyil, eyni zamanda erməni işğalı və assimilyasiya siyasətinə qarşı duran qüdrətli bir yurd yaddaşı və tarixi sənəd rolunu oynayır. Bu baxımdan, İrəvan xanlığı dövrünün elm, təhsil və ədəbiyyat mənzərəsini dərindən araşdırmaq, regionun tarixi-mədəni özünəməxsusluğunu və Azərbaycan xalqına aid olan mənəvi mülkiyyət hüququnu elmi əsaslarla sübut etmək baxımından müstəsna aktuallıq kəsb edir.
Qərbi Azərbaycanın mədəni mühiti ümumazərbaycan mədəni mühitinin əsas hissələrindən birini təşkil edir. Ərazidə mövcud olan tayfa hakimiyyətləri dövründə sənət, peşə, təsviri sənət, sənətkarlıq, söz sənəti, mərasimlər və oyunlar aid kitabələr, qaya və daşüstü təsvirlər, qəbirüstü abidələr üzərində çoxsaylı nişanələr var. Buradan da görünür ki, Qərbi Azərbaycanda mövcud olan bir çox mədəniyyət nümunəsi və adət-ənənələrin tarixi çox qədim dövrlərə gedib çıxır. Zəngəzur, Dərələyəz, Göyçə və digər mahallarda buna dair çoxsaylı nümunələr var. İnsanların yaradıcılıq qabiliyyətinin inkişafı, sənaye və texniki alətlərin icadı mədəni tərəqqiyə də yol açdı.
Elm və təhsil sistemi: İnsanlar bir tərəfdən öz gündəlik işləri ilə məşğul olur, ibadət yerləri, məscidlər tikir, digər tərəfdən də mədrəsələrdə dini və dünyəvi dərslər alır, elm öyrənirdilər. İrəvan xanlığının ərazisində təhsillə əsasən din xadimləri məşğul olurdu. Onların çoxu Türkiyə, İran, İraq və Misirdə dini və dünyəvi təhsil almış şəxslər idi. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə yerləşirdi. Qarkilsədə Urud, Zəngibasarda Zəhmət, Çəmbərəkdə Ağbulaq, Basarkeçərdə Çamırlı kənd mədrəsələri, həmçinin İrəvan şəhərindəki Təpəbaşı mədrəsəsi buna misaldır. Həmin tədris ocaqlarında aşağı sinif müəllimləri "müdərris", yuxarı sinif müəllimləri isə "vaiz" adlandırılırdı. Mədrəsələrdə dərs otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar–hücrələr də olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidlər dərs deyirdilər ki, xanlığın hər yerindən onları dinləməyə gəlirdilər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərində 200 şagird təhsil alırdı.
Tədris olunan elmlər üç əsas sahəyə bölünmüşdü:
• Əl-ərəbiyyə: Ərəb dili qaydaları, tarix və Quran oxunuşu.
• Əs-şəriə: Quran təfsiri, hədislər və dini hüquq.
• Əl-hikmə: Məntiq, riyaziyyat, həndəsə, astronomiya, tibb və nəzəri fəlsəfə.
Fərdi və xüsusi təhsil kimi Hüsnxəttə (kallioqrafiya) xüsusi önəm verilir, xan, əyan və tacir övladlarına isə evlərdə fərdi müəllimlər tərəfindən dərs keçilirdi.
Birinci sahəyə ərəb dilinin qaydaları, tarix və "Quran"ın oxunması, ikinci sahəyə "Quran"ın təfsiri, hədislərin və dini hüququn əsaslarının öyrədilməsi, üçüncü sahəyə isə məntiqin, riyaziyyatın, həndəsə və astronomiyanın, tibbin və nəzəri fəlsəfənin tədrisi daxil edilmişdi. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsnxəttə xüsusi diqqət yetirilirdi. Xanın və yaxud sərdarın, əyanların və tacir uşaqlarının təhsili ilə evlərdə ayrıca müəllimlər məşğul olurdu. İrəvan şairlərindən Məmmədsoy (1800–1884), Alməmməd (1800–1868), Aydın (1825–1915) öz şeirlərində ictimai-siyasi mövzulara da toxunurdular.
Ədəbiyyat və aşıq məktəbləri: söz sənəti həm yazılı ədəbiyyat, həm də xalq yaradıcılığı istiqamətində yüksək səviyyədə inkişaf etmişdi. İrəvanda aşıq məktəbi xüsusi rola malik idi. Göyçə aşıq məktəbinin tanınmış nümayəndələri Aşıq Allahverdi, onun şagirdi ustad Aşıq Alı (1801–1911), onun şagirdi Aşıq Ələsgər, Aşıq Məhərrəm, Aşıq Əziz və Aşıq Musa xalq arasında böyük nüfuz qazanmışdılar. Gümrü aşıq məktəbinin ustad aşıqları Aşıq Tüccar, Aşıq Beymuraz və Şirəkli Həsən, Basarkeçərli Aşıq Musanın yaradıcılığı dillər əzbəri olmuşdu .
Maddi-mədəni irs və təsviri sənət: Qərbi Azərbaycanın soydaşlarımıza məxsus qədim və tarixi yurd yeri olması təsviri sənət əsərlərindən, qəbir daşlarının üzərindəki fiqurlar və müxtəlif yazılardan da görünür. Baş daşlarına mərhumun təvəllüdü yazılır, müxtəlif fiqur və naxışlarla bəzədilirdi. İvan Şopen XIX əsrin 30-cu illərinin əvvəllərində Göyçədə Azərbaycan türklərinə məxsus qəbiristanlıqda müxtəlif təsvirlərlə işarələnmiş qəbirlər gördüyünü qeyd edir. Onun yazdığına görə, qəbirdaşındakı at, qılınc, silah hərbçiyə, qaban, maral, vəşhi keçi ovçuluğa, qoyun, keçi çobanlıq peşəsinə işarə idi. Aleksandr Aleksandroviç İvanovski Göyçə gölü ətrafında apardığı tədqiqatlarda oğuz qəbirləri və onların üzərindəki təsvirlərlə yanaşı, Azərbaycan məişətində istifadə edilən və üzərində naxışlar olan əşya və alətlər haqqında yazıb.
Təsviri sənət və Mirzə Qədim İrəvani: Dövrün xarici səyyah və rəssamlarının əsərlərində də İrəvan xanlığının mədəni mühitinin təsviri soydaşlarımızın bu torpaqların qədim və əzəli sakinləri olmasına dair mühüm mənbədir. İrəvan sərdar sarayını Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin yaratdığı divar rəsmləri və portretlər bəzəyirdi. O, XIX əsrin 50-ci illərində Sərdar sarayındakı süjetli kompozisiyaları bərpa etmiş, sarayın Güzgülü zalında "Fətəli şah", "Abbas Mirzə", "Hüseynqulu xan", "Sərkərdə" və başqa rəsmləri çəkmişdir. Onun 100-dən çox rəsm əsəri olmuşdur. Onlardan 25-i hazırda Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Gürcüstan Dövlət İncəsənət Muzeyində (Tbilisi) və Dövlət Ermitajında (Sankt-Peterburq) mühafizə olunur. Həmin əsərlərdə xanlığa aid təsvirlər dövrünə aid bir çox hadisələrin sübutudur. Ermənilər əraziyə köçürüləndən sonra xalqımızın başına açdığı amansız vəhşiliklər, qırğınlar və işğallar barədə dövrün mədəni və ədəbi əsərlərində, maddi-mədəni irsdə, şifahi xalq ədəbiyyatında, poeziyada qiymətli məlumatlar var. Bu xüsusiyyət İrəvan ədəbi mühitinin zənginliyi ilə yanaşı, xanlığın tarixi və mədəni özünəməxsusluğunun qüdrətini göstərir. Bu baxımdan İrəvan ədəbi-bədii və mədəni mühiti bütün dövrlərin tarixi və mədəni mənzərəsini ortaya qoyur və Azərbaycanda mövcud olan mədəni-ədəbi özünəməxsusluğu ilə seçilir. Bu mühiti əhəmiyyətini artıran əsas amil orada XIX–XX əsrlərdə soyqırımlara, deportasiyalara məruz qalan xalqımızın öz yurd yaddaşını ədəbi nümunələrə köçürməsidir.
Nəticə:
İrəvan xanlığı dövründə kənd və şəhər mədrəsələrində həm ilahiyyat, həm də fundamental dünyəvi elmlərin (riyaziyyat, astronomiya, tibb, fəlsəfə) yüksək səviyyədə tədrisi, Göyçə və Gümrü aşıq məktəblərinin yetirdiyi ustad sənətkarlar regionun güclü maarifçilik xəttinə və intellektual bazaya malik olduğunu göstərir.
Mirzə Qədim İrəvaninin Sərdar sarayının divarlarında yaratdığı vizual şedevrlər, Göyçə gölü hövzəsindəki qədim oğuz qəbirüstü abidələri və daş təsvirləri və xarici tədqiqatçıların qeydləri bu torpaqların əzəli köklərlə Azərbaycan xalqına məxsus olduğunu və ümumi mədəni coğrafiyamızın ayrılmaz tərkib hissəsini təşkil etdiyini maddi faktlarla sənədləşdirir. Formasından asılı olmayaraq (yazılı poeziya, rəssamlıq, tətbiqi sənət nümunələri və ya şifahi xalq ədəbiyyatı), İrəvan mədəni mühitinin ortaya qoyduğu bütün bu zəngin irs, erməni işğalı nəticəsində törədilən amansız deportasiyalara, soyqırımlara və mədəni aşınmalara qarşı duraraq xalqımızın tarixi yaddaşını gələcək nəsillər üçün qoruyan qüdrətli bir salnamədir.




