Qubada ali təhsil yeni mərhələyə qədəm qoyur
ADPU-nun Quba filialının son illərdə qazandığı nəticələr ortaq məqsəd ətrafında birləşən kollektivin əməyini, düzgün idarəetməni və sağlam əməkdaşlıq mühitini əks etdirir. Bu təcrübə regional ali məktəbin ölkənin təhsil siyasətini yerli ehtiyaclarla necə əlaqələndirə, milli səviyyədə rəqabətədavamlı nəticələr göstərə və tədqiqat yönümlü inkişaf üçün zəmin yarada bildiyini nümayiş etdirir.
Amerikalı filosof və pedaqoq Con Dyui “Demokratiya və təhsil” əsərində yazırdı: “Təhsil deyib-danışmaq və deyiləni qəbul etmək işi deyil - fəal və qurucu prosesdir”. Bu fikir region universitetinin mahiyyətini dəqiq ifadə edir. Belə bir ali məktəb yalnız bilik ötürən müəssisə deyil, yaşadığı ərazinin insan kapitalını formalaşdıran, yerli ehtiyacları elmi problemə çevirən, cəmiyyətlə birlikdə öyrənən və inkişaf edən canlı institutdur. ADPU-nun Quba filialının son illərdə keçdiyi yol da məhz bu baxımdan qiymətləndirilməlidir.
Quba-Xaçmaz bölgəsində ali təhsilin əlçatanlığını təmin edən filialın fəaliyyəti bir rəhbərin şəxsi təşəbbüslərinin sadalanması ilə izah oluna bilməz. Müşahidə olunan nəticələr professor-müəllim heyətinin, inzibati və texniki əməkdaşların, tələbələrin, məzunların və tərəfdaş qurumların ortaq əməyinin məhsuludur. İdarəetmənin rolu isə bu potensialı vahid məqsəd ətrafında birləşdirmək, səlahiyyət və məsuliyyəti düzgün bölüşdürmək, təşəbbüs üçün sağlam mühit yaratmaq və nəticələri institusional davamlılığa çevirməkdən ibarətdir. Buna görə filialın inkişaf tarixinin başlıca qəhrəmanı ayrı-ayrı şəxslər deyil, sağlam əməkdaşlıq mədəniyyəti formalaşdırmış kollektivdir.
Regionda universitetin mövcudluğu sosial bərabərlik məsələsidir. Gənclərin ailəsindən və yaşadığı mühitdən ayrılmadan keyfiyyətli ali təhsil alması təhsilə çıxışı genişləndirir, regionun intellektual potensialının qorunmasına xidmət edir. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və ətraf rayonlardan olan gənclər üçün filial həm peşəyə aparan yol, həm də ictimai-mədəni iştirak məkanıdır. Burada yetişən müəllim və mütəxəssislər yenidən həmin bölgənin məktəblərinə, müəssisələrinə və icmalarına qayıdaraq əldə etdikləri bilik və bacarıqları regional inkişafa yönəldirlər. Beləliklə, ali məktəb ilə region arasında qarşılıqlı gücləndirici dövr yaranır.
Fərdi təşəbbüsdən institusional nəticəyə
Filialda son illər aparılan yenilənmənin əsas xüsusiyyəti təşəbbüslərin tədricən sistemə çevrilməsidir. Tədrisin keyfiyyətinin müzakirəsi, açıq dərslər, müasir pedaqoji yanaşmalar, rəqəmsal alətlər, akademik yazı və mənbələrlə işləmə bacarıqları ayrı-ayrı tədbirlər kimi deyil, bir-birini tamamlayan keyfiyyət təminatı mexanizmləri kimi formalaşdırılır. “Karyera və Həyat Dizaynı” sertifikat proqramı, elmi yazıda rəqəmsal generatorlardan etik istifadə, mənbə axtarışı və istinadvermə üzrə təlimlər kollektivin peşəkar inkişafını gündəlik fəaliyyətin tərkib hissəsinə çevirir.
Bu nəticələrin arxasında sağlam əməkdaşlıq mühiti və vahid institusional yanaşma dayanır. Rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilən məqsədyönlü islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin gücləndirilməsi və müasir idarəetmə prinsiplərinin tətbiqi universitetin bütün struktur bölmələrinin, o cümlədən filialların inkişafına mühüm təsir göstərmişdir. ADPU-da formalaşdırılan bu strateji inkişaf xətti Quba filialının fəaliyyətində də ardıcıl şəkildə davam etdirilərək uğurlu nəticələrin əldə olunmasına əlverişli zəmin yaratmışdır. Filialda müəllimlərin yeni ideyalar irəli sürməsi, gənc əməkdaşların elmi təşəbbüslərinin dəstəklənməsi, tələbələrin rəy və təkliflərinin dinlənilməsi, şöbə və kafedraların ortaq hədəflər əsasında fəaliyyət göstərməsi idarəetmənin keyfiyyətini müəyyən edən başlıca meyarlardır. Professor Yusif Alıyevin rəhbərliyi ilə bu ümumi inkişaf strategiyasının Quba filialının regional xüsusiyyətlərinə və qarşıya qoyduğu məqsədlərə uyğun həyata keçirilməsi kollektivin potensialının səfərbər olunmasına, məsuliyyətin bölüşdürülməsinə və qazanılan uğurların kollektiv əməyin nəticəsi kimi formalaşmasına imkan vermişdir.
Filialın nəticələri bu institusional yanaşmanın praktik təsirini göstərir. 2026-cı ildə 262 məzundan 13-ü fərqlənmə diplomu almış, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən 55 məzundan 44-ü uğur qazanmışdır. Magistraturaya müraciət edən 46 məzundan 30-nun qəbul olunması, coğrafiya müəllimliyi üzrə məzun Elvin Şükürovun 96,25 balla ölkə üzrə birinci nəticəni göstərməsi tədris, tələbə zəhməti və müəllim dəstəyinin ortaq bəhrəsidir. Bu göstəricilər filialın fəaliyyət miqyasına uyğun olaraq ölkənin digər ali təhsil müəssisələrinin uğurları ilə müqayisə edilə bilən nəticələr meydana qoyduğunu deməyə əsas verir.
Pedaqoji missiya – keyfiyyətli kadr hazırlığı
Azərbaycanın təhsil siyasəti əlçatanlıq, keyfiyyət, rəqəmsallaşma, əmək bazarına uyğunluq, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq rəqabətlilik kimi qarşılıqlı bağlı istiqamətləri əhatə edir. Bu siyasətin real təsiri yalnız mərkəzi qərarlarda deyil, regiondakı auditoriyada, laboratoriyada, məktəbdə və tələbənin gələcək karyerasında görünür. ADPU-nun Quba filialı təhsil siyasətini yerli ehtiyaclarla əlaqələndirən icra və təşəbbüs platforması kimi mühüm xidmət göstərir.
Filialın pedaqoji missiyası xüsusi əhəmiyyət daşıyır. Burada hazırlanan müəllim yalnız fənn biliklərinə yiyələnməməli, ünsiyyət, tənqidi düşünmə, rəqəmsal savadlılıq, etik davranış və sosial məsuliyyət bacarıqları qazanmalıdır. Müasir məktəbin ehtiyacına uyğun müəllim hazırlığı regionda ümumi təhsilin keyfiyyətinə birbaşa təsir edir. Bu mənada filialda görülən iş bir ali məktəbin daxili fəaliyyəti ilə məhdudlaşmır, onun nəticəsi bölgənin məktəblərində, ailələrində və gələcək nəsillərin dünyagörüşündə davam edir.
2026/2027-ci tədris ili üzrə 250 yerlik qəbul planının tam dolması filialın sosial tələbatla düzgün əlaqə qurduğunu göstərir. İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasının açılması müasir məktəbin dil kompetensiyalarına olan ehtiyacına, aqronomluq ixtisasının yaradılması isə regionun iqtisadi profilinə verilmiş institusional cavabdır. Aqronomluq üzrə 20 yerin hamısının dolması, qəbul olunanların böyük hissəsinin Quba-Xaçmaz və yaxın ərazilərdən olması proqramın təsadüfi deyil, real regional ehtiyac əsasında formalaşdırıldığını təsdiqləyir.
Təhsil istehsalat və region arasında yeni əməkdaşlıq
Aqronomluq proqramı filialın klassik pedaqoji çərçivədən çıxaraq regional inkişaf universiteti modelinə doğru hərəkətinin mühüm nümunəsidir. Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, kənd təsərrüfatı qurumları, yerli icra strukturları və aqrar sektorun digər tərəfdaşları ilə əməkdaşlıq tələbənin nəzəri biliklə istehsalat təcrübəsini əlaqələndirməsinə imkan yaradır. Belə tərəfdaşlıq regionun meyvəçilik, bağçılıq, torpaq və su ehtiyatlarından səmərəli istifadə, bitki mühafizəsi və aqrar innovasiya problemlərinin tədris və tədqiqat gündəliyinə daxil edilməsini təmin edə bilər.
Yeni əməkdaşlıq mühitinin üstünlüyü ondadır ki, universitet problemin kənar müşahidəçisi olaraq qalmır. Dövlət qurumu ehtiyacı müəyyənləşdirir, istehsalat müəssisəsi praktik mühiti təqdim edir, alim tədqiqat sualını formalaşdırır, müəllim onu tədrisə gətirir, tələbə isə həll prosesində iştirak edir. Bu model əmək bazarına uyğun kadr hazırlığını gücləndirməklə yanaşı, universitetin region qarşısında hesabatlılığını da artırır.
Əməkdaşlığın davamlı olması üçün münasibətlər yalnız protokol və tədbir səviyyəsində saxlanmamalıdır. Birgə təcrübə proqramları, sahə laboratoriyaları, tətbiqi tədqiqat layihələri, işəgötürənlərin kurikulumların yenilənməsində iştirakı, məzunların məşğulluğunun izlənilməsi və region üzrə açıq məlumat bazasının yaradılması növbəti mərhələnin əsas alətləri ola bilər.
Tədqiqat universitetinə aparan yol
Filialın gələcək inkişaf gündəliyində tədqiqat universiteti yanaşması xüsusi yer tutmalıdır. Bu anlayış sadəcə məqalələrin sayının artırılması demək deyil. Tədqiqat universiteti tədrisin elmi araşdırma ilə qidalandığı, tələbənin erkən mərhələdən tədqiqata cəlb olunduğu, qərarların məlumat və sübuta əsaslandığı, regionun problemlərinin elmi layihələrə çevrildiyi institusional modeldir. Filial üçün bu istiqamət həm pedaqoji tədqiqatlar, həm də aqrar və fənlərarası araşdırmalar üzrə fərqlənmə imkanı yaradır.
Bu məqsədə çatmaq üçün elmi kadr hazırlığı sistemli xarakter almalıdır. Gənc müəllimlərin magistratura və doktorantura təhsilinə yönləndirilməsi, elmi rəhbərlik və mentorluq mexanizmlərinin qurulması, daxili elmi seminarların müntəzəm keçirilməsi, metodologiya və akademik yazı məktəbinin yaradılması, beynəlxalq məlumat bazalarında indekslənən nəşrlərə çıxışın genişləndirilməsi və tədqiqat etikasının möhkəmləndirilməsi vahid yol xəritəsində birləşdirilməlidir. Fərdi elmi uğur yalnız müəllifin nailiyyəti kimi deyil, yeni tədqiqatçı yetişdirən məktəbin başlanğıcı kimi dəyərləndirilməlidir.
Görüləcək işlərin digər istiqaməti tədqiqat infrastrukturudur. Mövcud imkanların inventarlaşdırılması, tərəfdaş institutların laboratoriyalarından birgə istifadə, prioritet mövzular üzrə tədqiqat qruplarının yaradılması, qrant layihələrinin hazırlanması və nəticələrin region üçün praktik tövsiyələrə çevrilməsi vacibdir. Pedaqoji sahədə məktəb-universitet tədqiqat laboratoriyaları, aqrar sahədə isə tarla müşahidələri və məlumat əsaslı istehsalat sınaqları filialın özünəməxsus elmi profilini formalaşdıra bilər.
Beynəlxalqlaşma və akademik görünürlük
Müasir regional ali məktəbin inkişafı beynəlxalq akademik məkandan kənarda mümkün deyil. Filialın xarici ali təhsil və elmi qurumlarla əlaqələri, ortaq konfrans və elmi tədbirləri, müəllim və tədqiqatçıların beynəlxalq nəşrlərdə iştirakı akademik görünürlüğü genişləndirir. Özbəkistanın təhsil müəssisələri ilə qurulan yeni əlaqələr, niyyət protokolları və birgə elmi platformalar türk dünyasının ortaq elmi-mədəni potensialından səmərəli istifadə üçün imkan yaradır.
Beynəlxalq uğurun əsas ölçüsü səfər və imzalanmış sənədlərin sayı deyil, əməkdaşlığın yaratdığı akademik məhsuldur: birgə tədqiqat, həmmüəllifli nəşr, müəllim və tələbə mobilliyi, ortaq tədris modulu, müqayisəli məlumat bazası və xarici ekspertizanın keyfiyyət təminatına cəlb edilməsi. Filial bu mərhələdə əlaqələri nəticəyə əsaslanan tərəfdaşlığa çevirməklə beynəlxalq mövqeyini daha da gücləndirə bilər.
Rəqəmsal məkanda görünürlük də beynəlxalqlaşmanın tərkib hissəsidir. Elmi nəticələrin, təhsil yeniliklərinin, tələbə nailiyyətlərinin və tərəfdaş layihələrin Azərbaycan və xarici dillərdə peşəkar təqdimatı filialın reputasiyasını artırır. Lakin kommunikasiya yalnız uğurun nümayişi deyil, ictimaiyyət qarşısında hesabatlılıq, açıq məlumat və akademik etimad vasitəsi olmalıdır.
Kollektiv uğurun davamlı modeli
ADPU-nun Quba filialının təcrübəsi göstərir ki, region ali məktəbinin gücü onun yerləşdiyi coğrafiyanın məhdudiyyətləri ilə deyil, həmin coğrafiyanın ehtiyaclarını imkanlara çevirmək bacarığı ilə ölçülür. Qəbul göstəriciləri, məzun nəticələri, yeni ixtisaslar, elmi fəaliyyət, rəqəmsal yenilənmə və beynəlxalq əməkdaşlıq bir-birindən ayrı faktlar deyil. Bunlar ortaq məqsədə xidmət etdikdə regional universitet modelinin sütunlarına çevrilir.
Əldə olunan nəticələri ölkənin digər ali təhsil müəssisələrinin uğurlarına bərabər səviyyədə dəyərləndirməyə imkan verən əsas cəhət yalnız ayrı-ayrı yüksək göstəricilər deyil, məhdud resurslar daxilində yaradılmış inkişaf dinamikasıdır. Filial milli ali təhsil məkanında öz miqyasına uyğun rəqabətədavamlı nəticələr ortaya qoyur, eyni zamanda regiona bağlılığı ilə fərqli missiya daşıyır. Bu iki xüsusiyyət - milli səviyyədə keyfiyyət və regional səviyyədə təsir - onun institusional dəyərini müəyyən edir.
Növbəti mərhələdə uğurun davamlılığı kollektiv idarəetmənin daha da dərinləşdirilməsindən asılıdır. Strateji qərarlarda müəllim və tələbə iştirakının genişləndirilməsi, nəticələrin ölçülməsi, elmi kadrların ardıcıl hazırlanması, tərəfdaşlıqların konkret məhsula çevrilməsi və tədqiqat infrastrukturu üçün resursların səfərbər olunması əsas prioritetlərdir. Bu yol filialı təkcə yaxşı fəaliyyət göstərən təhsil müəssisəsi deyil, regionun gələcəyini elmi əsaslarla quran güclü akademik mərkəz səviyyəsinə yüksəldə bilər.
Bu inkişafın müəllifi bütöv kollektivdir. Rəhbərlik istiqamət verir, müəllim biliyi və dəyəri auditoriyaya daşıyır, əməkdaş təşkilati dayanıqlığı təmin edir, tələbə isə prosesi nəticəyə çevirir. Tərəfdaş qurumlar bu çevrəyə real sektorun təcrübəsini və cəmiyyətin gözləntilərini gətirir. Məhz belə əməkdaşlıq mühiti təhsil müəssisəsini davamlı institusional modelə çevirir. ADPU-nun Quba filialının ən mühüm nailiyyəti də bu birgə iradəni formalaşdırması və onu regionun inkişafına yönəltməsidir.

İsmayıl Kazımov,
filologiya elmləri doktoru, professor




