Zaqafqaziyada yaradılan ilk qadın məktəbi
“Cəmiyyətin ümumi maariflənməsi qadınların təhsili olmadan mümkün deyil” - Həsən bəy Zərdabi.
Məlum olduğu kimi, XIX əsrə kimi məktəb təhsili yeganə təhsil ocaqları sayılan məktəb, mollaxana və mədrəsə ilə bağlı olmuşdur. Əsrlər boyu mövcud olan və geniş yayılan məktəb və mədrəsələr qədim və zəngin tarixə malik olması ilə yanaşı həm də şərq mədəniyyəti ilə, ilk növbədə, isə ərəb və fars təhsil sistemi ilə əlaqəlidir. Dünyanın ən humanist dinlərindən biri olan İslam dinində də təhsilə, ailə səadətinə böyük önəm verilir: "Tərbiyəli, namuslu, təhsilli qadınlar gələcək ailənin formalaşmaşmasında və tərbiyəsində böyük rol oynayır”.
“Qurani-Kərim” qadının cəmiyyətdəki yerini və hörmətini yüksəkliklərə qaldırır,onun kişi ilə birlikdə xüsusi mövqe sahibi olduğunu ,uşaqların tərbiyəsində ata ilə yanaşı məsuliyyət daşıdığını bildirir.
Qız təsili, ilk növbədə, evlərdə təşkil edilirdi. Bakıda, Şamaxıda, Şuşada, Nuxada qızların təhsili ilə bağlı xeyli irəliləyiş var idi.
Çar idarə üsulu Cənubi Qafqazda və Azərbaycanda möhkəmləndikdən sonra burada qulluq edən hərbi və mülki məmur ailələrinin sakin olması nəticəsində rus qız məktəbləri meydana gəldi.1848-ci ilin 30 aprelində Şamaxıda,1875-ci ildə Şuşada,1885-ci ildə Gəncədə rus dilində “Müqəddəs Nina” qız məktəbləri təşkil edildi. Bu məktəblərdə əsasən digər millətlərdən olan yuxarı təbəqələrin ,dövlət məmurlarının qızları oxuyurdu.
XIX əsrin sonlarında Azərbaycan ziyalılarının qadın təhsili uğrunda mübarizəsi genişlənirdi. Onların bir hissəsi öz dini görüşlərini nəzərə alaraq və ona hörmət əlaməti olaraq, qız məktəblərini orada yalnız qadın müəllimlərin dərs deməsi şərti ilə açmağı daha məqsədə müvafiq hesab edirdilər. Ziyalıların çoxu isə imkan daxilində qızların düzgün təşkil edilmiş dünyəvi məktəblərə cəlb edilməsinə cəhd edirdilər.
Bu ideyanı ilk dəfə H.Zərdabi və onun “Əkinçi” qəzeti irəli sürmüşdü. 1896-cı il yanvarın 19-da Bakı Qubernatoruna ərizə ilə müraciət edən Həsən bəy Zərdabi Bakıda müsəlman qızlar üçün təhsil müddəti 3 il olan birsinifli məktəb açmağa icazə istədi. Lakin o vaxt Həsən bəy Zərdabinin ərizəsinə müsbət cavab verilmədi. Onun qız məktəbi açmaq kimi mütərəqqi ideyası o vaxt həyata keçməsə də, onun bu cəhdi və təşəbbüsü Bakıda azərbaycanlılar üçün qız məktəbi təsisini sürətləndirdi.
Azərbaycan xalqının tarixində özünəməxsus yer tutan, böyük şəxsiyyətlərdən biri olan, neft milyonçusu və xeyriyyəçi, millət atası Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabinin qız məktəbi yaratmaq fikrini alqışladı. H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. Onun maarif və təhsilimizin inkişafındakı xidmətlərini saymaqla qurtarmaz. O, Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, habelə Azərbaycandan kənarda -Tiflidə, Dərbənddə, Vladiqafqazda və digər şəhərlərdə təhsil müəssisələrinin təsis edilməsinə maddi yardım göstərmişdi. Tağıyev Bakıdakı orta texniki, kommersiya məktəblərinin, Marinski qadın gimnaziyasının fəxri hamisi,Tiflisdəki müsəlman məktəbinin fəxri nəzarətçisi idi.
H.Z.Tağıyev 12 fevral 1908-ci ildə “Təzə həyat” qəzetində dərc etdirdiyi "Mənim təcrübəm" məqaləsində yazırdı: "...Mənim sənaye işlərim qədər, mən deyərdim hətta ondan da artıq mənim xalqım, onun xoşbəxtliyi və gələcək mövcudluğu məsələləri məşğul edir. Bu məqsədə çatmaq üçün vacib bildiyim bir şey xalqımın tərbiyəsi və təhsili məsələsidir. Kiçikyaşlı uşaqların təhsil və tərbiyəsi üçün məktəblərin açılmasının, böyüklərin tərbiyəsi və inkişafı üçün kitab və qəzetlərin dərc olunmasının zəruriliyini anlayraq mən bu məsələlərin qeydinə qalmışam və qalacağam”. Müsəlman qadınlarının qapalı həyat tərzi, öz hüquqları barədə məlumatsızlığı Tağıyevi bərk narahat edirdi. O, müsəlman qadınlarının savadlı, mədəni və dünyagörüşlü olmasını ürəkdən arzulayırdı. Tağıyev əmin idi ki, millətin maariflənməsi qızlardan başlanmalıdır, belə ki, oğlanın maariflənməsi bir təhsilli şəxslə nəticələnəcək, təhsilli qız isə, gələcəkdə təhsilli ana və bütöv ailə deməkdir.
1896-cı ilin 22 martında Dağıstan vilayəti Xalq məktəblərinin müdiri A.S.Txoryevski H.Z.Tağıyevə məktub ünvanlayaraq aşağıdakı xahişlə müraciət edir:
"1. Bütün Rusiya üçün qarşıdan gələn sevincli hadisənin - İmperator həzrətlərinin tacqoyma mərasiminin şərəfinə Bakıda müsəlman qızlar üçün məktəb təsis edəsiniz. Həmin məktəb Xalq Maarif Nazirliyinin bir və ya ikisinifli məktəbinin kursuna müvafiq olmalı, burada müsəlman ailəsinin ehtiyaclarına uyğun əl işi və evdarlıq da tədris olunmalıdır.
2. İmperiyada hələlik yeganə olacaq Bakı müsəlman qız məktəbinin təsisinə razılığınız alındığı təqdirdə, o, İmperatorun qızı Ulyahəzrət Böyük Knyaginya Olqa Nikolayevnanın şərəfinə "Olqinski" adlandırılsın.
3. Cənab Qafqaz Təhsil Dairəsinin hamisinə vaxtında məlumat verməyim üçün Sizdən mümkün qədər tez öz fikrinizi bildirməyinizi xahiş edirəm”.
Əlbəttə ki, bu təklif təsadüfi deyildi. Txoryevskinin məktubuna cavab özünü cox gözlətmədi. Bir aydan sonra 1896-cı ilin 24 aprelində Tağıyev öz vəsaiti hesabına dünyəvi rus-müsəlman qız məktəbini yaratmağa hazır olması barədə ərizə ilə Qafqaz Təhsil Dairəsinin hamisinə müraciət edir. H.Z.Tağıyevin razılıq verməsinə baxmayaraq, məktəbin tikintisi bir neçə il uzanır. Həm hökumət məmurları ,həm də bəzi din xadimləri və mühavizəkarlar məktəbin ərsəyə gəlməsinə hər vəchlə maneçilik törədirdilər.
XIX əsrin sonu Azərbaycan cəmiyyətində qadın təhsili məsələsinin birmənalı qarşılanmadığı bir vaxtda bu işdə böyük ehtiyat və incəlik tələb olunurdu. Nəhayət Tağıyevin gərgin zəhməti nəticə verdi. 1898-ci il mayın 16-da məktəbin nizamnaməsi təsdiq olundu. 1898-ci il mayın 24-də İmperatriçə Aleksandra Fyodorovna (sonuncu rus çarı II Nikolayın anası) həmin təhsil müəssisəsinə onun adının verilməsinə razılıq verdi. Beləliklə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanıldı. Tağıyev tikintiyə 25 min rubl ianə etməyi üzərinə götürmüşdü, lakin xərclər daha artıq çıxdığından əlavə vəsait tələb olunurdu. Beləliklə ianənin məbləği 308,5 min rubl, o cümlədən inşaat işləri 200 min rubl təşkil etdi. Məktəbin binası çox böyük çətinliklər bahasına 1901-ci ilin aprelində başa çatdı.
7oktyabr 1901-ci ildə məktəbin təntənəli açılışı oldu. Açılışda adlı-sanlı ziyalılar da: Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və digər qonaqlar iştirak edirdilər. Ziyalılar adından çıxış edən Ə.Topçubaşov Tağıyevin bu ideyasını dəstəkləyərək: "...Bu hadisə yeni bir dövrün başlanğıcıdır” demişdir.
Məktəbə yaşı 7-dən az olmayan qızlar qəbul edilirdi. Şagirdlərin sayı əvvəl 34 nəfər, az müddətdə artaraq 58 nəfərə çatdı. Məktəbin müdirəsi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova idi. Təhsil müddəti əvvəl 4 il,1913-cü ildən isə məktəb orta tədris müəssisəsinə çevrildi. Həmin ildə H.Z.Tagıyev Aleksandrinski məktəbin nəzdində 2 illik müsəlman qadın pedaqoji kurslarının açılması haqqında vəsatət qaldırdı. Pedaqoji kurslar 1915-ci ildən fəaliyyətə başladı. Bu kursları bitirənlər Azərbaycan məktəblərində müəllim işləyirdilər.
Bu məktəbin açılması təhsil almaq istəyən qızlara bir işıq yolu oldu. Bu məktəb adi təhsil ocağı deyildi, dini və milli adət-ənənələrimiz əsasında müasir dünya mədəniyyətinə yiyələnmək üçün canlı körpü idi. Bir-birinin ardınca Azərbaycanın digər bölgələrində də qız məktəbləri açılmağa başladı. Bu məktəblərin müəllimlərinin çoxu Tağıyev məktəbinin məzunları idi. Bu qadınların bir çoxu sonralar partiya və dövlət orqanlarında çalışmış, maarifin, səhiyyənin inkişafında misilsiz xidmətləri ilə seçilmişlər.
Çox təəssüf edirik ki,1918-ci ilin əvvəllərində Bakıda törədilən bolşevik və daşnak soyqırımları bu məktəbin də bağlanmasına səbəb oldu.
H.Z.Tağıyevin vaxtilə çəkdiyi zəhmətlərə cavab olaraq, xalqımız və dövlətimiz onun əməyini layiqincə qiymətləndirmişdir. Onun həyat və fəaliyyətinə həsr olunmuş neçə-neçə albom-kitablar, tərcümeyi-halı, Tağıyevin təşəbbüsü ilə maarifçi Axund Yusif Talıbzadə tərəfindən hazırlanmış və bu məktəbi qurtaran qızlara hədiyyə olunan "Hədiyyeyi nisvan" (“Qadınlara hədiyyə” -qadınların həyat və məişət qayğıları haqqında) kitabı və bir çox mühüm sənədlər, fotoşəkillər hal-hazırda Xalq Təhsili Muzeyində qorunur və nümayiş etdirilir.
Bir sözlə, Azərbaycan qadınları həmişə, elə o dövrdə də, indi də maariflənmək sahəsində fəal mübarizlərə çevrilərək dövlətimizin rifahı naminə öz bilik və bacarıqlarını əsirgəmirlər.
Ruxsarə Məmmədova,
Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri




