Vaxt düşündüyümüzdən daha sürətlə keçir…
Əziz valideynlər, bəzən elə bilirik ki, övladlarımız həmişə bizimlə olacaq. Elə bilirik ki, sabah da birlikdə səhər yeməyi yeyəcəyik, növbəti yay tətilini də birlikdə keçirəcəyik, axşam söhbətləri də həmişə davam edəcək. Amma həyat bizə sakitcə başqa bir həqiqəti göstərir. Övladlarımız bu dünyaya bizim yanımızda qalmaq üçün gəlmirlər. Onlar bizdən güc almaq, böyümək və bir gün öz yolları ilə getmək üçün gəlirlər. Bizim vəzifəmiz onları özümüzə bağlamaq deyil. Bizim vəzifəmiz onları həyata hazırlamaq, müstəqil yaşaya biləcək qədər gücləndirə bilməkdir. Araşdırmalar göstərir ki, övlad 12 yaşına çatanda valideynlə gündəlik birlikdə keçiriləcək vaxtın böyük hissəsi (təxminən 70%-i) artıq geridə qalır. 18 yaşına çatanda isə birgə həyatınızın təxminən 90% i yaşanmış olur. Bu rəqəmlər məni uzun müddət düşündürdü. Çünki başa düşdüm ki, ən qiymətli sərvətimiz övladımızla birlikdə yaşadığımız keyfiyyətli zamandır. Bu çox vaxt sonradan anladığımız həqiqətdir.
Sonra sizi nə gözləyir? Periodik görüşlər, müəyyən zaman çərçivəsində ünsiyyət… Və artıq əvvəlki kimi heçnə olmayacaq. Bəlkə də birlikdə tətillər, məzuniyyətlər, həftəsonları, axşamlar da azalacaq və ya olmayacaq. Gündəlik səhər yeməkləri, şam yeməkləri də olmayacaq. Sizin uşaqlar öz həyatlarını yaşayacaqlar. Belə də olmalıdır. Sevdikləri olacaq, iş, ailə həyatı quracaqlar, öz uşaqlarını böyüdəcəklər. Sirlərini öz həyat yoldaşlarıyla bölüşəcələr. Onlar təbii ki, sizi sevməkdən əl çəkməyəcəklər. Siz arzuolunan ola bilərsiniz, amma onların qurduğu evdə artıq öz həyatlarının ritmi olacaq. Və bu tamamilə normaldır.
Bəzən uşaqlar balaca olanda tələsirsiniz ki, vaxt tez keçsin, uşaqlar böyüsün, özünüz üçün yaşayasınız, uşaqlardan dincələsiniz, ancaq bu zaman çərçivəsində siz geri dönməsi mümkün olmayan ən qiymətli şeyi itirirsiniz. Bir də onların 2, 5, 10, 15 yaşları olmayacaq… Siz onların tarixinin bir parçası, xatirələri kimi hər zaman qalacaqsınız! Əgər biz uşaqlarla o dəyərli birgəlik dövrünü itirsək, o zaman onları buraxmaq lazım gələn vaxtda onlardan yapışmağa başlayacayıq. Və münasibətlərə xələl gətirə-gətirə biz qısqanmağa başlayacıq, manipulyasiya eləməyə, diqqətlərini çəkməyə, daha nələr-nələr…
Valideynliyin ən böyük uğurlarından biri övladı özündən asılı saxlamaq əvəzinə, onu həyata inamla yola salmaqdır. Hər şey öz vaxtında olmalıdır. Necə deyərlər “Hər şeyin öz vaxtı var”, “Cahanda hər hökmü bir zaman verir”. Əsas odur ki, biz onlara lazım olanda yanında olaq. Və həmin vaxt gəlib çatanda ürək rahatlığıyla buraxa bilək.
Ən vacibi isə birlikdə olduğumuz bu dövrün nə qədər sürətlə keçdiyini unutmamaqdır. Bu fərqindəlik insanın davranışını dəyişir. Hər günü daha mənalı yaşamağa, münasibətlərə daha çox diqqət ayırmağa, bir-birimizi daha çox dinləməyə sövq edir. Çünki bir gün geriyə baxanda ürəyimizdə yalnız bir hiss olsun: "Əlimdən gələni etdim. Birlikdə olduğumuz illəri istədiyim kimi yaşadım. O günlərin qədrini bildim". Çünki əsl sevgi tutub saxlamaqdan daha çox, doğru zamanda qanad açmağa güc verməkdir.
Xəyalə Məmmədova
ADPU-nun baş müəllimi, p.ü.f.d.




