İnnovativ pedaqogika necə olmalıdır?

16 Sentyabr, 2026 - 15:51
İnnovativ pedaqogika necə olmalıdır?

Bu gün dünyanın təhsil meredianında dəyişikliklər baş verir. Təhsilin məzmunu, metodologiyası, idarə olunması, bütövlekdə təhsil mədəniyyətinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Son illərdə UNESCO-nun, OECD-nın, Dünya İqtisadi Forumunun hesabatlarında, eləcə də Avropa Komissiyasının “Rəqəmsal Təhsil Fəaliyyəti Planı”nda (2012-2027) innovativ təhsil məzmununun və texnologiyalarının yaradılmasının zəruriliyi bəhs olunur. Dünyanın Maykl Fullan, Ken Robinson, Andreas Şleyxer, Hovard Qardner, Stiven Heppel kimi məşhur təhsilşünasları da bu məsələnin həll olunmasını dünya təhsilinin sürətli inkişafı baxımından vacib hesab edirlər. Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən quruculuq işlərinə dair tədbirlər də bir daha yeniliklərin təhsil həyatımıza gəlməsini təsdiqləyir və onların sistemli olaraq öyrənilməsini gündəmə gətirir. Bəs onda yeni yaranmaqda olan təhsil sisteminin elmi-nəzəri əsaslarını təşkil edən innovative pedaqogika necə olmalıdır? Bu əslində geniş məsələ olsa da, onun ən ümumi məsələlərindən aşağıdakı məqalədə bəhs olunur.                 

XXI əsrdə sosial, iqtisadi, texnoloji və mədəni dəyişikliklərin sürətlənməsi təhsil sisteminin qarşısında yeni və daha mürəkkəb tələblərin meydana çıxması ilə nəticələnmişdir. Əvvəllər təhsilalanın əsas vəzifəsi müəllim tərəfindən təqdim edilən bilikləri mənimsəmək, yadda saxlamaq və reproduktiv şəkildə tətbiq etmək idisə, müasir təhsil şəraitində bunlar dəyişmişdir. İndi təhsilalan yalnız hazır informasiyanı qəbul edən deyil, onu axtaran, seçən, təhlil edən, qiymətləndirən, əlaqələndirən və yeni bilik şəklində təqdim edən fəal subyekt kimi nəzərdən keçirilir. Bu dəyişiklik təhsilin məqsəd və məzmununa, eləcə də onun təşkilinə və idarə olunmasına ciddi təsir göstərir.

Müasir insan informasiya ilə əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli münasibətdədir. İnformasiyanın əldə olunması artıq yalnız məktəb, universitet, kitabxana və müəllim vasitəsilə həyata keçirilmir. Rəqəmsal resurslar, elektron kitabxanalar, açıq təhsil platformaları, elmi məlumat bazaları, multimedia vasitələri və süni intellekt əsaslı texnologiyalar təhsilalanın bilik əldə etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. UNESCO-nun 2023-cü il “Qlobal Təhsilin Monitorinqi Hesabatı”nda da vurğulanır ki, texnologiyanın təhsildə istifadəsi təhsilalanların maraqlarını mərkəzə qoymalı və insan münasibətlərini əvəz etməkdən daha çox onları dəstəkləməlidir.

Belə bir şəraitdə innovativ pedaqogikanın yaradılması sadəcə yeni texniki vasitələrin dərs prosesinə daxil edilməsi kimi başa düşülə bilməz. İnnovativ pedaqogika, ilk növbədə, təhsilə, öyrənməyə, müəllimə, təhsilalana, biliyə və təlim prosesinə münasibətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, innovasiya pedaqoji prosesin ayrı-ayrı elementlərinə əlavə edilmiş yenilik deyil, onun fəlsəfəsini və daxili məntiqini dəyişdirən sistemli yanaşma kimi başa düşülür.

UNESCO-nun “Təhsilin gələcəyi” istiqamətində hazırladığı sənədlərdə də müasir şəraitdə şagird, müəllim, bilik və dünya arasındakı münasibətlər haqqında yenidən düşünməyin zəruriliyi qeyd edilir. Təşkilatın yanaşmasına görə, gələcəyin təhsil sistemi insanmərkəzli olmalı, əməkdaşlıq, sosial məsuliyyət, yaradıcılıq və öyrənmənin davamlılığı prinsipləri üzərində qurulmalıdır.

Bu baxımdan “İnnovativ pedaqogika necə olmalıdır?” sualı yalnız metodik xarakter daşımır. Bu sual təhsilin mahiyyəti, məqsədi və gələcək inkişaf istiqamətləri ilə bağlı fundamental pedaqoji məsələlərdən biri kimi diqqəti cəlb edir. İnnovativ pedaqogikanın mahiyyətini anlamaq üçün əvvəlcə təhsilalanın öyrənməyə münasibətində baş verən dəyişiklikləri nəzərdən keçirmək lazımdır.

Təhsili stimullaşdıran öyrənmə marağının dəyişməsi

İnnovativ pedaqogikanın meydana çıxmasını şərtləndirən mühüm amillərdən biri təhsilalanların öyrənmə marağının və motivasiyasının xarakterində baş verən dəyişiklikdir. Öyrənmə marağı pedaqoji prosesin daxili hərəkətverici qüvvələrindən biridir. Təhsilalanın nəyi, nə üçün və necə öyrənmək istəməsi onun təlim fəaliyyətinin səmərəliliyinə birbaşa təsir göstərir. Buna görə də innovativ pedaqogika yalnız “nəyi öyrətmək?” sualına deyil, eyni zamanda “təhsilalan nə üçün öyrənir?”, “öyrənməyə onu nə cəlb edir?” və “öyrənmə prosesində özünü hansı mövqedə hiss edir?” suallarına cavab verməlidir.

Ənənəvi pedaqoji yanaşmada öyrənmə marağı çox vaxt müəllimin şəxsiyyəti, dərslik, qiymət, imtahan, intizam və gələcəkdə müəyyən nəticə əldə etmək kimi xarici amillərlə stimullaşdırılırdı. Bu amillər bu gün də öz əhəmiyyətini tam itirməmişdir. Lakin müasir təhsilalanın informasiya mühiti və sosial təcrübəsi dəyişdiyi üçün yalnız xarici motivasiya vasitələri onun uzunmüddətli və davamlı öyrənmə fəaliyyətini təmin etmək üçün kifayət etmir. Təhsilalan öyrəndiklərində şəxsi məna, praktiki əhəmiyyət və yaradıcı imkan görmək istəyir.

Bu baxımdan innovativ pedaqogikanın əsas vəzifələrindən biri maraq əsasında öyrənmədən öyrənməyə marağın formalaşdırılmasına keçidi təmin etməkdir. Başqa sözlə, təhsilalanı dərsə cəlb etmək üçün yalnız maraqlı material təqdim etmək kifayət deyil. Eyni zamanda onun özünün sual verməsi, problem müəyyənləşdirməsi, fərziyyə irəli sürməsi, araşdırma aparması və əldə etdiyi nəticəni izah etməsi üçün şərait yaradılmalıdır.

Bu yanaşmanın nəzəri əsaslarını XX əsrin əvvəllərindən etibarən müxtəlif pedaqoji konsepsiyalarda görmək mümkündür. Məsələn, amerikalı filosof və pedaqoq Con Dyui təhsilin yalnız hazır biliklərin ötürülməsinə əsaslanmasını tənqid edərək təcrübənin, fəaliyyətin və düşünmənin öyrənmə prosesində əhəmiyyətini önə çəkirdi. Onun “Demokratiya və təhsil” əsərində məktəb həyatla əlaqəli fəaliyyətlərin həyata keçirildiyi sosial mühit kimi təqdim olunur. Dyuiyə görə, təhsilalanın real fəaliyyətə cəlb olunması onun düşünmə və öyrənmə imkanlarını genişləndirir.

Dyui yanaşmasının müasir innovativ pedaqogika baxımından əhəmiyyəti ondadır ki, öyrənmə passiv qəbuletmə deyil, təcrübə, fəaliyyət və refleksiya əsasında qurulan proses kimi əhəmiyyət daşıyır. Layihə əsaslı, problem əsaslı, tədqiqat yönümlü və əməkdaşlığı təmin edən təlim modellərinin nəzəri əsaslarından biri kimi qiymətləndirilir.

Müasir təhsilalanın marağının dəyişməsinin digər mühüm xüsusiyyəti onun seçim imkanlarına olan tələbatının artmasıdır. Təhsilalan hazırda yalnız müəllimin seçdiyi mövzu, mənbə və fəaliyyətlə məhdudlaşmaq istəmir. O, müxtəlif informasiya mənbələrindən istifadə etmək, öyrənmə tempini müəyyənləşdirmək, tapşırığın icra üsulunu seçmək və əldə etdiyi nəticəni müxtəlif formada təqdim etmək imkanına malik olmaq istəyir. Yaxud ona təqdim olunan mənbələr maraq dairəsindən aşağı oduğundan motivasiya rolunu oynaya bilmir. Bu isə pedaqoji prosesdə fərdiləşdirmə və seçim imkanlarının artırılmasını tələb edir.

OECD-nin “Learning Compass 2030” konsepsiyasında bu istiqamət “student agency”(tələbə agentliyi), yəni təhsilalanın öz öyrənmə fəaliyyətində fəal subyekt kimi çıxış etməsi anlayışı ilə ifadə olunur. Konsepsiyada təhsilalanların öyrənmə prosesinin həmmüəlliflərinə çevrilməsi, təhsilə məqsəd və məna verməsi, öz öyrənmələrinə məsuliyyət daşımas xüsusi əhəmiyyət daşıyır.

Buradan belə nəticəyə gəlmək olar ki, innovativ pedaqogikada öyrənmə marağı yalnız müəllimin müxtəlif metodlardan istifadə etməsi ilə formalaşdırılan psixoloji vəziyyət kimi qəbul edilməməlidir. Öyrənmə marağı təhsilalanın fəaliyyət subyekti olması, seçim edə bilməsi, sual verməsi, fikir yürütməsi, nəticə çıxarması və öz fəaliyyətinin nəticəsini qiymətləndirməsi ilə əlaqələndirilməlidir.

Məsələn, ənənəvi dərsdə müəllim “İqlim dəyişmələrinin səbəbləri hansılardır?” sualını verir və təhsilalan dərslikdəki məlumatları sadalamaqla cavablandırırsa, innovativ pedaqogika həmin mövzunu problem situasiyasına çevirə bilər. Təhsilalanlara müxtəlif mənbələr təqdim olunur, onlar məlumatları müqayisə edir, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, fərziyyələr irəli sürür və öz nəticələrini əsaslandırırlar. Beləliklə, bilik sadəcə mənimsənilmir, fəaliyyət prosesində müəyyən olunur və mənalandırılır.

Bu dəyişiklik təhsildə motivasiyanın xarakterinə də təsir edir. Təhsilalanın “müəllim belə tələb etdiyi üçün” və ya “imtahanda lazım olacaq” motivasiyasından “bunu bilmək və araşdırmaq mənim üçün maraqlıdır” motivasiyasına keçidi inkişafyönümlülük baxımından daha əhəmiyyətli hesab edilir. Odur ki, innovativ pedaqogika məhz bu daxili motivasiyanı gücləndirməyə yönəlməlidir.

Burada belə bir  mühüm məqamı da qeyd etmək lazımdır ki, innovativ pedaqogika ənənəvi pedaqogikanın bütün elementlərini inkar etmir. Müəllimin izahı, sistemli bilik təqdimatı, məşq, təkrar, qiymətləndirmə və nəzarət kimi vasitələr müəyyən hallarda öz pedaqoji əhəmiyyətini qoruyur. Yenilik onların tamamilə aradan qaldırılmasında deyil, hansı məqsədlə və hansı nisbətdə tətbiq edilməsindədir. UNESCO-nun müasir təhsillə bağlı yanaşması da texnologiyanın və yeni vasitələrin özlüyündə məqsəd olmadığını, onların təhsilalanın ehtiyaclarına və təlim məqsədlərinə uyğun istifadə edilməli olduğunu göstərir.

Deməli, innovativ pedaqogikada metodların mexaniki yenilənməsi deyil, öyrənmə məntiqinin dəyişdirilməsi zəruri şərtdir. Burada təhsilalanın marağı təsadüfi və keçici diqqət yaratmaqla deyil, onun fəaliyyətini mənalı, məqsədyönlü və yaradıcı etmək yolu ilə stimullaşdırılır.

Öyrənmə marağının dəyişməsi isə, öz növbəsində, müəllim və təhsilalan arasındakı münasibətlərin də dəyişməsini tələb edir. Əgər təhsilalan artıq hazır bilikləri qəbul edən passiv obyekt deyilsə və öyrənmə fəaliyyətinin fəal subyekti kimi çıxış edirsə, müəllimin də əvvəlki kimi yalnız məlumat ötürən əsas mənbə rolunda qalması mümkün deyil. Belə olduğu təqdirdə innovativ pedaqogikanın yaradılmasının növbəti mühüm əsası ənənəvi müəllim-şagird münasibətlərinin transformasiyasıdır.

Ənənəvi müəllim-şagird münasibətlərinin transformasiyası nədir və onu necə başa düşmək olar?

Öyrənmə marağının və təhsilalanın təlim fəaliyyətinə münasibətinin dəyişməsi müəllim-şagird münasibətlərinin də yeni əsaslar üzərində qurulmasını zəruri edir. Ənənəvi pedaqoji modeldə müəllim, əsasən, biliyin əsas mənbəyi, təlim prosesinin təşkilatçısı, nəzarətçisi və qiymətləndiricisi kimi çıxış edir, şagird isə müəllimin təqdim etdiyi bilikləri qəbul edən və mənimsəyən tərəf kimi qəbul olunurdu. Bu münasibət modelində kommunikasiya çox vaxt biristiqamətli xarakter daşıyırdı. Belə ki, müəllim izah edir, şagird dinləyir, müəllim sual verir, şagird cavablandırır, müəllim qiymətləndirir, şagird isə nəticəni qəbul edirdi.(Təəssüflər olsun ki, bu yanaşma hələ də təhsil müəssisələrimizdə qalmaqdadır.)

Lakin müasir təhsil mühitində təhsilalan artıq öyrənmə prosesinin subyekti kimi daha çox müstəqillik, seçim və fəaliyyət imkanlarına malik olur. OECD-nin “Learning Compass 2030” konsepsiyasında da vurğulandığı kimi, müasir təhsilalanın əsas xüsusiyyətlərindən biri öz məqsədini müəyyənləşdirmək, düşünmək, seçim etmək və məsuliyyətli şəkildə fəaliyyət göstərmək bacarığıdır. Bu yanaşmada şagird sadəcə ona təsir göstərilən obyekt deyil, öz gələcəyinə təsir göstərə bilən fəal subyekt kimi nəzərdən keçirilir.

Bu dəyişiklik müəllimin nüfuzunun azalması kimi başa düşülməməlidir. Əksinə, innovativ pedaqogika müəllimin rolunu daha mürəkkəb və məsuliyyətli səviyyəyə qaldırır. Müəllim artıq yalnız “bilən” və “izah edən” şəxs deyil, öyrənmə mühitini yaradan, istiqamət verən, əlaqələndirən, motivasiya edən, əks-əlaqə yaradan və təhsilalanın inkişafını müşayiət edən peşəkar kimi çıxış edir.

UNESCO-nun təhsilin gələcəyinə dair yanaşmasında da müəllim, şagird və bilik arasındakı münasibətlərin yenidən düşünülməsinin vacibliyi vurğulanır. UNESCO əməkdaşlıq və həmrəyliyə əsaslanan pedaqogikanı önə çəkir və təlim prosesinin müəllim tərəfindən idarə olunan dərsdən daha çox əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə öyrənmə istiqamətində inkişafını zəruri hesab edir.

Bu baxımdan innovativ pedaqogikada müəllim-şagird münasibətləri “müəllim hökm edir - şagird icra edir” modeli üzərində deyil, “müəllim və təhsilalan birlikdə öyrənmə prosesini qururlar” prinsipi əsasında formalaşır. Bu, pedaqoji münasibətlərdə tərəflərin funksiyalarının eyniləşdirilməsi demək deyil. Müəllim yenə də daha böyük pedaqoji məsuliyyət daşıyır, təlim məqsədlərini müəyyənləşdirir, elmi və metodik istiqaməti qoruyur, lakin təhsilalanın fəaliyyət imkanlarını məhdudlaşdırmır. Məhsuldar dialoji mühitin yaradılmasını təşkil edir. Dialoji təlim şəraitində təhsilalan sual verir, öz fikrini əsaslandırır, digər fikirlərlə müqayisə edir, fərqli mövqeləri dinləyir və nəticədə öz düşüncəsini yenidən qurur. Beləliklə, dialoq yalnız ünsiyyət vasitəsi deyil, həm də bilik yaratma mexanizminə çevrilir.

Bu yanaşma dünya pedaqoji fikir tarixində Paulo Freire, Con Dyui, Lev Vıqotski kimi mütəfəkkirlərin əsərlərində müxtəlif formalarda öz əksini tapmışdır. Xüsusilə Paulo Freire təhsilin yalnız müəllimin şagirdə hazır bilik verilməsi formasında təşkil edilməsini tənqid edir və dialoqun, tənqidi düşüncənin, qarşılıqlı öyrənmənin əhəmiyyətini önə çəkirdi. Freireyə görə, müəllim və öyrənən arasında münasibət qarşılıqlı öyrənmə imkanlarını nəzərdə tutan dialoji xarakter daşımalıdır. İnnovativ pedaqogika baxımından bu fikir olduqca əhəmiyyətlidir. Çünki müasir müəllim özünün bütün cavabların sahibi olduğunu nümayiş etdirməkdənsə, təhsilalanı düzgün sual verməyə, problemi görməyə və cavabı axtarmağa istiqamətləndirməlidir. Müəllimin peşəkarlığı bəzən cavabı dərhal verməkdə deyil, təhsilalanı cavaba aparan düşünmə yoluna düzgün göstərməkdə biruzə verir. Bu isə onun funksional rolunun dəyişməsinə dəlalət edir.

(Ardı var)

Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktori, dosemt, Əməkdar müəllim