Təhsil mühiti: geyim mədəniyyəti, bərabərlik və nizam-intizam
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Məktəb eyni zamanda şəxsiyyətin formalaşdığı, sosial münasibətlərin qurulduğu, qarşılıqlı hörmətin, məsuliyyətin və nizam-intizamın aşılandığı mühüm tərbiyə və inkişaf mühitidir. Bu baxımdan təhsilalanların məktəb daxilində davranışı və geyim mədəniyyəti də ümumi təhsil mühitinin ayrılmaz hissəsidir.
Təhsil müəssisəsində müəyyən edilmiş geyim qaydalarının əsas məqsədi fərdin şəxsiyyətini məhdudlaşdırmaq deyil, bütün təhsilalanlar üçün vahid, nizamlı və bərabər mühit yaratmaqdır. Məktəbə daxil olan hər bir şagird özünü digərindən üstün və ya fərqli göstərməkdən daha çox, təhsil prosesinin iştirakçısı olduğunu dərk etməli, məktəbin daxili qaydalarına hörmətlə yanaşmalıdır.
Bərabərlik eynilik demək deyil, eyni qaydalara tabe olmaq deməkdir. Təhsilalanların sosial vəziyyətindən, dünyagörüşündən və ailə mühitindən asılı olmayaraq məktəbdə hər kəs üçün müəyyən edilmiş qaydaların tətbiqi təhsil mühitində ədalət və bərabərliyin mühüm göstəricisidir. Geyim qaydaları da məhz bu nizamın təmin olunmasına xidmət edən məsələlərdən biridir.
Azərbaycan Respublikasında təhsil sistemi dünyəvi prinsiplər üzərində qurulur. Dünyəvi təhsil dini inanclara qarşı münasibət deyil; müxtəlif inanclara və dünyagörüşlərinə hörmət edən eyni zamanda təhsil prosesini ümumi qanunvericilik və dünyəvi prinsiplər əsasında təşkil edən sistemdir. Buna görə də məktəb mühitində müəyyən edilmiş ümumi geyim tələblərinə əməl olunması təhsil prosesinin vahidliyinin qorunması baxımından əhəmiyyət daşıyır.
Bu məsələdə milli-mənəvi dəyərlərin qorunması da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının zəngin mənəvi irsi, ailə dəyərləri, böyüyə hörmət, kiçiyə qayğı, təvazökarlıq, məsuliyyət və qarşılıqlı ehtiram kimi prinsiplər təhsil mühitində də yaşadılmalıdır. Milli dəyərləri qorumaqla müasir, dünyəvi və inkişafyönümlü təhsil mühitinin formalaşdırılması bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan proseslərdir.
Məktəbdə geyim mədəniyyəti yalnız xarici görünüş məsələsi kimi qiymətləndirilməməlidir. Səliqəli və təhsil mühitinə uyğun geyim şagirdin məktəbə, müəllimə, özünə və ətrafındakılara münasibətinin də ifadəsidir. Eyni zamanda müəllim üçün peşəkarlıq yalnız biliyi ilə deyil, davranışı, ünsiyyəti, görünüşü və nümunə olması ilə də ölçülür. Təhsil mühiti ilk növbədə peşəkarlıq, qarşılıqlı hörmət və məsuliyyət mühiti olmalıdır.
Məktəb təzyiqin deyil, inkişafın ünvanıdır. Burada əsas məqsəd kimisə sıxışdırmaq və ya fərdiliyini aradan qaldırmaq deyil, bütün şagirdlərin özlərini təhlükəsiz, bərabər və dəyərli hiss edə biləcəyi sağlam mühit yaratmaqdır. Qayda və intizam isə bu mühitin qarşısını alan deyil, əksinə, onu qoruyan vasitələrdir.
Ədalət tələb etmək hər bir vətəndaşın haqqıdır. Lakin ədalət tələbinin özü də qanuni və ictimai qaydalara hörmət çərçivəsində ifadə olunmalıdır. İctimai qaydanı pozmaqla ədalət tələb etmək məzmun etibarilə ziddiyyətli davranışdır. Çünki ədalət anlayışının təməlində qanuna, başqasının hüququna və cəmiyyətin ümumi qaydalarına hörmət dayanır. Narazılıq və etirazın ifadə olunmasının da hüquqi və mədəni yolları mövcuddur.
Azərbaycanın gələcəyi emosional qarşıdurmalarla deyil, qanunlara, təhsilə, elmə, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə söykənən sağlam cəmiyyətlə müəyyən olunur. Bu gələcəyin qurulmasında məktəbin rolu əvəzsizdir. Məktəb şagirdə yalnız dərs öyrətməməli, ona hüquq və məsuliyyət anlayışını, qaydalara əməl etməyi, fərqliliklərə hörmət etməyi və cəmiyyət qarşısında məsuliyyət daşımağı da öyrətməlidir.
Nəticə etibarilə, təhsil müəssisəsində geyim qaydalarına riayət etmək sadəcə zahiri görünüş məsələsi deyil. Bu, nizam-intizamın, bərabərliyin, məktəb mədəniyyətinin və təhsil prosesinə hörmətin bir hissəsidir. Qaydalar hamı üçün eyni tətbiq olunduqda məktəb həqiqətən də hər kəs üçün bərabər imkanların, inkişafın və gələcəyə hazırlığın ünvanına çevrilir.
Çünki güclü gələcək qaydalara hörmət edən, hüququnu bilən, məsuliyyətini dərk edən və təhsili inkişafın əsas yolu kimi qəbul edən nəsillərin yetişdirilməsi ilə qurulur.
Ədilə Səfərzadə,
Salyan Uşaq Gənclər İnkişaf Mərkəzi dərnək rəhbəri, "Azərbaycan müəllimi"nin səfiri




