Dəyişən cəmiyyət, yeni təhsil düşüncəsi

26 Avqust, 2026 - 13:58
Dəyişən cəmiyyət, yeni təhsil düşüncəsi

Azərbaycan reallıqları və gələcəyin çağırışları

“Təhsil gələcək həyata hazırlıq deyil, həyatın özünün bir prosesidir”. Məşhur amerikalı filosof və təhsil nəzəriyyəçisi Con Devinin bir əsr əvvəl söylədiyi bu fikir müasir dövrdə bəlkə də daha aydın məna qazanır. Çünki təhsil cəmiyyətdən kənarda mövcud olan qapalı sistem deyil. Cəmiyyət dəyişdikcə onun təhsildən gözləntiləri, təhsilin məqsədləri və həmin məqsədlərə çatma vasitələri də dəyişir.

Elə buna görə də təhsil haqqında danışarkən yalnız məktəbi, müəllimi, proqramı, imtahanı və universiteti müzakirə etməklə kifayətlənmək olmaz. Təhsildə baş verən dəyişikliklərin mühüm bir hissəsinin səbəbləri məhz məktəbin hüdudlarından kənarda - dəyişən cəmiyyətin özündə formalaşır. Belə ki, texnologiya gündəlik həyatımızı yenidən qurur, əmək bazarı yeni bacarıqlar tələb edir, valideynin gözləntiləri genişlənir, gənclərin dünyaya baxışı fərqlənir.

Belə bir şəraitdə əsas sual artıq yalnız təhsilin necə dəyişməsi deyil. Daha vacib olan budur: cəmiyyət dəyişdiyi sürətlə bizim təhsil haqqında düşüncəmiz də dəyişirmi?

Bir vaxtlar yaxşı təhsilin əsas göstəricilərindən biri çox məlumat bilmək idi. Bu gün isə informasiya qıtlığı deyil, əksinə, informasiya bolluğu ilə üz-üzəyik. Deməli, təhsilin qarşısında duran məsələ də dəyişib: əsas olan gəncin nə qədər məlumat toplaması deyil, həmin məlumatı necə seçməsi, təhlil etməsi, müqayisə aparması və real həyata tətbiq edə bilməsidir.

Təhsilin vəzifəsi dəyişirsə, təbii olaraq müəllimin rolu da əvvəlki kimi qala bilməz. Müəllim artıq yalnız bilik ötürən şəxs deyil – o, düşünməyi, sual verməyi, arqument qurmağı, seçim etməyi və nəticəyə gəlməyi öyrədən şəxsdir. Bu mənada müasir müəllimin nüfuzu söylədiyi informasiyanın həcmi ilə deyil, öyrənənin düşüncə dünyasında yaratdığı dəyişikliklə ölçülməlidir.

Diplomdan bacarığa

Müəllimin rolundakı bu dəyişiklik əslində daha geniş bir tendensiyanın - diploma və peşəkarlığa münasibətin dəyişməsinin tərkib hissəsidir.

Ali təhsil diplomu yenə də dəyərlidir. Lakin müasir əmək bazarı artıq diplomun özü ilə kifayətlənmir. Onun arxasında hansı bilik və bacarığın dayandığını soruşur: nə bacarırsan, problemi necə həll edirsən, komandada işləyə, fikrini əsaslandıra, texnologiyadan səmərəli istifadə edə və müstəqil qərar verə bilirsənmi?

Bu, diplomun dəyərdən düşməsi deyil. Əksinə, diplomun daşıdığı məsuliyyətin artmasıdır. Çünki universitet yalnız kredit toplanan və sonda diplom verilən məkan deyil, gəncin peşəkar, intellektual və sosial baxımdan formalaşdığı mükəmməl mühit olmalıdır.
Ona görə də diplomun dəyəri təkcə onun üzərində yazılan ixtisas adı ilə deyil, arxasında dayanan real bacarıqla müəyyənləşir.
Bu fikri müəllimlik peşəsinin timsalında daha aydın görmək mümkündür. Riyaziyyatda “zəruri” və “kafi” şərtlər bir-birindən necə dəqiq fərqləndirilirsə, müəllimlik peşəsinə münasibətdə də bu sərhədi görmək lazımdır. Pedaqoji diplom müəllim olmaq üçün zəruri əsasdır, lakin yaxşı müəllim olmağın özü üçün kafi şərt deyil.

MİQ imtahanlarında eyni ixtisas üzrə diplom almış namizədlərin bir-birindən fərqli nəticələr göstərməsi də bunu düşünməyə əsas verir. Deməli, formal kvalifikasiya ilə real peşə hazırlığı arasında avtomatik bərabərlik işarəsi qoymaq olmaz. Müəllimi müəllim edən yalnız fənn biliyi deyil, pedaqoji düşüncə, ünsiyyət, sinfi idarəetmə, şagirdi anlama və ən başlıcası, bildiyini onun üçün anlaşılan biliyə çevirə bilmək bacarığıdır.

Beləliklə, sual yalnız “diplomu varmı?” deyil, həm də “öyrətməyi bacarırmı?” olmalıdır.

Bal başlanğıcdır, nəticə deyil

Diplomun öz-özlüyündə peşəkarlığın tam ölçüsü olmaması bizi başqa bir vacib məsələyə - qəbul balına münasibətə gətirir. Təbii ki, ali məktəbə qəbul zamanı əldə edilən yüksək bal zəhmətin, intizamın və akademik hazırlığın mühüm göstəricisidir. Amma 17-18 yaşında keçirilən bir imtahan gəncin bütün gələcək potensialını müəyyən edə bilməz. Çünki həmin yaşda ölçülən nəticə bir başlanğıc göstəricisidir. İnsanın sonrakı inkişafı isə təhsil mühitindən, motivasiyasından, öz üzərində işləməsindən və ona yaradılan imkanlardan asılıdır.

Məhz burada universitetin məsuliyyəti başlayır.

Universitetin missiyası yalnız yüksək nəticə göstərənləri seçmək deyil, qəbul etdiyi tələbəni inkişaf etdirməkdən ibarətdir. Biz tələbənin ali məktəbə hansı səviyyədə daxil olduğunu çox dəqiq ölçürük. Bəs onun universitetdən hansı səviyyədə çıxdığını eyni həssaslıqla ölçə bilirikmi? Təbii ki, bu haqda çoxlu danışmaq olar. Odur ki, ali təhsilin keyfiyyəti yalnız başlanğıc göstəricisi ilə deyil, tələbənin keçdiyi inkişaf məsafəsi ilə də qiymətləndirilməlidir.

Bu dəyişiklik valideynin təhsildən gözləntilərində də özünü göstərir. Əgər əvvəllər əsas sual “övladım universitetə daxil olacaqmı?” idisə, bu gün onun ardınca başqa suallar gəlir: peşə qazanacaqmı, işləyə biləcəkmi, xarici dil və rəqəmsal bacarıqları olacaqmı, öz fikrini ifadə və müstəqil qərar verə biləcəkmi? Bu suallar göstərir ki, cəmiyyət artıq təhsildən yalnız diplom deyil, peşəkar inkişaf nəticəsi gözləyir.

Ona görə də təhsil uşaqları eyni qəlibə salmaq deyil, onların fərqli potensiallarını üzə çıxarmaq və inkişaf etdirmək bacarığıdır.

Rəqəmsal və yaşıl gələcək

Təhsildən gözləntilərin dəyişdiyi bir dövrdə ən böyük çağırışlardan biri də rəqəmsal transformasiyadır. Müxtəlif platformalarda tez-tez süni intellektin müəllimi əvəz edib-etməyəcəyi soruşulur. Məncə, məsələni başqa cür qoymaq daha doğrudur: süni intellektdən pedaqoji məqsədlə düzgün istifadə edən müəllimlə bu imkanlardan kənarda qalan müəllim arasında gələcəkdə hansı fərq yaranacaq?

Texnologiya müəllimin rəqibi deyil, əksinə, onun imkanlarını genişləndirən vasitədir. Süni intellekt məlumatı sistemləşdirə, fərqli izah yolları təklif edə, tapşırıqlar hazırlaya və öyrənmə prosesinin fərdiləşdirilməsinə yardım göstərə bilər. Amma şagirdin tərəddüdünü görmək, onun marağını oyatmaq, inamını gücləndirmək, düşünməyə sövq etmək və şəxsiyyəti ilə nümunə olmaq hələ də müəllimin missiyasıdır.

Tanınmış təhsil tədqiqatçısı Con Hattinin fikrincə, şagirdlərin öyrənməsinə ən böyük təsir müəllim öz tədrisinin öyrənəninə, şagird isə öz öyrənməsinin müəlliminə çevrildikdə yaranır. Bu fikir rəqəmsal dövrdə müəllimin missiyasını daha aydın ifadə edir. Çünki güclü müəllim texnologiyaya özünün əvəzedicisi kimi deyil, öz pedaqoji fəaliyyətini daha dərindən görmək, qiymətləndirmək və təkmilləşdirmək imkanı verən vasitə kimi yanaşır. Süni intellekt müəllimə daha çox imkan verə bilər, lakin həmin imkanın təhsil nəticəsinə çevrilməsi yenə müəllimin pedaqoji düşüncəsindən, peşəkarlığından və şagirdlə qura bildiyi səmimi  münasibətindən asılıdır.

Başqa sözlə, rəqəmsal gələcək müəllimin rolunu aradan qaldırmır – onu daha məsuliyyətli, daha yaradıcı və daha reflektiv edir.
Lakin gələcəyin təhsilini yalnız rəqəmsallaşma ilə izah etmək də kifayət deyil. Texnoloji tərəqqi ilə yanaşı dünya başqa bir fundamental çağırışla - ekoloji məsuliyyətlə üz-üzədir. Məhz burada yaşıl pedaqogika anlayışı xüsusi əhəmiyyət qazanır.
Yaşıl pedaqogika uşağa sadəcə “təbiəti qoru” demək deyil. Bu, gəncə öz qərarlarının insan, cəmiyyət və ətraf mühit üçün nəticələrini görməyi, resurslara məsuliyyətlə yanaşmağı və yaşadığı mühit qarşısında məsuliyyət hiss etməyi öyrətməkdir.
Başqa sözlə, gələcəyin savadlı insanı yalnız texnologiyadan istifadə edə bilən deyil, həm də həmin texnologiyanın, öz davranışının və seçimlərinin sosial və ekoloji nəticələrini dərk edən insandır.

Bu yanaşma bizi təbii olaraq regional təhsilin əhəmiyyətinə gətirir. Çünki ekoloji və sosial problemlər hər yerdə eyni deyil. Bir region üçün su və torpaq, digəri üçün kənd təsərrüfatı, turizm, biomüxtəliflik və ya kadr çatışmazlığı daha aktual ola bilər.

Deməli, regional universitet yaşadığı ərazidən təcrid olunmuş struktur kimi fəaliyyət göstərə bilməz. O, regionun iqtisadi, sosial və ekoloji xüsusiyyətlərini görməli, təhsil və tədqiqat fəaliyyətini həmin ehtiyaclarla əlaqələndirməlidir. Belə ki, regionun problemi universitetin tədqiqat mövzusuna, regionun ehtiyacı isə onun təhsil prioritetinə çevrilməlidir. Belə olduqda universitet yalnız diplom verən təhsil müəssisəsi deyil, yaşadığı bölgənin intellektual və sosial inkişaf mərkəzinə çevrilir.

Nəyi dəyişməliyik?

Bütün bunları bir araya gətirəndə görünür ki, təhsildə ən böyük dəyişiklik proqramda, binada və ya texnologiyada deyil, ilk növbədə düşüncə tərzində baş verməlidir.

“Nə qədər yadda saxladı?” sualından “bildiyini necə tətbiq edir?” sualına; “neçə balla daxil oldu?” sualından “universitet onu hansı səviyyəyə çatdırdı?” sualına; “diplomu varmı?” sualından “peşəsini nə dərəcədə bacarır?” sualına keçməliyik.
Əslində bütün bu suallar bir məntiqdə birləşir: təhsilin nəticəsini formal göstəricilərlə deyil, insanın qazandığı real dəyər və bacarıqlarla ölçmək lazımdır.

Çünki təhsil yalnız məktəbin və universitetin işi deyil. Ailənin, müəllimin, işəgötürənin, medianın və bütövlükdə cəmiyyətin məsuliyyətidir. Cəmiyyət hansı istiqamətdə dəyişirsə, təhsil həmin dəyişiklikləri vaxtında görməli, anlamalı və gələcəyə çevirməyi bacarmalıdır.

Burada məqsəd hər yeniliyi kor-koranə qəbul etmək də deyil. Əsas məsələ milli təhsil ənənələrimizi və dəyərlərimizi qorumaqla elmi, texnoloji, sosial və ekoloji çağırışların faydalı tərəflərini öz təhsil mühitimizə uyğunlaşdırmaqdır.
Çünki biz müasir gənci dəyişən dünyanın sadəcə izləyicisi kimi deyil, onu anlayan, düşünən, yaradan və məsuliyyət daşıyan fəal iştirakçısı kimi yetişdirməliyik.

Əks halda məktəbdə dünənin suallarına cavab hazırlayarkən gəncləri sabahın problemləri ilə təkbətək buraxarıq.
Son olaraq deyə bilərəm ki, təhsil haqqında müzakirə yalnız məktəb haqqında müzakirə deyil. Bu, gələcək haqqında müzakirədir.

Yusif ALIYEV,
ADPU-nun Quba filialının direktoru, professor