Uşaq Birliyi Təşkilatı Rəhbərinin fəaliyyətində şagird liderliyinin inkişaf etdirilməsi – Müəllimin pedaqoji gündəliyindən

27 Noyabr, 2026 - 17:02
Uşaq Birliyi Təşkilatı Rəhbərinin fəaliyyətində şagird liderliyinin inkişaf etdirilməsi

Müasir təhsil sistemində müəllimin vəzifəsi bilik verməklə yanaşı, həm də cəmiyyət üçün məsuliyyətli, təşəbbüskar, yaradıcı və liderlik keyfiyyətlərinə malik vətəndaşlar yetişdirməkdir. Bu baxımdan məktəbdə fəaliyyət göstərən Uşaq Birliyi Təşkilatı şagirdlərin şəxsiyyət kimi formalaşmasına, sosial bacarıqlarının inkişafına və liderlik potensialının üzə çıxarılmasına mühüm töhfə verir.

Uzun illərdir Uşaq Birliyi Təşkilatı Rəhbəri kimi çalışarkən şahidi olmuşam ki, şagirdlərə etibar göstərildikdə, onların fikir və təşəbbüslərinə dəyər verildikdə gözləniləndən daha böyük uğurlar əldə etmək mümkündür. Şagirdlər özlərini məktəb həyatının vacib bir hissəsi kimi hiss etdikdə daha məsuliyyətli olur, qərar qəbul etməyi, komanda ilə  işləməyi və öz fikirlərini ifadə etməyi öyrənirlər.

Məktəbimizdə həyata keçirilən bir çox layihə və tədbirlər məhz bu məqsədə xidmət edir. Bu işlərin uğurla həyata keçirilməsində məktəb rəhbərliyinin, xüsusilə direktor Nurqələm Bayramovanın təşəbbüslərə göstərdiyi diqqət və dəstək mühüm rol oynayır. Rəhbərlik tərəfindən yaradılan əlverişli mühit şagirdlərin müxtəlif fəaliyyətlərə cəlb olunmasına və öz bacarıqlarını nümayiş etdirməsinə geniş imkan yaradır.

Fəaliyyətim dövründə həyata keçirdiyim layihələrdən biri “Şagird həftəsi” olmuşdur. Bu layihə şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdı. Layihə çərçivəsində şagirdlər məktəb həyatının müxtəlif sahələrində fəal iştirak edir, təşkilatçılıq bacarıqlarını nümayiş etdirir, müəyyən məsuliyyətlər daşıyır və qərarvermə prosesində iştirak edirdilər. Onların özlərinə inamının artması, kollektivdə işləmək bacarıqlarının inkişaf etməsi və məktəbə bağlılıqlarının güclənməsi layihənin ən mühüm nəticələrindən biri oldu.

Şagirdlərin sosial məsuliyyət hissinin formalaşdırılması istiqamətində həyata keçirdiyimiz “Kitab Bağışlama Günü” layihələri də xüsusi əhəmiyyət daşıyır. Bu layihələr zamanı şagirdlər öz kitablarını paylaşaraq həmyaşıdları üçün faydalı bir iş gördüklərini hiss edir, xeyirxahlıq və paylaşmaq kimi dəyərlərin əhəmiyyətini daha yaxşı anlayırlar. Eyni zamanda oxu mədəniyyətinin təşviqi və kitaba marağın artırılması istiqamətində mühüm nəticələr əldə olunur.

Vətənpərvərlik tərbiyəsi məktəbdə apardığımız işlərin əsas istiqamətlərindən biridir. Şəhidlərimizin adını daşıyan siniflərlə birlikdə təşkil etdiyimiz tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə xidmət edir. Bu tədbirlər zamanı şagirdlər qəhrəmanlarımızın həyat yolu ilə yaxından tanış olur, onların göstərdikləri şücaət haqqında məlumat əldə edir, Vətənə sevgi və vətəndaşlıq məsuliyyəti hisslərini daha dərindən dərk edirlər.

Liderliyin formalaşmasında komanda işi və əməkdaşlıq mühüm yer tutur. İş yoldaşlarımla birlikdə hazırladığımız möhtəşəm Azərbaycan Bayrağı kompozisiyası bunun bariz nümunələrindən biridir. Bu layihənin hazırlanması prosesində müəllimlər və şagirdlər vahid məqsəd ətrafında birləşərək əməkdaşlıq, qarşılıqlı hörmət və məsuliyyət nümunəsi nümayiş etdirdilər. Şagirdlər yalnız nəticəni deyil, həmin nəticəyə aparan yolu da öyrəndilər. Bu isə liderlik bacarıqlarının inkişafında mühüm amillərdən biridir.
Təcrübəm göstərir ki, bəzən ən sakit və özünə qapanıq şagirdə verilən kiçik bir tapşırıq onun həyatında böyük dəyişiklik yarada bilir. Tədbirin aparıcısı olmaq, layihənin təşkilində iştirak etmək və ya müəyyən bir işə rəhbərlik etmək şagirdin özünəinamını artırır, gizli potensialını üzə çıxarır. Buna görə də hər bir şagirdə özünü göstərmək və uğur qazanmaq üçün imkan yaradılmalıdır.
Nəticə etibarilə, Uşaq Birliyi Təşkilatının fəaliyyəti şagirdlərin liderlik keyfiyyətlərinin formalaşdırılmasında mühüm rol oynayır. Məktəbdə yaradılan sağlam mühit, müəllimlərin və rəhbərliyin dəstəyi, eləcə də şagirdlərə göstərilən etibar onların gələcək uğurlarının təməlini qoyur. İnanıram ki, bu gün məktəbdə liderlik təcrübəsi qazanan şagirdlər sabah cəmiyyətimizin inkişafına töhfə verən, məsuliyyətli, vətənpərvər və fəal vətəndaşlar olacaqlar.

Aynur Qənbərova,
Bakı şəhəri 263 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri, STEAM və Rəqəmsal bacarıqlar müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.